İrəvan Türkmənçay müqaviləsindən sonra Layihə

İrəvan Türkmənçay müqaviləsindən sonra

2-ci yazı

Tanınmış tarixçi-alim Səməd Sərdariniyanın “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabında qeyd olunur ki, İrəvan, Aleksandropol, Naxçıvan, Hurbayəzid bölgələrinin təşkilinə dair rus imperatorunun 1849-cu il tarixli fərmanı ilə İrəvan vilayəti meydana gəldi. Bu vilayət şimaldan Tiflis, şərqdən Yelizavetpol (Gəncə) vilayəti, qərbdən Türkiyə, cənubdan İran dövləti ilə həmsərhəd idi. Bu vilayətin ərazisi 27.830 kv.km, əhalisi 829.550 nəfər idi. İrəvan vilayətinin əhalisi taxılçılıq, heyvandarlıq, ipəkqurdu yetişdirmək, tütünçülük, üzümçülüklə... məşğul idi. Vilayətdə hərbi inzibati işlər hərbi komandantlığın nəzarəti altında idi. O, hərbi məsələlərdə hərbi nazirə tabe idi. Vilayət işlərində isə Qafqaz canişininin göstərişlərini yerinə yetirirdi. 1879-cu ilin oktyabrın birində İrəvan vilayətində şəhər şuraları təsis olundu.
Qafqaz ölkələrinin o zamankı bölgüsü barədə Seyid Həsən Tağızadə yazır: "Nəhəng Rusiyanın bir əyaləti olan Qafqazın mərkəzi hökuməti Gürcüstanın paytaxtı Tiflis şəhəri idi. Çar sarayının səlahiyyətli nümayəndəsi, rusların öz sözü ilə desək, "namestnik" adlanan hakim və baş rus general-qubernatorunun qərargahı Tiflis şəhərində yerləşirdi. Gürcüstan, Bakı, İrəvan və digər bir neçə əyalət general-qubernatora tabe idi. Yuxarıda qeyd etdiyimiz əyalətlər "quberniya" adlanırdı və onların da başında "qubernator" adlanan vali dayanırdı. O, Osmanlı əyalətlərindəki vilayət valisinə bərabər idi (İrəvan əyalət qubernatoru kimi). Hər vilayət bir neçə nisbətən böyük vilayətə bölünürdü ki, rusca buna "uyezd" deyilirdi. O, Osmanlı vilayətinin bölgüsündəki "sancağ"a bənzəyirdi. Osmanlıların "mütəsərrof"una bənzəyən "uyezd" hakiminə "naçalnik" deyilirdi.
Məsələn, İrəvanın əyalət vilayətlərindən biri (uyezd) Naxçıvan idi. O, İrəvan valisinə tabe idi və mərkəzi adı çəkilən Naxçıvan şəhəri idi. Hər vilayət və yaxud "uyezd" də "uçastka" adlanan (Osmanlı dövlətindəki qəzaya bənzər) kiçik vilayətə bölünürdü və onun da başında "pristav" dayanırdı (osmanlıların qaim-məqamı kimi). Naxçıvan böyük vilayətinə tabe olan kiçik vilayətlərdən biri Araz çayının yaxınlığında, Ələmdar və Gər-Gər nahiyəsi ilə üzbəüzdə yerləşən Ordubad qəsəbəsi idi ki, təxminən Mərənd və yaxud Şəbüstər boyda olardı.
Kiçik vilayətlər və yaxud "uçastka"lar da bölüklərə bölünürdü ki, hər bölüyə və ya mahala da "çast" deyirdilər. Kəndlərin bir hissəsini əhatə edən bölük bütövlükdə "uçastka"ya tabe idi. "Çast" Osmanlı vilayətinin bölgüsündəki nahiyəyə oxşayırdı və hər "çast"ın rəhbərliyində "qlavar" dayanırdı ki, bu da Osmanlıdakı müdirə bərabər idi. Məsələn, erməni olan İklis (Əkvalis) bölüyündə yüksək və aşağı təbəqə var idi və hər biri "qlavar" adlı hakimə malik olan "dəstə"nin bölüyü Ordubada tabe idi. Hər nahiyə də kəndləri əhatə edirdi. Məsələn, ondan iyirmiyə qədər kəndin kəndxudasına "katta" deyirdilər və Dəstə nahiyəsinin kəndlərindən biri olan Vənənd kəndi atamın doğulduğu yer idi".

***

Hicri-qəməri tarixi ilə 1265-ci ildə, Nəsrəddin şahın hakimiyyətinin ikinci ilində II Aleksandr Qafqazdakı işləri qaydaya salmaq üçün İrəvana gəlir. Mirzə Tağıxanın məsləhəti ilə şah baş adyutant Əziz xana tapşırıq verir ki, İrəvana gedib Qacarlar dövlətinin hədiyyələrini II Aleksandra çatdırsınlar. Etimadüs-səltənət Məhəmməd Həsən xan bu nunla bağlı yazır: "...İlin əsas hadisəsindən biri də rus dövlətinin həzrət vəliəhdinin qarşılanması üçün baş adyutant Əziz xanın İrəvana getməsidir. O günlərdə rus dövlətinin vəliəhdi, mərhum Nikolayın oğlu və hal-hazırda imperator olan əlahəzrət II Aleksandr Qafqazda və Gürcüstanda qayda-qanun yaratmaq üçün İrəvana gəlmişdi. Məlum olduğu kimi, bu iki dövlət arasında bir zaman müharibələr getmişdi. Ordu əmiri Səvabdid Mirzə Tağı xan sonralar ordunun baş komandanı vəzifəsinə təyin edilmişdi. Baş adyutant Əziz xana şah sarayından göstəriş gəldi ki, əbədi dostluq nümunəsi olaraq qiymətli daş-qaşlarla və almaslarla bəzədilmiş bir portret və asiman rəngli həmayil həzrət vəliəhdə hədiyyə aparılsın. Dövlət səfirinin birinci müavini, ordu xəzinədarı İsmayıl xan ordu əmirinin Gürcüstan general-qubernatoru üçün nəzərdə tutduğu hədiyyələri dəvələrə yüklədi. Əziz xan şah sarayından Zəncana gəldi, bir neçə gün orada molla Məhəmməd Əlinin dəstəsi ilə mübarizə apardı. Sonra Araz çayının sahilinə endi və rus sərhədçiləri tərəfindən ona yüksək qonaqpərvərlik göstərildi, onu qəbul etmək üçün hər cür şərait yaradıldı. Oradan isə vəliəhdin gəlməsinə səkkiz gün qalmış İrəvana yola düşdü və gəlib həmin vilayətə çatdı. Sabahısı gün səfirliyin birinci müavini İsmayıl xan Tiflisə yollandı. O, ordu əmirinin hədiyyələrini Gürcüstan general-qubernatoruna çatdırıb, altı gündən sonra geri qayıtdı. Səkkizinci gün Əziz xan vəliəhdlə görüşdü. O, İrəvana gəlib çatandan iki saat sonra eşik ağasını və xüsusi adyutantını faytonla Əziz xanın yanına göndərdi. Əziz xan səfirliyin əməkdaşları ilə birgə çarın hüzuruna gəlib, həmayili və Humayunun portretini ona təhvil verdi. Əlahəzrət şahənşahın səmimi dostluq, ittifaq tərəfdarı olduğunu bildirdi. Vəliəhd hədiyyələri qəbul edib, əvəzində Əziz xana və səfirliyin hər bir əməkdaşına xüsusi iltifat göstərərək, onlara qiymətli hədiyyələr verdi. Vəliəhd cavabında onun da böyük məhəbbət və minnətdarlığının şahənşaha çatdırılmasını istədi.

***
Hicri-qəməri tarixi ilə 1291-ci ildə (miladi tarixi ilə 1875-ci ildə) vəliəhd Müzəfərəddin Mirzə də Xudafərində İrəvan hakimi ilə görüşdü. Təbrizdən göndərilmiş aşağıdakı teleqraf xəbərində də İrəvan hakiminin öz heyəti ilə birgə Xudafərində vəliəhdlə (Müzəffərəddin Mirzə) görüşündən danışılır: "Təbriz... Ordu qəzetində cənab sahibdivanın yazdığına görə, ayın 17-də (zilqəddə) Xudafərin körpüsündə İrəvan hakimi Rusiyanın 8 nəfər hörmətli mənsəb sahibi ilə birgə İranın ali dövlət nümayəndəsi - zamanın vəliəhdi ilə görüşmüşdür... Onlar üç gün həmin yerdə qalaraq, əlahəzrətin qonağı olublar".
Bu illərin diqqətçəkən hadisələrindən biri də Nəsrəddin şahın Avropa səfəri zamanı (hicri-qəməri 1306-cı ilin şaban ayının 12-dən 1307-ci ilin səfər ayının 24-nə qədər) İrəvandan keçməsidir. Şah öz “Səfərnamə”sində bu vilayəti görməsini belə təsvir edir: "Culfada aşağıdakı şəxslər şahla görüşə gəlmişdi: İrəvan hakimi general Litvinan Şalikov, İrəvan jandarmeriyası Burşakov, polkovnik Fon Derton və İrəvan əyalətinin mühəndisbaşısı, digər çoxlu sayda böyük sahibmənsəblər... Bundan əlavə, Ordubad üləmaları da şahın hüzuruna gəlmişdilər: Vaiz Hacı Mirmufid, tayfa başçısı Hacı Mirhaşım, müdərris Ağa Mir Yəhya, Ağa Mir Yusif, nəccar Ağa Mirsadıq və digər rəhbər şəxslər...
Ramazan ayının 12-si, bazar ertəsi günü. Bu gün gərək İrəvana gedim, səhər yuxudan qalxıb geyinməliyəm. Bir saat yarım keçəndən sonra atlara minmək üçün bayıra çıxdıq...
Burada müsəlmanların vəziyyəti barədə qısaca danışmaq lazım gəlir. Təəssübkeş və həyəcanlı üləmalar təsəvvürəgəlməz dərəcədə İrana, şaha və İran həyatına meyilli idilər. Bütün bunlar son dərəcə təəccüblü görünürdü. Onlar ruslara o qədər nifrət edirdilər ki, əgər deyilsəydi ki, bu kənddəki bütün rusları qırın, dərhal qırardılar. Heç kəsdən qorxuları yox idi. Kazaklar onları döyürdü, qarşısını aldıq. Onlar kötək yesələr də, başları partlasa da, torpaq yesələr də, heç nə veclərinə deyildi. Camaat aşurə günündəki kimi heç nəyə məhəl qoymur, heç bir yaranın qeydinə qalmırdı. Xülasə, vəziyyətləri o qədər əcaib idi ki, yazmaq mümkün deyil.
Nəhayət, atı sürdük, üç fərsəng gedib, Sədərək çaparxanasına çatdıq. Burada atları əvəz edərək təzədən yola düşdük. Dəvəliyə çatıb, orada nahar elədik. Dəvəli müsəlmanları da başqalarının gördükləri işləri görürdü. Bundan əlavə, Dəvəli Ağrı dağla üzbəüzdə yerləşir. Ağrı dağın qəribə əzəməti var. Uzaqdan onun ətrafına qədər düzənlikdir. Bu düzənliyin ortasında xudavəndi-aləm başı asimana çatan iki dağ xəlq edib. Onlardan biri hündür, digəri kiçikdir. Birinin adı böyük Ağrı dağ, o birisininki kiçik Ağrı dağdır. Bu dağların hər ikisi Arazın o biri tayındadır. Böyük Ağrı dağ çox uca və yüksəkdir, kiçik Ağrı dağ isə bir o qədər də hündür deyil, amma çox xoşagələn və konusvari görkəmi var. Başdan-ayağa qara bürünüb. Bu iki dağın arasında boyundakı xala bənzəyən bir dərə var. Bu tərəfdən və o biri tərəfdən yüksələn, qara bürünmüş bu iki dağ ana və övlada bənzəyir. Böyük dağ ana, kiçik dağ övladdır. Böyük və kiçik Ağrı dağ üç dövlətin - Rusiya, İran, Osmanlının sərhədində yerləşir və hər üç dövlətin səlahiyyətindədir. Hər üç dövlətin təbəələrinin mal-qarası və özləri bu yerlədə gəzib-dolaşır. Kiçik Ağrının xeyli hissəsi İrana məxsusdur. Tehranın 10 fərsəngliyində yerləşən məşhur Dəmavənd dağı böyük Ağrıya oxşayır və biri Tehranda, biri isə burada olmaqla onlar iki qardaş təəssüratı yaradırlar. Çox qəribədir ki, bu böyüklükdə iki dağın ətəyində su və çeşmə çox azdır. Ətrafı çox qurudur, böyük Ağrının ətəyində, qarların altında Ağa Xork adlı ruslara məxsus bir kənd var. Ora Hacı İbrahim Xəlilin oğlu Yusifin mülküdür. 25-dən artıq evi olmaz və cəmi bir çeşməsi var. Kiçik Ağrı dağının ətəyində məşhur Sərdar bulağı var.
Nahar yeyib Dəvəlini keçdikdən sonra böyük və gilli bir çay qarşımıza çıxdı. Onun adı Vedi çayıdır. Vedi çayı Vedibasar adlı böyük bir mahalı su ilə təmin edir. Vedibasar sözü də elə bu çayın adından götürülüb. Vedi çayı sağ tərəfdə Arıca adlanan dağlardan axıb gəlir... Bu dağlarda bol qar olur. İndi aprel ayı olmasına baxmayaraq, qar hələ əriməyib, elə bil təzəcə yağıb. On yuva gedəndən sonra bir kəndi keçib Qəmərli bölüyünə çatdıq. Bu bölüklərin suyu Ağrı dağdan gəlir. Burada Məhəmmədqulu xanın (onun babası Ağa Məhəmməd xan dövründə hakim və tanınmış şəxs olmuş Mirməhəmməd xan Ziyadlı Qacar, atası Hüseynqulu xan Sərdar idi) nəvəsi Məhcəli xanın oğlu, Qəmərlidə də böyük mülk sahibi olan Abbasqulu xan İrəvani görüşə gəlmiş adamlar arasında idi. Bu kəndlərin əksəriyyətində erməni və müsəlmanlar çoxluq təşkil edirdi. Karnibasardan keçdik. Orada Karnibasar adlı bir çay axır və bu mahalı su ilə təchiz edir. Karnibasardan keçib, Ağhəmzəliyə gəlib çıxdıq. Burada atları dəyişməli idik, amma dəyişə bilmədik.
İrəvana doğru sürdük…”

Elçin Qaliboğlu