ƏƏSMN kvadrat hesabı ilə mənzil alacaq deyə sahibkarlar çoxmənzilli bina tikməkdə maraqlı deyillər – Deputat Hadisə

ƏƏSMN kvadrat hesabı ilə mənzil alacaq deyə sahibkarlar çoxmənzilli bina tikməkdə maraqlı deyillər – Deputat

Lerik rayonunda indiyə kimi mənzil növbəsində duran 102 nəfər şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib. Hazırda rayonda 282 nəfər həssas təbəqədən olan vətəndaş mənzil növbəsindədir. Rayonda bu təbəqədən olan vətəndaşlar üçün sonuncu ev 2019-cu ildə tikilib.

Trend xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vasif Qafarov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) həssas təbəqədən olan vətəndaşlar üçün fərdi ev və ya çoxmənzilli bina tikmək işini dayandırıb. Nazirlik bu məqsədlə yalnız hazır evlərin satın alınmasını həyata keçirir.

“Təmsil etdiyim Lerik və Astara rayonlarının kəndlərində də satışda olan hazır evlər yoxdur ki, Nazirlik onları alıb həmin vətəndaşlara təqdim etsin. Nazirlik kvadrat hesabı ilə mənzil alacaq deyə, sahibkarlar bu məqsədlə çoxmənzilli bina tikməkdə də maraqlı deyillər.

Buna görə də təklif edirəm ki, həssas təbəqədən olan vətəndaşları mənzillə təmin etmək üçün Nazirlik tərəfindən çoxmənzilli binalar və fərdi evlərin tikintisi həyata keçirilsin. Və ya şəhid ailələri və müharibə əlillərinə mənzil vermək üçün nəzərdə tutulan vəsait bu kateqoriyadan olan insanların özlərinə verilsin. Vətəndaş özü öz evini tiksin və ya harada istəyirsə, özünə mənzil alsın. Bununla da bu məsələ həll edilmiş olsun”, - deyə V. Qafarov vurğulayıb.