Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri... Layihə

Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri...

Başlıca məqsəd yeni yaranmış cümhuriyyətin adının Azərbaycan və rus dillərində çıxan "Azərbaycan" qəzetinin adı ilə dünyaya yaymaq idi

Azərbaycan milli mətbuat tarixində əhəmiyyətli məqamlardan biri də 1918-20-ci illərdə rəsmi "Azərbaycan" qəzetinin işıq üzü görməsidir. Tanınmış tədqiqatçı, Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev bildirir ki, Azərbaycan Demokratik Respublikası hökumətinin rəsmi dövlət mətbuat orqanının yaranması müstəqil dövlətin əsas atributlarından biri idi. 1918-ci il iyulun 3-də hökumət "Azərbaycan Cümhuriyyəti hökuməti xəbərləri"nin nəşrinə başlamaq haqqında qərar qəbul etdi. Həftədə iki dəfə buraxılması nəzərdə tutulan "Hökumət xəbərləri"ndə əsasən milli hökumətin, ayrı-ayrı nazirliklərin qəbul etdiyi qərarlar, təlimatlar, hökumət xəbərləri, elanlar və s. dərc edilirdi: "Amma hökumətin siyasi kursunun xalqa izah edilməsinə imkan verən mətbuat orqanının yaradılması zəruri idi. Bütün çətinliklərə baxmayaraq belə bir mətbu orqanının yaradılması üçün hökumət ciddi səylər edirdi. 1918-ci il sentyabrın əvvəllərində Gəncədə "Azərbaycan" adlı hökumət qəzetinin nəşri haqqında qərar qəbul edildi. Başlıca məqsəd yeni yaranmış cümhuriyyətin adının Azərbaycan və rus dillərində çıxan "Azərbaycan" qəzetinin adı ilə dünyaya yaymaq idi".
Qəzetin ilk sayı 1918-ci il sentyabrın 15-də Gəncədə Yelizavetpol qubernatorunun mətbəəsində çap edilib. 4 səhifəlik ilk sayın iki səhifəsi Azərbaycan, iki sayı isə rusca buraxılmışdı: "Qəzetin Gəncədə cəmi dörd sayı işıq üzü görmüşdü. Görünür, ya mətbəə işçiləri, ya da şrift çatışmazlığı səbəbindən, yaxud da redaksiya işçilərinin olamamasına görə Gəncədə nəşr edilən "Azərbaycan" qəzeti əsasən rusca buraxılmışdı".
Qəzetin ilk sayı Bakının azad olunduğu möhtəşəm günə təsadüf edirdi: "Bu sayda verilən xəbərdə deyilirdi ki, Bakı Qafqaz İslam Ordusu tərəfindən azad edilərkən 30 minə yaxın silahlı düşmən əsir alınıb, çoxlu qənimət ələ keçirilib. Hazırda şəhərdə sakitlik hökm sürür. Qəzetin bu sayında Məhəmməd Hadinin türk əsgərinin qəhrəmanlığını vəsf edən "Türk nəğməsi" şeiri də dərc olunmuşdu".
Artıq 4-cü sayda qəzetdə elan verilir ki, qəzet Bakıya köçür. Bakıda "Azərbaycan" qəzetinin ana dilimizdə ilk 5-ci sayı 1918-ci il oktyabrın 3-də, rusca isə 7-də çap edilir. Bu saydan başlayaraq qəzetin adının altında "Gündəlik siyasi-ictimai, ədəbi, iqtisadi türk qəzetəsidir" sözləri yazılır: "Hoyabrın 28-dən Azərbaycan dilində olan qəzet Ceyhun Hacıbəylinin, rusca olan qəzet isə Şəfi bəy Rüstəmbəylini redaktoruluğu ilə nəşr edilir. Bu qəzetlər tərcümə, bir-birinin təkrarı olmayan tam müxtəlif mövzularda məqalə və materiallar verirdilər".
1918-ci il dekabrın 31-ə qədər "Azərbaycan" qəzetinin ana dilmizdə 75, rusca isə 70-ci sayı işıq üzü görür: "1919-cu il dekabrın 28-də Azərbaycan hökuməti parlamentin ağsaqqalar şurası üzvlərini iştirakı ilə Paris sülh Konfransında iştirak etmək üçün Ə.Topçubaşovun sədrliyi ilə gedəcək hökumətin nümayəndə heyətinin tərkibini müəyyən edir. Hümayəndə heyətinə müşavir sifətilə "Azərbaycan" qəzetinin redaktoru Ceyhun Hacıbəyli də daxil edilir. 89-cu saydan başlayaraq qəzeti Üzeyir Hacıbəyli imzalayır. Bu, 1919-cu il 30 iyun tarixli 215-ci saya qədər davam edir. 216-cı sayda qəzet Xəlil İbrahimin redaktorluğu ilə nəşr olunmağa başlayır. Səbəb Üzeyir bəyin istirahətə getməsi idi. 1919-cu il sentyabrın 3-də Üzeyir bəy istirahətdən qayıdır və 1920-ci il aprelin 28-nə - Cümhuriyytin süqutuna qədər qəzetə redaktorluq edir".
Bu yerdə Üzeyir Hacıbəylinin 1918-1920-ci illərdə yazdığı felyetonlarının, ümumən publisistik əsərlərinin adlarını təqdim edirik. Məqalələrin müxtəlif imzalarla dərc olunması ayrıca araşdırma mövzusudur və ciddi maraq doğurur.

1918-ci il:

Filankəs. Ordan-burdan. - "Azərbaycan", 29 oktyabr;
U.Q. Pisma ob İrane.- "Azerbaydjan", 4;
Filankəs. Ordan-burdan. Milli parlaman.- "Azərbaycan", 16 noyabr.
Filankəs. Ordan-burdan. İstiqlaliyyət.- "Azərbaycan", 18 noyabr,- H 43.
Hacıbəyli Üzeyir. Mühüm məsələlər.- "Azərbaycan", 1 dekabr.
Hacıbəyli Üzeyir. Partiyalarımıza.- "Azərbaycan", 3 dekabr.
Hacıbəyli Üzeyir. Azərbaycan parlamanı.- "Azərbaycan", 5 dekabr.
Hacıbəyli Üzeyir. Tarixi günümüz.-"Azərbaycan", 7 dekabr.
Üzeyir. Təəssürat.- "Azərbaycan", 9, 13 dekabr.
Hacıbəyli Üzeyir. Andranik məsələsi. - "Azərbaycan", 15 dekabr.
Hacıbəyli Üzeyir. Təəssürat.-"Azərbaycan", 16 dekabr.
Hacıbəyli Üzeyir. Vəzifəmiz nədir?- "Azərbaycan", 24 dekabr.
Hacıbəyli Üzeyir. Keçən zabastovka haqqında.- "Azərbaycan", 29 dekabr.
Üzeyir Hacıbəyli. İstiqlal və istiqbal ümidi.- "Azərbaycan", 30 dekabr.

1919-cu il:

Hacıbəyli Üzeyir. Lənkəran faciəsi.- "Azərbaycan", 1 yanvar.
Hacıbəyli Üzeyir. Kim nəyin fikrində imiş? - "Azərbaycan", 4 yanvar.
Filankəs. Ordan-burdan. Sülh konfransında. - "Azərbaycan", 7 yanvar.
Hacıbəyli Üzeyir. Düşmənlərimizin fəaliyyəti - "Azərbaycan", 7 yanvar.
Hacıbəyli Üzeyir. Camaat köməkliyi.-"Azərbaycan", 8 yanvar.
Filankəs. Ordan-burdan. Muğanda.- "Azərbaycan", 9 yanvar.
Üzeyir. Təəssürat.- "Azərbaycan", 10 yanvar.
Hacıbəyli Üzeyir. Ehtiyat lazımdır.-"Azərbaycan", 15 yanvar.
Filankəs. Ordan-burdan.- "Azərbaycan", 15 yanvar.
Filankəs. Ordan-burdan.- "Azərbaycan", 20 yanvar.
Üzeyir. Təəssürat. - "Azərbaycan", 21 yanvar.
Hacıbəyli Üzeyir. Fitnələr qarşısında. - "Azərbaycan", 23 yanvar.
Hacıbəyli Üzeyir. Qarabağ haqqında.-"Azərbaycan", 30 yanvar.
Üzeyir. Təəssürat.- "Azərbaycan", 10 fevral.
Hacıbəyli Üzeyir. Üzərimizdəki qara buludlar.-"Azərbaycan", 12 fevral.
Ü.Hacıbəyli. Başlanır.-"Azərbaycan", 13 fevral.
Hacıbəyli Üzeyir. Nə ilə sakit ola bilərik? - "Azərbaycan", 20 fevral.
Hacıbəyli Üzeyir. Yeni böhran.- "Azərbaycan", 23 fevral.
Hacıbəyli Üzeyir. Dağıstana kömək.- "Azərbaycan", 9 mart.
Hacıbəyli Üzeyir. Düz yol.- "Azərbaycan", 10 mart.
Hacıbəyli Üzeyir. Rus inqilabi-kəbiri.-"Azərbaycan", 12 mart.
Hürriyyət gününün göstərişi.- "Azərbaycan", 14 mart.
Hacıbəyli Üzeyir. Müamiləmizə dair.-"Azərbaycan", 16 mart.
Hacıbəyli Üzeyir. Yaraşmayan hərəkətlər.-"Azərbaycan", 18 mart.
Hacıbəyli Üzeyir. Yeni kabinə təşkilinə dair.- "Azərbaycan", 19 mart.
Hacıbəyli Üzeyir. Cidalar görünür.-"Azərbaycan", 26 mart.
Hacıbəyli Üzeyir. Ordumuz.-"Azərbaycan", 28 mart.
Hacıbəyli Üzeyir. 31 mart.-"Azərbaycan", 31 mart.
Hacıbəyli Üzeyir. Zaqatala məsələsi.-"Azərbaycan", 3 aprel.
Hacıbəyli Üzeyir. Ciddi hərəkət lazımdır.-"Azərbaycan", 4 aprel.
Hacıbəyli Üzeyir. Əyri yol.-"Azərbaycan", 10 aprel, H 154.
Hacıbəyli Üzeyir. Dağıstana imdad.- "Azərbaycan", 23 aprel.
Hacıbəyli Üzeyir. Zaqafqaziya konfransına dair.-"Azərbaycan", 24 aprel.
Hacıbəyli Üzeyir. Dördgöz olmalıyıq.- "Azərbaycan", 25 aprel.
Hacıbəyli Üzeyir. Dağıstan və biz.- "Azərbaycan", 4 may.
Üzeyir Hacıbəyli. Eyni müalicə gözləyirik.-"Azərbaycan", 5 may.
Ü.Hacıbəyli. Nə istəyirlər?- "Azərbaycan", 7 may.
Ü. Bayrağımız saralmaz. - "Azərbaycan", 8 may.
Ü.Hacıbəyli. Siyasi imtahan.-"Azərbaycan", 11 may.
Ü.Hacıbəyli. Xatirə.- "Azərbaycan", 15 may.
Hacıbəyli Üzeyir. Siyasət.- "Azərbaycan", 18 may.
Hacıbəyli Üzeyir. İndi başa düşərlər.- "Azərbaycan", 19 may.
Hacıbəyli Üzeyir. Naxçıvan və Qarabağ.- "Azərbaycan", 25 may.
Ü.H. Dərbənd əhvalatı. "Azərbaycan", 26 may.
Hacıbəyli Üzeyir. Bir yaş, "Azərbaycan", 28 may.
Hacıbəyli Üzeyir. Şimalımızın halı. "Azərbaycan", 2 iyun.
Hacıbəyli Üzeyir. Qara təhlükə. "Azərbaycan", 8 iyun.
Hacıbəyli Üzeyir. İçimizdəki denikinlər.- "Azərbaycan", 10 iyun.

A.Paşayev daha sonra bildirir ki, 1918-ci il sentyabrın 15-dən 1919-cu il dekabrın 31-ə kimi qəzetin 358 sayı, 1920-ci il yanvarın 1-dən aprelin 28-ə qədər isə 85 sayı çap olunub. Ümumilikdə isə 2 il ərzində qəzetin 443 sayı işıq üzü görüb. "Azərbaycan" qəzetinin səhifələrində fəaliyyətini 1918-ci il noyabrın 16-da yenidən bərpa edən Azərbaycan Milli Şurasının, onun Azərbaycan Parlamentinin çağırılması sahəsindəki fəaliyyəti geniş işıqlandırılıb. Qəzetin səhifələrində Milli Şuranın sədri M.Ə.Rəsulzadənin parlamentin çağırılması ilə əlaqədar noyabrın 19-də "Bütün Azərbaycan əhalisinə müraciət"i, parlamentin təsisi haqqında şurada gedən müzakirələrin materialları, şuranın bu haqda qəbul etdiyi qanun da dərc olunub.
1918-ci il dekabrın 7-də fəaliyyətə başlayan parlamentin işi qəzetda geniş işıqlandırılıb. Qəzetdə "Hökumət qərarları", "Rəsmi xəbərlər", "Teleqraf xəbərləri", "Xarici xəbərlər", "Azərbaycanda", "Bakı xəbərləri", "Rusiyada", "Ermənistanda", "Gürcüstanda", "Türkiyədə", "Türkiyə mətbuatı", "Qəzetlərdən", "Sülh ətrafında", "İrəvan müsəlmanlarının halı", "Teatr və musiqi" və başqa daimi rubriklaar var idi. Qəzetin səhifələrində Məmməd Əmin Rəsulzadənin, Üzeyir Hacıbəylinin, Xəlil İbarhimin, Fərhad Ağazadənin, Əliabbas Müznibin və başqalarının tariximizə, ədəbiyyata, iqtisadiyyata, sənayeyə, siyasi vəziyyətə və s. aid məqalələrin çap olunurdu: "Həmçinin qəzetdə erməni daşnaklarının Azərbaycanın Zəngəzur, Haxçıvan, Qarabağ bölgələrində soydaşlarımıza qarşı törətdiyi vəhşiliklər, Ermənistanda yaşayan soydaşlarımızın acı taleyi, soyqırımı, doğma yurdlarından qovulması ilə bağlı məqalələr dərc edilirdi. Həmçinin qəzetdə soydaşlarımıza qarşı yeridilən vəhşi siyasətlə əlaqədar Milli Hökumətin Ermənistan hökumətinə notaları, məktubları və başqa rəsmi sənədlər qəzetin müxtəlif saylarında özünə yer alıb".
A.Paşayev hesab edir ki, "Azərbaycan" qəzetinin 1918-20-ci illərdəki nəşri zamanı Azərbaycanın dövlət, ictimai-siyasi, iqtisadi və mənədi həyatı onun səhifələrində geniş surətdə ifadəsini tapıb. Bu gün bu qəzetin sayları Cümhuriyyət dövrü tariximizi öyrənmək baxımından bizim üçün əvəzsiz tarixi mənbələrdən biridir.

Uğur