“Azərbaycan dövləti ərazisinin 20%-nin düşmən tapdağında olduğundan...” Layihə

“Azərbaycan dövləti ərazisinin 20%-nin düşmən tapdağında olduğundan...”

Politoloq: “BMT nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq öz ərazisində antiterror əməliyyatı aparmaq hüququna tam malikdir"

"Dağlıq Qarabağda hərbi xunta rejim idarəçiliyini saxlamaqdan ötrü ciddi siyasi manevrlər edir. Bir sıra şəxslər hətta vəzifədən azad olunub, "prezidentliyə" hazırlıq üçün göndərilib". Bunu politoloq Mübariz Əhmədoğlu deyib.
"Ən təsirli addım qondarma qurum Dağlıq Qarabağın “prokuroru”, siyasi mənsubiyyətinə görə Daşnaksutyun partiyasının üzvü olan M.Moisyanın vəzifədən azad edilməsi idi. Az sonra B.Saakyanın mətbuat xidmətinin rəhbəri David Babayan "prezidentliyə" namizədliyini elan etdi. Qondarma qurum Dağlıq Qarabağın “parlamentinin spikeri” A.Qulyan da iddiaçılar sırasındadır. Bütün bunların hamısına səbəb qondarma Dağlıq Qarabağın keçmiş “müdafiə naziri” S.Babayanın "prezident seçkilərində" öz ambisiyasını ortalığa qoymasıdır. Ən realı qondarma Dağlıq Qarabağın keçmiş “baş naziri” və vaxtilə N.Paşinyanın sözü ilə “baş nazir” postundan istefa vermiş Arayik Arutyunyandır. A.Arutyunyan korrupsioner olsa da bəzi məsələlərə görə Paşinyanı qane edə bilərdi. Ən azı S.Babayanı daha asan neytrallaşdıra bilər; S.Babayanın real Rusiyapərəstliyinə qarşı Paşinyan Arayik Arutyunyanın vasitəsilə aldadıcı Rusiyapərəstlik ortalığa qoya bilər.
Son günlərdə qondarma qurumun Xarici İşlər naziri Masis Mailyanın namizədliyi ortalığa çıxdı. Paşinyanın Xankəndidəki 5 avqust mitinqində iştirak çox azsaylı nazirlərdəndir. M.Mailyanı Paşinyanın dəstəkləməsi çox realdır. Çünki M.Mailyanın heç bir sosial bazası yoxdur, yeganə gücü intellektidir. Vaxtilə "prezident seçkilərində" namizəd kimi iştirak edib və B.Saakyan tərəfdən kifayət qədər ciddi cəzalandırılıb. Reallıqla hesablaşmağa məcbur olan B.Saakyan M.Mailyanı qondarma qurum Dağlıq Qarabağın Xarici İşlər naziri təyin etdi. İndi reallıq N.Paşinyanı M.Mailyana diqqət verməyə vadar edir.
M.Mailyanın seçilməsi həm də Dağlıq Qarabağ istiqamətində Ermənistanın geosiyasi vektorunun dəyişilməsi anlamındadır. Çünki Masis Mailyanın Rusiyada heç bir siyasi ilə əlaqəsi yoxdur.
Amma Qərb ekspertləri ilə çox ciddi təması var və qondarma Dağlıq Qarabağın Xİ nazirinin müavini vəzifəsindən uzaqlaşdırıldıqdan sonra yalnız xarici qrantların hesabına yaşayışını təmin edə bilib. Masis Mailyanın "prezident" seçkilərində iştirakı Dağlıq Qarabağ ətrafındakı geosiyasi mübarizəni daha da kəskinləşdirəcəkdir.
Beləliklə Dağlıq Qarabağ istiqamətində N.Paşinyanın daban-dabana zidd siyasəti onun özü üçün daha ciddi zərbələrə çevrilə bilər".
Müstəqil jurnalist Mübariz Azərbaycanlı isə bildirib ki, artıq bir aya yaxındır ki, erməni nazirbaşı Paşinyanın Ümumerməni Oyunlarına həsr edilmiş idman tədbirinin açılışında çıxışı zamanı öz nitqində bir neçə dəfə "Artsax Ermənistandır, vəssalam!" deməsi, Azərbaycan mediasından düşmür. Hətta bəziləri bunu Ermənistanın Dağlıq Qarabağa iddiasını indiyədək erməni rəsmilərinin dilə gətirmədiyi açıqlığı ilə ortaya qoyduğunu vurğulayaraq təəccüblənirlər. Hərçənd burada təəccüblü bir şey yoxdur, çünki Paşinyandan çox-çox əvvəl - Ermənistanın keçmiş prezidenti S.Sarkisyan hələ 2015-ci ilin 26 sentyabrında qondarma "erməni soyqırımın 100 illiyinə həsr olunmuş" tədbirlərin koordinasiyası üzrə dövlət komissiyasının iclasında - "Ermənistan, mən Ermənistan deyəndə Dağlıq Qarabağı onun ayrılmaz hissəsi kimi nəzərdə tuturam - planetin ən hərbiləşmiş ərazilərindən biridir" - deyə öz mövqeyini açıq bəyan etmişdi. Yəni bu bəyanatla Serjik rəsmi olaraq Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalını etiraf etmişdi.
Bundan əlavə, Ermənistanın rəsmi şəxsləri həmişə bildiriblər və bu gün də bildirirlər ki, Dağlıq Qarabağ "regionun sakinlərinin iradəsi ilə Azərbaycandan ayrılıb və münaqişənin nizamlanması üzrə danışıqlarda müstəqil tərəf kimi çıxış etməlidir".
Bu o deməkdir ki, istər o "yan", istərsə də bu "yan" olsun fərqi yoxdur, onlar Qarabağ məsələsində həmişə yan-yanadırlar. Bu mənada təəccüblənməyə dəyməz.
Əslində təəccüb ediləsi ən böyük məsələ rəsmi Bakının Paşinyanın bəyanatını "aqressiv" adlandıraraq onun Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə "böyük zərbə" vurduğunu deməsidir. Maraqlıdır, söhbət hansı danışıqlardan gedir, bu danışıqlar indiyədək nəyi həll edə bildi ki, bundan sonra da ona "böyük zərbə" vurulmuş olsun?
Paşinyan Qarabağ məsələsində açıq şəkildə həm Azərbaycan tərəfinə, həm də bütün dünyaya bəyan edir ki, "yalnız Ermənistan və Qarabağ xalqları tərəfindən təqdir edilən danışıqların yekunları əsasında qəbul olunmuş istənilən həlli məqbul hesab edilə bilər".
Azərbaycan Xarici işlər nazirliyi isə öz bəyanatında bəlkə də mininci dəfə təkrar-təkrar - "Bütün beynəlxalq ictimaiyyət işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrimiz də daxil olmaqla Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü tanıyır. Ölkəmizin ərazi bütövlüyünə birmənalı dəstək istər, BMT TŞ-nin müvafiq qətnamələri, digər beynəlxalq təşkilatların qərar və qətnamələrində, istərsə də ikitərəfli əsasda qəbul edilmiş çoxsaylı sənədlərdə öz əksini tapıb" - deyir.
Məgər bunlar nəyisə dəyişirmi? Ermənistan adı çəkilən beynəlxalq təşkilatlara və onların verdiyi qərarlara, qəbul etdikləri qətnamələrə "vız" atırmı?
Baxın, Bakının az qala acından köpük qusan adlandırdığı ermənilər neçə vaxtdır Qarabağda sürətlə tikinti-quruculuq işləri aparır, gündə min-bir - "tanınmamış dövlətlər arasında Avropa Çempionatı", "VII Ümumerməni Oyunları", "Şərab festivalı" və bu kimi digər "oyunlar durğuzurlar". Bu gün isə, bir az da irəli gedərək Qarabağın "müstəqilliyinin" 28-ci ildönümü şərəfinə qondarma Qarabağ Respublikasına məxsus hərbi texnika və silah sərgisi keçirirlər.

Şübhəsiz ki, rəsmi Bakı özünü birdəfəlik "toplayıb" Ermənistanın bu kimi oyunbağlığına görə onun başına güclü top zərbəsi endirmək əvəzinə, yenə də ənənəvi olaraq "bu sərgi danışıqlar prosesinə böyük zərbə vuracaq" deməklə kifayətlənəcək. Yəni yenə də sülh yolundan dəm vuracaq: “ Amma dünən işğal altındakı Azərbaycan torpaqlarında "bilik günü"nü qeyd edən erməni müəllim və şagirdlər belə, hərbi formada, əllərində separatçı rejimə məxsus bayraq və avtomat silahla sanki döyüşə gedənlər kimi özlərini nümayiş etdirdilər. Ondan bir gün qabaq - 31 avqust Qubadlının işğal günü isə, Azərbaycan telekanalları yurd-yuvasından didərgin düşənlərə "Qaçaq Nəbi" filmini göstərib başlarını "tumarladığı" halda, ermənilər bu rayonunun işğal altındakı Qazyan kəndinə yeni tikilmiş məktəb binasının açılış mərasimini keçirdilər. Üstəlik, işğalçı hərbi hissənin qərargah rəisi müavini N.Saakyan istehza ilə: "Qoy bizim KİV-in vasitəsilə düşmən sabah görsün ki, biz Qubadlının "azad edilməsini" məktəb açmaqla qeyd edirik" də dedi.
Bütün bunlar azmış kimi dünən gecədən Azərbaycanın işğal altındakı Xankəndi şəhərində erməni gəncləri növbəti kütləvi yürüşə start veriblər. Separatçı-terrorçu rejimin "müstəqilliyi"nin 28-ci ildönümünə həsr edilən bu yürüşün məqsədi isə "hər iki erməni respublikasının müstəqilliyini və onların qalibiyyəti"ni dünyaya bəyan etməkdir”.
İndi baxın, özlərini "yerin yiyəsi" hesab edən, bu qədər özbaşına və arxayın davranan düşməndən sülh və ya danışıqlar yolu ilə Qarabağı azad etmək olarmı? Məgər Rusiya ötən əsrin 90-cı illərində ölkənin parçalanmaması üçün Çeçenstanda eninə-uzununa hərbi gücdən istifadə etmədimi? 11 sentyabr hadisələrindən sonra "Əl-Qaidə" təşkilatını və "Taliban" rejimini ABŞ-a hücumda təqsirləndirən rəsmi Vaşinqton, məhz BMT nizamnaməsinin 51-ci maddəsini əsas tutaraq, 2001-ci ilin 7 oktyabrında Əfqanstanda hərbi əməliyyatlara başlamadımı? Bu üzdən də Azərbaycan dövləti ərazisinin 20%-nin düşmən tapdağında olduğundan BMT nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq öz ərazisində antiterror əməliyyatı aparmaq hüququna tam malikdir".
Yeri gəlmişkən, Ermənistanın sabiq prezidenti S.Sarkisyan bu ilin 5 iyulunda Axtsk kəndinə səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həllində son proseslər barədə Ermənistan mediasına bildirmişdi ki, "Bu gün sizin verdiyiniz suallara cavab vermək günü deyil. Qoyun istilər düşsün, geniş açıqlama verəcəm".
Artıq istilər düşüb, Sarkisyan bununla nə demək istədiyini hələ açıqlamasa da, amma Azərbaycan ordusu soyumuş, hətta donmuş Qarabağ məsələsini istiləndirə bilər. Çünki bu istiyə uzun illərdir ruhu, qəlbi, əli soyumuş Azərbaycan xalqının böyük ehtiyacı var: “Əslində illərdir ki, hər bir vətənsevər azərbaycanlının könlü Qarabağdan keçir. Fərqi yoxdur bu, istər onun o dağından, istərsə də bu "dağından" olsun. Ancaq təkcə "Əzizinəm Qarabağ" deməklə iş bitmir. Özünü Qarabağa, Qarabağı isə özünə əziz hesab edənlər bilməlidir ki, könlü Qarabağ istəyənin əli gərək silahda olsun...”
Yeri gəlmişkən, Slovakiyanın Xarici işlər naziri və ATƏT-in hazırki sədri Miroslav Layçak deyib ki, mən Minsk qrupu həmsədrlərinə tam dəstək göstərirəm: “Mən Dağlıq Qarabağ münaqişəsi tərəflərinin gərginliyin azaldılması istiqamətində vicdanlı cəhdlərin davam etdirməsini görmək istərdim”.
M.Layçak qeyd edib: "ATƏT-in Minsk qrupunun işi ilə bağlı nikbinliyimi qoruyub saxlayıram, həmsədrlərin danışıqlar prosesində irəliləyiş əldə edilməsi ilə bağlı qiymətləndirmələrini öyrənmək məqsədilə onlarla daim fəal ünsiyyətdəyəm. Mən Minsk qrupu həmsədrlərinə tam dəstək göstərirəm və biz əvvəlki kimi bu prosesi, liderlərin atəşkəs rejiminin möhkəmləndirilməsinə sadiq qalmalarını, humanitar sahədə tədbirlər görülməsini pozitiv qiymətləndiririk.
Mən Dağlıq Qarabağ münaqişəsi tərəflərinin gərginliyin azaldılması, sülhə və danışıqlarda mövcud olan irəliləyişə müsbət təsir edəcək mühitin yaradılması istiqamətində vicdanlı cəhdlərinin davam etdirməsini görmək istərdim. Dialoq istənilən irəliləyiş üçün ən mühüm ön şərtdir".