Uşaq Televiziyasının yaradılması niyə ləngiyir? Layihə

Uşaq Televiziyasının yaradılması niyə ləngiyir?

"Bu ideyanı reallaşdırmazdan əvvəl kadr və baza çatışmazlıqları aradan qaldırılmalıdır"

Bu gün Azərbaycan ailələrində uşaqlar əsasən Türkiyənin, Rusiyanın müxtəlif uşaq telekanallarına baxırlar. Balacalar günlərinin çoxunu ekran qarşısında bu kanalları seyr etməklə keçirirlər. Bu isə onların həm dünyagörüşünə, həm danışıq vərdişlərinin formalaşmasına, həm də düşüncə tərzinə öz təsirini göstərir. Bu kanalların hər biri həmin ölkələrin öz auditoriyasına hesablandığından onların təbliğ etdikləri dəyərlər də bu xalqların mentalitetinə və maraqlarına uyğun formalaşıb.
Bu baxımdan ölkəmizdə də körpələrimizin milli ruhda böyüməsinə xidmət edəcək bir uşaq kanalının yaradılması vacib hesab olunur. Ancaq çox təəssüflər ki, Azərbaycanda uşaq mətbuatı sahəsində ciddi problemlər mövcuddur. Həm uşaq nəşrlərinin, həm də telekanallarda yayımlanan uşaq verilişlərinin səviyyəsi qənaətbəxş sayıla bilməz. Bəzi ekspertlər ayrıca uşaq televiziyasının açılmasına ehtiyac duyurlar. Hətta uşaqlarla bağlı verilişlərin azlığı və verilişlərin xaricdən gətirilərək yerli telekanallarda göstərilməsi artıq millət vəkillərini də narahat etməyə başlayıb.
Televiziyalarda getdikcə uşaq verilişlərinin sayının azalması və keyfiyyətinin aşağı düşməsi ciddi problemdir. "Uşaq və Gənclər"İctimai Birliyinin sədr müavini Fidan Kərimli deyib ki, yerli istehsalın az olması və uşaqların daha çox xarici uşaq filmləri və cizgi filmlərinə baxması onlarda aqressiya yaradır: "Əvvəl heç belə hallarla qarşılaşmırdıq. Çünki indi uşaqların baxdığı yalnız cizgi filmləridir. Əlavə hər hansı onlara informativ məlumatlar verəcək verilişlər yoxdur. Nəticədə onlarda aqressiya yaranır. Məsələn, uşaq nəyəsə hirsli olanda deyir ki, onu öldürmək istəyirəm. Səbəbini və haradan öyrəndiyini soruşanda, deyir ki, "Ben Ten"ə baxmışam". Yəni əcnəbi cizgi filmlərin onlara mənfi təsir göstərir".
Qeyd edək ki, bütün bu problemlərin həll olunması üçün uşaq televiziyasının yaradılmasının vacibliyi dəfələrlə müzakirə olunub. Amma nədənsə bu məsələ reallaşmayıb.
F. Kərimli uşaq televiziyasının yaradılması ilə bağlı layihələrinin olduğunu, lakin hələ həyata keçirə bilmədiklərini vurğulayıb. "Hazırda bu, layihə prosesindədir, biz onun reallaşdırılması üçün maliyyə axtarırıq. Ümumiyyətlə gələcəkdə planımız var ki, efir televiziyası olmasa belə, internet uşaq televiziyası yaradaq. Layihə reallaşmadığı üçün o haqda geniş məlumat verə bilmərəm. Sadəcə onu deyə bilərəm ki, onlayn formatda yaradılacaq uşaq televiziyasını uşaqlar idarə edəcək", -deyə təşkilatın sədr müavini əlavə edib.
Onu da əlavə edək iki, millət vəkilləri də uşaq televiziyasının yaradılmasının vacibliyini önə çəkiblər. Millət vəkili Musa Qasımlı bildirib ki, ölkədə uşaq televiziyası yaradılmalıdır, bu, vacibdir: "Bu böyük maliyyə və texniki avadanlıq tələb etsə də, nəticədə reallaşması məqsədəuyğun olar".
Milli Məclis sədrinin müavini Bahar Muradova deyib ki, "Azərbaycanda uşaq televiziya kanalının yaradılmasına nail olacağıq". Vitse-spiker bildirib ki, uşaq hüquqlarının müdafiəsi dünyada hər bir dövlət, o cümlədən Azərbaycan üçün prioritet istiqamətlərdəndir: "Gələcəyimiz uşaqların əlindədir. Gələcəkdə onların əldə edəcəyi uğurlar biz böyüklərin göstərdiyi xidmətdən asılıdır. Biz uşaq hüquqları ilə bağlı bir sıra qanunlar qəbul etmişik. Milli Məclis ali qanunverici orqan kimi uşaq hüquqlarının təmin edilməsinə, bu yöndə qanunvericilik bazasının təkmilləşdirilməsinə çox ciddi önəm verir. Təsadüfi deyil ki, parlament uşaq hüquqları ilə bağlı bütün sazişlərə, konvensiyalara qoşulub, lazımi qanunları qəbul edib".
Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra uşaq hüquqlarının qorunması istiqamətində mühüm işlər görülüb: "Biz ölkədaxili siyasət aparmaqla yanaşı, beynəlxalq təşkilatlarla da əməkdaşlığı yüksək səviyyədə inkişaf etdirməyə çalışırıq. UNİCEF-lə əməkdaşlığa xüsusi diqqət yetiririk. Ölkədə uşaq hüquqlarının qorunması o zaman geniş vüsət aldı ki, bununla bağlı qurum yaradıldı. Bu sahədə qazanılan təcrübənin öyrənilməsi UNİCEF-ə üzv olan digər dövlətlər üçün də maraqlıdır. Uşaq hüquqlarının və gender bərabərliyinin qorunması ilə bağlı qəbul edilən maddələr çox təqdirəlayiqdir". Vitse-spiker deyib ki, Azərbaycanda daim uşaqlara xüsusi münasibət göstərilib, həmçinin ailə institutu çox möhkəm olub: "Gələcəkdə də hansısa qlobal problemlərin, faktorların bu amilə təsir edəcəyi ehtimalını qəbul edə bilmərik".
Bəs hansı səbəblərə görə, uşaq televiziyasının yaradılması ləngiyir? Media eksperti Zeynal Məmmədli belə kanalın yaradılmasının real olmadığı məqamlara aydınlıq gətirib: "Düşünürəm ki, indiki şərtlər daxilində uşaq telekanalının yaradılmasına ehtiyac yoxdur. Azərbaycanın reklam bazarı, media bazarı haqqında məlumatımız yoxdur, medianın özünün problemləri var. Uşaq kanalının yaradılması üçün kadrlar və ilk növbədə media psixologiyasını öyrənən, media auditoriyasını yaşına görə özəlliklərinə bələd olan kadrlar lazımdır. Bir telekanal yaratmamışdan öncə ortalıqda aktual bir veriliş olmalıdır. Necə gerçəkləşəcək, bunun üçün qüvvə varmı və cəmiyyətin buna ehtiyacı nə qədərdir". Z.Məmmədli bildirib ki, hətta maliyyə tapılsa belə, bütün bu işlər görülmədən uşaq televiziyasının yaradılması, "Mədəniyyət" kanalının gününə düşməsi ilə nəticələnəcək: "Özünüz düşünün, "Mədəniyyət" kanalı yaranandan sonra Azərbaycan mədəniyyətində nə dəyişiklik oldu?! Deyə bilərsinizmi, hansı ciddi diskussiyalar getdi?! İnsanların mədəni potensialında artım müşahidə olundu?! Bütün bunların pərdəarxası ciddi məqamları araşdırılmalıdır. Əgər İTV-nin, AzTV-nin uşaq redaksiyaları varsa, dövlət büdcəsindən onlara böyük maliyyə vəsaiti ayrılırsa, ortaya nə çıxarırlar?! Uşaqlarla bağlı sənədli filmlərmi çəkirlər?! Uşaqlara valideynlərlə, yaşlılarla münasibətlərimi aşılayırlar?! Dünyanın bir hissəsi kimi dünya ilə ünsiyyətəmi hazırlayırlar?! Bütün bunlar olmayandan sonra bu mövzu ətrafında danışmaq "Saman çöpündən yapışmaq" təsiri bağışlayır".
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli də hesab edir ki, Azərbaycanda uşaq televiziyasının açılması ən vacib məsələlərdən biridir: "Vaxtı ilə biz də Azərbaycanda uşaq televiziyasının yaradılması ilə bağlı məsələ qaldırdıq və hələ də Azərbaycanda belə bir televiziya kanalına ciddi ehtiyac olduğunu düşünürük. Ancaq bir məsələ var ki, yaradılacaq uşaq televiziyası da İdman Azərbaycan və Mədəniyyət kanalına oxşayacaqsa, onu yaratmağın heç bir mənası yoxdur". Uşaq televiziyasının idarə olunmasının yüksək peşəkarlıq tələb etdiyini bildirən ekspert vurğulayıb ki, "televiziya yaradılsa belə, bizdə uşaqlarla bağlı efirə gedəcək material yoxdur. Əgər biz indiki telekanallar daxilində uşaq verilişləri hazırlaya bilmiriksə, heç olmasa, gündə normal bir saat uşaq verilişləri efirdə getmirsə, hansı təminatımız var ki, uşaq televiziyası digər televiziyalara bənzəməyəcək".
Onun fikrincə, bütöv bir televiziya efirini tutacaq verilişlərimiz yoxdur: "Ümumiyyətlə, son zamanlar Azərbaycanda uşaqlarla bağlı çox az sayda efir məhsulu yaradılıb, uşaq filmləri, cizgi filmləri demək olar ki, yoxdur. Müxtəlif yaş kateqoriyalarına uyğun kinofilmlərimiz də həmçinin. Bu sahədə çox ciddi problemlərimiz olduğu üçün indiki dövrdə ayrıca uşaq kanallarının yaradılacağını real hesab etmirəm. Amma Musa müəllimin təklifi təqdirəlayiqdir. Ancaq çox təəssüf ki, baza olmadığı üçün biz bunu sadəcə təşəbbüs kimi dəyərləndirə bilirik".
Dünya təcrübəsindən nümunə gətirən ekspert vurğulayıb ki, xarici ölkələrdə, o cümlədən də qardaş Türkiyədə bu proses özünü doğruldub və hər bir uşaq kanalının da kifayət qədər tamaşaçısı var. Q.Məhərrəmlinin sözlərinə görə, prinsipcə, hansısa uşaq fondu və ya təşkilatlarının yardımı ilə belə bir kanal yaratmaq olar. Sadəcə, bu ideyanı reallaşdırmazdan əvvəl kadr və baza çatışmazlıqları aradan qaldırılmalıdır".
Azərbaycanın televiziya və internet məkanında uşaqların marağını cəlb edəcək xeyirli kontent yox dərəcəsindədir. Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hüquq və insan resursları şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib ki, dünyada uşaqların diqqətini cəlb edəcək, psixologiyasına şüuraltı təsir göstərəcək pozitiv televiziya və internet kontentinin yaradılmasına böyük əhəmiyyət verilir. Bu istiqamətdə psixologiya, marketologiya və s. sahələr üzrə mütəxəssislər işləyir. "Bəzən böyüklərin fikrincə, mənasız olan bir multiplikasiya filmi uşaqların böyük rəğbətinə və diqqətinə səbəb olur. İstehsalçı ölkələr isə bunu iqtisadi nöqteyi-nəzərdən gəlir mənbəyinə çevirməyə nail olurlar. Personajların özlərindən tutmuş, geyim və əşyalarınadək istehsal edilir, bundan külli miqdarda gəlir əldə olunur və eyni zamanda bu, uşaqlara istənilən məlumatı şüuraltı səviyyədə ötürməyə imkan verir. Xüsusi metodologiyalardan istifadə edərək uşaq psixologiyasına uyğun gələn kontent hazırlanır. Azərbaycanda isə uşaqlar üçün nəzərdə tutulmuş və onların diqqətini çəkən internet resurslarının, multiplikasiya filmlərinin sayı məhduddur. Məhz buna görə də onlar daha çox türkdilli resurslara və kontentə üz tuturlar", - deyə B. Məmmədov qeyd edib.
Qeyd edək ki, artıq bir neçə ildir ki, Milli Teleradio yayım Şurası Azərbaycanda uşaqlar üçün televiziya kanalının yaradılması ətrafında müzakirələr aparır. Lakin bu məsələ hələ də öz həllini tapmayıb.

Əli