İrəvan xanlığının inzibati-ərazi bölgüsü Layihə

İrəvan xanlığının inzibati-ərazi bölgüsü

16-cı yazı

Şərur mahalı İrəvan xanlığının cənub-şərq hissəsində yerləşən ərazini tuturdu. Bu mahal şimaldan Vedibasar mahalı, cənubdan Araz çayına doğru seyrələn daşlıq qayalardan onu ayıran Naxçıvan xanlığının Xok mahalı, qərbdən Araz çayı, şərqdən isə Naxçıvan xanlığı arasında yerləşirdi. Onun cənub tərəfdə Araz çayına doğru eninə görünüşü yarımdairə, Qaratəpə və Qaraqum dağları arasında amfiteatr formasında idi. Şərqi Arpaçay çayı mahalı iki hissəyə bölmüşdü. Şərur mahalının 61 kəndindən 11-i müharibələr zamanı tamamilə dağıdılmışdı.
Sürməli mahalı İrəvan xanlığının cənub qurtaracağında, Araz çayının sağ sahili boyunca uzanırdı. Bu mahal şimal və şimali şərq və şərqdən Araz çayı, cənubdan onu Bəyazid paşalığından ayıran Ağrıdağ dağı silsiləsi və Maku ilə, qərbdən isə Dərəkənd-Parçenis mahalı ilə həmsərhəd idi. Mahala Bəyazid sərhədindən başlayan Ağrıdağ dağı silsiləsinin bütün şimal yamacları da daxil idi. Mahalın kəndləri Araz çayından çəkilən arxlar vasitəsilə suvarılırdı. Bütün mahal 78 kənddən ibarət idi. Bunlardan 28-i müharibələr nəticəsində dağılmışdı.
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, Dərəkənd-Parçenis mahalı isə xanlığın cənub-qərb qurtaracağında, Araz çayının sağ sahilində yerləşirdi. Bu mahal şimaldan Saatlı mahalı, cənub və qərbdən Osmanlı dövləti, şərqdən isə Sürməli mahalı ilə həmsərhəd idi. Dərəkənd-Parçenis mahalı Bəyazid sərhədindən Araz çayına doğru uzanan üç dərədən ibarət olmuşdu. Onlardan şərq tərəfdə olan Parçenis dərəsi Zor dağının aşağı yamacından, ikinci Dərəkənd dərəsi Pirili və Təkaltı dağlarının aşağı yamaclarından başlayırdı. Bu iki dərə Cancavad dərəsi ilə birləşirdi və hər iki dərənin bütün bulaqlarının töküldüyü Hacı çayının Araz çayına birləşdiyi aşağı hissələri Cancavad dərəsi adlanırdı. Üçüncü dərə isə Parnaud dərəsi adlanırdı. Bu dərə Koroğlu dağının aşağı hissəsindən başlayaraq Kağızman sancağının, Qars paşalığının yaxınlığında Araz çayına birləşirdi. Parçenis dərəsinin 26, Dərəkənd dərəsinin isə 54 yaşayış üçün yararlı kəndi vardı. Müharibə dövründə 8 dağıdılmış kəndini də əlavə etsək, bu mahalın ümumiyyətlə 88 kəndi olmuşdu.
Saatlı mahalı İrəvan xanlığının ən kiçik mahal idi və onun qərb qurtaracağında yerləşirdi. O, Arpaçayın Araza töküldüyü yerdə və bu çayın hər iki sahilində, Arazdan Dərəkənd-Parçenis mahalına doğru uzanan ətraf əraziləri özündə birləşdirirdi. Saatlı mahalı şimaldan Talın, şərqdən Sərdarabad, cənubdan Dərəkənd-Parçenis mahalları ilə, qərbdən isə Osmanlı dövlətilə həmsərhəd idi. Bu mahala məxsus bütün kəndlər çay boyunca yerləşirdi. Burada Araz çayının şərq sahilindən Sərdarabad mahalına, qərb sahilindən Qars şəhərinə qədər iri daşların ucaldığı yüksəklikdən başlayaraq uzanan düzənlik vardı. Mahal 14 kənddən ibarət idi. Onun 5 kəndi müharibələr nəticəsində dağıdılmışdı.
Talın mahalı İrəvan xanlığının şimal-qərb qurtaracağında yerləşirdi. O, şimal tərəfdən Şuragöl əyaləti, cənubdan Sərdarabad və Saatlı mahalları, şərqdən Seyidli-Ağsaqqallı mahalı, qərbdən onu Qars paşalığından ayıran Arpaçayla həmsərhəd idi. Saatlı mahalından onu sahəsi 900 kv verst olan susuz və quru düzənlik ayırırdı. Talın mahalının 47 kəndi vardı. Onun 27-si mühariblər nəticəsində dağıdılmışdı.
Seyid-Ağsaqqallı mahalı iki tayfanın mahalı sayılırdı. Mahal şimaldan Abaran, cənubdan və şərqdən Körpübasar, cənubi qərbdən Sərdarabad mahalları ilə həmsərhəd idi. Seyidli-Ağsaqqallı mahalı 20 kəndə malik idi. Onlardan 11 kənd Seyidli tayfasına, 9-u isə Ağsaqqallı tayfasına məxsus idi. Müharibə nəticəsində bu mahalın kəndlərinə ziyan dəyməmişdi.
E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, Sərdarabad mahalı Araz çayının şimal tərəfində, Sürməli mahalının əks istiqamətində yerləşirdi. Bu mahal şimaldan Talın, cənubda onu Sürməli mahalından ayıran Araz çayı, qərbdən Saatlı mahalı, şərqdən isə Körpübasar və Zəngibasar mahalları ilə həmsərhəd idi. Sərdarabad mahalı axırıncı İrəvan xanı Hüseynəli xan tərəfindən yaradılmışdı. Bu mahalın adı 1810-cu ildə Hüseynqulu xanın göstərişi ilə tikilməyə başlamış Sərdarabad qalasının adından götürülmüşdü. Digər məlumata görə isə qala 1815-ci ildə salınmışdı. Çox güman ki, Sərdarabad qalasının tikintisi 1810-cu ildə başlamış, 1815-ci ildə başa çatmışdı. Sərdarabad qalası salındıqdan sonra xanın fərmanına əsasən burada əhali məskunlaşdırılmış və nəticədə yeni mahal yaranmışdı. Mahal 30 kənddən ibarət olmuşdu. Bunun 8-i müharibələr nəticəsində dağıdılmışdı.
Abaran mahalı xanlığın şimal qurtaracağında yerləşən mahallardan biridir. O, Alagöz dağının şimal və şimal-şərq hissəsi ilə Pəmbək sıldırım dağları arasında uzanırdı. Abaran mahalı şimaldan Pəmbək, şimal-qərbdən Şuragöl sultanlıqları, cənubdan Seyidli-Ağsaqqallı, Körpübasar, şərqdən isə Dərəçiçək mahalları ilə həmsərhəd idi. Mahal üç dərədən ibarət idi. Birinci ən yüksək Cəngi dərəsidir ki, bura Şuragöl sultanlığına yaxın idi. Cəngi dərəsinə Gərni çayının yuxarı mənsəbi daxil idi. Dərə Cəngi kəndinin yaxınlığından başlayaraq Mirək kəndinə yaxın yerdə qurtarırdı. İkinci dərə Mirəkdan başlayırdı və bura Abaran çayı adlanan Gəmi çayı boyunca uzanan, həmçinin bu çayın sol tərəfindəki Gülabad kəndinə qədər bütün kəndlər məxsus idi. Üçüncü dərə Abaran adlanırdı. Bu dərə Gərni çayının sağ sahilində yerləşən, Gərnəvit çayının suyu ilə təchiz olunan bütün kəndləri özündə birləşdirirdi. Bundan başqa mahal Seyidli-Ağsaqqallı mahalına məxsus bir neçə kəndi də özündə birləşdirirdi. Abaran mahalının 61 kəndi olmuş və bu kəndlərdən 22-i müharibələr nəticəində dağıdılmışdı.
Dərəçiçək mahalı havasına görə xanlıqda ən səfalı mahal hesab olunurdu. Mahalın ərazisi Göyçə gölündən başlayaraq Zəngi çayı və Misxanaçayı mənsəbindən Alapars kəndinə qədər uzanan dərədən ibarət idi.
Zəngi çay və Misxanaçay çayı Gərniköyün yaxınlığında birləşərək cənuba doğru axırdı. Dərəçiçək mahalı şimaldan Pəmbək vilayəti, cənubdan Qırxbulaq mahalı, qərbdən Abaran mahalı və şərqdən Göyçə gölü arasında yerləşirdi. Mahal 37 kənddən ibarət idi. Bu kəndlərdən 16-sı müharibələr nəticəsində dağıdılmışdı. Göyçə mahalı xanlığın şimal-şərq hissəsində yerləşən və qərb hissəsindən başqa Göyçə gölünün bütün ətraf ərazilərini əhatə edən ən geniş mahal idi. Bu mahal şimaldan Şəmşəddil sultanlığı, Gəncə xanlığı, şimal-qərbdən Dərəçiçək mahalı, cənubdan Naxçıvan xanlığı, şərqdən Qarabağ xanlığı, qərbdən Qırxbulaq, Gərnibasar və Vedibasar mahalları ilə həmsərhəd idi. Göyçə gölünə öz suyunu axıdan bütün dağlar və dərələr ona məxsus idi. Göyçə mahalı 126 kənddən ibarət olmuşdu. Lakin müharibələr nəticəsində 67 kənd tamamilə dağıdılmışdı. Hətta bu kəndlərdən 37-sinin adının unudulduğu qeyd olunmuşdu. Mahalın yalnız 59 kəndində əhali qeydə alınmışdı.
İrəvan xanlığının mahalları coğrafi mövqeyinə görə də bir-birindən fərqlənirdi. Mahallar dağlıq, düzən və orta olmaqla üç zolağa bölünürdü. Bunlardan Abaran, Dərəçiçək və Göyçə mahalları dağlıq, Zəngibasar, Şərur, Saatlı, Sərdarabad mahalları düzən, Qırxbulaq, Talin, Seyidli-Ağsaqqallı mahalları isə orta zolağa daxil idi. Hər üç zolağı özündə birləşdirən mahallar Gərnibasar, Vedibasar, Sürməli, Dərəkənd-Parçenis mahalları idi. Körpübasar mahalı isə aran və bəzi yerlərdə orta zolağı əhatə edirdi.
İrəvan xanlığının inzibati-ərazi bölgüsü təhlil edilərkən bu xanlıqdan qoparılmış Şuragöl, Pəmbək və Maku mahalları haqqında da bəhs etmək lazım gəlir. Şuragöl İrəvan xanlığının şimali qərbində yerləşirdi. Onun ərazisi təpəlikləri olan düzənlikdən ibarət idi. Mahal şimaldan Kartli-Kaxetiya çarlığı, cənubdan Talın və Seyidli-Ağsaqqallı mahalları, şərqdən isə Pəmbək və Abaran mahallarım ayıran dağlarla əhatə olunmuşdu. Qərb tərəfdən isə Arpaçayı vasitəsilə ayrılan Qars paşalığı ilə həmsərhəd idi. Şuragölün mərkəzi Gümrü idi. Nadir şahın dövründə İrəvan mahalı kimi göstərilən Şuragöldə keçirilən siyahıyaalınmaya görə, onun 109 kəndi olmuşdu. P.Butkova görə isə, XVIII əsrin sonlarında Şuragöl 1000 evdən ibarət olmuş və burada yaşayanların əksəriyyəti Azərbaycan türkləri idilər.
Pəmbək sultanlığı isə Şuragölün şərqində çox da hündür olmayan dağlar arasında qalan vadidə yerləşirdi. Vadi sıra dağlarla iki yerə bölünürdü. Bunun şərq hissəsi çox ensiz, qərb hissəsi isə 7 verstə çatırdı. Pəmbək şimaldan Kartli-Kaxetiya çarlığı, cənubdan Abaran və Dərəçiçək mahalları, şərqdən Şuragöl, qərbdən isə Qazax sultanlıqları ilə həmsərhəd idi. 1801-ci ilin məlumatına görə, Pəmbəkdə 30 Azərbaycan türk kəndi olmuşdu. 1826-cı ildə müharibə nəticəsində kəndlərin sayı 22-ə qədər azalmışdı.
İrəvan xanlığının mahallarından olan Maku isə şimaldan Sürməli mahalı, cənubdan Xoy xanlığı, qərbdən Bəyazid paşalığı və şimal-şərqdən Şərur mahalı, cənub-şərqdən isə Naxçıvan xanlığı ilə həmsərhəd idi. Bu mahal Araz çayının sağ sahilində, Ağrı dağının cənub-şərq yamacında yerləşirdi. Maku mahalı 31 kənddən ibarət olmuş və bu kəndlərdə 600 həyət qeydə alınmışdı.
Lakin siyasi vəziyyətlə əlaqədar olaraq bu mahalların bəzisi İrəvan xanlığından alınaraq digər dövlətlərin tərkibinə qatılmışdı. Məsələn, Pəmbək 1802-ci ildə, Şuragöl isə 1805-ci ildə Rusiya tərəfindən işğal edilmişdi. Maku mahalı isə Türkmənçay sülh müqaviləsindən sonra Qacar İranının tərkibinə qatılmışdı.
Oeyd etmək lazımdır ki, İ.Şopenin mahallar haqqında verdiyi məlumat 1810-cu ildən (Sərdarabad qalası salındıqdan və eyniadlı mahalın yaranmasınqdan sonrakı dövrdən-E.Q.) sonrakı dövrə aiddir. Onun verdiyi məlumata görə, Sərdarabad mahalı yaranana qədər onun ərazisi Saatlı mahalı ilə birlikdə Gərnibasar mahalının tərkibində olmuşdu. İrəvan sərdarı Hüseynqulu xan Sərdarabad qalasını tikdirdikdən sonra həmin qalanın adı ilə yeni mahal yaratmışdı. Əgər İ.Şopenin verdiyi məlumata inansaq, təqribən həmin vaxtı ikinci bir mahal - Saatlı mahalı yaradılmışdı. Beləliklə, mənbələrin təhlilindən belə nəticəyə gəlmək olar ki, xanlıq yaranan vaxtı İrəvan xanlığının 9 mahalı, XVIII əsrin 60-cı illərindən 1802-ci ilə qədər 16, 1802-1805-ci illərdə 15, 1805-1810-cu illər arasında 14, 1810-1827-ci illərdə isə 16 mahalı olmuşdu.

Elçin Qaliboğlu