2015-ci ildə status-kvo dəyişəcəkmi? Layihə

2015-ci ildə status-kvo dəyişəcəkmi?

Ekspert rəyləri müxtəlifdir

2015-ci ildə Azərbaycanın bir nömrəli problemi olan Qarabağ məsələsi ilə bağlı hansı irəliləyişlərin olacağı cəmiyyəti düşündürür. Qeyd edək ki, bir sıra ekspertlər bu istiqamətdə müxtəlif proqnozlar veririlər. Məsələ Qarabağda savaşın başlanacağı, Qərb Rusiya qarşıdurması fonuunda bölgədə yeni situasiyanın yaranacağı və digər kontekstlərdə müzakirə edilir. Ekspertlər hesab edirlər ki, Qərb (ABŞ və Avropa) da yeni Qarabağ savaşanı arzulamır, bunu istər region, istərsə də Qərb və hətta Rusiya üçün ağır fəsadlar verə biləcəyini düşünür. Bu mənada prezidentlərin Soçi görüşü Amerika və Avropanın da strateji maraqlarına cavab verirdi. Təsadüfi deyil ki, Soçidən dərhal sonra, cəmi 1-2 aylıq fasilə ilə prezidentlərin daha iki görüşünü ABŞ və Fransa təşkil elədi.
Lakin hər üç görüş nizamlama prosesi ətrafında müəyyən gümrahlaşdırıcı fon yaratsa da, əsas məsələ – status-kvonu dəyişdirmək və Böyük Sülh Sazişi üzərində işə başlamaq yenə mümkün olmadı. Beləcə, çoxillik Qarabağ ixtilafı bütün ağırlığı ilə növbəti ilə adlamış oldu. Bəs bu il status-kvonu dəyişmək mümkün olacaqmı və bunu kim edəcək – vasitəçi dövlətlər, beynəlxalq birlik, yoxsa illərdir işğal vəziyyəti ilə barışmaq istəməyən, fəqət buna məhkum edilən Azərbaycan?
Bu mövzuda danışan tanınmış rusiyalı politoloqlardan olan Sergey Markedonov hesab edir ki, hələ ki, Dağlıq Qarabağ məsələsi ətrafında status-kvonun dəyişməsi Moskvanın marağında deyil. Bu sözləri o, Azərbaycanın xarici işlər nazirinin müavininin "Rusiya-Türkiyə əməkdaşlığı Azərbaycana sərfəlidir, çünki Moskva Minsk Qrupunun həmsədridir, Türkiyə isə Ermənistanla həmsərhəddir"- fikrinə münasibət bildirərkən söyləyib.
Onun sözlərinə görə, Rusiyanın Türkiyə və Azərbaycanla yaxınlaşması Kremlin maraqları çərçivəsində cərəyan edəcək: "Rusiyanın maraqları isə hazırda status-kvonu saxlamaqdan ibarətdir. Mən əminəm ki, bu mövqeyi dəyişmək üçün zəmin yoxdur". Politoloq fikrini belə əsaslandırıb: "Heç kim güzəşt xətrinə güzəştə getmir. Axı Moskva bilir ki, Azərbaycan yönünü Rusiyaya dəyişməyəcək. Bu istisnadır. Ona görə ki, energetika sistemi nöqteyi-nəzərdən Azərbaycan Qərbin bir hissəsidir, Qərbdə energetik plüralizm adlanan anlayışın tərkib hissəsidir. Bu, öz-özlüyündə Rusiyaya ciddi təhdiddir. O ayrı məsələdir ki, siyasi anlamda Azərbaycan Qərb deyil və bu məsələdə Rusiya Azərbaycana olduqca yaxındır. İki ölkə arasında xüsusilə Dağıstanla sərhədlə ilgili və Xəzər dənizi hövzəsində ortaq təhlükəsizlik təhdidləri var. Bu, Azərbaycana Gürcüstan yolunu təkrarlamağa imkan vermir".
Rusiyalı ekspertin qənaətincə, Kreml real faktorları nəzərə alaraq hərəkət eləməyə çalışır: "Erməni tərəfində Rusiyanın mövqeyinin dəyişəcəyi ilə bağlı narahatlıqların əsası yoxdur. Guya Azərbaycan öz ərazisindən Qərb şirkətlərini qovacaq? Əlbəttə ki, yox. Ya bəlkə Bakı-Tiflis-Ceyhan bağlanacaq? Yenə yox. Azərbaycan Qərbə qarşı özünü qoymayacaq".
"2015-ci il bütün dünya üçün, o cümlədən Rusiya üçün sınaq ili olacaq. Həmçinin müxtəlif bölgələrdə konflikt potensialından istifadə anlamında sınaq ili olacaq. Məhz onda Qərbin Rusiyaya qarşı indiki sanksiyaların ən böyük effektini gözləmək lazım gələcək". Bu fikirləri isə vesti.az-a açıqlamasında başqa bir rusiyalı siyasi şərhçi və tarixçi Sergey Balmasov söyləyib. Azərbaycana gəlincə, o, ötən ili ölkəmiz üçün onun Qərbdən ötrü mühüm energetik dövlət qismində əhəmiyyətinin möhkəmlənməsi ilə yadda qaldığını bildirib: "Yaxın illərdə Bakı Qərb üçün daha güclü cazibə mərkəzi olacaq və özünün energetik statusunun möhkəmlənməsi ilə onun siyasi stavkaları, o sırada Qarabağla bağlı stavkaları artacaq".
Analitikin fikrincə, son vaxtlar "pərdəarxası qüvvələr"in Qarabağ münaqişəsini geniş miqyaslı müharibəyədək alovlandırmaq səylərinin gücləndiyi müşahidə edilir: "Bu da artıq aşkar tendensiyadır. Azərbaycan da, Ermənistan da hadisələrin belə inkişafından yayınmalıdır. Hər halda, Azərbaycanın şansı var ki, Güney Qafqazda öz birinciliyini sırf iqtisadi vasitələrlə sübut eləsin".
Tarixçi hesab edir ki, erməni tərəfdən müəyyən qüvvələr Bakını üzücü münaqişəyə cəlb eləməyə çalışacaq: "Məqsəd budur ki, Rusiya tərəfdən diqqəti və resursları daha çox özlərinə çəksinlər". Təhlilçiyə görə, Ukraynadakı mürəkkəb vəziyyət və Qərblə tarıma çəkilən münasibətlər şəraitində 2015-ci ildə Cənubi Qafqazda status-kvonun saxlanması Moskvaya sərf edir.
ABŞ-ın beynəlxalq əlaqələr Şurası isə müharibələrin proqnozunu verib.
"Global Conflict Tracker" proqnozunda 34 geosiyasi risklər arasında Qarabağ müharibəsinin baş verməsi də yer alır. Qeyd edək ki, Beynəlxalq əlaqələr Şurası (CFR) ABŞ və onun maraqlarına təsir edə biləcək hadisələri araşdırır. Proqnozun verilməsi üçün təşkilat 2200-dən çox ictimai-siyasi xadim arasında sorğu keçirib. Sorğunun nəticələrinə görə, 2015-ci ildə Qarabağ müharibəsi başlayacaq. Bundan başqa Asiyada Cənubi Çin dənizində silahlı qarşıdurma, Şimali Koreyada krizis, Hindistan və Pakistan münaqişəsi, Çin və Hindistan arasında münaqişə və Çində etnik qarşıdurmanın olacağı qeyd edilib.
Onu da əlavə edəjk ki, son zamanlar, xüsusən də rus diversiyaları nəticəsində Donbasda ağır döyüşlərin getdiyi bir şəraitdə, Qarabağda orduların təmas xəttində gərginlik hiss olunur və atəşkəs daha intensiv şəkildə pozulur. Hərbi ekspert Üzeyir Cəfərlinin fikrincə, Qarabağda atəşkəsin intensiv şəkildə pozulmasının arxasında rus diversiyasının olmasını istisna etmək olmaz. Hərbi ekspert hesab edir ki, Rusiya istədiyi zaman öz vassalı olan Ermənistana Azərbaycan torpaqlarından çıxmağı əmr edə bilər: "Qarabağda baş verən bütün hadisələrin başında Rusiya dayanır. Biz özümüzdən nəyisə icad edib, nəyəsə qəribə yanaşmamalıyıq. Biz bilirik ki, Ermənistanın Azərbaycanla təkbaşına mübarizə aparması qeyri- mümkündür, çünki Ermənistanın iqtisadi və insan resursları Azərbaycanla müharibə aprarmaq üçün yetərli deyil. Ümumilikdə Azərbaycan torpaqlarını işğal edən Ermənistanın arxasında Rusiya dayanır. Bu birmənalıdır. Ona görə də son 6 ay ərzində Qarabağda olan gərginliyin artmasında Rusiyanın birbaşa əlaqəsi olduğunu düşünürəm. Bu həmişə belə olub, bundan sonra da belə olacaq. Mən hər zaman demişəm ki, Qarabağ konfiliktinin memarı, icra edicisi Rusiyadır və kim istəyir bunun əksini sübüt etməyə buyursun, öz arqumentlərini ortaya qoysun. İqtisadi vəziyyəti Azərbaycandan qat-qat zəif olan Ermənistan hansı pulla və yaxud da hansı gücün hesabına hər ay hərbi təlimlər keçirir, hərbi qüdrətini artırmağa çalışır? Əlbəttdə ki, Rusiyanın birbaşa dəstəyi, Rusiyanın ona olan köməyi sayəsində. Son günlərdə intensiv atışmaları da mən birbaşa Rusiya ilə əlaqələndirirəm çünki, regionda gərginliyin saxlanılmasında birbaşa maraqlı olan Rusiyadır. Rusiya Ukraynadan diqqəti yayındırmaq məqsədi ilə Dağlıq Qarabağda gərginliyin artmasına maraqdlıdır. Baxmayaraq ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir, hər zaman özünü qeyri-səmimi aparıb və aparmaqdadır. Çox təəssüf ki, ABŞ-da Rusiyaya qoşulub. Təsəvvür edin ki, amerikalı həmsədr Ceyms Uorlik öz twitter səhvəsində həm Yeni il, həm də Dağlıq Qarabağla bağlı yazır ki, 2015-ci il Qarabağda sülh ili və davamlı nizamlanma ili olacağına ümid edir. Bu fikirdən də belə nəticəyə gələ bilərik ki, ABŞ-da Rusiya kimi hələ bir neçə mənasız danışıqlar və işğalçının nazıynan oynamaqla vaxt uzadırlar. Bu vəziyyət artıq 20 ildir davam edir. Nə qədər ümid etmək olar? Yəni işğalçını işğalçılıq siyasətindən çəkindirmək əvəzinə, sadəcə olaraq hansısa mənasız monitorinqlər həyata keçirilər, mənasız görüşləri təşkil edirlər. Bu vəziyyət nə qədər davam etməlidir?
Mən hesab edirəm ki, son vaxtlar Dağlıq Qarabağla bağlı Azərbaycan Prezidentinin və müdafiə nazirinin səsləndirdiyi bəyanatlar çox düzgüngür. Artıq biz ona daha çox köklənməliyik ki, torpaqlarımızı nəyin bahasına olursa olsun işğaldan azad edək. Dövlət və mətbuat Azərbaycan xalqına bu mesajı ötürməlidir.
Biz yalnız və yalnız müharibə yoluyla öz ərazi bütövlüyümüzü bərpa edə biləcəyik. Çünki 20 ildən artıqdır biz ATƏT-in, BMT-nın, digər beynəlxalq təşkilatların köməyinə ümid etmişik. Amma ortada olan nəticə sıfırdır, hələ bəlkə ondan aşağı da nəticə qoyublar. Buna görə cəbhə bölgəsində yaşanan gərginliklərin, erməni əsgərlərinin şəhid olmasının günahını Moskvada axtarmaq lazımdır. Çünki Moskva istəsə bir həfdə içində, öz vassalı olan Ermənistana lazım olan göstərişlərini verər və Qarabağ məsələsi tənzimlənməyə başlayar, qısa müddətdə də münaqişə öz həllini tapar".
2015-ci ildə Dağlıq Qarabağda müharibənin başlanma ehtimalını dəyərləndirən hərbi ekspertin fikrincə, geniş miqyaslı müharibənin başlanmasına inandırıcı deyb: "Mən obyektiv və subyektiv səbəblərə görə bu il geniş miqyaslı hərbi əməliyyatların başlanmasını istisna edirəm. Çünki, bu il Azərbaycanda Avropa Olimpiya oyunları keçirələcək, bunun fonunda düşünmürəm ki , Azərbaycan dünyanın qınağına gələcək hansısa addım atsın. Amma radikal xarakterli 3-5 gün davam edəcək döyüş əməliyyatlarını da istisna etmirəm. Düşmənə yerini göstərmək üçün bu gün Azərbaycanın həm imkanı, kifayət qədər gücü də var. Düşünürəm ki, bu imkanları istisna etmək də olmaz. Çünki artıq başqa yol da yoxdur. Biz danışıqlara ümid etdikcə, məsələ bir az da uzanır və erməni tərəf bir az da azğınlaşır".

Əli