Ermənistandakı aksiyalar fonunda Qarabağ təxribatı Layihə

Ermənistandakı aksiyalar fonunda Qarabağ təxribatı

"Ermənistanda qeyri-stabil vəziyyət davam etdikcə, Qarabağda eskalasiya riski yüksəlir".
Bu barədə rusiyalı hərbi ekspert Aleksandr Perendjiyev Ermənistanda müxalifətin aksiyasını şərh edərkən deyib.
Onun fikrincə, Azərbaycan öz torpaqlarını qaytarmaq üçün həmişə zəif tərəfləri axtaracaq.
"Bakı heç vaxt ermənilərin Qarabağ və ətrafındakı ərazilərə nəzarət etməsi ilə razılaşmayacaq. Xüsusilə Dağlıq Qarabağın inzibati ərazisinə daxil olmayan ətrafdakı rayonların müharibə yolu ilə azad edilməsi variantı həmişə Bakının masasında olub. Çünki Azərbaycan bu ərazilərdə istənilən hərbi əməliyyat aparmaq hüququnun olduğunu hesab edir. Təbii ki, sonrakı mərhələdə Qarabağın azad olunması gələcək. Azərbaycanın hərbi potensialı buna imkan verir", - deyə o bildirib.
6 gündür Ermənistanda "Elk" fraksiyasının lideri Nikol Paşinyanın rəhbərliyi altında baş nazir seçilən Serj Sarkisyan rejiminə qarşı kütləvi etirazlar davam edir. Etirazçılar bir çox dövlət orqanının binasını mühasirəyə alıb. Prosesi "Məxməri inqilab" adlandıran Paşinyan və tərəfdarları geri çəkilmək niyyətində deyil. İrəvandakı hadisələr fonunda erməni hərbi birləşmələrinin Dağlıq Qarabağda təxribata əl atması diqqət çəkir. Dünən Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il 15 mart təvəllüdlü Hacıyev Rahim Azər oğlunun əkin sahəsində olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində güllə yarası alması da buna sübutdur.
Görünür, Sarkisyan rejimi köhnə taktikanı yenidən işə salır: mülki əhaliyə hücum etməklə Azərbaycan Ordusunu cavab atəşi açmağa vadar etmək, beləliklə Bakını hücum edən tərəf kimi göstərmək və cəbhədə vəziyyəti gərginləşdirərək, diqqəti ölkədaxili proseslərdən yayındırmaq.
Perendjiyev İrəvandakı qeyri-stabil vəziyyətdən Azərbaycanın istifadə edə biləcəyini iddia etsə də, Sarkisyan rejiminin ölkədə nəzarəti ələ almaq üçün artıq Qarabağda hərbi toqquşmalar hazırladığı ortadadır. Hesab etmək olar ki, İrəvan küçələrində "Məxməri inqilab"ın davam edəcəyi təqdirdə, erməni hərbi birləşmələri cəbhədə daha ciddi təxribatlara əl ataraq, eskalasiyanın yaranmasına çalışacaqlar. Bu isə yeni hərbi toqquşmaların yaşanmasını qaçılmaz edir. Sarkisyanın hədəfi "xarici düşmən" obrazı yaratmaq və diqqəti yayındıraraq, proseslərə nəzarəti ələ almaqdır.
Böyük ehtimalla Sarkisyanın baş nazir olaraq yeni hökumətin iclasını keçirməsindən sonra hər şey bəlli olacaq. Paşinyan və tərəfdarları iclasın keçiriləcəyi binanı mühasirəyə almaq niyyətindədir. Əgər kütləvi etirazlar səngiməsə, Ermənistan hakimiyyəti yaxın günlər ərzində Qarabağda müharibəyə əl ata bilər.
Politoloq Mübariz Əhmədoğlu isə deyib ki, Serj Sarkisyanın baş nazir qismində Ermənistana rəhbərlik etməsinə qarşı mübarizə başlayıb. Mübarizənin liderləri S.Sarkisyana qarşı koalisiyanı genişləndirmək niyyətindədirlər və onlar Dağlıq Qarabağda erməni separatizminin öncüllərindən olmuş, Azərbaycan torpaqlarının işğalında xüsusi rolu olan V.Badasyana müraciət edərək Qarabağdan olanları S.Sarkisyanın əleyhinə çıxış etməyə çağırıb. Onun sözlərinə görə, ən maraqlısı da budur ki, Badasyan Dağlıq Qarabağ ermənilərinin S.Sarkisyana qarşı çıxmasını nəinki istisna etməyib, hətta bunu zəruri adlandırıb: "O, bildirib ki, Ermənistanda yaşayan Dağlıq Qarabağ erməniləri vəziyyətin gedişini izləyirlər. Əgər Sarkisyana qarşı mübarizə ciddi olacaqsa, Ermənistanda yaşayan Dağlıq Qarabağ erməniləri də o mübarizəyə dəstək verəcəklər. Badasyan fikrini əsaslandırmaq üçün Dağlıq Qarabağın təhlükəsizliyini və coğrafi vəziyyətini misal göstərib. Eləcə də bəlli məsələlərə görə çox şeyi açıqlaya bilməyəcəyini bildirib. V.Badasyanın dedikləri Azərbaycanda bizə gün kimi aydındır. Dağlıq Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında ziddiyyətin, hətta ədavətin olduğu bizə çoxdan bəllidir.
Dağlıq Qarabağ erməniləri başa düşürlər ki, Ermənistan Dağlıq Qarabağdakı ermənilərin təhlükəsizliyini təmin edə bilmir. Dağlıq Qarabağ ermənilərinin bəzilərinin fikrincə, S.Sarkisyan Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyini bilərəkdən təmin etmək fikrində deyil; Serj Sarkisyan Dağlıq Qarabağ ermənilərinin problemli olmasında maraqlıdır. Ona görə Dağlıq Qarabağ erməniləri çalışırlar ki, Ermənistan rəhbərliyini real praqmatik siyasət aparmağa vadar etsinlər. İndi Dağlıq Qarabağ erməniləri üçün real praqmatik siyasət Ermənistanın Azərbaycanla münasibətlərinin normallaşması üzərində qurulub. Dağlıq Qarabağ ermənilərinin fikrincə, Ermənistan Azərbaycanla münasibətlərini hərb vasitəsilə müəyyənləşdirməməlidir. Ermənistan Azərbaycanla münasibətlərini yaxşılaşdırmalıdır. Yalnız Ermənistan və Azərbaycan arasındakı münasibətlərin normallaşması Dağlıq Qarabağdakı ermənilərin fiziki təhlükəsizliyinin təminatıdır. Hazırda Dağlıq Qarabağ erməniləri bu fəlsəfə ilə yaşayırlar.
Dağlıq Qarabağdakı proseslər S.Sarkisyanın arzuladığı istiqamətdə getmir və gələcəkdə bunun S.Sarkisyanın əleyhinə çevriləcəyi çox realdır.
Azərbaycan Dağlıq Qarabağ erməniləri tərəfindən gələn istənilən müraciəti qəbul etməyə hazırdır. Amma müraciət kütləvi, müraciəti imzalayan şəxslər kifayət qədər ciddi reputasiyaya malik olmalıdır. Dağlıq Qarabağ erməniləri adından müraciəti yayanların Ermənistanda və yaxud Dağlıq Qarabağın özündə yaşamasının elə də böyük əhəmiyyəti yoxdur".
Onu da qeyd edək ki, ölkədə daxili siyasətin bu vəziyyəti xarici siyasətdə özünü göstərən uğursuzluqlarla tamamlanır. Rəsmi İrəvanın tutduğu məntiqsiz, reallıqdan uzaq və ədalətsiz mövqeyə görədir ki, ölkənin Azərbaycan və Türkiyə ilə münasibətləri düzəlmir. Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır. 2016-cı ilin Aprel döyüşləri isə göstərdi ki, Ermənistanda ordu quruculuğu yarıtmaz vəziyyətdədir. Azərbaycan Ordusu qısa müddətdə erməni silahlı qüvvələrini darmadağın etmək iqtidarındadır. Ermənistan vətəndaşları anladılar ki, onların silahlı qüvvələri deyil, kənardakı havadarları təhlükəsizliyin təminatçılarıdırlar. Bunun isə gələcəyi yoxdur. Çünki istənilən an havadarın özü pis vəziyyətə düşə bilər ki, Ermənistan çarəsiz qalar.
Bütün bunlara görə, Ermənistanda bəzi müxalif qüvvələr S.Sarkisyanın korrupsioner hakimiyyətinin sona çatdırılması tələbi ilə çıxış edirlər. Ancaq müxalifət sivil qaydada mübarizə aparmaq imkanlarının məhdudluğunu nəzərə alaraq, küçələrdə etirazlara başlayıb.
S.Sarkisyanın baş nazir kimi hakimiyyəti əlində cəmləşdirməsi ölkədə mövcud korrupsiya sisteminin qalması deməkdir. O cümlədən Dağlıq Qarabağ məsələsində rəsmi İrəvanın mövqeyi dəyişməyəcək. O halda həm daxili, həm də xarici siyasətdəki iflic vəziyyəti də davam edəcək. Bununla Ermənistanın kənar qüvvələrdən asılılığının ömrü bir qədər də uzanmış olacaq.
Bu arada Ermənistan ictimaiyyətini təşvişə salan amillərdən biri də Türkiyə-Rusiya yaxınlaşmasının Dağlıq Qarabağ münaqişəsinin rəsmi Bakının xeyrinə həll oluna biləcəyidir.
Politoloq Arzu Nağıyev deyib ki, təkcə Azərbaycan-Türkiyə-Rusiyanın yaratdığı iqtisadi, siyasi və ya digər bir platforma Dağlıq Qarabağ münaqişəsini tam şəkildə həll edə bilməz. Bu platformanın mövcudluğunun problemin həllinə müəyyən qədər müsbət təsiri ola bilər.
O bildirib ki, Azərbaycan-Rusiya-Türkiyə arasında olan əməkdaşlıq hər hansı blok, ittifaq demək deyil:
"Ümumiyyətlə, Ermənistanı qıcıqlandıran əsas məsələlərdən biri Azərbaycanla yaxın olan Türkiyənin Rusiya ilə əməkdaşlığının genişlənməsidir. Çünki Ermənistan elə hesab edir ki, Türkiyə və Rusiya yaxınlaşdıqca, Ankara Dağlıq Qarabağ probleminin həllinə təsir imkanını genişləndirir. Buna görə də Ermənistan dəfələrlə Rusiya və Türkiyə münasibətinin heç vaxt yüksələn xəttlə inkişaf etməyəcəyini dilə gətirir".
Politoloq qeyd edib ki, digər məsələ Türkiyənin daim Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm addımlar atmasıdır:
"Ermənistanla Türkiyənin sərhədinin bağlı olması da məhz Dağlıq Qarabağ münaqişəsinə görədir. Türkiyə bu gün əlindən gələni edir ki, bu problem həll olunsun. Rusiya-Türkiyə münasibətlərinin belə inkişaf etməsinə isə səbəb odur ki, bu iki ölkə arasında üst-üstə düşən maraqlar var. Bu münasibətlər həm Türkiyənin iqtisadiyyatında müəyyən addımlar atmaq, həm də sanksiyaya məruz qalmış Rusiyanın regionda mühüm bir müttəfiqə ehtiyacı olduğu üçün yarandı. Bütün bunların hamısı təbii ki, Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilər. Lakin bu tam şəkildə inandırıcı görünmür ki, məhz Dağlıq Qarabağ münaqişəsi bu üç dövlətin vasitəsi ilə həll olunacaq. Məlum məsələdir ki, Rusiya burada əsas açar fiqurdur. Rusiya münaqişənin həllində birmənalı şəkildə müsbət rol oynaya bilər. Amma ortada digər regional oyunçular da var. Bunu unutmaq olmaz".
Qeyd edək ki, rusiyalı tanınmış tarixçi alim və analitik Oleq Kuznetsov 2019-cu ildə Türkiyədə prezident seçkilərindən sonra Rusiya-Türkiyə əməkdaşlığının genişlənəcəyini, Rusiya-Türkiyə-Azərbaycan timsalında Qara dəniz-Qafqaz təhlükəsizlik üçbucağının yaranacağını və bunun da Dağlıq Qarabağ məsələsinin həll perspektivinə təsirsiz ötüşməyəcəyini bildirib. Onun proqnozuna görə, 2020-ci ilə qədər Qarabağ probleminin həlli realdır.

Cavid