“Yeni hakimiyyətin də Dağlıq Qarabağ məsələsində mövqeyi tam aydın deyil” Layihə

“Yeni hakimiyyətin də Dağlıq Qarabağ məsələsində mövqeyi tam aydın deyil”

Aydın Mirzəzadə: "Buna görə də Azərbaycan bütün variantları gündəlikdə saxlayır"

"Bu gün Azərbaycan həm danışıqlar masasında, həm də döyüş meydanında üstün mövqedədir". Bunu Azərbaycan Prezidenti İlham Əliyev REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə müsahibəsində deyib: "Biz son illər ərzində münaqişənin həlli üçün güclü hüquqi baza yaratdıq. Dünyanın bir çox mötəbər aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı həqiqəti əks etdirən, bizim mövqeyimizi dəstəkləyən qətnamələr, qərarlar qəbul etmişlər - BMT-nin Baş Assambleyası, ondan əvvəl Təhlükəsizlik Şurası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədində ərazi bütövlüyümüz, suverenliyimiz, sərhədlərimizin toxunulmazlığı haqqında dəstək ifadə olunub. Yəni, bu, münaqişə üçün hüquqi baza yaradır. Hüquqi baza ondan ibarətdir ki, Dağlıq Qarabağ, - bunu biz hamımız yaxşı bilirik, - Azərbaycanın ayrılmaz hissəsidir. Münaqişənin həlli yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür.
Eyni zamanda, biz güclü iqtisadi potensial yaradaraq güclü ordu da yaratmışıq. Bu gün Azərbaycan Ordusu dünyada güclü ordular sırasındadır. Bizim döyüş qabiliyyətimiz, imkanlarımız artır. Biz ordumuzu ən müasir texnika ilə təchiz edirik. Aprel döyüşləri bizim gücümüzü göstərdi. Ən əlverişsiz hərbi mövqelərdən əks-hücum əməliyyatı apararaq biz strateji yüksəklikləri əldə etdik. Torpaqlarımızı işğalçılardan azad etdik".
İlham Əliyev vurğulayıb ki, bu gün Ağdərə, Füzuli, Cəbrayıl rayonlarında Azərbaycan bayrağı dalğalanır: "Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir. Mən Lələtəpədə olanda, orada Azərbaycan bayrağını görəndə qürur hissi keçirirəm. Hər biz Azərbaycan vətəndaşı qürur hissi keçirir. Bizim əsgər və zabitlərimiz əsl qəhrəmanlıq göstərmişlər. Aprel döyüşləri tarixi hadisədir. Bu döyüşlər Ermənistanın uzun illər ərzində yaratdığı mifi tamamilə darmadağın etdi. Yəni, ermənilər elə bir rəy formalaşdırmağa çalışırdılar ki, guya onların ordusu güclüdür və yenilməzdir. Azərbaycan əsgəri, zabiti göstərdi ki, kimin ordusu güclüdür, kimin ordusu yenilməzdir. O mif tamamilə dağıdıldı. Aprel döyüşləri milli ruhumuzu yüksəltdi, zirvələrə qaldırdı. Ona görə bu hadisə bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq".
Prezident xatırladıb ki, aprel döyüşlərindən iki il sonra uğurlu Naxçıvan əməliyyatı keçirildi: "O, taktiki baxımdan fərqli əməliyyat idi, ancaq nəticə etibarilə çox uğurlu idi və bizə imkan verdi ki, strateji yüksəklikləri, dağları tam nəzarətə götürək və bu dağlardan düşmənin strateji kommunikasiyalarına nəzarət edək. Yəni, bütün bunlar ordumuzun qüdrətini, peşəkarlığını əks etdirən önəmli hadisələrdir. Bütün bunlar onu göstərir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır".
Prezident əlavə edib ki, bu gün dünyada "kim güclüdür, o da haqlıdır" prinsipi hökm sürür: "Bildiyiniz kimi, Ermənistanın yeni hökuməti birinci mərhələdə çox ziddiyyətli bəyanatlar verirdi ki, Azərbaycan Ermənistanla yox, qondarma "Dağlıq Qarabağ respublikası" ilə danışıqlar aparmalıdır. Biz əlbəttə ki, bu ziddiyyətli və anlaşılmaz bəyanatları dərhal rədd etdik. O cümlədən vasitəçilər də əlbəttə ki, belə bir mövqe ilə razılaşa bilməzdilər. Öz prinsipial mövqeyimizdə qalaraq biz danışıqlar prosesinə sadiqik".
İlham Əliyev xatırlladb ki, bu gün danışıqlar Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında aparılır. Artıq bir neçə raund danışıqlar aparılıb: "Biz ümid edirik ki, bu danışıqların nəticəsi olacaqdır. Ona görə danışıqların aparılması əlbəttə ki, müsbət hal kimi qiymətləndirilə bilər. Bu, bir daha onu göstərir ki, Ermənistanın yeni rəhbərliyinin ilk mərhələdə bəyan etdiyi prinsiplər tamamilə qəbuledilməzdir.
Digər tərəfdən, mən həmişə demişəm ki, bu gün dünyada güc amili ön plana çıxır. Baxın, dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq kobudcasına pozulur. Əgər əvvəlki dövrlərdə bunu müəyyən formada gizlətmək istəyirdilərsə, bu gün heç buna ehtiyac da görmürlər. Bu gün dünyada "kim güclüdür, o da haqlıdır" prinsipi hökm sürür. Bu, yeni reallıqdır. Biz bu reallığa hazır olmalıyıq. Dünya dəyişir və biz bu dəyişikliyə hazır olmalıyıq. Xoşbəxtlikdən biz öz iqtisadi və hərbi gücümüzü uzun illərdir ki, artırırıq. Sanki özümüzü bugünkü vəziyyətə hazırlayırdıq və bu gün biz hazırıq".
Prezident əlavə edib ki, ona görə güc amili həmişə gündəlikdə olub və olacaq: "Biz bunu nəinki bizim münaqişə, bir çox başqa münaqişələrlə bağlı da görürük. Ona görə biz müxtəlif imkanlardan istifadə edəcəyik və Azərbaycanın ərazi bütövlüyünün bərpası bizim əsas vəzifəmizdir. Azərbaycan vətəndaşları bunu bilməlidirlər ki, bu, hər bir vətəndaşın əsas vəzifəsidir, dövlətin əsas vəzifəsidir. Biz bu istiqamət üzrə öz siyasətimizi bundan sonra da aparacağıq".
Millət vəkili Aydın Mirzəzadə bildirib ki, Prezident İlham Əliyev müsahibəsində bir çox mühüm məsələlərə, o cümlədən Dağlıq Qarabağ probleminə toxundu: "Ortada olan fakt Ermənistanın ölkəmizin torpaqlarının bir hissəsinin işğal etməsi və indiyədək ərazi bütövlüyümüzü tanımaqdan imtina etməsidir. Məhz bu tərs və beynəlxalq hüquqa zidd olan mövqe həm Ermənistanın əvvəlki rəhbərləri olan Koçaryan və Sarkisyanın hakimiyyətdən getməsinə, xalqına qarşı cinayətinə görə hüquq mühafizə orqanları qarşısında cavab verməsinə gətirib çıxarıb".Onun sözlərinə görə, Azərbaycanda ümid edirdilər ki, yeni hakimiyyət onların taleyindən nəticə çıxaracaq və məsələni ədalətlə həll edilməsinə üstünlük verəcək: "Ancaq bununla belə hələ də yeni hakimiyyətində Dağlıq Qarabağ məsələsində mövqeyi tam aydın deyil. Gah onlar danışıqlara gedir, məsələnin konstruktiv həllinə maraq göstərirlər, bəzən isə qəbul edilməsi mümkün olmayan şərtlər irəli sürürlər. Buna görə də Azərbaycan problemin həllinin vacibliyini əsas götürərək, bütün variantları daim gündəlikdə saxlayır".
A.Mirzəzadə söyləyib ki, burada danışıqların sülh yolu ilə davam etdirilməsi, Ermənistan tərəfini ərazi bütövlüyümüzü tanımağa çağırış siyasəti, eyni zamanda hərbi potensialımızın artırılması məsələsi dayanır: "Azərbaycan öz uğurlu iqtisadi siyasəti nəticəsində bu gün güclü silahlı qüvvələr saxlamaq iqtidarındadır. Ən yeni silahlar alınır, hərbi təlimlər keçirilir, zabit və əsgərlərimizin döyüş ruhu yüksəkdir. Bundan irəli gələrək, 3 il bundan əvvəl aprelində Azərbaycan strateji yüksəklikləri ələ keçirdi. Ötən ilin may ayıda Naxçıvanda Günnük kəndi işğaldan azad edildi. Bu isə Ermənistandan Dağlıq Qarabağ bölgəsinə gedən arteriyaları nəzarətdə saxlamağa imkan verdi". Azərbaycan qurduğu silahlı təchizat, taktiki hazırlıq cəhətdən Ermənistandan qat-qat üstün olduğunu deyən deputat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə açıq şəkildə bildirir ki, biz danışıqlara üstünlük versək də problemin hərbi yolla həlli gündəlikdən çıxmayıb: "Paşinyan hakimiyyəti bunu diqqətdə saxlamalıdır. Yeni Aprel hadisələri baş verərsə, artıq bu dəfə Paşinyanın nə dərəcədə hakimiyyətdə qalacağı ciddi müzakirə mövzusu ola bilər. Bu baxımdan cənab Prezidentin ötən gün verdiyi müsahibədə Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar ölkəmizin mövqeyini səsləndirməsi, Ermənistana böyük bir xəbərdarlıq olmalıdır. Həmçinin Azərbaycan cəmiyyəti bilməlidir ki, problemin həlli istiqamətində görülən işlər nədən ibarətdir və Azərbaycan Prezidentinin siyasəti xalqımızın milli maraqlarına tam uyğun olaraq həyata keçirilir". A.Mirzəzadə qeyd edib ki, Ermənistandan hakimiyyətin tam şəkildə formalaşmayıb: " Ölkə rəhbərlərinin rəsmi görüşü hələ baş tutmayıb. Beynəlxalq tədbirlər çərçivəsində həyata keçirilən qeyri-rəsmi görüşlər problemin həlli istiqamətində ciddi danışıqların başlandığı kimi hesab etmək olmaz. Ümid edirik ki, Paşinyan real həyatın incəliklərinə vardıqca, işğalın Ermənistan üçün böyük bəla olduğunu fərqinə varmalıdır. Bu baxımdan hər şey Paşinyan və Ermənistanın seçimindən asılı olacaq. Danışıqlar yolu Ermənistan üçün ucuz və sərfəli yoldur, qarşıdurmaya üstünlük verəcəklərsə, o zaman onlar layiqli cəzalarını alacaqlar".
Əli