Sərkisyandan sonra Ermənistan hansı mövqe nümayiş etdirəcək? Layihə

Sərkisyandan sonra Ermənistan hansı mövqe nümayiş etdirəcək?

Tahir Kərimli: "Yeni hakimiyyətin daha konstruktiv olacağına ümid edirik"

Ermənistanın baş naziri Serj Sərkisyan istefa verdikdən sonra bundan sonra İrəvnada proseslərin hansı məcrada davam edəcəyi müzakirə olunur. Təbii ki, bu ölkədə baş verən proseslər Azərbaycanda da maraqla izlənilir. Azərbaycanın 20 fazi torpaqlarını işğal edən və qeyri konstruktiv mövcqe tutan Ermənistanın bundan sonra hansı yolu tutacağı ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Xatırladaq ki, aprelin 13-dən Yerevanda sabiq prezident S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları başlayıb. Aprelin 23-də S.Sarkisyan istefa verdiyini açıqlayıb.
Politoloq Natiq Miri deyib ki, Ermənistanda mövcud olan, Sarkisyanın rəhbərlik etdiyi hərbi xunta xalqın etirazı ilə devrildi: "Bu gün gerçək bundan ibarətdir. Xalq etirazlarının arxasında hansısa geosiyasi mərkəzlərin durduğunu iddia etmək doğru deyil. Çünki uzun müddət idi ki, Sarkisyan hakimiyyətindən razı qalmayanların ciddi say çoxluğu vardı".
Politoloq bildirib ki, Ermənistanda mövcud olan heç bir siyasi güc mərkəzi Sarkisyan hakimiyyətinə qarşı dura bilmirdi. Bütün siyasi qüvvələr bilavasitə Rusiya tərəfindən idarə olunduğu üçün Sarkisyana qarşı durmaq mümkün olmurdu. Bunu Rusiya istəmirdi. Qərbin də Ermənistanda dəstəklədiyi elə bir güclü mərkəz yox idi ki, onlar bu şəkildə etiraz dalğası yarada bilsinlər. Bilirsiniz ki, Nikol Paşinyan Sarkisyanı sevməyən, əleyhinə olan jurnalist idi. Zamanında Sarkisyan əleyhinə etdiyi çıxışlara görə Sarkisyanın göstərişi ilə həbsə atılmışdı. Uzun müddət həbsdə qalan Paşinyan azadlığa çıxandan sonra parlamentə deputat seçildi. Və o gündən Sarkisyan hakimiyyətinin əleyhinə olduğunu göstərirdi. Sarkisyanın növbəti dəfə hakimiyyəti ələ almasının qarşısına çıxan da məhz Paşinyan oldu. Az bir zamanda etiraz dalğası böyüdü. Bu etiraz dalğasının böyüməsində bəzi geosiyasi amillər də yox deyildi".
Hərbi-siyasi icmalçı Ramil Məmmədli bildirib ki, artıq Ermənistan ABŞ-Rusiya soyuq müharibəsinin döyüş meydanına çevrildi və tərəflər öz addımları ilə bunu açıq şəkildə bəyan etdilər: "Proseslərin hansı istiqamət alacağını baş verən hadisələr göstərəcək. Serj Sarkisyanın bütün planları alt-üst oldu. Özü arxivə göndərildi. Nikol Paşinyan elan etdi ki, Baş nazir ümumxalq səsverməsi ilə seçiləcək. Buna qədər isə müvəqqəti hökumət qurulacaq. Serj Sarkisyanın xalqın təzyiqlərinə dözməyərək istefaya getməsi Ermənistan üçün yeni dövrün başlanğıcı olacaq. Bunun Qarabağ münaqişəsinə də müsbət təsir edəcəyinə ümidlər az deyil".
"Azeri Defence" jurnalının baş redaktoru Rəşad Süleymanov deyib ki, o Ermənistanda Azərbaycana Serj Sərkisyan qədər sərf edə biləcək və bizim əlimizə oynayan ikinci şəxsin olacağını düşünmür: "Heç bir şərəfsiz erməni öz xalqına bunun kimi zülm eləməz, ölkədən vətəndaşları didərgin salmaz. Ermənistanın nizama düşüb, demokratik olması, iqtisadi və sosial cəhətdən inkişaf etməsi birmənalı şəkildə zərərimizədir. Sərkisyanın hakimiyyəti dövründə 400 mindən artıq iş qabiliyyətli erməni Ermənistanı tərk edib. Bizə düşmənin başında normal düşüncəli deyil, ölkəsini girdaba aparan, ağılsız siyasəti ilə vətəndaş qarşıdurmalarına yol açan şəxslər lazımdır".
Deputat Sədaqət Vəliyeva deyib ki, Ermənistanda xalq zorən konstitusiyanı dəyişib baş nazirliyi ələ keçirən Serj Sarkisyanı hakimiyyətdən qovdu: "Erməni xalqı son on ildə ona misli görünməmiş fəlakətlər yaşatmış cinayətkar xuntanı yıxmağı bacardı". Deputat bildirib ki, ermənilər 20 ildən artıq müddətdə Dağlıq Qarabağ kartı ilə onu girovluqda saxlayan, bütün regional və beynəlxalq layihələrdə iştirakdan məhrum edən, Ermənistanı işğalçı dövlət kimi dünyaya tanıtdıran Qarabağ klanından canını qurtara bildi: "Artıq erməni xalqı Xocalı soyqırımının əsas səbəbkarını hakimiyyətdən qovmaqla öz hakimiyyətini formalaşdırmaq imkanı qazandı. Əgər erməni xalqı bundan sonra legitim hakimiyyət formalaşdırmağı bacarsa, Ermənistanı düşdüyü çüxurdan çıxara bilərlər. Amma bunun üçün Ermənistan ilk növbədə işğalçılıq əməllərindən əl çəkməli və regional əməkdaşlığa can atmalıdır". "Bütün bunlarla bərabər Sarkisyan beynəlxalq tribunal qarşısında törətdiyi cinayətlərin cavabını da verməlidir" – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Sarkisyan həm Dağlıq Qarabağ ərazisində azərbaycanlılara qarşı, həm də öz vətəndaşlarına qarşı böyük cinayətlər törədib. Ona görə də, onun beynəxalq tribunalda cəzalandırılmasını erməni xalqı da tələb edə bilər.
Millət vəkili Tahir Kərimli bildirib ki, Serj Sarkisyanın baş nazir vəzifəsindən istefa verməsi Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə mövqeyinin yumşalmasına səbəb olacaq. Millət vəkili qeyd edib ki, hərbi xuntadan yaxasını qurtaran erməni xalqı öz hakimiyətini formalaşdırmaq imkanı qazanıb: "Düşünürəm ki, Ermənistanda baş nazir təyinatı bir neçə ay çəkəcək. Məsələ ondadır ki, artıq hərbçilər də xalqın tərəfinə keçdi və çox qorxulu bir vəziyyət yarandı. Əgər əvvəllər Sarkisyan hərbçilərlə birlikdə azərbaycanlılara qarşı qırğın törədirdisə, indi həmin hərbçilər Sarkisyanın korrupsiyasından, yardımları, ianələri mənimsəyib öz adamları arasında bölüşdürməyindən bezdi. Sarkisyanın hakimyyətdən uzaqlaşdırılmasının səbəblərindən biri də qonşularla pis münasibəti üzündən ölkə iqtisadiyyatını məhvə aparması oldu. Əhali ölkəni tərk edir, Ermənistan cəmiyyəti acınacaqlı vəziyyətə düşüb. Sarkisyan özünü "Qarabağ qəhrəmanı" sayırdı, xalq isə onu yıxdı".
Deputat Ermənistanda yeni hakimiyyətin daha konstruktiv olacağına ümid etdiyini bildirib: "Ermənistanın dalana dirənməsi, onun iqtisadiyyatının hər cəhətdən sarsılması və sair məsələlər diktə edir ki, yeni hakimiyyət Qarabağ məsələsində müəyyən yumşaqlıq nümayiş etdirsin. Artıq Ermənistanda qonşu dövlətlərlə normal münasibət qurmaq təbliğatı gedir. Ermənistan cəmiyyəti bu klandan qurtulmaq istəyir".
Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, türkiyəli politoloq Hasan Oktay isə deyib ki, Ermənistanda baş verən etiraz aksiyaları gözlənilən hadisələr idi: "Ermənistan bölgədə bir layihə dövlətidir və bu gün bu ölkəni kim idarə edirsə, onun müəyyənləşdirdiyi istiqamətdə hərəkət edir. Serj Sarkisyan iqtidarda qala bilmək üçün konstitusiyanı dəyişdirdi və sərt etirazla qarşılandı, nəticədə o istefa verməyə məcbur oldu".
H.Oktayın fikrincə, Sarkisyanın istefası Ermənistana beynəlxalq müdaxilənin də qarşısını aldı: "Çünki Ukrayna böhranından sonra Ermənistanda da belə bir xalq hərəkatı gözləmək mümkün idi. KAFKASSAM mərkəzi zaman-zaman Ermənistanda belə bir etirazların ola biləcəyini deyirdi. Bunun iki ana səbəbi var: birincisi, Ermənistanda iqtisadi-sosial vəziyyət, ikincisi isə, ABŞ-la Rusiyanın birbaşa cəbhə döyüşünə girməkdənsə, bu cür müstəvilərdə bir-birinə qarşı mübarizə aparmaq istəyidir. Son on ildə Ermənistanda iqtisadi vəziyyətə görə müxtəlif çaplı aksiyalar keçirilib. İndi amerikapərəst olduğu iddia edilən küçə hərəkatını görən Serj Sarkisyan istefa etməklə xalq hərəkatının qarşısını almağa çalışdı. Lakin erməni xalqı bu prosesi ağıllı şəkildə dəyərləndirə bilsə, ABŞ-Rusiya qarşıdurmasının bir parçası yox, öz potensialından istifadə edərək, Ermənistanda sağlam bir gələcək inşa edə bilər. Bu, baş verməsə, Ukraynada olduğu kimi, Ermənistanda da böyük qarışıqlı gözləniləndir".
Türkiyəli politoloq hesab edir ki, Azərbaycan Ermənistandakı hadisələri yaxından təqib etməli, lazım olarsa, müharibə kartını irəli sürməlidir: "Əgər bu aksiyaların arxasında Amerika varsa və Ermənistanda iqtidara amerikapərəst qüvvələr gələrsə, Azərbaycan Rusiya ilə anlaşaraq, işğal altındakı torpaqları azad etmək fürsətindən yararlanmalıdır. Ermənistandakı hadisələrin bir neçə ay davam edəcəyi gözləniləndir. Azərbaycan bu günlərdə çox diqqətli olmalı və atacağı hər addımın beynəlxalq sistemə uyğun olub-olmayacağına baxmalıdır. Bununla yanaşı, Azərbaycanda seçkilərin qabağa salınması və problemsiz başa çatması fonunda Ermənistanda qarışıqlığın yaranması Bakının əlinə yeni fürsətlə verir".

Əli