Mətbuatın “Ziya”sı Layihə

Mətbuatın “Ziya”sı

Milli mətbuatdakı boşluğu "Əkinçi"nin bağlanmasından iki il sonra Səid Ünsizadə "Ziya" qəzeti ilə aradan qaldırdı. XIX əsrin sonu Azərbaycan milli mətbuatı tarixinə Həsən bəy Zərdabinin "Əkinçi"sindən sonra "Ziya" qəzeti öz möhürünü vurdu. Mətbuat yaratmaq istəyini reallaşdırmaq üçün Səid Ünsizadə 1878-ci il dekabrın 4-də qəzetin nəşrinə icazə almaq üçün Qafqaz Senzura Komitəsinə ərizə ilə müraciət edir. O, öz müraciətində yazırdı ki, şərqlilər də qərblilər qədər işığa və həqiqətə can atırlar, onları bir-birlərinə düşmən edən cəhalətdir. Səid əfəndi "Ziya" qəzetinin məram və məqsədini açıqlayır və bildirirdi ki, nəşr öz qarşısına ölkənin daxilində, xarici ölkələrdə baş verən yenilikləri oxuculara çatdırmaqla onların inkişafına kömək etmək istəyir. Səid əfəndi tərəfindən təqdim olunan sənədləri təftiş edən Senzura Komitəsi Qafqaz Canişinliyinin baş idarəsinə belə bir məzmunda təqdimat göndərmişdi: "Senzura Komitəsi mətbuat haqqında qanuna əsasən Hacı Səid əfəndi Ünsüzadənin ərizəsini, habelə "Ziya" qəzetinin məramnaməsini nəzərdən keçirib, belə qərara gəlir ki, onun xahişi senzura əsasnaməsində tələb olunan bütün şərtlərə uyğundur. Bu səbəbdən qəzetin tatar (Azərbaycan - red.) dilində nəşri xüsusi fayda verə bilər. Məhz buna görədir ki, Hacı Səid Ünsizadənin arzusunun yerinə yetirilməsini Siz zati-alilərindən xahiş edir".
Beləliklə, qəzetin 1879-cu il yanvar ayının 1-dən etibarən nəşrinə icazə verildi. Senzura Komitəsi "Ziya"nın nəşrinə icazə verərkən qəzetin siyasətinin Qafqazdakı müsəlmanlar arasında geniş təbliğ olunmasına, yerli hakimiyyət orqanlarına, çenovniklərə dəstək olacağına bel bağlayır, ümid edirdi. Təbii ki, qərarın qəbulunda Səid Ünsizadənin ruhani zümrəsinə mənsubluğu, keçib-gəldiyi yol və fəaliyyəti, çar siyasətinə zidd mövqe tutmaması nəzərə alınmışdır. Nəşrinin ilk vaxtlarında "Ziya"ya yaxşı münasibət göstərilməsinin başlıca səbəbləri də bu idi.
Səid Ünsizadə "Ziya"nın nəşri üçün xüsusi mətbə almışdı. Naşir bu münasibətlə yazırdı: "Necə bir laziməli əhvalatlara nəzərən basmaxana büsatın Tiflisdə açmağa qərar verdik. Və basmaxana əsbabının cümləsini mühəyya söylədik. Və ruz-bə-ruz təliminə səy edəcəyik. Nəbənə baqaidə kitablar dəxi çıxaracayıq". Azərbaycan mətbuatı tarixində ilk şəxsi mətbəə olan "Ziya" Tiflisdə Zailov soyadlı şəxsin mülkündə yerləşirdi. Mətbəə bir qədər sonra, 1879-cu ilin iyun ayının 21-dən Voronsov küçəsindəki 35 saylı evə - Ağa Ələsgər Məşədi İsmayıl oğlunun evinə köçürüldü. İsmayıl bəy Qasprinskinin "Ziya"dakı ilk məqaləsi qəzetin 7 noyabr 1879-cu il tarixli 42-ci nömrəsində dərc olunub. İsmail Mirzə - imzalı müəllif (İsmayıl bəy Qasprinski-N.N.) "Bağçasaraydan göndərilən məktub" adı ilə verilən bu yazıda iki-üç milyondan ibarət olan Rusiya tatarlarının ədəbiyyatsız və qəzetsiz olduqlarına təəssüflənir. O, yazının bu yerində birinci ədəbiyyatın adını çəksə də, mətbuatdan daha çox danışır: "Qazetə məmləkətin lisanıdır. Qazetələr millətə mühafiz ola bilirlər. Ticarət və hər cins islahat sırasında (cərgəsində) yol göstərici ola bilirlər. Qısası, qəzetəsiz və ədəbiyyatsız millət kor, dilsiz adamə bənzər. Bu halda "Ziya" qəzetəsi nəşr olunmasının çox faidəli, iftixarlı iş olduğundan ziyadəsilə xoşnud olduq. "Ziya" qəzetəsinin gündən-günə ilərü (irəli) getməsini istəyiriz (istəyirik) və məful (adət etmiş) edəriz. Bundan sonra bəz-bəz "Ziya" qəzetəxanəsinə məktub və kağızlar göndərməyi kəndimizə borc ediriz".
Bir müddət sonra Səid Ünsizadə mülk alır və mətbəəni daimi olaraq öz evinə köçürür. Azərbaycan dilini bilən mütəxəssislərin, mətbəə işçilərinin olmaması "Ziya"nın nəşrini çətinləşdirdi. Ortaya çıxan problemlərə baxmayaraq qəzet "Ziya" adı ilə 76 nömrə çıxdıqdan sonra "Ziyayi-Qafqaziyyə" başlığı ilə nəşrini 1880-cı ilin dekabrından davam etdirir. "Ziya"nın başlığının dəyişdirilməsi yeni və fərqli məna güdməmiş, yalnız texniki məqsəd daşımışdır. Səid Ünsizadə bu məsələyə aydınlıq gətirərək "Ziyayi-Qafqaziyyə"nin birinci nömrəsində yazmışdı: "Litoqrafiyamız üçün təzə gətirdiyimiz həkkak və nəqqaş ustalarımız "Ziya"dan ötrü nəqş və nigah eylədikləri "Ziyayi-Qafqaziyyə" sərlövhəsini rədd eləməyi rəva görmədiyimizdən, beş aydan bəri qiyami-ətalətlə məsdur qalan "Ziya" qəzetimizi məzkur sərlövhə altında nəşr etməyə meyl olundu". Səid Ünsizadə "beş aydan bəri qiyami ətalətlə məsdər qalan" dedikdə heç də "Ziya"nın senzura tərəfindən bağlanmasını işarə etmirdi. Bəhs edilən məsələ Səid əfəndinin 1880-ci ilin ortalarında yeni çap maşını alması ilə bağlı idi.
Azərbaycan ədəbiyyatı tarixinin ilk tədqiqatçılarından olan, maarifpərvər ziyalı, publisist Firudin bəy Köçərli 1906-cı ildə qələmə aldığı məqalələrin birində "Ziya" qəzetinin müəyyən bir istiqamətə malik olmadığını, yaradıcılıq yükünün daha çox dini motivin materiallar təşkil etdiyini yazırdı. Firudin bəy Köçərlinin təhlilinə görə, qəzetdə mürtəce mahiyyət daşıyan materiallar, mütərəqqi mahiyyət daşıyan məqalələrdən çox idi. ("Zaqafqaziya" qəzeti. 1 yanvar 1906-cı il). Səid Əfəndi Ünsizadənin şəxsiyyəti, dünyagörüşü haqqında öz xatirələrində maraqlı
fikirlər irəli sürən, milli publisistikamızın gözəl nümunələrini ortaya qoyan, istiqlalçı-yazar Ömər Faiq Nemanzadə isə fərqli yanaşma ortaya qoyur. Ömər Faiq Səid əfəndinin ruhani olmasına baxmayaraq, liberal dünyagörüşünə sahib olduğunu yazır. "Ziya" və "Ziyayi - Qafqaziyyə" qəzetlərində İsmi Sədrəddinbəyov, Möhsün Qübbən, Qumri Dərbəndi, Məşədi Məhəmməd Şirvani kimi dini motivli yazılar yazan müəlliflər ilə yanaşı, dövrün açıq fikirli ziyalılarının da məqalələrinin çap olunması Ömər Faiqin fikirlərinə haqq qazandırır. Belə ki, qəzetin əsas əməkdaşları sırasında Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Cəlal Ünsizadə, S.Vəlibəyov, Adolf Berje, A.O. Çernyayevski və M.Şaxtaxtlının adları var. Dövrün mütərəqqi ziyalıları olan bu şəxslərin "Ziya" ("Ziyayi-Qafqaziyyə"nin) səhifələrində elmi, publisistik məqalələri çap olunur, onların düşüncələri oxuculara çatdırılırdı. Professor Fuad Qasımzadə də "Səid Ünsizadə köhnə ruhani təhsilli ziyalı kimi əsas yazıçı qüvvəsinin də ruhanilərdən təşkil olunduğu" fikrini qəbul etmir.
"Ziya" (Ziyayi-Qafqaziyyə) qəzetinin nəşri ictimaiyyətin diqqətini daim özünə cəlb etmiş, dərc olunan materiallar müzakirə və mübahisələrə səbəb olmuşdu. Qəzet yeni ərəb əlifbasının islahatı məsələsində Mirzə Fətəli Axundovun fikirlərini tənqid edirdi. Qəzetin 1883-cü ildə çıxan saylarının birində dərc olunan məqalədə deyilirdi ki, bizim məqsədimiz bəziləri kimi əlifbamızda dəyişikliklər etmək deyildir. Əksinə, biz həmin insanlara söyləmək istəyirik ki, öz fikirlərindən daşınsınlar. Müzakirələrə səbəb olan bu cür yazılar Tiflisdə nəşr olunan rusdilli mətbuat orqanlarının da diqqətini çəkmiş, mübahisə doğuracaq məqamlarla bağlı onların da reaksiyaları olmuşdur. Belə nümunələr kimi "Kavkaz" qəzetinin "Ziyayi-Qafqaziyyə"nin 1880-ci il 23 dekabr, 1881-ci il 5, 31 yanvar və 1 fevral tarixli sayı əsasında hazırladığı "XIX əsr Şamaxının görkəmli adamları" məqaləsini göstərmək olar. "Ziya" ("Ziyayi-Qafqaziyyə"dən) onun naşiri Səid Əfəndidən və həmçinin Şamaxının mədəni-ədəbi həyatından bəhs olunan yazı böyük mübahisəyə səbəb oldu. Bu məqalənin ardınca "Kavkaz" qəzetinin 1881-ci il 50-ci sayında erməni mühərriri və ədibi A.Əmirxanyansın və Matvey Vasilyeviç imzalı bir nəfərin məqalələri dərc olundu. M.Vasilyeviç "Ziyayi-Qafqaziyyə"nin baş məqalələrinin məzmunu olmadığını iddia edir, çoxsaylı qüsur və nöqsanlarını xatırladır, problemin kökündə Səid Ünsizadənin rus dilini, habelə öz ana dilini mükəmməl bilməməsi göstərilirdi. Əlbət ki, iradlar həqiqətdən uzaq idi və bu yalnız qısqanclıqdan doğurdu. "Ziya"nın rəsmi senzoru Melik Meqrabov idi və qəzeti çapa o imzalayırdı. Lakin qəzet Qafqaz Senzura Komitəsinin başqa senzorları V.Bezabrazov, həmçinin "Kavkaz" qəzetinin rəsmi əməkdaşlarının da nəzarəti altında çətinliklə işıq üzü görürdü. Senzorlar qəzet materiallarını nəşrədək baxışdan keçirərək "ziyanlı" yazıları başqa məqalələrlə əvəz etməyi tələb etdikləri halda, yaranan bu boşluğu "Kavkaz"ın əməkdaşları öz hazır məhsulları ilə doldururdular. Belə bir vəziyyyətdə "Ziya" ("Ziyayi-Qafqaziyyə") çətinliklə nəşr olunurdu.
Hacı Səid Əfəndinin işi təkcə senzorlarla deyil, özünün də mənsub olduğu ruhani zümrəsinin təhdid və təzyiqlərini dəf etmək idi. 1879-cu ilin zilhiccə ayının 10-da Tiflisdə Qurban bayramı münasibətilə keçirilən mərasim barədə "Qurban bayramı" başlıqlı məqalə dərc edən "Ziya"nın ruhanilərlə uzun bir çəkişməsi başlayır. Mərasimdə xütbə oxuyan Əhməd Əfəndi barəsində məqalədə əksini tapmış "pis, xoşagəlməz səsə malik olub, özünü "xoş avaz sayan" ifadəsi kəskin etiraz doğurur. Ən böyük təşvişə düşən, məqalə barəsində etiraz edən isə şübhəsiz ki, Əhməd əfəndi və onun baş üzvü olduğu müfti idarəsi idi. Özünü təhqir olunmuş hesab edən Əhməd əfəndi müfti Hüseyn Əfəndi Qayıbova şikayət etməklə kifayətlənməmiş, Qafqaz canişinliyinin ruhani idarələri üzrə nəzarətçisi knyaz Çordcadzeyə də ərizə verib, tədbir görülməsini xahiş etmişdi. Əhməd əfəndi "Qurban bayramı" məqaləsini rus dilinə çevirib şikayət ərizəsinə əlavə etmişdir. Təhqir olunduğunu iddia edən Əhməd əfəndi özünün sonrakı danoslarında qeyd etdiyi kimi, ruhani idarələri üzrə nəzarətçi onun şikayətinə laqeyd yanaşmış, Səid Ünsizadə cəzasız buraxılmışdı.
Səid Əfəndi Ünsizadənin çar rejimi tərəfindən təhdid olunması barəsində türk dünyasının böyük şəxsiyyəti, Atatürkün yaxın silahdaşı olan Yusuf Akçuralı "Türkçülüyün tarixi" əsərində məlumatlar verib. Yusuf Akçuralı türkçülük hərəkatının müxtəlif mərhələləri ilə bağlı araşdırmasına "Ünsizadələr mətbuatı" başlığı adı altında məlumatlar daxil edib. Bu yazıdan bəlli olur ki, Y.Akçuralı Səid və Cəlal əfəndi Ünsizadələri yaxından tanıyıb, onların düşüncələrinə bələd olub. "Ziyayi-Qafqaziyyə"nin iki nüsxəsi kitabxanada var"- deyərək Ünsizadələrin yaratdıqları mətbu orqanlarının ideya istiqamətlərini müəyyənetməyə çalışan Y.Akçuralı yazır: "Əlimdəki "Ziya" nüsxələrindən, bu qəzetin Qafqazda yaşayan türkləri dünyada baş verən hadisələrdən xəbərdar etmək istəyir, müsəlman və Osmanlı məmləkətlərinə aid xəbərləri öncəlik verərək yazdığı anlaşılır, fəqət dil, ədəbiyyat, tarix və qayəsində türk millətçiliyi ilə ilgiləndiyinə dair bu nüsxələrdə bir işarə yoxdur".

Ülviyyə Tahirqızı