Qafqazın terror dövləti - Dünyada 150 terror aktı törədib Layihə

Qafqazın terror dövləti - Dünyada 150 terror aktı törədib

Elmi araşdırmalar beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğunu göstərir.

Dünyanın müxtəlif məntəqələrində qanlı aksiyalar törətmiş erməni terror təşkilatları - "Armenakan" partiyası: 1885-ci ildə yaradılıb, "Hnçak" partiyası: 1887-ci ildə Cenevrədə yaradılıb, "Daşnaksütyun"-erməni federativ inqilab partiyası: 1890-cı ildə Tiflisdə yaradılıb, "Erməni gizli azadlıq ordusu" (ASOA): 1975-ci ildə Beyrutda yaradılıb, "Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu" (ASALA): 1975-ci ildə yaradılan təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir, "Geqaron": 2001-ci ilin fevralında ASALA tərəfindən yaradılıb, "Erməni azadlıq cəbhəsi": 1979-cu ildə yaradılan bu terrror təşkilatı ASALA-nın tərkib hissəsi sayılır, "Orli qrupu": 1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılıb, "Erməni soyqırım ədalət komandosları": 1972-ci ildə Vyanada "Daşnaksütyun" partiyasının qurultayı zamanı yaradılıb, "Erməni birliyi": 1988-ci ildə Moskvada yaradılıb, "Demokratik cəbhə": ABŞ, Kanada və Qərbi Avropada fəaliyyət göstərir, "Apostol": 2001-ci il aprel ayının 29-da əsasən Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılıb.
Yaradılan erməni terror təşkilatlarının əsas məqsədi Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında "Böyük Ermənistan" dövləti qurmaqdır. Erməni terror təşkilatları əsas məqsədlərinə çatmaqdan ötrrü dünyanın müxtəlif ölkələrində yüzlərlə terror hadisələri törədiblər.
Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin həmtəsisçisi Emin Əliyevin “Xalq Cəbhəsi”nə verdiyi açıqlamasında bildirib ki, araşdırmasına görə, "Erməni terrorizmi" termini ABŞ Dövlət Departamentinin 1982-ci il avqust ayında nəşr olunan aylıq bülletenində ilk dəfə rəsmən istifadə edilib. Bu dövrədək erməni terror təşkilatları dünyanın müxtəlif şəhərlərində 150-yə qədər terror aktları həyata keçirmişdilər. 1985-ci ildən isə Türkiyədə arxivlər açılaraq ermənilərin törətdikləri cinayətlər, terror aktları barədə tarixi sənədlər araşdırmaçıların istifadəsinə verildi. Keçən əsrin 80-ci illərinin sonlarında isə erməni terrorçuluğu dövlət terrorizmi siyasətinə transformasiya edilərək xüsusilə Azərbaycan ərazisində minlərlə günahsız insanın qətlə yetirilməsi ilə müşayiət olundu. SSRİ dağıldıqdan sonra Ermənistanın Azərbaycana təcavüzü yeni forma aldı. Bu beynəlxalq hüquq normalarının hamısını pozmaqla Ermənistanın terroru dövlət səviyyəsinə yüksəltməsi idi. Ancaq təəssüflər olsun ki, informasiya siyasətinin düzgün qurulmaması nəticəsində Azərbaycanın məruz qaldığı təcavüzü beynəlxalq ictimaiyyətə çatdırmaq olmurdu. Halbuki, ermənilər öz növbəsində bütün diaspora imkanlarını səfərbər edərək Azərbaycanı az qala zorakı bir dövlət kimi təqdim etməyə nail olmuşdu. Hətta Qərbdə də belə bir fikir formalaşmaqda idi ki, Azərbaycan Ermənistanı blokada vəziyyətində saxlamaqdadır. Ermənistan Azərbaycana qarşı eyni zamanda informasiya terrorizmi siyasəti də yeridirdi. Ermənistan terrorunun və dövlət təcavüzkarlıq siyasətinin beynəlxalq aləmə tam dolğunluğu ilə çatmamasının əsas səbəblərindən biri də o idi ki, Rusiyanın və dünyanın aparıcı KİV-də rəhbər vəzifələrdə kifayət qədər erməni çalışırdı. Onlar bu qurumların informasiya siyasətinə istədikləri şəkildə təsir edirdilər. Digər tərəfdən bəlkə də çoxlarının qəbul etmək istəmədiyi xristian təəssübkeşliyi və fanatizmi də özünü göstərirdi. Müasir Ermənistan dövlətinin terror siyasətinin açıqlanmasına keçməzdən əvvəl qeyd edək ki, 1988-1991-ci illər arasında Qarabağ və onun ətrafındakı rayonların azərbaycanlılar yaşayan məskənləri 1650 dəfə ermənilər tərəfindən silahlı hücumlara məruz qalmışdır. Nəticədə 383 nəfər həlak olmuş, 1028 nəfər yaralanmış, 1280 ev və digər tikili yandırılmış, dağıdılmışdır. Ermənistan müstəqillik qazandıqdan sonra həyata keçirdiyi cinayətlər yuxarıda sadalanan zorakılıq və təcavüz aktlarını kölgədə qoydu. Əgər əvvəl SSRİ rəhbərliyinin gözü qarşısında təcavüzkar qrup və diversiya dəstələri halında cinayətlər edilirdisə, artıq Ermənistan öz təcavüzkarlıq və terror siyasəti ilə beynəlxalq hüququn bütün prinsiplərinə nizami ordu və milli təhlükəsizlik qurumlarında hazırlanmış peşəkar, beynəlxalq təcrübəyə malik qruplarla meydan oxuyurdu. 1992-ci ilin iki ayı ərzində ermənilər tərəfindən Qarabağ və onun ətraf rayonlarında 230 hücum həyata keçirilmişdi. Nəticədə 117 nəfər həlak olmuş, 155 nəfər yaralanmış, 190 ev və tikili dağıdılmış, partladılmış və yandırılmışdı. Dağlıq Qarabağ ərazisində həyata keçirilən etnik təmizləmədən sonra «mədəni-tarixi» terrorizmə başlandı, tarixi abidələr məhv edildi, Azərbaycan adları dəyişdirildi. Ermənilər Azərbaycan torpaqlarının işğalı zamanı öz fəaliyyətlərini beynəlxalq terrorun digər nümayəndələri ilə də əlaqələndirirdilər. Onlar Kəlbəcər, Zəngilan, Qubadlı, Laçının tutulmasında PKK-nın xidmətlərindən də az istifadə etməmişdilər. Təsadüfü deyil ki, 1995-ci ilin yazında Moskvada məskunlaşmış PKK liderlərindən biri öz müsahibəsində PKK-ya yardım etmiş ermənilərə minnətdarlığını ifadə etmişdi. Ermənilərlə PKK-nın əlaqəsi hələ keçən əsrin son rübündən məlum idi. Hətta erməni terror təşkilatları ilə PKK əməkdaşlıq və birgə fəaliyyət haqqında müqavilələr imzalayaraq türk dünyasına meydan oxumuşdular. Eyni zamanda onu da qeyd edək ki, Ermənistana xaricdə formalaşdırılan yaraqlı dəstələrin və muzdluların da xidmətləri kifayət qədər çox olmuşdu. Muzdluların bütün xərcləri isə erməni diasporu tərəfindən qarşılanırdı. Azərbaycana qarşı döyüşlərdə təcrübələrini artıran bu muzdlular daha sonra dünyanın bir çox yerlərində terrorrçu qrupların tərkibində fəaliyyətini davam etdirirdilər. Xaricdə formalaşdırılan yaraqlı dəstələrinin Dağlıq Qarabağ və Azərbaycanın digər bölgələrində döyüş əməliyyatlarında iştirakı 1991-ci ildən daha da intensivləşir. Rus muzdlusu Yuriy Yemelyanovun sözlərinə görə elə onun xidmət etdiyi batalyonda (1992-ci il) 4 ABŞ vətəndaşı erməni, 6 Livan vətəndaşı erməni vardı. Fransa vətəndaşı Alaverdi Sumbatyan xüsusi təyinatlı «Astvasasin» («Tanrının yardımı ilə») dəstəsini formalaşdırmış, Kəlbəcər, Laçın, Ağdam istiqamətində fəaliyyət göstərmişdi. 1992-ci ildə Sumbatyanın ölümündən sonra dəstənin adı «Ağ səlibçilər»ə dəyişdirilmiş, daha sonra isə onun əsasında «Tiqran Mets» («Böyük Tiqran») motoatıcı taboru formalaşdırılmışdı. ABŞ vətəndaşı Monde Melkonyan (Veseliya şəhəri, Koliforniya ştatı) ASALA rəhbərliyinin üzvü, 1990-cı ildən Şuşanın alınması uğrunda əməliyyatlarda iştirak etmişdir. 1992-ci ildən Martuni rayonuna komandanlıq etmişdir. 12 iyun 1993-cü ildə ermənilərin Ağdama həmləsinin birinci günü azərbaycanlı döyüşçülər tərəfindən məhv edilmişdir.
Ölümündən sonra ən yüksək şəkildə təltif edilmiş. Ermənistanın eks-prezidenti Ter-Petrosyanın iştirakı ilə Yerevanda fəxri xiyabanda dəfn edilmişdir. Bu məqamda erməni terrorçuları tərəfindən qətlə yetirilmiş Viktor Polyaniçko terror barədə danışmaq istədik. Ermənilər onu 9 may 1991-ci ildə Xankəndində öldürməyə cəhd etmişdilər. Ancaq onların bu cəhdi uğursuzluqla nəticələnmişdi. Bundan sonra ermənilər yenə Polyaniçkonun Dağlıq Qarabağda öldürülməsi istiqamətində beş dəfə cəhd göstərdilər. Lakin Polyaniçkonu Dağlıq Qarabağda öldürmək mümkün olmadı. Nəhayət, Azərbaycandan gedəndən sonra 1 avqust 1993-cü ildə Vladikavkazdan 8 km aralıda Tarsk dərəsində o, bir neçə nəfərlə birlikdə qətlə yetirildi. Əməliyyat məlumatına görə Polyaniçkoya qarşı terror aktına Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbər vəzifəli şəxsi, podpolkovnik Can Ohanesyan rəhbərlik etmişdir. Təcrübəli diversant, podpolkovnik Ohanesyan SSRİ DTK-nın Dzerjinski adına Ali Məktəbini bitirmişdi. Ohanesyan 1993-cü ildə Rusiya xüsusi xidmətləri tərəfindən Dağıstan və Azərbaycanda partlayışlar törətmək ittihamı ilə həbs edilmişdi. Ermənilərin terror fəaliyyətinin prioritetlərindən biri də Azərbaycanın inkişafına müsbət təsir edə biləcək, onu erməni zülmünə qarşı səfərbər edə biləcək şəxslərin məhv edilməsi idi. Azərbaycan yenicə müstəqillik qazanmışdı ki, erməni terrorçularının fəaliyyəti nəticəsində böyük bir qrup peşəkar dövlət xadimindən məhrum oldu. 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən Azərbaycana məxsus «Mİ-8» vertolyotu vuruldu. Vertolyotun bütün heyəti və sərnişinləri həlak oldular. Sərnişinlər yüksək vəzifəli respublika məmurları və ziyalılar idi. Qarakənd simasında erməni terrorizminin qurbanı yalnız azərbaycanlı rəsmilər olmamışdı. Çox təəssüf ki, Rusiya Federasiyası bu terrorun Ermənistandan qaynaqlandığını etiraf etmədi və öz vətəndaşları olan yüksək rütbəli hərbçilərin qatillərin cəzalandırılması istiqamətində heç bir iş görmədi.
28 yanvar 1992-ci ildə erməni terrorçuları tərəfindən Şuşa şəhəri yaxınlığında Ağdam-Şuşa marşrutu ilə hərəkət edən sərnişin vertolyotu vuruldu. 3 heyət üzvü, 41 nəfər sərnişin, əsasən qadın və uşaqlar həlak olmuşlar. 28 fevral 1993-cü ildə Qudermes stansiyası yaxınlığında Kislovodsk-Bakı sərnişin qatarı partladıldı. 2 iyun 1993-cü ildə Bakı Dəmiryolu Vağzalının ehtiyat məntəqəsində dayanmış sərnişin qatarı partladıldı.
Partlayışla əlaqədar həbs edilən Rusiya vətəndaşı İ.Xatkovskiy ifadəsində etiraf etmişdir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı Can Ohanesyan tərəfindən əməkdaşlığa cəlb edilmiş və Azərbaycan terror aktları törətmək məqsədi ilə göndərilmişdir. İstintaq zamanı müəyyən edilmişdir ki, bu qrup 1991-1994-cü illər arasında Rusiyadan Bakıya gələn dəmiryol qatarlarında partlayışlar təşkil etmişdir.

Cavid
(Davamı növbəti sayımızda)