Azərbaycanda 1 milyon qaçqın Layihə

Azərbaycanda 1 milyon qaçqın

AgoraVox saytında (Fransa) Alən Rumestandın müəllifliyi ilə Azərbaycanla bağlı yazı dərc edilib. Müəllif yazıda ölkənin iqtisadiyyatındakı artım, Cənubi Qafqazda tutduğu qətiyyətli mövqeyi ilə yanaşı, daha çox Dağlıq Qarabağ problemi və onun fəsadlarına geniş yer ayırıb.
WorldMedia-ya istinad edərək müəllifin qələmə aldığı yazını təqdim edirik.
Azərbaycanı tanımayan oxucular üçün qeyd edək ki, o, Xəzər dənizilə 700 kilometrlik sərhədə malik, Avropa ilə Asiya arasında əsl körpü olan Cənubi Qafqaz ölkəsidir. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACEKA və ya çinlilər tərəfindən idarə edilən yeni İpək yolu) mərkəzi ofisi Azərbaycan paytaxtı Bakıda yerləşir.
SSRİ-nin dağılması ilə müstəqillik əldə etmiş, ərazisi 90 min kvadrat kilometrdən, əhalisi 10 milyon nəfərdən bir qədər az olan respublika çətin geosiyasi məkanda – Rusiya, İran, Türkiyə, Gürcüstan və Ermənistanın arasında yerləşir. Zəngin karbohidrogen resurslarına malik, neft və qaz ixracatçısı olan Azərbaycan hazırda öz iqtisadiyyatını şaxələndirərək qida sənayesi, təchizat, bərpaolunan enerji, nəqliyyat, turizm və informasiya texnologiyaları sahələrinin irəli aparılmasına böyük diqqət ayırır.
Böyük həcmdə investisiyalardan bəhrələnən Azərbaycan Gürcüstan və Ermənistan da daxil olmaqla, 3 Qafqaz ölkəsinin ÜDM-nin 80%-ni təmin edir. Azərbaycanda iqtisadi artım 2006-cı ildə 34,5, 2009-cu ildə 9,3, 2013-cü ildə isə qlobal maliyyə böhranına rəğmən, 6% təşkil edib. Onunla "Total", "Systra", "Bouygues", "Vinci", "Arianespace", "Engie", "Thalès", "Danone", "Lactalis" də daxil olmaqla, bir çox fransız şirkəti də əməkdaşlıq edir.
Azərbaycan ərazisinin beşdə biri – Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon qonşu Ermənistan tərəfindən işğal edilib. Bu, respublikanın iqtisadiyyatına və cəmiyyətə kifayət qədər ziyan vurub. Bu gün əhalinin ən ağrılı yeri məhz bu münaqişədir. BMT-nin Təhlükəsizlik Şurasında yekdilliklə qəbul olunmuş 4 qətnamə işğal edilmiş ərazilərin dərhal geri qaytarılmasını tələb etsə də, işğala son qoyulmur. Problemin həllinə Azərbaycanın ərazi bütövlüyünü tanıyan Fransa, ABŞ və Rusiyanın həmsədrlərlik etdiyi ATƏT-in Minsk qrupunun fəaliyyəti də kömək etmir.
Beləliklə, problem 25 ildən çoxdur ki, davam edir. İşğal edilmiş torpaqları, həmçinin Ermənistanı tərk etmək məcburiyyətində qalaraq öz ölkəsində qaçqına çevrilmiş azərbaycanlılar respublikanın müxtəlif rayonlarında məskunlaşıb. Onların sayı 1 milyona yaxındır. Başqa sözlə, Azərbaycanın hər 9 vətəndaşından biri məcburi köçkündür.
Bakının xarici siyasəti haqda danışmaq üçün Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ilə görüşdük. "Qonşuları biz seçmirik ki..." – deyən Hacıyevin sözlərinə görə, Ermənistanla müharibə nəticəsində 2 tərəfdən ümumilikdə 100 mindən çox insan həlak olub. Müharibə əsl humanitar faciəyə səbə olub. H.Hacıyev Qarabağ savaşından danışarkən ötən əsrin 30-40-cı illərilə paralel aparır: "Sudet böhranı, Çexoslovakiyanın Almaniya tərəfindən ilhaqı və Fransanın Almaniya tərəfindən işğalı...".
"ATƏT təhlükəsizlik, ölkələr arasında güc tətbiqinə yol verilməməsi, ərazilərin işğalının qadağan olunması kimi prinsiplərlə çalışır. BMT də ölkələrin qorunmasını təmin edir. Bununla belə, BMT TŞ-nin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin geri qaytarılmasını tələb edən 4 qətnaməyə məhəl qoyan yoxdur", - deyə XİN rəsmisi bildirib.
Hikmət Hacıyev ölkəsində hökm sürən multikulturalizm mühitindən də danışıb: "Bakıdakı meydanlardan birində çadrasını çıxarıb atan nəhəng qadın heykəli var. Onun sağında 1 məscid, 20 metrliyində sinaqoq, pravoslav kilsəsi və İran bankının ofisi yerləşir. Azərbaycan Konstitusiyasında onun həyat tərzi kimi, dünyəvilik təsbit edilib. Burada hansı dinə mənsub olmaq hər kəsin öz işidir. Bu isə o deməkdir ki, bizdə radikalizm yoxdur".
Yeni vəzifəsində bizə ilk müsahibəsini verən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin istədiyi bir şey var – dünya Azərbaycan torpaqlarının işğalı haqda məlumatlandırılmalıdır. Ermənistanın işğalı illərdir davam etdirdiyini xatırladan Rzayev bu problemin həllinə Fransanın da aidiyyatının olduğunu deyir. Çünki Fransa münaqişənin həllində vasitəçi olan Minsk qrupunun üzvüdür.
Rövşən Rzayevin rəhbərlik etdiyi Komitə 1992-ci ildə Ermənistandan qovulmuş qaçqınların (250 min nəfər) problemlərinin həllilə məşğul olmaq məqsədilə yaradılıb. 1992-1993-cü illər müharibəsindən sonra isə öz ölkələrində qaçqın və məcburi köçkünə çevrilmiş insanların sayı 1 milyona çatıb. Bu gün ölkənin bütün bölgələrində bu kateqoriyadan olan insanlara rast gəlinir. Dövlət onlara xüsusi qayğı göstərilir. Vaxtilə bu insanlar Bakıdakı düşərgələrdə, vaqonlarda və çadırlarda belə yerləşdirilmişdi. Məhz bu üzdən 2003-cü ildə prezident İlham Əliyev belə bir vəd vermişdi: "Ölkədə bir dənə də olsun, çadır düşərgəsi qalmayacaq!".
Nəhayət, 2007-ci ildə dövlət büdcəsi hesabına bütün çadır düşərgələri ləğv edilib, qaçqın və məcburi köçkünlər üçün yaşayış binaları, tələbə şəhərcikləri, məktəblər, uşaq bağçaları və s. tikilib.
Rövşən Rzayev işğal edilmiş bütün ərazilərin geri qaytarılmasının vacibliyini deyir. "Qaçqınlar öz evlərinə qayıtmalıdırlar", - deyə o, bildirir. Doğrudur, bu gün məcburi köçkünlər dövlətdən maliyyə yardımı alır, onların övladlarının təhsil almasına yardım göstərilir və s. Lakin bu, dövlət büdcəsində baha başa gəlir. Qaçqınların özlərinin də yeganə istəyi doğma yurda qayıtmaqdır.
2016-cı ildə ermənilərin hərbi təxribatı tərəflər arasında yeni "dördgünlük müharibə"yə səbəb olub. Bu zaman Dağlıq Qarabağa aid Cəbrayıl rayonunun bir hissəsi işğaldan azad edilərək, Azərbaycan Ordusunun nəzarətinə keçib. Artıq həmin ərazidə evlər, məktəblər tikilib, insanlar öz ailələrilə birlikdə oraya qayıdıb.
Dünyadakı 68 milyon qaçqının sırasına daxil olan 1 milyon azərbaycanlının doğma yurduna qayıtması üçün böyük dövlətlərin "aktiv siyasət"ə keçməsi lazımdır. Özü qaçqın problemilə üzləşmiş Avropa kiçik bir ölkənin 1 milyon qaçqınla bağlı yaşadığını anlamalıdır. Maddi problemlər öz yerində, lakin insanın həyat şəraiti yaxşılaşsa belə, ölçüyəgəlməz psixoloji problemləri nəzərə alınmalıdır.
Hazırda işğal altında olan, torpağına toxuna bilmədiyi Şuşa şəhərində doğulmuş Rövşən Rzayev də öz həmvətənlərilə eyni hisləri yaşayır: "Beynəlxalq hüququn tələbləri təmin olunmalıdır. Sülhün tərəfdarları onu qalib etməlidirlər. Yaşamaq hüququ üstün olmalıdır. Azərbaycan dünyaya açıq ölkədir...".
Rzayev hesab edir ki, beynəlxalq arenada əhəmiyyətli mövqeyə malik Fransa da BMT-nin sözügedən qətnamələrinə əməl olunmasında nümunə göstərməlidir.
Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoq yoxdur. "Sülh Platforması"nın koordinatoru da Rövşən Rzayev qeyd edir ki, Ermənistanın yeni hökuməti dialoqa yol aça bilər. Amma bu, sadəcə ümiddir...
Bu arada qeyd edək ki, Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası "1988-ci ildən etibarən Ermənistandan deportasiya olunmuş azərbaycanlıların pozulmuş əmlak hüquqlarının təmin edilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərin təşkili" layihəsinin icrasına başlayıb.
İctimai Birlikdən bildiriblər ki, layihənin məqsədi 1988-1989-cu illərdə vahid mərkəzdən idarə olunan erməni quldur dəstələrinin və rayon rəhbərlərinin nəzarəti və iştirakı ilə azərbaycanlıların dədə-baba yurdu olan Ermənistan ərazisindən deportasiyası məqsədilə onların evlərinə basqın edərək əmlaklarının qanunsuz ələ keçirilməsi, pozulmuş əmlak hüquqlarının bərpası ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmələrinə şərait yaratmaqdır. Aparılmış araşdırmaların, elmi-tədqiqat işlərinin, mövcud arxiv sənədlərinin əsasında müəyyən edilib ki, azərbaycanlıların deportasiyası dövründə soydaşlarımızın kolxozlarda olan illik əmək haqları ermənilər tərəfindən mənimsənilib. Həmçinin bir çoxları dövlət banklarında olan əmanətlərini götürə bilməyərək, məcburiyyətdən geniş həyətyanı torpaqlarını, mülklərini və evlərini tərk ediblər. Soydaşlarımızın fərdi təsərrüfatlarındakı əmlakları da bütünlüklə ermənilər tərəfindən əvəzi ödənilmədən mənimsənilib. Qaçqın soydaşlarımıza məxsus talanmış, qanunsuz olaraq ələ keçirilmiş əmlaklarının dəyəri təxminən 2,5 milyard ABŞ dolları təşkil edir.
1988-ci ildən Ermənistandan deportasiya edilən azərbaycanlıların pozulmuş əmlak hüquqlarının bərpasına nail olmaq, onlara vurulan maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyini Ermənistan dövlətinin üzərinə qoymaq üçün hazırlanmış material və sənədlər İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndəriləcək, bununla bağlı faktlar Avropa və dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq.
Avropa Şurasının üzvü olan Ermənistandan 1988-ci ildən deportasiya olunmuş azərbaycanlıların pozulmuş əmlak hüquqlarının təmin etməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərin başlanması üçün artıq sənədlərin qəbuluna start verilib. İlkin müraciətlər onlayn formada doldurulur (Elektron müraciət linki: (https://docs.google.com/forms/).
Layihənin icrasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutları, Dövlət Arxiv İdarəsi, Qarabağ Araşdırma Mərkəzi kimi bir sıra dövlət təşkilatlarının köməyindən də istifadə ediləcək.

Cavid