“Dağlıq Qarabağ məsələsi erməni xalqını bezdirib” Layihə

“Dağlıq Qarabağ məsələsi erməni xalqını bezdirib”

Mübariz Əhmədoğlu: "Ermənilər Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edirlər"


Ermənistanda baş tutan saxta seçkilərdən sonra da gərginlik səngiməyib. Əkisnə günü gündən pisləşən vəziyyət, klanlararası qarşıdurma Rusiya ilə münasibətlərin pisləşməsi, eyni zamanda KTMT-yə üzv olan digər dövlət başçılarının Ermənistana qarşı sərt bəyanatları İrəvanı çıxılmaz duruma salıb.
Politoloq Mübariz Əhmədoğlu bildirib ki, dekabrın 9-da keçirilən növbədənkənar parlament seçkiləri uzun müddət təhlil obyekti olaraq qalacaq: "Hazırda bu seçkilərdə ən çox müzakirə olunan məsələ xalqın seçkidə iştirak etməməsidir. Demokratiyanın ən sadə əlifbası 50%+1-dir. Bu seçkilərdə 48,63% əhali iştirak etdi. Gələcəkdə təhlilçilər Dağlıq Qarabağ tənzimlənməsinə münasibəti axtaracaqlar və bu münasibətlər artıq bəllidir: Erməni xalqı üçün Dağlıq Qarabağ mövzusu nəinki birinci yerdə deyil, hətta Dağlıq Qarabağ mövzusu anti-reytinqə malikdir". O bildirib ki, başqa sözlə, Dağlıq Qarabağ məsələsi erməni xalqını bezdirib və erməni xalqının təhtəlşüuru Dağlıq Qarabağ probleminin rədd olunması istiqamətindədir: "Anti-reytinq isə göstərir ki, ermənilər Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edirlər".
Mübariz Əhmədoğlu söyləyib ki, Dağlıq Qarabağ məsələsinin anti-reytinqə malik olduğuna dair bir neçə arqument gətirmək olar: "Amma 2 tutarlı arqument digər arqumentləri ortalığa gətirməyə ehtiyac qoymur:
Birincisi, Ermənistandakı seçkidə ən çox səs toplayan Sasun Mikaelyan oldu. Paşinyanın "Mənim addımım" blokunda 7-ci yerdə olan Mikaelyan 31 min 739 səs topladı və bununla da o Ermənistanda ən çox səs toplayan adamdır. Mikaelyan Ermənistanda tanınmış və populyar adamdır. Qarabağda qan tökmüşlərdən biridir, müəyyən bir imkanları var. Paşinyanın "məxməri inqilabında" yaxından iştirak edib. Amma Mikaelyanı məşhurlaşdıran onun son bəyanatı oldu. Mikaelyana görə erməni xalqı üçün Dağlıq Qarabağda apardığı "azadlıq müharibəsindən" daha vacib Paşinyanın "məxməri inqilabı"dır. Onun bu fikri Ermənistanın ictimai-siyasi mühitində ciddi müzakirə olundu və Dağlıq Qarabağda ciddi narazılıq yaratdı. Amma buna baxmayaraq ən çox səsi də məhz.Mikaelyan qazandı. Sasun Mikaelyanın Dağlıq Qarabağı aşağılaması olmasaydı, "məxməri inqilabı" üstün tutmasaydı Mikaelyan bu qədər səs toplaya bilməzdi. Fikrimizi əsaslandırmaq üçün deyək ki, Paşinyanın "Mənim addımım" blokunda birinci onluqda hətta Paşinyan familiyalı başqa bir şəxs də var - Sipan Paşinyan. Bu Nikol Paşinyanın qardaşı oğludur. Onun topladığı səsin miqdarı 17155-dir. Sasun Mikaelyanın səsinin çoxluğunu xarakterizə etmək üçün əlavə başqa rəqəmi deyə bilərik ki, baş nazirin birinci müavini və siyahıda partiyasının adı birinci olan Ararat Mirzoyanın topladığı səsin miqdarı 25 min 550-dir. Yəni fərq hər halda aşkar şəkildə hiss olunur və bu fərqi yaradan S.Mikaelyanın Dağlıq Qarabağ mövzusunu aşağılaması, "məxməri inqilab" mövzusunu şişirtməsidir. "Məxməri inqilab" mövzusunu şişirtməsindən daha çox Dağlıq Qarabağ mövzusunu alçaltması öz işini görüb".
İkinci arqumentə gəlincə politoloq qeyd edib ki, "Sasna tsrer"çilərin fikrincə, onların az səs toplamasının səbəbi Qarabağ məsələsində radikal mövqelərdə dayanması oldu: "Bunu "Sasna tsrer"in müharibə qanadı təmsilçiləri bildirdilər. Amma siyasi mühit üçün daha dəyərlisi odur ki, bunu "Sasna tsrer"in seçki siyahısında yer almış analitik düşüncəli Stepan Qriqoryan bildirdi. Özünü ümumerməni partiyası adlandıran "Sasna tsrer" 22min 862 səs topladı. Başqa sözlə Mikaelyanın təkbaşına topladığı səsdən 1,5 dəfə az. Bu 2 arqument Ermənistan cəmiyyətinin mövqeyini göstərir və 9 dekabr seçkilərinə Dağlıq Qarabağ mövzusunda referendum kimi yanaşmaq olar. Nikol Paşinyanın bu fikri inkar etməsi heç kəsə yox, onun özünə zərbə vuracaq".
Mübariz Əhmədoğlu əlavə edib ki, Nikol Paşinyanın Dağlıq Qarabağın "de-fakto" rəhbərliyinə qarşı neqativ münasibəti göz qabağındadır. O bildirib ki, bunun çoxlu səbəbləri ola bilər. Paşinyanın xarakterinə görə dəyişən adam olduğunu deyən politoloq söyləyib ki, Paşinyan nə qədər Dağlıq Qarabağ separatçılığı ilə bağlı müsbət ritorika səsləndirsə də, nəhayət ki, haçansa fikrini dəyişməli idi: "Paşinyan hesab edir ki, Dağlıq Qarabağ Ermənistanın inkişafına əngəl törədir. Sasun Mikaelyanın Ermənistandakı "məxməri inqilabı" Dağlıq Qarabağın azadlıq mübarizəsindən üstün tutması ilə bağlı fikrinə Dağlıq Qarabağdan verilən reaksiya Paşinyanı qıcıqlandırdı və Dağlıq Qarabağın "de-fakto" rəhbərliyinı hədələdi. Paşinyan üçün dünyada ən böyük müqəddəs şey Ermənistandakı məxməri inqilabdır. Dağlıq Qarabağda azadlıq mübarizəsi lokal bir məkanda baş verən hadisədir, "məxməri inqilab" isə dünya miqyaslı hadisədir".
Mübariz Əhmədoğlu söyləyib ki, Dağlıq Qarabağ rəhbərliyini idarə olunan vəziyyətə salmaq üçün belə vəziyyət yaratmaq Paşinyanın idarəetmə stilidir: "Azərbaycanlı girovların Şuşa həbsxanasından İrəvana gətirilməsinə Dağlıq Qarabağın de-fakto rəhbərliyinin icazə verməməsi Nikol Paşinyanın şərəfinə toxunub. Qəzəbin Mnasakanyanın üzərində fokuslanması da təsadüfi deyil: azərbaycanlı girovun qaytarılmasını Dağlıq Qarabağda hərbi-siyasi vəziyyətə pis təsir edəcəyinin əsaslandırmasını Saakyanın tapşırığı ilə Mnasakanyan edib. Mnasakanyan Paşinyanın Dağlıq Qarabağda hərbi xidmətdə olan oğlunu həqiqi hərbi xidmətə məcbur edir. Ermənistanda həbslərin yeni dalğasına hazırlıq başlayıb. Eləcə də KTMT-nın keçmiş Baş katibi Yuri Xaçaturova qarşı başqa maddələr üzrə cinayət işinin qaldırılması indiki siyasi şəraitdə Paşinyana lazımdır. Xaçaturov Ermənistanın Müdafiə nazirinin müavini olarkən Movses Akopyan qondarma Dağlıq Qarabağda müdafiə naziri idi və onların arasında narazılıq var idi. Çünki Movses Akopyan Seyran Ohanyanın sözü ilə Xaçaturova qarşı intriqa ilə məşğul idi. Movses Akopyan ehtimal ki, Xaçaturovun əleyhinə əvvəlki faktları vermək istəmir. Movses Akopyanı buna məcbur etməyin də ən yaxşı variantı Dağlıq Qarabağın de-fakto müdafiə naziri Mnasakanyandır. Çünki Mnasakanyan qondarma Dağlıq Qarabağda müdafiə nazirliyini məhz Movses Akopyandan aldı və onun külli miqdarda saxtakarlığı, yeyintisi üzə çıxardı. Görünür, Paşinyan Mnasakanyan vasitəsilə Akopyanı silkələyir və Akopyan da vəziyyətdən çıxmaq üçün Xaçaturovun əleyhinə lazım olan digər ifadələri verir".
Politoloqun sözlərinə görə, Dağlıq Qarabağ erməniləri Paşinyanın xəstə şüurunun formalaşdırdığı məntiqsiz siyasətinin zolağına düşüb və bu, Dağlıq Qarabağın daxilində reaksiyasız qalmayacaq: "Dağlıq Qarabağ ermənilərinin ən böyük düşməni Ermənistan erməniləridir" formulu yenidən aktuallaşacaq".
Politoloq Qabil Hüseynli isə deyib ki, Ermənistan ciddi böhran içərisindədir: "Bu siyasi böhran hələ də indiki hakimiyyət tərəfindən həll edilə bilməyib. Paşinyan ölkədəki bütün rıçaqlara sahiblənmək iqtidarında deyil. Dağlıq Qarabağda "Qarabağ klanı"nın müqavimətini sındıra bilməyib. Xalqa verilən vədləri isə yerinə yetirmək lazımdır. Onu da yerinə yetirmək mümkün deyil. Çünki xəzinə boşdur. Bu səbəbdən də ermənilər müəyyən həqiqətləri dərk etməyə başlamılıdırlar. Əgər onlar həmin həqiqətləri dərk etmək istəməyəcəklərsə, o zaman güc variant işə düşə bilər. İndiyə qədər bunun önündə dayanan əsas maneə Rusiya idi. Güman edirəm ki, hazırda Moskva ilə münasibətlərdə İrəvanın ciddi problemləri var. İlluziyaya qapılmadan demək istəyirəm ki, Rusiya Ermənistanı elə-belə əldən verməməyə çalışacaq. İndiyə qədər Azərbaycanın ərazi bütövlüyü Rusiya və məhdud bir qrupun diqqətində idisə, hazırda bütün dünyanın gündəmindədir. Bu yaxınlarda Avropa Birliyi qətnamə qəbul etdi. Orada açıq surətdə qeyd olunurdu ki, Dağlıq Qarabağ münaqişəsi Azəbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Bu çox güclü beynəlxalq təşkilatın rəyidir. Buna yaxın münasibəti ABŞ da sərgiləyir. Ola bilər ki, gələcəkdə bu mövqe daha da qətiləşsin. İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qoşulmayanlar Hərəkatı kimi təşkilatlar da münaqişənin ərazi bütövlüyümüz çərçivəsində həllini tələb edir. Bu baxımdan həm münaqişənin sülh yolu ilə həllinə ümidlər oyanıb, həm də ordu quruculuğuna diqqəti daha da artırmaq niyyətimizi gizlətmirik. Güman edirəm ki, 2019-cu ildə məsələnin həm hərbi, həm də siyasi yolla həlli gündəmə gələcək"
O əlavə edib ki, Ermənistanla münasibətlərimizdə bıçaq sümüyə dirənib: "Xalqımız da böyük ümidlə gözləyir ki, uğurla qurulan ordumuz diplomatiyamızın arxasında dayanaraq güc diplomatiyamızı həyata keçirəcək. İstənilən diplomatiyanın arxasında güc dayanmalıdır. Bizim diplomatiyamızın arxasında da güclü ordu dayanıb". Onun sözlərinə görə, məhz bu amilə görə danışıqların aparılması, münaqişənin sülh yolu ilə nizamlanması məsələsi bir qədər də asanlaşıb".


Əli