Sərxoş halda avtomobil idarə edərək qəza törədən sürücü həbs olunub - VİDEO
Azərbaycan və Oman diplomatik pasport sahibləri üçün vizanı qarşılıqlı ləğv edib
Microsoft və OpenAI 500 milyard dollarlıq yeni müqavilə imzalayıblar
Tramp Cənubi Koreyanın nüvə sualtı qayıqlarına ehtiyacı olması ilə razılaşıb
Rəsmi İrəvan Ermənistan-Azərbaycan sülh prosesinin indiki tempini pis hesab etmir
11:21
910
Yaşıl İqlim Fondu (YİF) Asiya İnkişaf Bankının (AİB) “Buzlaqlardan Təsərrüfatlara” proqramı üçün 250 milyon ABŞ dolları məbləğində vəsait ayırıb.
Bu barədə “APA-Economics” AİB-ə istinadən xəbər verir.
Bildirilib ki, proqramın məqsədi Mərkəzi Asiya, Cənubi Qafqaz və Pakistanın buzlaqlardan asılı bölgələrində yaşayan icmalar üçün dayanıqlı su və kənd təsərrüfatı sistemləri yaratmaqdır. YİF-in ayırdığı vəsait qrant şəklində təqdim olunacaq və AİB-in növbəti on il üçün 3,25 milyard dollarlıq investisiyası ilə birgə maliyyələşdiriləcək.
Layihə səmərəli suvarma, su anbarlarının yaradılması və su hövzələrinin idarə olunması kimi tədbirləri əhatə edəcək. Bu, buzlaqların əriməsi nəticəsində yaranan quraqlıq və daşqın risklərini azaltmağa və kənd təsərrüfatında məhsuldarlığı artırmağa xidmət edəcək.
AİB nümayəndəsi Yasmin Siddiqi bildirib ki, bu təşəbbüs “pərakəndə layihələrdən” fərqli olaraq uzunmüddətli dayanıqlılıq və sistemli həllər yaratmağa yönəlib.
Proqram Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edir. Buzlaqların əriməsi bu ölkələrdə su, enerji və kənd təsərrüfatı xidmətlərini təhlükə altına alır.
Təşəbbüs dörd çay hövzəsində – Kür, Narın, Pyanc və Svat – həyata keçiriləcək, 27 milyon hektar ərazini əhatə edəcək və 13 milyon insanın həyatına birbaşa təsir göstərəcək.
YİF-in regional direktoru Tomas Erikssonun sözlərinə görə, proqram regionda su və qida təhlükəsizliyinə dair transformativ model formalaşdıracaq və milli planlaşdırmada iqlim qiymətləndirmələrinin rolunu gücləndirəcək.
Qərar YİF-in 29 oktyabrda keçirilən 43-cü iclasında təsdiqlənib. 2024-cü ildə fond tərəfindən həyata keçirilən buzlaq risklərinin qiymətləndirilməsi layihəsi bu proqramın elmi əsasını təşkil edib.