Erməni terrorizmi… Layihə

Erməni terrorizmi…

Erməni təbliğatçıları zaman-zaman tarixi saxtalaşdırır, ərazi iddiaları irəli sürürlər

III yazı

... Millət vəkili Aytən Mustafayeva əlavə edib ki, Zori Balayanın 1990-cı il yanvarın 18-də SSRİ Müdafiə Nazirliyinin Baş Qərargahında çıxışı da bunu bir daha sübut edir. Ermənistanın rəsmi dairələri 1988-ci ildə törədilən cinayətlərin, azərbaycanlıların zorla evlərindən çıxarılmasının, öldürülməsinin, döyülməsinin və təhqir olunmalarının "Daşnaksütyun" və başqa təcavüzkar partiya və millətçi qrupların əməli olduğunu ört-basdır etməyə çalışırdılar: "Ermənistan KP MK katibləri O.Lobov və B.Qaloyan kimiləri də çıxışlarında millətçi-ekstremist hərəkətləri pərdələməyə, milli-azadlıq hərəkatı kimi qələmə verməyə çalışırdılar.
Tarixin sonrakı dövrlərində də daşnaklar müxtəlif qüvvələrə, dövlətlərə, siyasətlərə qulluq göstərərək öz xalqlarını yaxın qonşularla yeni düşmənçiliyə sürükləmiş, nahaq qanların axıdılmasına səbəb olublar. Vaxtilə S.Şaumyan siyasi bicliklə yazırdı: "Erməni xalqı taleyin hökmü ilə qeyri-adi zülmkarların - qanlı çar və sultanın hakimiyyəti altında yaşayıb. O eyni zamanda Türkiyədə özündən xeyli geridə qalmış kürdlərlə, Rusiyada isə tatar və gürcülərlə əhatə olunub. Siyasət gəmisini elə idarə etmək lazımdır ki, bu aralıqda o əzilməsin". "Arqumentı i faktı" qəzetində (1986-cı il) jurnalist Q.Kotoyanın "Qonaqsevərlik qanunlarını pozaraq" adlı məqaləsində 1957-ci ildən başlayaraq, Yerevanda oxumağa gələn xarici vətəndaşlar arasında daşnak təbliğatı aparanların çoxalmasından söhbət gedirdi. Müəllif o zaman Ermənistanda 20 ölkədən 700 tələbə oxuduğunu qeyd edir və göstərirdi ki, daşnak təbliğatçıları qara yaxır, siyasi səbat və yetkinliyi olmayanların milli duyğuları ilə oynayır, xalqların dostluq və qardaşlığına böhtan
atırlar. Bu təbliğatçılar ilk növbədə, "özlərini erməni məsələsinin həllinə imkan yaradan qüvvə" hesab edir, "tarixi saxtalaşdırır", "ərazi iddiaları irəli sürürlər".
Ümumiyyətlə, bir çox erməni müəllifləri son dövrlərədək "Daşnaksütyun" partiyasının xalqa zidd siyasətini düzgün mövqedən açıqlayan məqalələrlə çıxış ediblər".
Onun sözlərinə, XX əsrdə Azərbaycan ərazilərinin ilhaqı məqsədi ilə terrorizmi və separatizmi özünə başlıca vasitə seçən və dövlət səviyyəsində dəstəkləyən ermənilər 1988-ci ildən bəri Azərbaycanda izləri Ermənistana və Qarabağ separatçılarına gedib çıxan 373 terror aktı törədiblər: "Nəticədə, 1600-ə yaxın insan həlak olub, 1808 nəfər yaralanıb. Terror aktları nəticəsində həlak olanların böyük əksəriyyətini qadın, uşaq və qocalar təşkil edir. 1988-ci ildən etibarən bu mənfur siyasətin hansı faciələrlə nəticələndiyi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən etiraf olunsa da, hərbi qarşıdurma zonasından yüz kilometrlərlə aralıda yerləşən yaşayış məntəqələrində erməni separatçıları tərəfindən törədilən və minlərlə dinc insanın - müsəlmanın, türkün məhvi ilə nəticələnən çoxsaylı terror aktlarına yanaşmada "ikili standartlar"ın mövcudluğu ciddi narahatlıq doğurur.
Ümumiyyətlə, ötən əsrin 90-cı illərinin əvvəlində Ermənistanın rəsmi dairələri "Daşnaksütyun", ASALA, MAQ, "Erməni birliyi", "Erməni Azadlıq Cəbhəsi" və digər "məşhur" terror təşkilatlarının fəallarının reabilitasiyası məqsədi ilə genişmiqyaslı kampaniyaya başlayıb, onlara sığınacaq verib, yaşayış və fəaliyyətləri üçün şərait yaradıb, lazımi maliyyə dəstəyi göstərib. 1983-cü ilin iyun ayında Parisdə Orli aeroportunda 8 nəfərin ölümü və 50-dək insanın yaralanması ilə nəticələnmiş terror aktına görə ömürlük həbs cəzasına məhkum edilmiş terrorçu Varocyan Qarabedyanın azad olunması üçün Ermənistanda dövlət səviyyəsində imzatoplama kampaniyası keçirilib. 2001-ci ilin aprelində Fransa məhkəməsi tərəfindən azad olunan terrorçu Ermənistanda rəsmi sığınacaq tapıb.
"Məşhur" terrorçu, Qərbi Avropada "ASALA-nın inqilabi hərəkatı" adlı qruplaşmasının rəhbəri, 1981-ci ildə Türkiyənin Romadakı səfirinə sui-qəsd etdiyinə görə həbs olunmuş Monte Melkonyan 1990-cı ildə Fransa həbsxanasından buraxılaraq Ermənistana gəlmiş və terror fəaliyyətini davam etdirmək üçün Dağlıq Qarabağa göndərilib.
Digər "tanınmış" terrorçu, "Daşnaksütyun" partiyasının "Dro" terror qrupunun üzvü Qrant Markaryan Dağlıq Qarabağda terrorçu dəstələri yaradanlardan və Ermənistandan gətirilən silahlar vasitəsilə buradakı terrorçu qrupların silahlandırılmasında fəal iştirak edənlərdən biri olub. 1981-ci ildə Parisdə Türkiyə səfirliyinə basqının təşkilatçısı Vazgen Sislyan 1992-ci ildə Yerevandan Xankəndinə göndərilib. O, azərbaycanlılara qarşı terror aktlarının keçirilməsində fəal iştirakına görə Ermənistan prezidenti Robert Köçəryan tərəfindən "Qarabağ müharibəsinin qəhrəmanı" adına layiq görülüb".
O, bildirib ki, ermənistanın 1987-1988-ci illərdən başlayaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqe və atdığı hər bir addım beynəlxalq hüquqla qadağan edilmiş zor tətbiq etməyə, digər dövlətin ərazisini ilhaq etməyə əsaslanır: "1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ münaqişəsinin əsasında da məhz bu ərazinin müəyyən bəhanələrlə Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi məqsədi dayanır. Ermənistanın 1987-1988-ci illərdə Azərbaycanın tarixi Dağlıq Qarabağ torpağına başlanan əsassız ərazi iddiası - separatçı hərəkətləri beynəlxalq hüquq və normalara, o cümlədən BMT-nin, ATƏT-in, Avropa Şurasının nizamnamələrinə, Helsinki Bəyannaməsinə tamamilə ziddir. Beynəlxalq hüququn əsas normalarından biri də təcavüzkarlığa yol verməmək, zor işlətməmək və ya zor işlətməklə hədələməmək prinsipidir. BMT-nin 1993-cü il tarixli London konfransında verilən izaha əsasən, "Münaqişədə səbəbindən asılı olmayaraq, digər dövlətə qarşı birinci olaraq silahlı qüvvədən istifadə etmiş tərəf təcavüzkar hesab edilir". Müasir beynəlxalq hüquqda dövlət sərhədlərinin toxunulmazlığı prinsipi dünya dövlətlərinin təhlükəsizliyini təmin etməyin ən mühüm əsaslarından biridir. Sərhədlərin pozulmazlığı bir sıra beynəlxalq və ikitərəfli sənədlərdə əksini tapıb, onun əsas məzmunu üç mühüm elementdə cəmlənib: mövcud sərhədlərin beynəlxalq hüquqa uyğun qurulduğunu qəbul etmək; indi və gələcəkdə hər hansı ərazi iddialarından imtina etmək; sərhədlərin pozulması və ya zorla dəyişdirilməsi cəhdlərindən imtina etmək.
ATƏT-in 1975-ci il avqustun 1-də imzalanmış yekun sənədini Avropanın 33 dövləti, o cümlədən ABŞ və Kanada da təsdiqləyib. Bu prinsip eyni zamanda, hər hansı suveren dövlətin öz sərhədlərinə nəzarət etməsini və onun pozulmasına qarşı tədbirlər görməsini nəzərdə tutur. Sərhədlərin pozulmazlığı və toxunulmazlığı prinsipi bütün qitələrə və dövlətlərə aid olmaqla, BMT Nizamnaməsinin qəbul edilməsi ilə təsbit olunub və inkişaf etdirilib. Hansısa dövlətin ərazisi zor tətbiq etməklə hərbi təcavüz obyekti ola bilməz. BMT Nizamnaməsinə və ATƏT prinsiplərinə görə, iştirakçı dövlətlər bir-birlərinin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdırlar. Azərbaycan dövləti bütün dövlətlərin ərazi bütövlüyünə hörmət edir ə özünə qarşı da məhz bu cür sivil münasibəti tələb edir". Millət vəkili deyir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal yolu ilə Dağlıq Qarabağda separatçı rejim, nəzarətsiz zona formalaşdırması regionda və Avropada sülhə və təhlükəsizliyə ən böyük təhdidlərdən biridir: "Məhz bu reallıqda separatçılıq fəaliyyətinin "Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmək" arzusu kimi qələmə verilməsi tamamilə absurd və beynəlxalq hüquq norma və prinsiplərinə ziddir. SSRİ-nin dağılmasından sonra bir sıra postsovet respublikalarında baş qaldıran münaqişələrin kökündə məhz eyni amil - terrorçuluğun başlıca səbəblərindən biri olan təcavüzkar separatizm dayanır".
Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının işğaldan azad edilməsi barədə BMT-nin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin icra edilməməsi isə acı təəssüf hiss doğurur. Görünür, xristian təəssübkeşliyindən tutmuş supergüclərin geosiyasi maraqlarına qədər çeşidli səbəblər bu qətnamələrin icra edilməməsi, Azərbaycanın dünya birliyi tərəfindən hamılıqla tanınmış ərazisinin 20 faizinin işğal altında saxlanılmasının davam etdirilməsi və bir milyondan artıq soydaşımızın öz doğma yurdlarına qayıtmasına yol verilməməsini şərtləndirir. Buna baxmayaraq, Ermənistan tərəfi ermənilərin öz müqəddəratını təyinetmə hüququnu əsas gətirərək Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına çalışır. Ancaq ermənilər öz müqəddəratını təyinetmə hüququndan hələ XX əsrin əvvəllərində ən yüksək səviyyədə istifadə edərək özlərinin müstəqil dövlətini - Ermənistan Respublikasını yaradıblar. Dövlət başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bəyan edib ki, bugünkü Ermənistan dövləti 1918-ci ildə qurularkən tarixi Azərbaycan torpaqlarında, İrəvan xanlığı və Zəngəzur mahalı ərazilərində yaradılıb. Azərbaycan Respublikası BMT mexanizmlərinin yenidən işlənməsini, xüsusilə də Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququna yenidən baxılmasını təklif edib. Belə ki, Azərbaycan beynəlxalq aləmdə BMT-nin rolunun artırılması və mövcud problemlərin həllində daha təsirli tədbirlərin görülməsinə nail olmaq üçün əlavə addımların atılması zərurətini BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında yenidən gündəmə gətirib. Sessiyada çıxış edən Prezident İlham Əliyev Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də icra edilmədiyini bəyan etmiş və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını vacib məsələ kimi irəli sürüb".

Əli