Azərbaycan mətbuatının fədailəri Layihə

Azərbaycan mətbuatının fədailəri

Ə.Müznib: "Mətbuatın kəlamı əsrin kəlamı olmalıdır"

XX yüzilin əvvəllərində Azərbaycan mətbuatının inkişafında müxtəlif meyllər müşahidə olunurdu. Bu baxımdan mətbuat tarixində Haşım bəy Vəzirovun özünəməxsus xidmətləri var. Bu yazıda Azərbaycan mətbuat tarixinin tanınmış araşdırmaçılarından olan Akif Aşırlının qənaətlərinə əsaslanacağıq. O, bildirir ki, H.Vəzirov çətin və mürəkkəb şəraitdə "Təzə həyat"ın çapına razılıq alır. 1907-ci ilin aprel ayının 1-də qəzetin ilk sayı işıq üzü görür. Qəzetin "Məqsədimiz" adlı baş yazısında vurğulanırdı: "Təzə həyat" öz məsləkində bir an hürriyyət, müsavat, ədalət və bunların eyni olan islamiyyət caddasından xaric olmayacaq. Bu halda nəinki Rusiya müsəlmanlarının, bəlkə cəmi aləmi-islamın həyatı, dolanacağı və məişətləri tazə bir şəklə düşüb və düşür. Ona görə də "Tazə həyat" müsəlmanların bu tazə məişət şərtlərinə düşməyə, bu yolda nə sayaq ilə getmək lazımdırsa, həmin yola çəkməyə xidmət edəcəkdir".
A.Aşırlı qeyd edir ki, H.Vəzirovun yaradıcılığında və "Təzə həyat"ın ideya-siyasi istiqamətlərindən doğan millətçilik də vardı və ona görə də bəzən bu mətbu orqanı "panislamizm"də, "pantürkizm"də suçlayırdılar: "Haşım bəyin milli düşüncələri onun vətənpərvərliyindən, millətini sevməkdən və islami dəyərlərindən doğurdu. Onun üçün "millətin tək-tək şəxslərinin hamısı qiymətli bir üz idi" və Haşım bəy "əhli sərvətlə, rəncbəri, rəiyyəti" fərqləndirmirdi. O, əlinin əməyi, zəhməti hesabına dolananları, cəmiyyətin bütün təbəqələrini əhatə edən çalışqan insanı
millətinin sərvəti hesab edirdi. Siyasi baxımdan "Təzə həyat"ın "tərəqqipərəstlik yolu tutacağına", "Rusiyada rus millətinə verilən hüquq və imtiyazların" müsəlmanlara da tətbiq olunması üçün mübarizə aparacağına işarələr verilirdi. Dil məsələsində qəzet "mümkün olan qədər camaətin çoxuna aşina olmadan ləfçlərdən, istilahlardan qaçacağını, sadə dildə yazacağını" qarşısına əsas məqsəd qoymuşdu. Qəzet öz ətrafına dövrün tanınmış qələm əhlini, publisistləri toplamışdı ki, bu sırada M.Ə.Sabir, M.Hadi, M.S.Ordubadi, Məşədi Azər, Hacı İbrahim Qasımov, Axund Yusif Ziya Talıbzadənin adları var".
Araşdırmadan məlum olur ki, "Təzə həyat"ın 1907-ci il aprelin 1-dən dekabrın 31-dək 209, 1908-ci ildə isə 230 nömrəsi işıq üzü görüb. 1906-cı ilin sentyabr ayında Bakı general qubernatorun əmri ilə "zərərli istiqamətinə görə" qəzetin nəşrinə xitam verilib. Onun "İttifaq" adlı növbəti qəzeti 1908-ci ilin dekabrın 1-də çıxıb: "Siyasi, ictimai və ədəbi qəzet olan "İttifaq" gündəlik nəşr olunurdu. Bu mətbu orqanın ən fəal əməkdaşları Məhəmməd Hadi və Əlabbas Müznib idi. Azərbaycan romantic ədəbiyyatının nümayəndəsi olan Hadi yazdığı şeirləri bu qəzetdə çap etdirirdi. Rus ədəbiyyatının klassiklərindən L.N.Tolstoy, İ.V.Qoqol, Qriboyedov, Nekrasov barədə qəzetdə ardıcıl yazılar nəşr olunur, Güney Azərbaycanda gedən azadlıq hərəkatına, onların fəallarına geniş yer verilirdi. H.Vəzirovun özü "İttifaq"da həm açıq, həm də gizli imzalarla çıxış edir, dövrün oxucularına tanış gələn "Keyfim gələndə" başlığı ilə dərc etdiyi yazıları "Birisi" imzası ilə çapa verirdi".
"İttifaq" 1909-cu ilin oktyabrın 3-də bağlanır, H.Vəzirov 1910-cu il martın 9-da "Səda"nın nəşrini gerçəkləşdirir. "Səda"nın məramı ilə bağlı H.Vəzirov yazırdı: "Qəzetin məsləki millətimizin tərəqqi və təalasına çalışıb müsəlmanları ittifaq və ittihada dəvət etməkdən ibarət olacaq, dili isə türk, sadə Azərbaycan dili olacaq".
A.Aşırlı yazır: "Bu qəzetin nəşrindən sonra da yerli hakimiyyət orqanları, Senzura Komitəsi əməkdaşları H.Vəzirovun sakit tərzdə qəzetçilik işi ilə məşğul olmasına imkan vermədilər. Bütün təqib, təzyiq kampaniyasına, həbsinə və cərimələnməsinə
baxmayaraq, Vəzirov öz məfkurə istiqamətini qətiyyətlə müdafiə edə bildi. Bəzi hallarda Haşım bəy "zərərli məqalələr" yazdığını Bakı Şəhər İdarəsi rəisinə, polis idarəsinə, jandarma rəisinə bildirmişdisə də, bu, yalnız manevr idi, fikri yayındırmaqla bağlanmış qəzetlərin çapına yenidən icazə verilməsi üçün atılırdı".
Sonra "Nida" adlı qəzet nəşr etmək istəyindən olan Vəzirovun bu istəyi baş tutmur. Məcburən rus dilində "Kafkazets" qəzetinin çapına icazə alan Vəzirovun bu istəyi də uzun müddətə reallaşmır. "Səda"nın bağlanmasından 40 gün sonra "Kafkazets" işıq üzü görür və cəmi 11 nömrəsindən sonra "zərərli fəaliyyətinə" görə nəşri dayandırılır. Gündəlik nəşr olunan, Vəzirovun çap etdirdiyi qəzetlərin ən uzunömürlüsü "Sədayi-həqq" ədəbi-siyasi, fənni, iqtisadi ictimai qəzeti idi. Qəzetin 1914-cü il dekabrın 18-də çap olunmuş sayında H.Vəzirovun "Birisi" imzası ilə çıxan "Sarı qamış" felyetonu ilə "Sədayi-həqq"in çətin günləri başladı. Bu dövrdə Birinci Dünya savaşında Qafqaz cəbhəsində ağır döyüşlər gedir, türk qoşunları Qara dəniz limanlarını ələ keçirirdilər. Hərbi senzura Sarıqamış ətrafında gedən əməliyyatları və rus ordusunun məğlubiyyətini nəzərə alıb "Sədayi-həqq"də gedən "Sarıqamış" felyetonunu "cəmiyyət üçün zərərli" sayaraq qəzetin bağlanmasına qərar verdi".
"Bəsirət"in 1914-cü ilin aprelin 14-də ilk sayı çıxdı: "Hacı İbrahim Qasımovun baş redaktorluğu ilə işıq üzü görən bu mətbu orqan Azərbaycan Xalq Cümhuriyyəti dövründə də nəşrinə nail oldu. 1920-ci il aprel ayının 27-də baş verən bolşevik işğalı qəzetin fəaliyyətinə son qoydu. İşğaldan sonra bir neçə sayın çapını həyata keçirmək mümkün oldusa da, sonradan qarşıya çıxan çətinliklər, ideoloji basqılar "Bəsirət"i tarixin salnaməsinə çevirdi. 7 il fəaliyyət göstərən "Bəsirət"də dövrün örkəmli publisistləri, siyasi-ictimai xadimləri, o cümlədən M.Ə.Rəsulzadə, N.Nərimanov, M.B.Məmmədzadə çıxış edirdilər. Hər on beş gündən bir nəşr olunan "Dirilik" 1914-cü ilin sentyabr ayının 16-da mətbu həyata qədəm qoydu. Bu jurnal M.B.Məmmədzadənin yazdığı kimi həm də siyasi bir türk məcmuəsi idi. 1914-cü ildə 8, 1915-ci ildə 9, üçüncü il isə 7 nömrəsi çıxmış və 1916-cı ilin rtalarında nəşri dayandırılmışdı. Məcmuənin sahibi-imtiyazı Əbülfəzl Mətləbzadə, müdiri isə Əliabbas Müznibi idi. M.Ə.Rəsulzadənin, Kazımoğlunun, Əbdülxalıq Cənnəti Qafarzadənin, Əli Səttarlı, Cəfər Cabbarlının, Əliağa Vahidin iştirak etdiyi bu məcmuədə ədəbi nümunələr də oxuculara çatdırılırdı. Mətbuat tarixinin araşdırıcıları "Dirilik" jurnalını ədəbi-məfkurə mərkəzlərindən biri hesab edirlər".
Araşdırmaçı bildirir ki, M.Ə.Rəsulzadənin milli şüur konsepsiyasının proqramı olan "Dirilik nədir?" adlı məşhur əsəri də bu jurnalda çıxıb. Rus imperiyasının dünyaya hakim olmaq planlarından bəhs edən "Rus imperatoru Böyük Pyotrun vəsiyyətnaməsi" adlı tarixi sənəd də "Dirilik"də dərc olunub: "
Məcmuənin ən başlıca məqsəd və məramı Azərbaycan türklərinin siyasi şüurunu formalaşdırmaq, onu milli varlığını qoruyub saxlamaq uğrunda mübarizədə birləşdirmək idi. Jurnalın ilk sayında baş mühərrir Ə.Müznib "Məqsədimiz" adlı məqaləsində bəşəriyyətin son üç-dörd minillik tarixinə səyahət edir, fikirlərini ümumiləşdirir, xalqı bu tarixi imtahanlardan ibrət dərsi almağa səsləyir, fiziki və mənəvi diriliyin ölüm-dirim mübarizəsi ilə əldə edildiyini göstərir. "Dirlik"də XX əsrin əvvəlləri Azərbaycan romantik ədəbiyyatının bir sıra dəyərli nümunələri çap olunmuş, ədəbi-bədii fikrin formalaşmasına xidmət edib. "Dirilik" bütün fəaliyyəti boyunca Azərbaycan xalqında milli mənlik şüurunun yüksəlişinə xidmət etdi. "Dirilik" Azərbaycan mətbuatı tarixində ideya rəhbəri Ə.Müznibinin 1911-ci ildə arzu etdiyi "Mətbuatın kəlamı, əsrin kəlamı olmalıdır" şüarı ilə nəşr edildi və tarixiləşdi. Öz ideya-siyasi istiqaməti ilə bütöv bir dövr, məxsusi olaraq da Cümhuriyyət dövrü mətbatına təsir edən "Açıq söz" qəzeti istiqlal amallı mətbu orqanların yaranmasına təkan oldu".
Araşdırmaçı vurğulayır ki, 1915-ci ilin oktyabrın 2-də ilk sayı işıq üzü görən bu mətbu orqan ilk dəfə olaraq milli kimliyimizi "müsəlman" və "tatar" sözlərindən "xilas" edərək "türk" sözü ilə dəyişdiridi: "Qəzetin ilk sayı Məhəmməd Əmin Rəsulzadənin müdirliyi və M.Ə.Rəsulzadənin baş mühərrirliyi ilə "İqdam" mətbəəsində nəşr olundu. "Açıq söz" qarşıya qoyduğu məqsəd və məramı ilk sayında işıq üzü görən proqram xarakterli məqaləsində açıqlayaraq yazırdı: "Dəhşətlərinə şahid olduğumuz böyük müharibə böyük bir həqiqəti - əsrimizin
millətçilik əsiri olduğunu isbat etdi". "Dünyanın xəritəsi qəribə dəyişəcək" deyə heyrət qarışıq bir cümlə indi bir çox ağızlarda eşidilməkdədir. Özlərinin lüzumunca bilib də istiqlal üçün müəyyən bir ideal məfkurə bəsləyən millət, şübhəsiz ki, böyük bir qüvvə təşkil edir. Bu sürətlə ayrı-ayrı millətlər bir millət olaraq yaşaya bilmək üçün hər şeydən əvvəl özlərini bilməli, müəyyən fikir və əməllər ətrafında birləşərək böyük bir məfkurəyə, qayeyi-xəyala hədəf olacaq o işıqlı ulduza sahib olmalıdırlar. Çünki müttəhid bir ruh və müştərək bir qayəyə malik olmayan millətlərlə yeni əsaslar üzərində qurulacaq həyat hesablaşmayacaq və belə bir silahdan məhrum qalan cəmaətlər kimsəyə söz eşitdirə bilməyəcəklər". "Açıq söz" ilk sayında xalqı milli varlığını qorumağa, haqq hüquqlarını tələb etməyə çağırır, onları "müəyyən fikir və əməl" ətrafında birliyə səsləyirdi.
Qəzet demokratik prinsiplər ətrafında xalqın bütün zümrələrinin birliyinin son nəticədə Azərbaycan xalqının milli-mənəvi, dini sahələrdə dinamik inkişafı ilə nəticələnəcəyi qənaətində idi. Çarizmin Qafqazdakı senzor komitələrinin nümayəndələri olan Qaraxanov və Kişmişovların türk xalqarının birlik və inkişafının qarşısını almaq üçün uydurduqları "panislamizm", "pantürkizm"dən uzq olan "Açıq söz"ün birliyə çağırışı yalnız xoş məram və məqsədlərdən doğurdu. Qəzet ilk sayından etibarən Rusiyanın daxilində gedən ictimai-siyasi proseslər, Azərbaycanda baş verən hadisələr, milli dirçəliş, milli-mədəni muxtariyyat məsələləri və müharibənin xalqların həyatına gətirdiyi faciələr barəsində yazılar dərc edirdi. "Açıq söz"ün mövzu rəngarəngliyində dövrün görkəmli publisistləri, ictimai-siyasi xadimlərindən Ömər Faiq Nemanzadənin, Həsən bəy Ağayevin, Hüseyn Cavidin, Abdulla Şaiqin, Əhməd Cavadın, Şəfiqə xanım Əfəndizadənin, Tağı Şahbazinin böyük xidmətləri olmuşdur.

Uğur