“Azərbaycan dövləti ilk növbədə öz ordusuna güvənir” Layihə

“Azərbaycan dövləti ilk növbədə öz ordusuna güvənir”

Politoloq İlyas Hüseynov: “Ordumuz işğalı aradan qaldırmağa qadirdir”

“30 ilə yaxındır ki, münaqişə tərəfləri arasında atəşkəş müşahidə olunsa da, əslində qarşıdurmalar daim baş verir və ya davamlı atışmalar müşahidə olunur. Permanent müharibə ehtimalı hər zaman bölgəyə hakim kəsilib və bu vəziyyətdən geosiyasi güclər istifadə etmək niyyəti güdürlər”. Bunu “Xalq Cəbhəsi”nə müsahibəsində politoloq İlyas Hüseynov deyib. O, digər suallarımızı da cavablandırıb.
-Qarabağ probleminin həlli perspektivini Tovuz gərginliyi və pandemiyanın dünyada yaratdığı yeni şərtlər fonunda necə dəyərləndirmək olar?
-ATƏT-in Minsk Qrupu tərəfindən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi prosesi davam etsə də, yekun nəticə əldə etmək mümkün olmayıb. Digər tərəfdən, tərəflər arasında vaxtaşırı atəşkəs pozulur və silahlı toqquşmalar davam edir. 2020-ci ilin iyul ayında baş verən döyüşlər göstərdi ki, Cənubi Qafqazda istənilən zaman hərbi əməliyyat başlaya və münaqişə alovlana bilər. Digər tərəfdən, Tovuz gərginliyi bütün dünyada koronavirus COVİD-19 pandemiyasının yaratdığı yeni şərtlər fonunda baş verdi. Ümumdünya Səhiyyə Təşkilatının hər gün yenilənən məlumatlarına nəzər salanda görürük ki, Cənubi Qafqaz dövlətləri arasında Ermənistan dövləti yeni növ koronavirusdan ən çox əziyyət çəkən ölkədir. Burada hər gün kütləvi yoluxmalar baş verir və ölüm sayı barədə rəqəmlər artan istiqamətdə gedir.Pandemiyadan iqtisadiyyatın böyük zərər çəkdiyi və daxili narazılığın tuğyan etdiyi Ermənistan Tovuz istiqamətində hərbi təxribat törətməklə problemlərin radiusunu çevirməyə və gündəmi dəyişməyə cəhd etsə də niyyəti baş tutmadı. Azərbaycanın Silahlı Qüvvələri hərbi təxribatın qarşısını vaxtında aldı və ölkəmizə qarşı həyata keçirmək istədikləri məkrli plan baş tutmadı. İyul hadisələri göstərdi ki, Ermənistan və Azərbaycan dövlət sərhədində də gözlənilmədən ağır döyüşlər hər zaman başlaya bilər. Məhdud diplomatik gedişlər nəticəsində 2018-ci ildə əldə olunan razılaşmaya əsasən qurulan rabitə kanalı da tərəfləri sülh müstəvisinə çəkə bilmədi.
-Türkiyənin Naxçıvana ordu göndərməsi və birgə təlimlər nəyə hesablanıb?
-Tovuz döyüşlərinin gedişində bizə dost və qardaş olan Türkiyə Respublikasının Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi gücümüzə güc qatdı. Türkiyə bundan sonra Azərbaycanın milli və təhlükəsizlik maraqlarına toxunacaq proseslərdən kənarda qala bilməz və qalmayacaq. Bu səbədən Tovuz istiqamətindəki döyüşlərə ən sərt reaksiya verən dövlət məhz Türkiyə oldu. Türkiyənin rəsmiləri sərhəddəki döyüşlər fonunda açıq şəkildə dedilər ki, Azərbaycana istənilən hərbi dəstəyi verməyə hazırdılar. Dağlıq Qarabağ münaqişəsinin həllində yeni Rusiya-Türkiyə formatının yaradılmasına yol aça bilər. Putin ilə Ərdoğan arasında baş tutan telefon danışığında Qarabağ məsələsinin müzakirə olunması da göstərir ki, Ankara bölgəyə bütün varlığı ilə qatılmaqda israrlıdır. Lakin Suriya və Liviyadan sonra yeni Qafqaz cəbhəsinin açılması çox acı nəticələr verə bilər. İyul əməliyyatları sırasında Ermənistan-Türkiyə sərhədində də kəşfiyyat xarakterli avia uçuşların həyata keçirilməsi ilə bağlı müxtəlif məlumatlar dolaşırdı. 28 iyuldan başlayaraq Yıldırım-3 Ağrı-Dağ anti-terror əməliyyatının Ağrı, Qars və İğdırda başlanmasından sonra cəmi 1 gün sonra 11 min türk hərbi qulluqçusunun Azərbaycana gəlməsi arasında bağlılıq olduğunu nəzərdən keçirə bilərik. Son dövrlər PKK terrorçularının Ermənistan sərhdində cəmləşdiyini nəzərə alaraq onlar arasında bağlılığı kəsmək Türkiyənin marağındadır. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğanın sonuncu Bakı səfərində Türkiyə ilə Azərbaycan arasında hərbi təlimlərinin sayının artırılacağını Tovuz döyüşlərindən öncə söyləməsi bizə deməyə əsas verir ki, hazırki hərbi təlimlər plan üzrə gedir və iki ölkə arasında hərbi-siyasi münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Hazırkı durumda Türkiyə ilə hərbi-texniki əməkdaşlığın daha da genişləndirilməsi nəzərdən keçirilir.
Türkiyə və Azərbaycan arasında ölkəmizin müxtəlif bölgələrində hərbi təlimlərin keçirilməsi milli maraqlarımıza xidmət edir. Türkiyə 2014-cü və 2016-cı ildə olduğu kimi cari ildə də qeydə alınan döyüşlərdə Azərbaycana real hərbi dəstək verə biləcəyini bəyanatlarları və birgə hərbi təlimlərlə nümayiş etdirdi. Qeyd olunan hərbi təlimlərdə ən böyük qazancımız zabitlərimizin peşəkar bacarıqlarının artırılmasıdır. Təlimlərin keçirilməsi ilə coğrafi məkanlar da təsadüfi seçilməyib və Qarabağ ilə oxşar əməliyyat şəraitinə uyğunlaşdırılıb. Türkiyə bizim hərbçilərimizin hazırlanmasında iştirak edir, silahlarla təmin edir, birgə təlimlər keçir və Azərbaycanın yanında olduğunu nümayış etdirir. İyul döyüşlərində şəhid olan 3-cü Ordu Korpusunun baş Qərargah rəisi Polad Həşimov da Türk Silahlı Qüvvələrinin hərbi akademiyasında 1994-1997-ci illərdə təhsilini davam etdirib. Azərbaycan dövləti ilk növbədə öz ordusuna güvənir və ordumuz işğalı aradan qaldırmağa qadirdir. Dağlıq Qarabağ münaqişəsi lokal çərçivədən çıxıb və daha çox beynəlxalq xarakter daşıyır. Buna görə də, Yaxın Şərqdə böyük siyasi, iqtisadi və hərbi gücə çevrilən qardaş Türkiyənin potensialından yararlanmaq ən böyük problemimizin həll olunmasına gətirib çıxara bilər.
-Rusiyanın mövqeyini necə dəyərləndirirsiniz?
-Tovuz istiqamətində Ermənistanın növbəti hərbi işğal cəhdinin dəf edilməsi bütün cəbhələrdə yeni reallığın formalaşdığını üzə çıxardı. Tovuz istiqamətində hərbi təxribatın törədilməsi heç də təsadüfi seçilməmişdi. Tovuz döyüşləri nəticəsində Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT)-ni münaqişəyə tərəf kimi cəlb etmək istəyirdi. Lakin bu ümidlər boşa çıxdı. KTMT-nin əvvəlcə təcili iclasının çağırılması, sonra isə iclasın qeyri-müəyyən müddətə təxirə salmaqla, heç bir bəyanat verməməsi göstərdi ki, təşkilatda hakim mövqeyə malik olan Rusiya burada Ermənistanın tərəfini tutmaqda və hərbi avantüraya getməkdə maraqlı deyil.
Xüsusilə qeyd etmək lazımdır ki, şimal-qərb bölgəsindən Azərbaycanın neft-qaz və nəqliyyat-kommunikasiya layihələrinin əsas hissəsi keçir. Bu infrastruktur layihələrinə təhdid və təxribat planı Qərbin də maraqlarına ziddir. Çünki burada əsas sərmayəçilər qismində Qərb dövlətləri çıxış edir. Buna baxmayaraq, qeyd olunan dövlətlərin erməni təxribatını pisləyən açıq çıxışların və bəyanatların şahidi olmadıq. Yalnız Türkiyə Cümuriyyəti bu təxribat planı qətiyyətlə pislədi və öz milli maraqları kontekstində təxribat planını dəyərləndirdi.
Ermənistanın Rusiyada dayaqları zəiflədikcə, nəinki Qarabağ münaqişəsinin çözüm perspektivləri güclənir, eləcə də Qafqazda təhlükəsizliyə edilən təhdidlər zəifləyir. Rusiya ilə münasibətlər aşağı səviyyəyə düşdüyündən Ermənistan da Qərbə meyil etməkdə davam edir. Qafqaz Tədqiqat Resurs Mərkəzi (CRRC - Caucasus Research Resource Center) tərəfindən Ermənistanda 21 fevral-15 mart 2020-ci il tarixləri aralığında keçirilən “Qafqaz barometri - 2019” sosioloji sorğusunun nəticələri də dediklərimizi təsdiqləyir. Qeyd edək ki, eyniadlı sorğu 9 dəfə keçirilib. 2013-cü ilin sorğusunda respondentlərin 83%-i Rusiyanı yaxın dövlət hesab edirdisə, növbəti illərdə bu rəqəm kəskin azalıb (2015-ci ildə 75%, 2017-ci ildə 63%), son sorğuda isə rəyi soruşulanların cəmi 57%-i Rusiyanı “qardaş” ölkə kimi gördüyünü bildirib. Digər tərəfdən, Tovuz döyüşlərinin gedişi zamanı Rusiyanın nüfuzlu “Vzqlyad” qəzetinin keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 30,1%-i bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi zamanı Moskva Bakını dəstəkləməlidir. Rəyi soruşulanların 16,7%-nə görə Rusiya Ermənistanın tərəfində olmalıdır. Eyni zamanda, sorğuda iştirak edənlərin yarıdan çoxu (53,2%) hesab edir ki, Rusiya heç bir tərəfi dəstəkləməməlidir. Qeyd edək ki, adıçəkilən sorğuda 23192 nəfər iştirak edib. Rusiya-Ermənistan tərəfdaşlığının sarsıldığını nümayiş etdirmək assimetrik savaşın tərkib hissəsi olduğu üçün qeyd edə bilərik.
-Fransa və ABŞ-ın mövqeyəi ilə bağlı nə demək olar? ABŞ konqresinin qərarının pərdəarxası məqamları nədən ibarətdir? Erməni diasporunun təxribatları nəyə hesablanmşdı və bundan sonrakı proses necə olacaq?
-ABŞ Konqresinin qəbul etdiyi son, Ermənistanı işğalçı kimi tanıyan sənəd ermənilərin daha aqressivləşməsinə səbəb oldu. Los-Ancelesdəki erməni vandalizmini törədənlərin şəxsiyyəti araşdırılır. Bu hadisələrdə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu və Vaşinqtondakı səfirliyimiz də aktivlik nümayiş etdirir. Ümumiyyətlə, iyul hadisələrində xaricdə yaşayan azərbaycanlı icmaları xüsusi fəallıq nümayiş etdirdilər. Onların vətənə bağlılığı və Azərbaycanın ən böyük probleminə biganə olmadıqları çox aydın şəkildə nəzərə çarpdı. Lakin xaricdə yaşayan soydaşlarımızın təhlükəsizliyinin təmin olunması ən ümdə vəzifədir. Ermənistanda baş nazir yanında Diasporla İş üzrə komissarlıqda kütləvi ixtisarların baş verməsi və bir zamanlar Kaliforniyanın Qlendeyl şəhərinin meri vəzifəsində işləmiş Zare Sinanyandan başqa demək olar bütün aparatın istefaya göndərilməsi o deməkdir ki, Ermənistanın diasporasındi daha böyük qüvvə ilə azərbaycanlı diasporasını sıxışdırmağa cəhd edəcək. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əsaslı şəkildə yenidənqurulması və məqsədyönlü fəaliyyətini gözləyirik.
Son Tovuz təxribatında heç bir Avropa strukturu ermənilərin xeyrinə hər hansı bəyanat səsləndirmədi. Lakin Aprel döyüşlərində mənzərə tamamilə fərqli idi. 4 il ərzində Azərbaycanın beynəlxalq mövqeləri daha da güclənib. Xüsusilə dedilərimiz Rusiyada özünü daha qabarıq şəkildə özünü göstərdi. Rusiya əsas təbliğat ruporu hesab olunan Marqarita Simonyanın teleqram kanalındakı yazısı birbaşa olaraq Nikol Paşinyanın hakimiyyətini tənqid etməyə yönəldiyini qeyd edə bilərik. NikolPaşinyanın tez-tələsik RBK kanalının müxbirini İrəvana dəvət etməsi və geniş müsahibəsi daha böyük əks-effekt verdi.

Əli Zülfüqaroğlu