1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı  törətdikləri soyqırım - 8-ci yazı Layihə

1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı  törətdikləri soyqırım - 8-ci yazı

Tarixçi alim Nazim Mustafanın “İrəvan quberniyasında azərbaycanlıların soyqırımı (1918-1920)” adlı araşdırmasında bildirilir ki, 1919-cu il avqustun 2-də M.Təkinski Azərbaycan hökuməti adından Ermənistanın xarici işlər nazirinə nota təqdim edir. Notanın əvvəlində M.Təkinski avqustun 1-də xarici işlər naziri M.Y.Cəfərova Böyük Vedi hadisələri ilə bağlı yazdığı faktları təkrar etdikdən sonra qeyd edir ki, bölgənin müsəlmanları onun yanına gələrək nəql edirlər və yazılı məlumat verirlər ki, İrəvan şəhərinin küçələrində, Zəngibasarın, Gərnibasarın və digər rayonların yollarında milis forması geymiş ermənilər müsəlmanları öldürür, əmlaklarını talan edir, müsəlmanların bağlarında ağacları doğrayır, bostanlarını və bağlarını ələ keçirirlər. Böyük Vedi ətrafında təqribən bir ay davam edən döyüşlər zamanı ev-eşiyindən didərgin düşən müsəlmanların yetişdirdikləri məhsulları ermənilər toplayıb aparmış, yerdə qalan məhsulu isə yandırıblar. Daha sonra M. Təkinski yazır ki, Ağzıbir, Məngüs, Milli Dərəsi və s. kəndlərin didərgin düşmüş sakinlərini Ermənistan hakimiyyətinin nümayəndələri “Ermənistana xəyanətdə” suçlayaraq onları öz doğma kəndlərinə buraxmırlar. Uzun sürən xahişlərdən sonra bəzi müsəlman kəndlərinin sakinləri öz kəndlərinə buraxılsalar da, ermənilər onların olub-qalan əmlaklarını talan etmiş, bir neçəsini öldürmüş, ona görə də müsəlmanlar dəhşət içərisində qaçıb canlarını qurtarmışlar. Onlar M.Təkinskidən xahiş edirlər ki, labüd ölümdən qurtulmaq üçün onların Azərbaycana köçürülməsi üçün yardım etsin.
Notanın sonunda M. Təkinski yazır ki, əgər Ermənistan hökuməti iki respublika arasında xoş münasibətlərin qurulmasını istəyirsə, Ermənistandakı müsəlmanlar üçün hüquqi zəmin yaratmalı, qatilləri və talançıları ciddi cəzalandırmalıdır.
Ermənistan ordusunun İrəvan quberniyasının azərbaycanlılar yaşayan bölgələrində silah gücünə həyata keçirdiyi etnik təmizləmə siyasətinə qarşı aparılan bütün diplomatik yazışmalar heç bir nəticə verməmişdi. Azərbaycanın xarici işlər naziri M.Y.Cəfərovun Ermənistanın xarici işlər nazirinə 22 sentyabr 1919-cu ildə göndərdiyi notada 1918-ci ilin yanvarından etibarən ermənilərin İrəvan quberniyası ərazisində törətdikləri vəhşiliklər xronoloji ardıcıllıqla öz əksini tapıb. Notada qeyd edilir ki, 1918-ci ilin yanvarından başlayaraq türk qoşunlarının gəlişinədək (yəni 1918-ci il iyun ayınadək – müəl.) İrəvan quberniyasında ermənilər 300 kəndi dağıdıb, orada yaşayan müsəlmanların (Azərbaycan Türklərinin – red.) çoxunu öldürüblər. 1918-ci ilin dekabrında İrəvan quberniyasından türklərin çəkilməsindən sonra Sasun polku İrəvan qəzasının Qaraxaç və Vediçay kənd icmalarının müsəlmanlarını tərksilah etmiş, Qədili, Şahablı, Qraxaç, Dəhnəz, Qarabağlar, Ağasıbəyli və s. kəndləri dağıdıb, demək olar, kəndlərin sakinlərinin hamısını öldürmüşlər. Eyni aqibətlə Milli Dərəsi rayonunun bəzi kəndləri də üzləşmişlər. Daha sonra notada qeyd edilirdi ki, təqribən həmin vaxt erməni ordusu Novo-Bəyazid qəzasının Basarkeçər rayonunun kəndlərini mühasirəyə almış, Qızılvəng, Subatan, Zağalı kəndlərinin əhalisini qırıb. Şahab kəndində uşaqları təndirə atıb yandırıblar. Yuxarıda adları çəkilən rayonların müsəlmanlarının məhv edilməsindən sonra ermənilər Eçmiədzin və Sürməli qəzalarının bir sıra kəndlərinin müsəlmanlarını məhv etmişlər.
Avqustun 17- də Ermənistan administrasiyası erməni milislərinin bilavasitə iştirakı ilə Eçmiədzin, Sürməli, İrəvan və Novo-Bəyazid qəzalarında müsəlmanları (Azərbaycan Türklərini – red.) qırmağa başlayıb. Müsəlman Milli Şurasının və ölümdən qurtulan müsəlmanların verdikləri məlumata görə, avqustun 17-də Eçmiədzin qəzasının Canfida kəndinə qəza komissarının başçılığı altında milislər gəlmiş, kəndin müsəlmanlarını toplamış, qadınları kişilərdən ayırmış, əhalinin bütün əmlakını talan edərək əvvəlcədən Kərim-Arxı müsəlman kəndindən gətirdikləri dəvələrə yükləyərək aparmışlar. Kəndi talan etdikdən sonra kişiləri Araz çayına aparıb orada öldürmüşlər. Erməni silahlı dəstələri sonra Kərim-Arxı kəndinə gedərək Canfida kəndində törətdiklərini orada da törətmiş, qadınları Qurduqulu kəndinə aparmışlar. Azərbaycanın xarici işlər nazirinin notasında daha sonra qeyd edilirdi ki, 1919-cu il avqustun 17-dən 31-nə qədər qısa müddət ərzində Ermənistan administrasiyası Eçmiədzin, Sürməli, İrəvan və Novo-Bəyazid qəzasının 50-yə yaxın kəndini tar-mar edib, əhalisini öldürüb.
Notada İrəvan quberniyasında törədilən qırğınlara qarşı Ermənistan parlamentinin Sosialist-İnqilabçılar Partiyasından olan erməni üzvünün parlamentdə verdiyi sorğudan iqtibas gətirilib. Erməni deputat demişdi: “Cənab Parlament sədri. Xahiş edirik daxili işlər nazirinə belə bir sorğu verəsiniz. Cənab nazirə məlumdurmu ki, son üç həftə ərzində Ermənistan Respublikasının İrəvan, Eçmiədzin və Sürməli qəzalarının bir sıra tatar (Azərbaycan - türk-red.) kəndlərində - məsələn, Tayçarıx icmasının Paşakənd, Təkərli, Qorux-Güney, Üləşik kəndləri, Ərzəkənd icmasının Ağverən, Dəlilər, Nur-Nus və Əlibəy kəndləri, Eçmiədzin qəzasının Canfida, Kərim-Arxı, Hacar, İydəli, Qarxın, Aralıx Kolanı kəndləri talanlara və qırğınlara məruz qoyularaq əhalisi tatarlardan (Azərbaycan – türklərindən-red.) təmizlənib. Yerli administrasiya nəinki bunların qarşısını almayıb, hətta onun özü baş verən soyğunçuluqda və talançılıqda iştirak edib. Bu hadisələr yerli əhalidə çox ağır təəssürat buraxıb, onlar bu talançılığa və özbaşınalığa nifrətlə baxırlar, onlar öz qonşuları ilə sülh şəraitində yaşamaq istəyirlər və məhkəmədən cəzasız qalan təqsirkarlara layiqli cəza verilməsini tələb edirlər. Əgər bütün bunlar daxili işlər nazirinə məlumdursa, onda o, özbaşınalıqların və zorakılıqların aradan qaldırılması üçün hansı tədbirlər görüb? Sual təcili hesab edilsin. Ermənistan Parlamentinin Sosialist-İnqilabçılar fraksiyası”.
22 sentyabr tarixli notanın sonunda qeyd edilirdi ki, Ermənistan administrasiyasının və erməni hərbi hissələrinin sistemli şəkildə Sürməli, Eçmiədzin, İrəvan və Novo-Bəyazid qəzalarında azərbaycanlıların yox edilməsini Azərbaycan xalqı hiddətlə qarşılayır, Azərbaycan hökuməti müsəlman kəndlərinin talan edilməsində, törədilən vəhşiliklərdə Ermənistan hökumətinin məsuliyyət daşıdığını qeyd edir və ondan tələb edir ki, bütün bunlara son qoysun.
M.Y.Cəfərov sentyabrın 22-də Ermənistanın xarici işlər nazirinə göndərdiyi notanın surətini Müttəfiq dövlətlərin Ali Komissarı, polkovnik V.Haskelə də göndərmiş, ondan İrəvan quberniyasında törədilən qanunsuzluqlara son qoyulması üçün ən ciddi tədbirlərin görülməsini xahiş etmiş, eyni zamanda günahkarların cəzalandırılması üçün beynəlxalq istintaq komissiyasının yaradılmasını təklif etmişdi.
Məhəmməd xan Təkinski Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi vəzifəsindəın istefa etdikdən sonra bu vəzifəyə 24 avqust 1919-cu ildə görkəmli Azərbaycan yazıçısı və ictimai-siyasi xadimi Əbdürrəhim bəy Haqverdiyev təyin olunmuşdu.
Eçmiədzin qəzasında avqust-sentyabr aylarında baş vermiş hadisələrin istintaq edilməsi ilə bağlı Azərbaycan hökumətinin tələbinə əsasən Ermənistan hökumətinin 16 oktyabr 1919-cu ildə Ali Komissar polkovnik Haskelə göndərdiyi məktubda İrəvan quberniyasında erməni ordusunun törətdiyi qırğınlara dolayısı ilə haqq qazandırılırdı. Məktubda deyilirdi: “Avqustun əvvəllərində Naxçıvanda və Şərurda müsəlmanların üsyanının baş qaldırmasından sonra Eçmiədzin qəzasında da Ermənistan hökuməti əleyhinə üsyanlara hazırlıq barədə məlumat daxil olub. Yerlərdən alınan məlumatlarda bildirilir ki, bölgəyə çoxlu sayda Türkiyə və Azərbaycan agentləri gəliblər və ayrı-ayrı türk zabitləri müsəlman kəndlərinə toplaşaraq müsəlman əhalini Naxçıvan və Şərur üsyanlarına qoşulmaq üçün hədə-qorxu gəlirlər.” Daha sonra məktubda qeyd edilirdi ki, çobankərəlilər avqustun 19-da 4 erməni polisini öldürüblər. Avqustun 20-də üsyançı qarxınlılar körpünü yandırıblar. Avqustun 23-də üsyançıların Qamışlı kəndindən Qarxına axışdıqları, müsəlmanların Uluxanlıda toplaşdıqları, avqustun 26-da Kərimarx kəndinin tatarlarının da üsyançılara qoşulduğu qeyd edilirdi. Guya Qurduqulu (sonralar Hoktemberyan) rayonunda iğtişaşların baiskarının Canfida və İydəli kəndlərinin azərbaycanlıları olublarmış. Canfida kəndinin müsəlmanlarını Ermənistan hökumətinə tabe olmağı tələb edən zaman atışma baş verdiyi, bir neçə erməni milisionerinin yaralandığı, 16 azərbaycanlının öldürüldüyü, Kərimarx kəndinin əli silah tutan kişilərinin kəndi tərk edərək üsyançılara qoşulduqlarından 480 qadın, qoca və uşaq kənddən sürüldüyü (əslində, girov götürüldüyü-müəl.) həmin məktubda etiraf edilmişdi.
Himayədarlıq Nazirliyinin (Ümuri Xeyriyyə Nazirliyi) Ermənistandakı müvəkkili Teymur bəy Makinskinin 11 noyabr 1919-cu ildə Himayədarlıq Nazirliyinə məruzəsində Ermənistan hökumətinin əsl siması açılırdı: “1918-ci ilin fevralından davam edən qırğınlar nəticəsində 0,5 milyon əhali dilənçi vəziyyətinə düşüb. (Naxçıvan qəzasından, Şərur məntəqəsindən, Sürməli məntəqəsinin 2-ci və 3-cü polis sahələrindən və Zəngibasar rayonundan başqa). Həmin ərazilərdə müsəlman əhali hər şeyini itirib. Dağıntıya məruz qoyulan rayonlarda əhali 200 min nəfərdən artıqdır. Onlar xəstəlikdən və aclıqdan məhv olurlar, dəfələrlə talanlara və qırğınlara məruz qalıblar. Bu kateqoriyaya İrəvan şəhərinin müsəlmanları, Zəngibasarın Göykümbət, Arbat, Ağcaqışlaq və Çarbax kəndləri aiddir. Qəti demək olar ki, ölənlərin sayı 100-120 min nəfərdir. 50 min nəfər Azərbaycana qaçqın kimi gəlib. Təqribən bir o qədər İrəvanda, Zəngibasar rayonunda, Sürməli qəzasının 2 məntəqəsində və Eçmiədzində yaşayırlar. Qalan qaçqınlar Naxçıvan qəzasına, Şərur məntəqəsinə, Sürməli qəzasının 3-cü sahəsinə və Qars vilayətinin Qağızman dairəsinə sığınıblar. Bəziləri Maku xanlığına və Türkiyə ərazisinə köçüblər. İndiki məqamda 50 min nəfərə ərzaq yardımı (un, taxıl və çörək şəklində) göstərilməlidir. İrəvan şəhərində aclıq keçirən əhalinin sayı 8 min nəfərdir”.

Elçin Qaliboğlu