İrəvan xanlığı Ağa Məhəmməd şah Qacarın yürüşləri dövründə Layihə

İrəvan xanlığı Ağa Məhəmməd şah Qacarın yürüşləri dövründə

6-cı yazı

Qacar təhlükəsi sovuşan kimi, Azərbaycan xanları yenidən bir-biri ilə ara müharibələrinə başlayır. Belə ki, 1791-ci ilin dekabrın əvvəllərində Qarabağ xanı İbrahimxəlil xan Naxçıvan xanlığını özünə tabe etmək üçün qohumu Avar xanı Ümmə xanla ittifaqa girərək 11 minlik qoşunla Naxçıvan qalasına yürüş etdi. Bu təhlükə qarşısında aciz qalan Kəlbəli xan kömək üçün Məhəmməd xana müraciət edir. Qeyd etmək lazımdır ki, bundan bir qədər əvvəl bir-birinə düşmən olan İrəvan xanı ilə Naxçıvan xanı arasında sülh bərqərar olmuşdu. Kəlbəli xan Məhəmməd xanın bacısına nişanlanaraq bu sülhü daha da möhkəmləndirmişdi. Digər tərəfdən Məhəmməd xan İbrahimxəlil xanın Naxçıvanda möhkəmlənməsini öz xanlığı üçün təhlükə hesab edirdi. Buna görə də o, Kəlbəli xanın yardım xahişinə müsbət cavab verərək Naxçıvana qoşun göndərdi. Xoy xanı da bu cür hərəkət edərək Naxçıvana kömək üçün qoşun göndərdi. Eyni zamanda ümumi təhlükəyə qarşı Məhəmməd xanla barışdı. İrəvan, Xoy və Naxçıvan xanlıqlarının birləşmiş qoşunları Naxçıvan qalasını mühasirəyə alan İbrahimxəlil xanın və Ümmə xanın qoşunlarını məğlub edərək onları xanlıqdan geri çəkilməyə məcbur etdilər. Bu döyüşdə İbrahimxəlil xan 1000, Ömər xan isə 700 nəfər adam itirmişdi.
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, XVIII əsrin 90-cı illərin ortalarına yaxın Azərbaycan xanlıqları üçün mürəkkəb bir vəziyyət yarandı. 1794-cü ildə Ağa Məhəmməd xan Qacar İranda bütün rəqiblərini məğlub etdikdən sonra yenidən Azərbaycan xanlarını hədələməyə başladı. Digər tərəfdən şimaldan Rusiya Azərbaycan xanlarına təzyiqi artırmışdı. Həm şimaldan, həm də cənubdan təzyiqə məruz qalan Azərbaycan xanları öz xilasını Osmanlı dövlətində görürdü.
Qeyd etmək lazımdır ki, bu dövrdə Azərbaycan xanları Cənubi Qafqazda "incə, ehtiyatlı siyasət" yeridən Rusiya dövlətinə etibar etmirdilər. S.D.Bumaşov yazır ki, "Azərbaycanm bütün müstəqil xanlarının Rusiya barəsindəki ümumi fikirlərinin mahiyyəti eyni idi. Onlar hakimiyyətlərinin Rusiya tərəfindən qəsb olunacağından ehtiyat edirdilər və rusların Avropa idarəçilik qaydalarını onların (xanlıqların-E.Q.) hüdudlarına gətirəcəyindən çox narahat idilər. Xanların bu təhlükə qarşısındakı vahiməsi onları türklərlə danışıqlara sövq edirdi".
Digər tərəfdən, İrəvan xanı da daxil olmaqla bəzi Azərbaycan xanları gerçək təhlükə olan Ağa Məhəmməd xan Qacara qarşı müttəfiq axtarmaq üçün Osmanlı Türkiyəsinə müraciət etmək məcburiyyətində qalmışdı. "Şuşalı İbrahimxəlil xan və İrəvan xanı 1794-cü ildə Portanın (Osmanlı Türkiyəsi-E.Q.) onları köməksiz qoymayacağına ümid edərək Ağa Məhəmməd xana qarşı çıxdılar. Onlar qədimdən aralarında olan dostluq əlaqələrinə arxalanaraq Ağa Məhəmməd xanın hücumuna qarşı Portadan himayədarlıq üçün İstambula nümayəndələrini göndərdilər. Lakin Porta onların tələblərinə məhəl qoymayaraq cavab verdi ki, onun İran xalqı ilə müqaviləsi vardır".
Osmanlı dövlət ilə Azərbaycan xanlarının siyasi münasibətlərinə dair arxiv sənədlərinin iki cilddə nəşr olunmuş toplusunda Qacar təhlükəsinə qarşı İrəvan xanının Osmanlı dövlətinə böyük ümid bəsləməsi haqqında ətraflı məlumat vardır. Belə ki, Ağa Məhəmməd xan Qacar İrəvan xanı Məhəmməd xana da fərman göndərərək yanına gəlməsini tələb etmişdi. Lakin o, özü getməmiş, qardaşını hədiyyələrlə onun hüzuruna göndərmişdi. Bu təhlükə qarşısında İrəvan qalasını möhkəmləndirməklə müdafiəyə hazırlaşan Məhəmməd xan həm sultana, həm də osmanlı paşalarına məktub göndərərək kömək istəmişdi. 1794-cü il mayın 9-da Məhəmməd xan yaxın adamı Zeynalağa vasitəsilə Osmanlı dövlətinə məktub göndərmişdi. Məktublarda xanı narahat edən Ağa Məhəmməd xanın qoşunu hücum edəcəyi təqdirdə sadə xalqın taleyi idi. Məhəmməd xan osmanlı paşalarına məktub yazaraq onlardan xanlıqdan köçən əhaliyə sığınacaq vermələrini dönə-dönə xahiş etmişdi. O, Qars hakiminə göndərdiyi məktubda şah qoşununun İrəvanı mühasirəyə alacağı təqdirdə sadə xalqın Qarsa köçəcəyini bildirərək kömək istəmişdi. 1795-ci il mayın 15-də Ərzurum valisi Yusif Ziya paşanın Məmiş ağanın vasitəsilə Osmanlı sultanına göndərdiyi məktubda şahın hücum edəcəyi təqdirdə İrəvan əhalisinin Osmanlı ərazisinə axınının başlayacağı təhlükəsi haqqında xəbər verilmişdi. Məktubda Ağa Məhəmməd xanın İrəvana hücum edəcəyi təqdirdə qala darısqal olduğundan, təxminən 20-30 min irəvanlının əmlak və mal-qara ilə birlikdə Qars, Bəyazid, Ərzurum paşalıqlarına sığınacaqları bildirilmişdi.
Lakin Osmanlı dövləti bəzi Azərbaycan xanları, o cümlədən İrəvan xanı ilə məktublaşmasına baxmayaraq ciddi tədbirlər görə bilmədi. Çünki sultan nə Rusiya, nə də Ağa Məhəmməd xanla münasibətləri gərginləşdirmək istəmirdi. Rusiya ilə müharibədə məğlub olması Osmanlı dövlətini Cənubi Qafqaz siyasətində bir qədər ehtiyatlı olmağa məcbur edirdi. Digər tərəfdən hadisələri düzgün qiymətləndirən İstambul sarayı Ağa Məhəmməd xanı bölgədə Rusiyaya qarşı duracaq real qüvvə hesab edirdi. Buna baxmayaraq, Osmanlı dövləti ona müraciət edən xanlara ümid verməkdən də çəkinməmişdi.
Azərbaycan xanlarını yalnız məktub və fərmanlarla özünə tabe edə bilməyəcəyini başa düşən Ağa Məhəmməd xan Qacar İrəvan, Xoy, Naxçıvan, Gəncə və Ərdəbil xanlarını hakimiyyətini tanımağa məcbur etmək üçün 1794-cü ildə sevimli sərkərdələrindən olan Süleyman xanı 20.000 qoşunla Təbrizə göndərdi. Təbrizə gələn Süleyman xan Məhəmməd xanı yanına dəvət etdi. O, Təbrizə gəlməyəcəyi təqdirdə Məhəmməd xanı İrəvan üzərinə yürüş edəcəyi ilə hədələmişdi. Bu vaxt İrəvan xanı iki od arasında qalmışdı. Digər tərəfdən II İrakli də, Məhəmməd xanı İrəvan üzərinə yürüş edəcəyi ilə hədələyirdi. Qeyd etmək lazımdır ki, Məhəmməd xan son illərdə müstəqil siyasət yeridərək Kartli-Kaxetiya çarına vergi verməkdən imtina etmişdi. 1794-cü ildə şahzadə Davidin başçılığı ilə bir dəstə çar qoşunu İrəvan sərhəddində dayanaraq, Məhəmməd xandan vergiləri ödəməyi tələb etməyə başladı. O, əks təqdirdə xanı İrəvana hücum edəcəyi ilə qorxudurdu. Hətta şahzadə David katolikos Quqasa məktub göndərərək xanı yola gətirməyi tələb etmişdi. İki od arasında qalmış Məhəmməd xan İrəvan qalasını möhkəmləndirmək üçün müdafiə tədbirləri görməyə başladı. O, şah qoşunlarının hücumunu xanlıq üçün daha təhlükəli olduğunu hiss edərək II İraklinin könlünü ələ almağı qərara aldı. Məhəmməd xan dərhal məktub və hədiyyələrlə Tiflisə nümayəndə heyəti göndərdi. II İrakli elçiləri qəbul etsə də, güzəştə getməyərək vergiləri tələb etdi. O, elçilərə "...xanın dəfələrlə şərtləri pozduğundan verilən vədlərə inanmadığını söyləyərək, belə demişdi: Siz verəcəklərinizi verin, mən isə sizi düşmənlərinizdən qoruyum". Əlacsız qalan və kömək almaq ümüdi ilə Məhəmməd xan verginin bir hissəsini göndərmiş, digər hissəsini göndərməyi söz vermişdi. Əvəzində o, İrəvanın müdafiəsi üçün bir neçə yüz nəfərdən ibarət dəstə göndərməsini xahiş etmişdi. Lakin bu vaxt II İraklinin özünə kömək lazım idi.
Həmin vaxtda Ağa Məhəmməd xanın sərkərdəsi Xoy xanı ilə birlikdə Naxçıvana gəldi. O, İrəvana adam göndərərək Məhəmməd xandan şahın tələblərini yerinə yetirməyi, girov, vergi və 500 nəfərdən ibarət qoşun göndərməsini tələb etdi. Bu xəbər İrəvan əhalisini bərk təşfişə salmışdı. Əhali əmlak və ailələrini götürərək bir hissəsi Osmanlı sərhəddinə doğru hərəkət edir, digər hissəsi isə qalada və əlçatmaz yerlərə sığındı. Məhəmməd xan yenidən II İraklidən kömək istəyir. O isə nəinki İrəvana kömək göndərmədi, əksinə vergilərin qalan hissəsini də tələb etdi.
İrəvan xanı isə bu tələbi rədd edir. Vəziyyətin çıxılmaz olduğunu görən Məhəmməd xan şahın tələblərini yerinə yetirmək məcburiyyətində qaldı. O, ilk növbədə kəndlərə adamlar göndərərək vergi yığdırmağa başladı. Hətta Eçmiədzindən də müəyyən miqdarda vəsait tələb etdi. Hər şey toplandıqdan sonra yığılan vergilər İrəvanın bir neçə nüfuzlu nümayəndəsi ilə birlikdə Süleyman xanın yanına, Naxçıvana yola salındı. Lakin Süleyman xan İrəvan xanının tək vergi verməsi ilə qane olmadı. O, xandan digər şərtləri də yerinə yetirməyi tələb etdi. Məhəmməd xan isə onun bu tələbindən imtina etdi. Vəziyyətin gərgin olduğu bir vaxtda, Ağa Məhəmməd xan yürüşü dayandıraraq boyun əyməyən xanların cəzalandırılmasını gələn ilə saxladı.
Ağa Məhəmməd xan Qacarın Cənubi Qafqaza yürüşü 1795-ci ilin yayında baş tutdu. O, 1795-ci ilin iyun ayında 85 minlik qoşunla üç istiqamətdə - İrəvan, Lənkəran və Qarabağ istiqamətində şimala doğru yürüşə başladı. Yürüş haqqında tarixi ədəbiyyatda ətraflı bəhs edildiyindən bu məsələnin üzərində dayanmağı lazım bilmirik. Bizim məqsədimiz Qacar qoşunlarının İrəvan istiqamətində yürüşünü işıqlandırmaqdır. Ağa Məhəmməd xan qardaşları Əliqulu xan və Cəfərqulu xanın başçılığı ilə 20.000 qoşunu İrəvan istiqamətdə göndərdi. Qacar şahının güclü qoşunla Cənubi Qafqaza yürüşü əhalini bərk qorxuya salmışdı. Əhali ailə və əmlaklarını götürərək təhlükəsiz yerlərə qaçırdılar. "Əhali biləndə ki, Qacar qoşunları İrəvana doğru hərəkət edir, Qarabağdan, Naxçıvandan, İrəvandan və digər yerlərdən həm müsəlmanlar, həm də xristianlar əmlak və mal-qara ilə Gürcüstan (Kartli-Kaxetiya-E.Q.) ərazisinə qaçırlar. Onlar bu ərazidə sakit sığınacaq tapacaqlarına və Ağa Məhəmməd şahın çara (II İrakli-E.Q.) qalib gələ bilməyəcəyinə ümid edirdilər. Lakin qaçqınların aqibəti acınacaqlı oldu. Doğma şəhər və kəndlərindən qaçan xalq ərzaq çatışmazlığı ilə üzləşərək aclığa məruz qaldılar. Onlar üç girvənkə çörəyə bir qoyun, bir lider (10 girvənkə) çörəyə isə bir at verməli idi. Digər tərəfdən yerli gürcülər qaçqınlara hücum edərək onların əmlak və mal-qarasını əllərindən alırdı. Müsibət o dərəcəyə çatmışdı ki, çoxları aclıqdan və soyuqdan ölməmək üçün varlı gürcülərin quluna çevrilmişdi. Bir çoxları isə bu müsibətə dözməyərək çöllərdə olürdü və onları dəfn etmək üçün alət belə tapılmırdı.

Elçin Qaliboğlu