1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı  törətdikləri soyqırım - 9-cu yazı Layihə

1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı  törətdikləri soyqırım - 9-cu yazı

25 oktyabr 1919-cu ildə Cənubi Qafqazdakı müttəfiq dövlətlərin Ali komissarı, ABŞ ordusunun baş qərargahının polkovniki V.Haskel Şərur və Naxçıvan dairələrini əhatə edən ərazidə Amerika general-qubernatorluğu yaradıldığını elan edir. Polkovnik Edmund Delli zonanın qubernatoru təyin edilir. Azərbaycan və Ermənistan hökumətlərindən tələb edilirdi ki, dərhal öz qoşunlarını (əgər varsa) general-qubernatorluğun ərazisindən çıxarsın. Bölgənin idarəçiliyinin azərbaycanlı və erməni əhalisinin sayına nisbətdə təmsil olunmaq şərti ilə yeni təsis ediləcək Mərkəzi Şuraya həvalə edilməsi qərara alınmışdı.
Tarixçi-alim Nazim Mustafanın “İrəvan quberniyasında azərbaycanlıların soyqırımı (1918-1920)” adlı araşdırmasında bildirilir ki, 1919-cu il noyabrın 23-də Tiflisdə üç Cənubi Qafqaz respublikasının təmsilçilərinin iştirakı ilə sülh konfransı keçirilir. Ermənistanla Azərbaycan arasında bağlanan sazişi Azərbaycan və Ermənistanın baş nazirləri N.Usubbəyov və A.Xatisov, təminatçı sifəti ilə ABŞ tərəfindən Ceyms Rey və Gürcüstanın xarici işlər naziri E.Gegeçkori imzalamışdılar. Sazişi imzalamaqla Ermənistan və Azərbaycan hökumətləri razılığa gəlmişdilər ki, bundan sonra silaha əl atmayacaqlar, hər iki hökumət Zəngəzura gedən yolların açılması üçün tədbirlər görəcək, sərhəd məsələləri də daxil olmaqla bütün mübahisəli problemlər sülh konfransının qərarına qədər yalnız sülh yolu ilə həll ediləcək, barışıq əldə edilmədikdə polkovnik Ceyms Rey münsiflər məhkəməsi sifətində tədbirlər görəcək, danışıqlar aparmaq üçün iki ölkə bərabər sayda nümayəndələr seçəcək və mübahisəli məsələlər müzakirə ediləcək, tərəflər bu sazişin müddəalarına vicdanla əməl edəcəklər. Lakin əvvəllər olduğu kimi, bu dəfə də ermənilər yaranmış fürsətdən istifadə edərək yeni-yeni Azərbaycan ərazilərin işğal etmişdilər.
Xarici işlər naziri M.Y.Cəfərov dekabrın 3-də Ermənistan XİN-nə göndərdiyi teleqramda bildirirdi ki, “noyabrın 23-də Azərbaycan hökuməti ilə Ermənistan hökuməti arasında razılaşma əldə edilib ki, hərbi toqquşmalar dərhal dayandırılsın və bütün mübahisəli məsələlər Ermənistan-Azərbaycan sülh konfransının sərəncamına verilsin. Buna baxmayaraq, indicə məlumat alınıb ki, sizin hökumətin qoşunları Zəngəzur qəzasının Oxçupir, Davidan, Atqız, Şəbədək, Anişu və Quşçular kəndlərini dağıdıb kütləvi qırğınlar törədib, Girətag və onun ətraf kəndləri mühasirəyə alınıb və ətrafla əlaqələri kəsilib. Dərələyəz qəzasında isə Köçbəy, Qısır, Martiros, Qayalı, Leyliqaçan, Vəlyalar, Göyərçin, Çaykənd və İtdil kəndlərinə hücum zamanı 300 kişi öldürülüb və 30 qadın əsir götürülüb. Həmin istiqamətdə nizami qoşunların göndərilməsi davam edir. Azərbaycan hökuməti adından tələb edir ki, qoşunların göndərilməsini dərhal dayandırsın və müsəlman kəndlərinin dağıdılmasına son qoysun”. Lakin erməni tərəfi Azərbaycanın tələblərinə məhəl qoymadan işğalı davam etdirmiş və 1920-ci il yanvarın 21-dən 26-dək Zəngəzurun 3-cü sahəsində 48, 4-cü sahəsində 3 kəndi işğal edərək bütün kəndlərinin işğalını başa çatdırmışdı.
Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsinin himayədarlıq nazirinə göndərdiyi məktubda dekabrın 20-də Tiflisdə İrəvan quberniyası və Qars vilayətindən gələn qaçqınların söylədiklərinə əsasən tərtib edilmiş protokolun mətni əks olunub. Protokolda qeyd edilir ki, qaçqınlara yardım göstərilməsi üçün Himayədarlıq Nazirliyinin Sənaində, Aleksandropolda (Gümrü), Qars vilayətində və Uluxanlı stansiyasında qaçqınların qəbulu və göndərilməsi üçün məntəqələr açılmalıdır. Əbdürrəhim bəy Haqverdiyevin, nümayəndəliyin əməkdaşları Abbasəli bəy Makinskinin və Nəsrulla Şeyxovun verdikləri məlumatdan bəlli olurdu ki, Araz və Tarasum çaylarının o biri sahilində, Uluxanlı stansiyasından 17 verst məsafədə, daha təhlükəsiz yerdə mal-mülkü talan edilib və tamamilə yandırılmış 50 min qaçqın toplaşıb. Nümayəndəliyin sərəncamında 14 nəfər əməkdaş var ki, onların da vəzifəsi İrəvandakı qaçqınları himayə edərək, onları təhlükəsiz yerlərə göndərməkdən ibarətdir. İrəvandan 20 verstdən artıq uzaq məsafədə olan qaçqınların isə taleyin hökmünə buraxıldıqları da protokolda qeyd edilirdi.
Himayədarlıq Nazirliyinin müvəkkili Abbasəli bəy Makinskinin (Teymur bəy Makinskinin əmisi oğlu idi) və doktor Qənizadənin 21 dekabr 1919-cu ildə nazirliyə göndərdikləri hesabatlar əsasında hazırlanan məruzədə bildirilirdi ki, 1919-cu ilin payızına qədər İrəvan quberniyasında və Cənub-Qərbi Azərbaycanda qaçqınların sayı 150 minə çatır. İrəvan qəzasında 25 mindən artıq, Eçmiədzin qəzasında da bir o qədər, İrəvan şəhərində 13 min qaçqın və yerli əhali toplanıb. Novo-Bəyazid qəzasında Göyçə gölünün şərq sahili istisna olmaqla, müsəlman qalmayıb. Bütün qaçqınların sayının 70-80 min arasında olduğu və onların əsasən Böyük Vedi, Aralıx, Başkənd, Yengicə və Naxçıvanda cəmləşdikləri qeyd edilirdi. A.Makinski qaçqınların vəziyyətinin həddindən artıq ağır olduğunu çörək tapılmadığını, müsəlman kəndlərində Türkiyədən gələn erməni qaçqınlarının məskunlaşdığını, ev sahiblərinin isə evsiz-eşiksiz, ac-yalavac qaldıqlarını bildirirdi.
Məruzədə həmçinin təkcə 1919-cu ilin avqustun 2-ci yarısında Eçmiədzin, Novo-Bəyazid və Sürməli qəzalarında 50-dən artıq müsəlman kəndinin dağıdıldığı öz əksini tapıb. Ermənistan ordusunun növbəti hədəfi özünümüdafiə dəstələrini güclü olduğu Zəngibasar bölgəsi idi. Azərbaycan XİN-in dekabrın 27-də Ermənistan XİN-nə göndərdiyi teleqramda deyilirdi: “Bu gün aldığımız məlumata görə dekabrın 21-də Ermənistan hökuməti Zəngibasar rayonunun müsəlmanlarına qarşı hərbi əməliyyatlara başlayıb. Həmin gün Qarğabazar kəndi talan edilib və dağıdılıb. Ayın 22-də həmin aqibəti Uluxanlı kəndi yaşayıb. İndi döyüşlər Çobankərə və Qaraqışlaq kəndlərində gedir. Əgər bunlar doğrudursa, deməli, Ermənistan hökuməti danışıqları pozub. Azərbaycan XİN Ermənistan XİN-ə Zəngibasarın müsəlman kəndlərinə ermənilərin hücumlarını dayandırmaq haqqında teleqramın surətini Fransanın və İtalyanın hərbi missiyalarına, Müttəfiq dövlətlərin Qafqazdakı Ali Komissarına və Britaniyanın Ali Komissarına da göndərmişdi.
Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəliyindən Mir Mahmud Mirbabayev 25 yanvar 1920-ci ildə Azərbaycan XİN-ə göndərdiyi məxfi məktubunda göstərirdi: “Erməni silahlı birləşmələri Zəngəzurun müsəlmanlardan tamamilə təmizləməklə Paris Sülh Konfransını fakt qarşısında qoymaq istəyirlər. Zəngəzurda Oxçu, Şabadin və Gığı dərəsindəki kəndləri viran qoyan ermənilərin məqsədi Ordubad istiqamətində irəliləyib Əylisdəki qüvvələrlə birləşdikdən sonra Naxçıvanı ələ keçirməkdir. Vedibasar hadisələrindən sonra general Dro (Drastamat Kanayan) Eçmiədzin və Sürməli qəzalarının rəisi təyin edilmişdi. Çox keçmədi ki, 60-dan artıq müsəlman kəndi tar-mar edildi və əhalisi qətlə yetirildi.
Dro oradan Zəngəzura yollanır. İran tərəfi ingilislər və ermənilərlə əlaqəyə girərək, böyük şirnikləndirici vədlər verməklə naxçıvanlıları İrana köçürməyə təşviq edir ki, Naxçıvan zəifləsin və ermənilər oraya soxulmaq imkanı qazansınlar. Naxçıvan təşkilatının fəaliyyəti (Milli Şura və yaxud Araz-Türk hökuməti nəzərdə tutulur-müəllif) Böyük Vedi və Aralıq rayonlarını əhatə edir, Zəngibasarla əlaqə qurulub. Sürməli və Eçmiədzində törədilən qırğınlardan sonra Zəngibasar əhalisi silahlanmaq məcburiyyətində qalır və hərbi təlimlər keçirmək üçün təlimatçılar dəvət edir. Zəngibasarda 12 kənddə tamamilə müsəlmanlar yaşayırdı və İrəvandan 8-12 verst məsafədə yerləşirlər və bir ucu Araz çayına çatırdı.
Təqribən dekabrın 20-də ermənilər Kolanı kəndinə hücum edib, əhalini kənddən çıxarmaq istəmişlər. Bu kənddə 800 müsəlman-qaçqın üçün Amerikanın qida məntəqəsi fəaliyyət göstərirdi. Sonra ermənilər Qarğbazar kəndinə hücum etmişlər. Dekabrın 28-də ermənilər Eçmiədzin qəzasının Əkərək kəndini dağıtmışlar. Mən Amerikalılarla oraya getdim. Əhalinin əmlakını və zərərçəkənləri aparmışlar. 8 ölü və 5 yaralı aşkar etdik, bir çoxlarının aqibəti isə hələ də məlum deyil. 10 gün keçməmiş ermənilər Haxıs kəndinə hücum etmişlər. Toxanşalı kəndi ikinci dəfə hücuma məruz qalıb. İrəvan şəhərində müsəlmanların vəziyyəti daha ağırdır: müsəlman mağazaları yoxdur, evlər dağıdılıb, təhlükəsiz yaşayış üçün heç bir zəmanət yoxdur”.
Azərbaycanın İrəvandakı diplomatik nümayəndəliyinin təmsilçisi Mir Mahmud Mirbabayevin 1919-cu il dekabrın 29-da Azərbaycan XİN-ə göndərdiyi şifrəli
teleqramda bildirilirdi ki, İrəvan-Zəngibasar yolunda, bağların qurtaracağında 6 azərbaycanlı öldürülüb. Meyitləri qayadan atmışlar və eybəcər hala salınıb. Mirbabayevlə birlikdə bir ingilis də hadisə yerində olub. Şəkillər çəkilib. Bütün bunlar haqqında İrəvandakı Amerika heyətinə məlumat verilib. Onlar da Tiflisə raport göndərilməsinə vəd vermişlər. İran konsulu isə meyitlər gətirilən məsciddə olub. Hadisəyə şahidlik edən iki qadın istintaqda ifadə vermək üçün aparılıb.
İrəvan quberniyasının Zəngibasar rayonunun müsəlmanlarının müvəkkilləri Mir Mahmud Mirbabayev və Məhəmməd Rzayev 3 yanvar 1920-ci ildə Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyinə göndərdikləri məktubda Müttəfiq dövlətlərin Ali Komissarı ilə görüşə bilmədiklərindən, onların Zəngibasar müsəlmanlarının vəziyyətinə dair məruzələrini Ali Komissara çatdırmağı xahiş edirdilər. Onlar hər bir gecikilən saatın minlərlə müsəlman ailəsinin məhvinin demək olduğunu öz müraciətlərində ifadə edirdilər.
Azərbaycan Parlamenti 5 yanvar 1920-ci ildə keçirilən iclasında qaçqınların məsələsi müzakirə edilmiş, Ermənistandan 300 min qaçqının Azərbaycana gəldiyi qeyd olunmuşdu. Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəliyindən Ermənistan XİN nazirinə göndərilən 12 fevral 1920-ci il tarixli müraciətdə deyilirdi ki, fevralın 6-dan 7-nə keçən gecə ermənilər Uluxanlı stansiyasından 5-6 verst məsafədə yerləşən Qarğabazar kəndinə hücum etmişlər. Əhali vahimə içərisində müxtəlif səmtə üz tutub. Fevralın 7-si səhər ermənilər kəndi ələ keçirib, onu talayıb, müxtəlif tərəflərdən kəndi yandırıb və çəkilmişlər. Kənddən 13 kişini, 34 qadını, 26 uşağı öldürmüşlər. 38 kişini və 15 uşağı özləri ilə aparmışlar. Kəndə vurulan ziyanın miqyası təqribən 15 milyondur. Ermənilərin geri çəkilməsindən sonra sağ qalanlar kəndə qayıtmışlar ki, meyitləri dəfn etsinlər. Ermənilər müxtəlif mövqelərdən kəndi atəşə tutur və imkan vermirlər ki, çöllərə səpələnmiş meyitləri yığsınlar...
Elçin Qaliboğlu