İctimai nəzarət günün tələbidir Layihə

İctimai nəzarət günün tələbidir

Prezident İlham Əliyev hər dəfə keçirdiyi müşavirələrdə ictimai nəzarətdən danışıb. Dövlət başçımız son müşavirədə növbəti dəfə ictimai nəzarət məsələsini qabardıb. Dövlət başçısı vurğulayıb ki, xərclərə dövlət nəzarəti mexanizmi daha da təkmil olmalıdır: “Burada, əlbəttə ki, dövlət qurumları konkret əlavə təkliflər verməlidirlər və ictimai nəzarət olmalıdır. Bizim üçün böyük əhəmiyyət kəsb edən bütün layihələrin icrasında ictimaiyyət nümayəndələri iştirak etməlidirlər. Mən su ilə bağlı müşavirədə qeyd etdim. Alimlər, qeyri-hökumət təşkilatları, mütəxəssislər, media nümayəndələri - onlar da bu işlərdə iştirak etsinlər. Onlar öz təkliflərini versinlər. Yəni, geniş ictimaiyyət gərək bu işlərə cəlb olunsun. Onda bizim işimiz daha rahat gedəcək və xərclərə nəzarət mexanizmi bir neçə təbəqədən ibarət olacaq”.
İctimai nəzarət dedikdə, ilk növbədə kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları yada düşür. Onlar ilk növbədə hökumətin nöqsanlarını göstərməli, bu sahəyə diqqət çəkməlidir.
“Xalq Cəbhəsi”nə açıqlama verən İslahatçı Gənclər İctimai Birliyinin (İGİB) sədri Fərid Şahbazlı bildirib ki, cənab president hər dəfə ölkədə şəffaflığın təmin olunması, məmur özbaşnalığının qarşısının alınmasında media və vətəndaş cəmiyyəti institutları yaxından iştirak etməlidir: “Mən hesab edirəm ki, bütün dövlət qurumları çalışmalıdır ki, onların tərkibində ictimai şuralar fəaliyyət göstərsin. “İctimai iştirakçılıq haqqında” bizim qanunumuz var. Amma təssüflər olsun ki, bir sıra dövlət qurumları bu qanunun tələblərini icra etmirlər. Elə dövlət qurumu var ki, tərkibində hələ də İctimai şura fəaliyyət göstərmir. Xüsusən də yerli icra orqanlarında. Cənab prezidentin son çıxışında bu məsələyə toxunmasından sonra hesab edirəm ki, dövlət qurumları onların fəaliyyətində ictimai nəzarətin olmasında maraqlı olacaqlar. Bu ölkəmizdə inkişaf və tərəqqinin əldə olunmasına müsbət təsirlər göstərə bilər”.
QHT sədri onu da bildirib ki, QHT-lərin media ilə əməkdaşlığı sayəsində müxtəlif dövlət qurumlarının həyata keçirdikləri layihələr üzərində ictimai nəzarət mütləqdir: “Hesab edirəm ki, ictimai nəzarətdən yalnız Azərbaycan dövləti qazana bilər. Ölkədə ədalətli, şəffaf cəmiyyətin qurulmasını istəyiriksə, ictimai nəzarət mexanizminin həyata keçirilməsinə geniş şərait yaratmalıyıq”.
Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirlinin fikrincə isə bu gün "Vətəndaş cəmiyyətinin fəaliyyəti bizi qane edirmi" sualına birmənalı cavab vermək çətindir. Azərbaycan cəmiyyətində QHT-lər haqqında, bu sahənin mahiyyəti ilə bağlı fikirlər xeyli dərinləşib. Mövcud pandemiya şəraitinə baxmayaraq, dünyada gedən proseslər, ölkə daxilində davam edən qaçılmaz islahatlar, kadr dəyişikliyi QHT sisteminin təmərkürləşməsini özündə ehtiva edir.
İctimai sektorun bu vaxta qədər davam edən fəaliyyətinə kölgə salmaq ədalətsizlik olar. Kimin necə düşünməsindən asılı olmayaq Azərbaycanda QHT-lərin bir çoxu cüzi maliyyə ilə kifayət qədər əhəmiyyətli işlər görüblər. Prezident yanında QHT-yə Dövlət Dəstəyi Şurasının layihələrinə diqqət yetirsək görərik ki, Azərbaycanda QHT-lər nə qədər fədakarlıq göstəriblər. Bəlkə də hər hansı nazirliyin böyük məbləğdə vəsait hesabına görəcəyi işi QHT-lər az bir maliyyə ilə icra ediblər. Hətta həmin layihənin hesabatı ictimaiyyətə təqdim olunub.
Lakin bu sahədə çox ciddi problemlər də qalmaqdadır. Niyə görə QHT ictimai nəzarəti təmin edə bilmir? Bunun bir sıra səbəbləri var. Bunlardan biri maliyyə çatışmazlığıdır. Əgər QHT hər hansı dövlət strukturuna müraciət edərək bildirsə ki, pul ver sənin fəaliyyətini monitorinq edim, ictimai nəzarəti təşkil edim, bu normal hal olmaz. Hətta QHT-nin belə məqamda ictimai nəzarəti necə təşkil edəcəyi ilə bağlı suallar yaranacaq. Bəs, onda bu vəsaitləri QHT haradan tapsın.
Bu gün QHT-nin davamlı maliyyələşmə məsələsi problem olaraq qalmaqdadır.
Pandemiyaya qədər çağdaş dünyada, xüsusilə, Avropa məkanında yardımlaşma, xeyriyyəçilik işi kifayət qədər inkişaf etmişdi. Bəs, həmin müsbət ənənələr bizdə niyə inkişaf etmir? Bu məsələ üzərində düşünmək lazımdır: “QHT təmsilçisi olaraq dəfələrlə "İctimai iştirakçılıq haqqında" qanunu əsas tutaraq bir çox nazirliklərə, özəl şirkətlərə əməkdaşlıq üçün məktubla müraciət etmişdik. Təəəssüf ki, cavab məktubu ala bilmirik. Mənim təklifim ondan ibarətdir ki, bir çox sənədlərdə, o cümlədən, "İctimai iştirakçılıq haqqında" qanunda həm dövlət qurumlarının, həm də özəl şirkətlərin bu proseslərə necə cəlb olunması və qanunlara əməl etməyən hər hansı tərəfin məsuliyyəti açıq şəkildə göstərilməlidir. Xahiş, minnətlə deyil, qanunların icra mexanizminin tapılması ilə bu məsələni çözmək olar”.
QHT sədri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında ictimai nəzarətin təşkili ilə bağlı cəmiyyətə çağırış edib. Dövlət başçısının islahat kursuna, yeni qurulan idarəetmə modelinə dəstək olmaq, cəmiyyətdə şəffaflığa töhfə vermək, ictimai nəzarətin təşkil olunmasına davamlı şəkildə nail olmaq üçün Vətəndaş Cəmiyyəti İnstitutlarının fəaliyyəti təmərküzləşməlidir. Bu işin davamlı və effektli davam etməsi üçün QHT iqtisadiyyatı formalaşdırılmalıdır.
Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov isə bildirib ki, ictimai nəzarət mütləq olmalıdır: “Prezident İlham Əliyev düzgün olaraq ictimai nəzarətin vacibliyini tez-tez vurğulayır. O, qeyd edir ki, bəzi problemlər barədə mətbuatdan xəbər tutur, nəinki ona "məruzə edən məmurlardan". Prezidentimiz vətəndaşları problemlər barədə danışmaqda fəal olmağa, məmurların hərəkətlərinə nəzarət etməyə çağırır. Prezident deyir ki, ictimaiyyəti bizim ümumi işimizə cəlb etməliyik. Həm ictimaiyyət nümayəndələri öz səylərini göstərsinlər, həm də sizin işinizə, dövlət orqanlarının işinə nəzarət etsinlər. Dövlət başçımız bunu gənc icra hakimiyyəti başçıları ilə görüşündə də deyib. Bilirsiniz, ictimai nəzarət olan yerdə işlər daha yaxşı gedir. Prezidentimiz bununla dövlət qurumlarına, yerli icra hakimiyyətlərinə ictimai nəzarətin olmasında media və QHT-lərə maneçiliyin törədilməsi mesajını vermiş olur. Əgər biz hüquqi dövlət quruculuğunu inkişaf etdirmək istəyiriksə, o zamzn ictimai nəzarət mexanizmini həyata keçirməliyik. Bu təkcə QHT vəmedia sektoruna aid deyil, hər bir vətəndaş ictimai nəzarətçi rolunda çıxış etməlidir”.
İnformasiya Təşəbbüslərinə Dəstək ictimai birliyin sədri Cəsarət Hüseynzadə də qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən ictimai nəzarət məsələsinə diqqət hər zaman verilib.
QHT rəhbəri bildirib ki, ölkə başçısı media nümayəndələrini və vətəndaş cəmiyyəti təşkilatlarını ölkədə gedən proseslərdə aktiv olmağa çağırır və bunun üçün şərait yaradır:
"Prezident tərəfindən 22 noyabr 2013-cü il tarixində “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq olunub. 16 yanvar 2014-cü il tarixində bu qnunun tətbiqi haqqında ölkə başçısı tərəfindən fərman imzalanıb. Göründüyü kimi cənab prezident tərəfindən hələ 2014-cü ildə ictimai nəzarətin həyata keçirilməsi üçün xüsusi hüquqi mühitin yaradılması təsdiq edilir.
Niyə görə mən məhz “xüsusi hüquqi mühitin” yaradılması məsələsini qeyd edirəm, çünki buna kimi ölkəmizdə QHT və KİV haqqında qanun olub. Həmin qanunlar çərçivəsində də bu funksiyaların həyata keçirilməsi mümkündür. Lakin qəbul edilən yeni qanun ictimai iştirakçılığı yeni və daha geniş formada tətbiq etməyə imkan yaradır.
Qanunda ictimai iştirakçılığın həyata keçirilməsi üçün ictimai şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi, hüquqi aktların layihələrinin ictimai müzakirəsi, yazılı məsləhətləşmə kimi formaları təsbit edilir.
Hesab edirəm ki, ilk növbədə ölkə başçısı tərəfindən 2 dəfə bu məsələyə diqqət ediməsinin səbəbini aydınlaşdırmaq lazımdır. Cənab prezident tərəfindən iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş və avqustun 6-da keçirilən müşavirələrdə bu məsələləri xüsusi olaraq vurğuladı. İlk müşavirədə prezident çox aydın mesaj verdi ki, dövlət qurumları qapılarını ictimaiyyətin üzünə açsın. Təklifləri qəbul etsinlər, fəaliyyətləri haqqında məlumatları ictimaiyyətə çatdırsınlar".
İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzidir (İSBAM) sədri Samir Adıgözəlli isə bildirib ki, Prezident artıq neçənci dəfədir ki, ictimai nəzarətin həyata keçirilməsi ilə bağlı fikirlərini bildirir. Sonuncu müşavirədə də bir sıra qrumlarda baş vermiş ciddi pozuntular haqqında, danışanda da ictimai nəzarətin tətbiq olunmasını, vətəndaş cəmiyyəti nümayəndələrinin dövlət qrumlarının fəaliyyətinin şəffaf həyata kecirilməsində ictimai fəallığın artırılmasını xüsusi vurğuladı. Ölkə başçısı dövlət qrumlarına iradını bildirir ki, fəaliyyətlərində ictimayyətin iştirakına şərait yaratsınlar. Bir sıra mərkəzi icra qurumlarında ictimai şuralar yaradılsa da bunların bir çoxunun fəaliyyəti formal xarakter daşıyır. Təəssüflər olsun ki, digər dövlət qrumları isə ümumiyyətlə ictimai şuraların yaradılmasını istəmirlər. Əksinə bəziləri vətəndaş cəmiyyətini, QHT-ləri özlərinə düşmən bilirlər. Prezdentin son cıxışında qeyd etdiyi qrumlardakı mənimsəmələrin qarşısının alınması və şəffaflıgın təmin edilməsi üçun həm dövlət, həm də ictimai nəzarətin tətbiq edilməsi qaçılmazdı: ““İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq olunub 2014-cü il tarixində bu qanunun tətbiqi haqqında ölkə başçısı tərəfindən fərman imzalanıb.
Göründüyü kimi ölkə başçısı hələ 2014-cu ildən ictimai nəzarətin dövlət qurumları üzərində qurulması ilə bağlı hüquqi bazanı yaradıb”.

Cavid