Üzeyir Hacıbəylinin publisistikasında milli musiqi problemləri Layihə

Üzeyir Hacıbəylinin publisistikasında milli musiqi problemləri

Onun "Maarif və mədəniyyət" jurnalının 1926-cı il 4-cü nömrəsində çap olunmuş məqaləsi diqqəti cəlb edir

Azərbaycanın məşhur bəstəkarı Üzeyir Hacıbəylinin zəngin publisistik yaradıcılığı ilə bağlı soraqlar onun hərtərəfli düşüncə yiyəsi olduğunu sübut edir. "Maarif və mədəniyyət" jurnalının 1926-cı il 4-cü nömrəsində çap olunmuş məqaləsində Şərq və Qərb musiqisinin özünəməxsusluğu, qarşılıqlı bəhrələnmə, Azərbaycan xalq musiqisi ilə yanaşı klassik musiqinin inkişaf etdirilməsi, hərtərəfli düşüncə qabiliyyətinə və zövqünə malik insanların yetişməsi yönündə publisistik fəaliyyəti diqqəti cəlb edir. Yeri gəlmişkən, o, bu prosesdə baş verən heç bir çatışmazlığa göz yummur, iradlarını bildirir: "Mən... türk opera və operettalarının ancaq tarixi xidmətlərinə o əsərlərin hələ ibtidai və nöqsanlar ilə dolu bir halda olduğunu danmaq istəmirəm; opera və operettalarımız təkmil edilməyincəyə qədər də danmaq fikrində deyiləm, bu xüsusda daha bir çox yazılar yazmaq lazımdır. Bunu da etiraf etmək lazımdır ki, keçən il opera və operetta oyunları-bilmirəm qəsdən və ya səhvənmi-elə bərbad bir halda oynanılırdı ki, həqiqətən hər bir zövqi-səlim sahibinin ruhunu incidib ikrah dərəcəsinə gətirməklə hökumət teatrının adını da bədnam edirdi. Əgər bu ildə elə bir "xaltura"lar vaqe olacaq, onda həqiqətən türk opera və operettalarını tamamilə səhnədən qaldırmaq lazım gələcək. O ki qaldı türk musiqi teatrının tərəqqisinin gələcəkdə kimlərdən ümid edilməsi məsələsinə... bizə qalırsa, bu ümid bu gün Azərbaycan hökumət türk musiqi məktəbində kamal ciddiyyət və müvəffəqiyyətlə təhsil edən cavanlarımızdan gözlənilə bilir və gözləyirik. Keçən türk opera teatrlarının birində səhnəyə statist "olmaq üzrə bir nəfər aktris buraxılmışdı. Bu aktrisin səhnə hərəkəti kəndisinin teatrda artistlik sənətinə lazımınca vaqif olduğunu bildirirdi. Fəqət onun eyni hərəkəti məzkurənin Şərq əhli olmadığını dəxi ümum tamaşaçılara bildirdi. Çünki aktrisin hər bir hərəkəti, yəni səhnə gəzişi və teatr lisanında "mimika", "jestikulyasiya" deyilən ümum tərpənişi yalnız Qərb əhlinə məxsus hərəkətlər idi. Bir sözlə, aktris oyuna yaraşmadı. İştə, bu "yaraşmamaq" fəqərəsi teatr sənətindən başqa musiqi və rəssamlıq kimi incəsənətlərdə dəxi hiss edilir, yəni Şərq əhli Avropa bəstəkarlarının "Şərq musiqisi" dedikləri əsərlərini eşidər və rəssamlarının da "Şərq stili" lövhələrini görərkən nə onun və nə də o birinin Şərqə heç də yaraşmadığını hiss edib böylə əsərlərdən zövq almamaqdan başqa hələ bir də "cinlənmək" dərəcəsinə gəlir. Bu nədən əmələ gəlir?"
Üzeyir Hacıbəyli qaldırdığı aktual problemin çözümünü də göstərir: "Yəni nədəndir ki, Qərb incəsənət sahiblərinin Şərqə aid yaratdıqları əsərlər Şərq əhlinə zövq vermir? Əsərlərin zəifliyindənmi? Və ya Avropa sənətkarlarının iqtidarsızlığındanmı bu hal əmələ gəlir? Nə ondan, nə də o birindən! Çünki məktəb görmüş, elm almış və qulluq etdiyi sənətin nəzəriyyat və əməliyyatı üstündə sənələrcə çalışıb ixtisas kəsb etmiş olan Avropa sənətkarlarının nə özlərini iqtidarsızlıqda və nə də əsərlərini zəiflikdə ittiham etmək olmaz. Burada məsələ yalnız bir şey üstündədir. O budur ki, Avropa sənətkarları Avropa üslubundan bir az qeyri olan bir növ "üslub və ya stil" çıxarıb adına "Şərq stili" deyirlər. O cümlədən, məsələn: "Musiqidə artırılmış sekunda" istemalı, şeirdə "gül və bülbül" fəqərəsi, rəsmdə "Butələrə bənzər güllər", teatrda rəngarəng əlbisə geyib salama oxşayan hərəkətlər göstərmək və sairə. İştə, şərqlilərin zövqünü korlayıb hətta ruhlarını belə incidən bir şey varsa, o da bu saxta "Şərq stili"dir... Avropa sənətkarları əgər Şərq sənətini törətmək istərlərsə, kəndi sənətlərinin müxtəlif qəvaidini sənələrcə zəhmət çəkib öyrəndikləri kimi, saxta "Şərq stili"ndən əl çəkib, əsil Şərq incəsənətinin bütün xüsusiyyətlərini kamali-səy və ehtimam ilə sənələrcə öyrənməli və bu sənətə ruhən mərbut olmalıdırlar ki, yaratdıqları Şərq sənəti də Şərq əhlinə zövq verib ənis və munis görünə! Yenə eyni teatrda türk artistlərindən birisi ağzını açıb öz partiyasını (şur) oxuyan kimi, kəndinin avropayı qina (xanəndəlik) dərsi oxuduğunu bildirdi.
Bu isə təhsin və təsvibə layiq bir işdir, çünki Avropa səliqəsilə keçilən qina dərsləri, oxuyanın avazını qüvvətləndirir, səsini artırır və gözəlləşdirir. Türk artistləri və əlavə ümumtürk musiqi sənətkarları Avropa musiqisinin nəzəri və əməli cəhətlərini nə qədər dürüst öyrənərlərsə, bir o qədər mənfəət olar. Çünki musiqi sənəti Avropada böyük bir elm dərəcəsinə çatıb; kamil təhsil üçün on, on beş və daha çox sənələr vaxt sərf etmək lazım gəlir. Burası kifayətdir ki, Avropa musiqi notlarını, yəni musiqi əlifbasını bilməyən şəxs, nə qədər qail musiqar olsa da, bir nəğməni kağız üzərində yazıb-oxumağa və ya çalmağa müqtədir ola bilməz. Avropa musiqi elmini öyrənmək savadlı bir musiqar olmaq deməkdir. Fəqət Avropa musiqisini öyrənərkən bir şeyi yaddan çıxarmaq lazım deyildir ki, o da Avropa musiqisi ilə Şərq musiqisini qatışdırmamaq. Məsələn: "Şur" oxuyarkən içinə Avropa qina stili salıb "romansa" döndərməmək, "Bayatı-Şiraz" çalarkən Qərb musiqisinin "Arpecio"sına bənzər yaraşıqsız barmaqlar vurmamaq, bir Şərq havasını "harmonizə" edərkən xaric səsli "akkord"lar istemalı ilə havanı korlamamaq; əlqərəz Avropa musiqisini öyrənmək Şərq musiqisini xərablamaq üçün deyil, bəlkə savad, elm və bilik kəsbi üçündür ki, bu bilik sayəsində öz Şərq musiqimizin qəvaidini daha tez, xüsusiyyətlərini daha aydın dərk etmək və binai əliyyə tərəqqisinə də daha artıq kömək etmək olar".
Üzeyir bəy burada maraqlı bir məsələyə toxunur: "Şərq musiqisini Qərb musiqi aləti vasitəsilə icra etmək mümkündürmü?" Cavabını da verir: "Hazırda bu sual bir qədər qəribə görünə bilər, çünki Şərq musiqisinin Qərb aləti-musiqiyyəsi vasitəsilə çalındığını çox eşidirdik. Məsələn, operalarda və başqa münasib yerlərdə. Fəqət bununla belə bu məsələ musiqi maraqlıları arasında mübahisə törədən mühüm bir məsələdir. Bəziləri deyirlər ki, Şərq musiqisi Qərb musiqi alətində düz çıxmaz və çalınarsa da, düz çalınmır, bəziləri isə bunun əksini iddia edirlər. Hər halda çalınanlar düzmü çalınır və çalanlar düz çala bilirlərmi? Bununla bizim bəhsimiz yoxdur. Əsil mübahisə bunun üstündədir ki, düz çalmaq və çalınmaq mümkündürmü? Bu sualın bəhsinə girişməzdən qabaq əvvəlcə bir əsas sualın cavabı verilməlidir ki, o da budur: Şərq musiqi aləti mövcud olduğu halda Şərq havalarını Qərb aləti-musiqiyyəsi ilə çalmaq meylinə ehtiyac varmıdır? Buna cavab olaraq öz tərəfimizdən deyirik ki, bəli, ehtiyac var. Çünki Şərq musiqi alətimizin səda xüsusiyyəti ki, ona "tembr" deyirlər, bizcə, nə qədər məlih və munis olsa da, ənvainin azlığı və baxüsus özlərinin ibtidai və nakamil bir halda olmaları müxtəlif növlü və kamil "konstruk-siyalı" olan Qərb musiqi aləti istemalına məcburiyyət doğurur. Bundan əlavə, madam ki, biz Qərb musiqi alətinin çalğı təlimini musiqi məktəblərimizin proqramına daxil edirik ki, bu da doğrudur; bu aləti-musiqiyyədən öz musiqimizin tərəqqisi üçün mümkün olduqca böyük faydalar əxz etməliyik. "Şərq musiqisini Qərb musiqi aləti ilə icra etmək mümkündürmü?"- deyə irad edilən mühüm sualın cavabı aşağıdakı iki sualın cavablarından asılıdır.
1) Qərb aləti-musiqiyyəsini "tembr"i Şərq musiqisinə yaraşırmı?
2) Şərq musiqisində mövcud olan sədalar (tonlar) Qərb musiqi alətində tamamilə mövcuddurmu və pərdələri bir-birinə müvafiqdirmi?"
Onillər ötdü, Üzeyir bəyin zamanında publisistikasında bu sahədə qaldırılan məsələlərin həlli gerçəkləşdi. Onun fikirlərinə diqqət kəsilək: "Birinci suala gəldikdə, Qərb musiqiçiləri özləri nəfəs ilə çalınan alətdən "qaboy" və "ingilis nəfiri" deyilənlərini "tembr"cə Şərq musiqisinə daha uyğun hesab edib, "Şərq"i üslubdakı bəstələrinin çalınmasını bu alətə həvalə edirlər. Həqiqət, bu iki alətin səsləri, baxüsus "bəm"dəkiləri bir dərəcəyə qədər bizim "zurna" və "yastı balaban" dediyimiz alətimizin sədalarına yaxındır. Onlardan da, bunlardan da bir növ "tin-tin" səs çıxır ki, "melanxolik" təsiri vardır. Fəqət bunlardan əlavə sair Qərb aləti dəxi "tembr"cə Şərq musiqisini gözəlcə ifadə edə bilir. Məsələn, "vialon". Bizim kamançanın yoldaşı olan və qərb orkestrında birincilik dərəcəsində bulunan bu "instrument"də Şərq musiqisinə məxsus hər bir hava çalmaq olar və zənnimcə, bunun telləri üzərində "Segah" dəstgahı başqa dəstgahlara nisbətən daha müvəffəq bir surətdə çalına bilir. Telləri üzərində barmaq sürüşməsilə hasil olunan və musiqidə "helisando" deyilən vıyıltılardan istifadə ilə "Segah"ı gözəlcəsinə ifadə etmək olar. Dörd telindən hərəsinin xüsusi bir təsiri vardır.
Vialondan bir az böyük olan "alt" öz tutqun və kədərli "tembr"i ilə baxüsus "Çahargah" çalmağa yaraşan gözəl bir sazdır. Bunun telləri açıq və təhvərdən tutmuş hüzn, iştiyaq və sövdaya qədər müxtəlif hisslər oyatmağa qadirdir. Altdan çox böyük olub, çanağı iki ayaq arasında tutulub çalınan "violonçel"in füsunkar sədası Şərq dəstgahlarından, zənnimcə, "Şüştər", "Bayatı-Şiraz" və "Hümayun"u böyük bir müvəffəqiyyətlə ifadə edə bilər. Bədə nəfəs ilə çalınanlardan böyük "fleyt" bəmdə çalınanda "ney" sədasına bənzəyir. "Bayatı-İsfahan", yəni "Bayatı-Şiraz" üçün çox yaraşandır. Məşhur "klarnetin" "bəm" sədası "Çahargah" və miyanxanəsi isə "Hicaz", "Bayatı-kürd" və bunlara bənzəyən dəstgahlar üçün çox yaraşar. Nəhayət, nəfəslə çalınanlardan gurultulu sədaləri olan trumba və trombon "Rast", yumşaq səsli "korni"lər isə "Şur" dəstgahını lazımınca ifadə edə bilər..."

Uğur