“Dağlıq Qarabağ problemi BMT-nin 4 qətnaməsi əsasında həll olunmalıdır” Layihə

“Dağlıq Qarabağ problemi BMT-nin 4 qətnaməsi əsasında həll olunmalıdır”

Məhərrəm Zülfüqarlı: "Həmin qətnamələrdə ermənilərin Azərbaycan torpaqlarından çıxması tələb olunur"

Fikrət Sadıqov: "Ermənistan ölkəmizin güclü dövlət, ordu və hərbi potensiala malik olduğunu anlayır"

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş nitqində Dağlıq Qarabağ münaqişəsindən danışıb. Dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır: "Biz bu il Avropa İttifaqı ilə əlaqələrimizin inkişafı istiqamətində növbəti ciddi addım atdıq. Bu ilin yayında Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri sənədi imzalanmışdır və hesab edirəm ki, bu, çox önəmli addımdır, önəmli sənəddir. Bu sənəddə bir çox önəmli məsələlər öz əksini tapır. O cümlədən bu sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olan müddəalar həm ədalətlidir, həm də bizim mövqeyimizi və maraqlarımızı tam şəkildə ifadə edir. Bu sənəddə göstərilir ki, Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü Avropa İttifaqı tərəfindən dəstəklənir. Eyni zamanda, NATO-nun Zirvə görüşünün yekununda qəbul edilmiş bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək bir daha ifadə edilmişdir. Bütün bu sənədlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim mövqeyimizi daha da möhkəmləndirir. Onsuz da münaqişənin həlli üçün kifayət qədər geniş hüquqi baza vardır, eyni zamanda, yeni addımlar, xüsusilə ölkəmizin suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü ilə bağlı mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələri, sazişlərdə əks olunan müddəalar bizim mövqeyimizi daha da möhkəmləndirir".
İlham Əliyev vurğulayıb ki, münaqişə ilə bağlı indiki danışıqlar mərhələsi ictimaiyyət üçün bəllidir: "Ermənistan tərəfinin cəhdləri nəticə vermədi, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların formatı dəyişməz olaraq qalır. Bu danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır. İki ölkənin xarici işlər nazirlərinin iki görüşü bunu bir daha sübut edir. Son vaxtlar baş vermiş digər hadisələr onu göstərir ki, danışıqlar formatı dəyişməz olaraq qalır və bu münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır". Prezident qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq: "Ona görə biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş etdirəcək və torpaqlarımız tezliklə işğalçılardan azad olunacaqdır".
Ekspert Məhərrəm Zülfüqarlı deyib ki, "Azərbaycan özünün dövlət müstəqilliyini elan edəndən bəyan edib ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmasına imkan verilməyəcək: "Onların biri 1918-ci ildə qarışıqlıq dövründə bizim ərazimizdə yarandı. İndi isə vətənsiz bir xalq olan ermənilər ikinci dövləti yaratmaq istəyirlər. Təbii ki, buna da biz heç zaman imkan verməyəcəyik".
Onun sözlərinə görə, bu gün Azərbaycan əvvəlki dövrdən qat-qat güclüdür: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında haqlı olaraq bir daha bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq. İndi bütün dünya bunu bilir ki, Qarabağ Azərbaycan ərazisidir. Ötən gün Almaniya rəsmi şəkildə bildirdi ki, Azərbaycanın haqq işini, ərazi bütövlüyünü dəstəkləyir. Dağlıq Qarabağ problemi BMT-nin 4 qətnaməsi əsasında həll olunmalıdır. Həmin qətnamələrdə ermənilərin Azərbaycan torpaqlarından çıxması tələb olunur. Qəribədir ki, ötən gün Amerika rəsmisi bəyan edib ki, bu məsələdə irəliləyişlər var. Bu gün bütün hadisələr, məsələlər Azərbaycanın xeyrinə işləyir. Prezident İlham Əliyevin də bu qətiyyətli çıxışı münaqişənin ədalətli həllinə bir daha dəstəkdir".
Politoloq Fikrət Sadıqov bildirib ki, Prezident İlham Əliyevin 9 ayın yekunları ilə bağlı keçirilən müşavirədə söylədiyi kimi ölkəmizin beynəlxalq siyasətlər sistemində əldə etdiyi uğurlar reallıqdır: "Bunu tək biz deyil, digər ölkələrin rəhbərləri də etiraf edirlər. Azərbaycana gələn rəsmi qonaqlar da müzakirələr zamanı bu barədə öz müsbət fikirlərini söyləyirlər". Dövlət başçısının Nazirlər Kabinetinin iclasında Dağlıq Qarabağ münaqişəsinə toxunaraq ölkəmizin Ermənistanla danışıqlar aparmağa hazır olduğunu bir daha bəyan etmiş oldu: "Ölkə başçısı bildirdi ki, Ermənistan sadəcə olaraq konstruktivlik nümayiş etdirməlidir. Vaxtilə Paşinyan hakimiyyətə gəldikdə separatçı rejimin də danışıqlar iştirak etməsini bildirsə də, sonradan onlar bunun yanlış olduğunu anladılar. Onlar artıq bilir ki, danışıqları yalnız Azərbaycanla aparmaq lazımdır. Ermənistan ölkəmizin güclü dövlət, ordu və hərbi potensiala malik olduğunu anlayır. Düşünürəm ki, Ermənistan və onun rəhbərliyi bütün bunlardan nəticə çıxararaq, düzgün addım atmalıdır".
Politoloq Qabil Hüseynli qeyd edib ki, Prezident İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq: "Hətta deyərdim bu fikirlər ilk dəfə səsləndirilmir. Prezident daim Azərbaycanın ərazi bütövlüyü məsələsinin müzakirə obyekti ola bilməyəcəyini və gec-tez bu məsələnin müsbət həllinə nail ola biləcəyini bildirib".
Politoloqun sözlərinə görə, son zamanlar Paşinyanla təmas nöqtəsində atəşkəs rejiminə əməl edilməsi ilə bağlı razılığa gəlinmə hələ o demək deyil ki, döyüşdə Azərbaycan Ordusu atəşkəs rejiminə daim əməl edəcək və ermənilərin işğal siyasətinə son qoymayacaq: "Azərbaycan Ordusu daim hərbi təlimlər keçirir və torpaqların azad edilməsi üçün səylər göstərir. Cənab Prezident İlham Əliyev dəfələrlə beynəlxalq görüşlərdə, daxili çıxışlarında həmişə birmənalı qaydada deyib ki, Azərbaycan mütləq öz ərazi bütövlüyünə nail olacaq. Hətta bu gün Ermənistan adlanan ərazilərimizin vaxtilə Azərbaycan torpağı olduğunu çəkinmədən irəli sürüb. Ölkəmiz itirilmiş qədim Azərbaycan torpaqları məsələsini də gündəmə gətirə bilər. Ordu quruculuğu istiqamətində beynəlxalq münasibətlər və xarici siyasətdə ölkə başçısı bu məsələni daim bu işlə məşğul olan orqanların diqqət mərkəzinə çatdırır. Bu ortada ciddi siyasi iradənin mövcud olduğunu göstərir".
Deputat Eldəniz Səlimov deyib ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə çıxış edən dövlət başçısı öz çıxışında çox ciddi məsələlərə toxundu, ölkəmizin indiki durumu və gələcək inkişaf istiqamətləri, prioritetləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, dünyada, regionda baş verənlərlə bağlı çox əhəmiyyətli mesajlar səsləndirdi: "Düşünürəm iclas gələcək inkişafımıza mütləq şəkildə öz töhfələrini verəcək". Prezident İlham Əliyevin ötən günkü toplantıda hər zaman olduğu kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bağlı mühüm mesajlar verdiyini deyən deputat hesab edir ki, müşavirədə bu istiqamətdə səslənən fikirlər Ermənistan rəhbərliyi tərəfindən ciddi şəkildə nəzərə alınmalıdır: "Onlar gec və ya tez sülhə gələcəklərini anlamalıdırlar. Çünki onların Azərbaycanla anlaşmaqdan, sülhə razılaşmaqdan, işğal olunmuş ərazilərdən geri çəkilməkdən başqa yolu yoxdur. Əks addımlar onların məhvinə səbəb olacaq".
Milli Məclisin Komitə sədri Siyavuş Novruzov isə vurğulayıb ki, ümumiyyətlə, 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı çox geniş iclas keçirildi: "Cənab Prezident İlham Əliyevin çox böyük təhlili var. Prezidenti istər kənd təsərrüfatında, sənayedə, iqtisadiyyatda, sosial sahədə, istərsə də qaçqın və məcburi köçkünlərlə, şəhərsalma, ekologiya ilə bağlı və s. hər bir sahəni konkret olaraq şərh etdi və qarşıda duran vəzifələri müəyyənləşdirdi...
O cümlədən də Dağlıq Qarabağ məsələsi, Ermənistandakı yeni hakimiyyətin buna münasibəti və bununla bağlı aparılan danışıqlar məsələsi iclasda bir daha qeyd olundu. Bildiyiniz kimi Paşinyan hakimiyyətə gələndə iddialar irəli sürürdü, sonra isə həyat yoldaşı başının dəstəsi ilə Dağlıq Qarabağa səfər etdi. Yəni o Dağlıq Qarabağ siyasəti ilə bağlı tam qarışıq, qeyri-mücərrəd fikirlər ortaya qoydu. Cənab Prezident İlham Əliyev isə buna aydınlıq gətirdi ki, münaqişə tərəfi burada Ermənistandır. Qarabağ heç zaman tərəf ola bilməz. Təbii ki, bu belədir. Bu danışıqlar Ermənistanın Xarici İşlər Nazirliyi və işğalçı ölkənin yeni seçilmiş rəhbərliyi ilə davam etdirilir. O baxımdan da həmin rəhbərlik bilməlidir ki, Azərbaycanın ərazisi danışıqların predmeti ola bilməz. Yəni burada məsələ sırf Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bu münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn normalarına uyğun şəkildə həllindən gedir".

Əli