Ermənistanın təcavüzü real faktlarda Layihə

Ermənistanın təcavüzü real faktlarda

Azərbaycan əhalisinin sosial-psixoloji və iqtisadi durumuna vurulan ziyan

Təkcə münaqişənin qızışdığı 1988-1989-cu illərdə Ermənistanın 22 rayonundan 250 min nəfər azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovulub və Azərbaycana pənah gətirib. Həmin köçürülmə illərində azərbaycanlılar erməni cəlladlarının işgəncələrinə məruz qalıb, 410 azərbaycanlı, o cümlədən, 57 qadın, 23 uşaq vəhşicəsinə qətlə yetirilib, müxtəlif bədən xəsarəti alıb, onların yaşayış evləri və əmlakları qarət olunub. Nəticədə Ermənistanda azərbaycanlılar yaşayan 9 min kv. km ərazi zəbt olunub.
Ermənistanın işğal etdiyi rayonlardan olan əhalinin yaşayış şəraiti pisləşdiyinə görə, onları arasında təbii artım kəskin surətdə aşağı düşüb, uşaq ölümü artıb. Bunu sabit il hesab olunan 1989-cu illə 1998-ci ilin müqayisəsi aydın göstərir işğal olunmuş rayonların hamısında 1989-1998-ci illər arasındakı dövrdə doğum kəskin surətdə aşağı düşüb, ölüm qismən artmış və təbii artım hər 1000 nəfərə görə həddən çox azalıb. Bu azalma (hər 1000 nəfərə görə) rayonların hamısında 11, 2 - 22,6 nəfər arasında olub. Göstərilən illərdə Cəbrayıl, Qubadlı, Zəngilan və Ağdam rayonları əhalisinin məskunlaşdıqları yeni yerlərdə təbii artım daha çox aşağı düşüb. (16,9 - 22,6 nəfər arasında). İşğal olunmuş rayonların hamısında demoqrafik göstəricilər orta respublika səviyyəsindən aşağı olub.
İşğal olunmuş rayonlarda əhalinin təbii artımının aşağı düşməsinin başlıca səbəbləri: sosial və iqtisadi şəraitin həddən artıq ağır olması, dağ və dağətəyi zonalarının yaşayış şəraitinin, düzən yerlərdəki isti iqliminə uyğunsuzluğu,düşmələri və s.
Qaçqın və köçkünlərin ən ağrılı problemlərindən biri də onların işlə təmin olunması ilə bağlı çətinliklərdir. Azərbaycan Qaçqınlar Komitəsinin verdiyi məlumata görə 1999-cu ildə 301359 nəfər və əmək qabiliyyətli qaçqın və məcburi köçkün olub, onların 196380 nəfəri yaxud ümumi əmək ehtiyatlarının 65,2% -i işsizdir.
Beləliklə, Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq nəfər qaçqın və köçkün əmələ gəldi, 20 min nəfər həlak oldu, 50 min nəfər əlil oldu, 5,1 min nəfər (1 iyun 1992-ci ilə qədər) əsir və itkin düşdü, işğal olunmuş rayonlarda əhalinin təbii artımı 22 - 26 nəfər arasında (hər 1000 nəfərə) aşağı düşdü.
İşğal olunmuş ərazilərin hazırki ekoloji durumu haqqında heç bir informasiyanın olmaması çox böyük çətinlik yaradır. Bu ərazilərə nəzarət edən Ermənistan oradakı real ekoloji vəziyyəti qəsdən gizlədir və ona görə həmin vəziyyət haqqında yalnız ümumi mülahizələr söyləmək mümkündür. Məlumdur ki, ərazinin təbii elementləri bir-biri ilə qarşılıqlı əlaqədə olurlar və onun bir elementində baş verən dəyişiklik zəncirvari şəkildə digərlərinə verilir. Artıq işğal altında olan Dağlıq Qarabağın ətrafındakı Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonlarının əraziləri insan nəzarətindən kənardadır , əkilib-becərilmir və ona görə də böyuk ekoloji fəlakətə səbəb olur.
Ermənistan ərazisindən başlayan çayların demək olar ki, hamısı Azərbaycanın Kür-Araz çaylarına və oradan da Xəzərə tökülür. İllər boyu bu ölkənin ərazisindən axan Oxçu, Zəngi, Araz, Ağstafa, və b. çaylar öz suları ilə Azərbaycanın çaylarını çirkləndirir. Qafan mis-molibden yataqlarından Boxçuçaya axıdılan zərərli çaylar, Ermənistan AES və s. Azərbaycanın ekologiyası üçün daimi təhlükə mənbəyini yaradırlar. Ermənistan AES-də istifadə olunan sular sonralar çaylar vasitəsi ilə Azərbaycana ötürülür. Bu stansiyanın işlənmiş radioaktiv tullantılarını Azərbaycanın işğal olunmuş rayonlarının ərazilərində basdırılması haqqında məlumatlar mövcüddur.
İşğal olunmuş dağlıq ərazilərdə hərəkət edən ağır hərbi texnika, çoxlu miqdarda atılan mərmilər, bastırılmış minalar bu ərazilərin torpaq örtüyünə və bitki aləminə güclü zərər vurub. Baxımsız qalan həmin ərazilərdə təbiətin qorunması haqqında heç kim fikirləşmir: dağ meşələri ucdantutma qırılaraq qonşu ölkələrə daşınır, nadir bitki və heyvanların kökü kəsilir. İşğal olunmuş ərazidən başlayan suvarma kanallarının qarşısının kəsilməsi Azərbaycanın dağətəyi rayonlarının kənd təsərrüfatına ağır zərbə vurur. Deyilənlərdən aydın olur ki, işğaldan insanlarla yanaşı Azərbaycan təbiəti də böyük zərər çəkir.
Bu ərazilərdə müvəqqəti olduğunu başa düşən ermənilər oradakı təbii ehtiyatlardan, faydalı qazıntı yataqlarından vəhşicəsinə istifadə edir. Asan istifadə edilə bilən mineral sular, müxtəlif texniki materiallar, ehtiyatlar, daha çox mənimsənilir.
Qeyri-qanuni qurum olan Dağlıq Qarabağ işğal olunmuş ərazilərdə ekoloji şəraitin qorunması haqqında beynəlxalq təşkilatlar qarşısında heç bir məsuliyyət daşımadığına görə bu ərazilərdə ekoloji mühit getdikcə daha da ağırlaşır. Ona görə də işğaldan azad edildikdən sonra bu ərazilərin ekologiyasının yaxşılaşdırılmasına uzun illər böyük miqdarda, özü də işğalçı tərəfin hesabına vurulan ziyanın ödənilməsi tələb olunmalıdır.
Hələ Dağlıq Qarabağ münaqişəsindən əvvəl Azərbaycan dövləti dağ rayonlarının, o cümlədən, o zamankı Dağlıq Qarabağ Muxtar Vilayətinin məhsuldar qüvvələrinin inkişaf etdirilməsi haqqında qərar qəbul edib. Bununla bağlı olaraq, DQMV və zəbt olunmuş digər rayonların ərazisində tikinti işləri canlandırılıb. Burada güclü tikinti təşkilatları yaradılıb və yeni maşın mexanizmləri və nəqliyyat vasitələri gətirilib. Yerlərdə güclü tikinti materialları müəssisələri, o cümlədən, DQMV-də mərmər zavodu tikilib. İşğal nəticəsində yeni tikintilərə gətirilib bütün bu maddi-texniki baza məhv edilib və nəzərdə tutulan layihələr həyata keçirilməyib.
Zəbt olunmuş ərazilərdə fəaliyyət göstərən sənaye sahələri respublika iqtisadiyyatında mühüm yer tuturdu. Burada yeyinti, yüngül, tikinti materialları sənaye sahələri üzrə müəssisələr daha çox inkişaf edib. Göstərilən sahələrin bu regionda inkişafına güclü kənd təsərrüfatı xammal və yerli təbii ehtiyatlar müsbət təsir göstərirdi.
Tutulmuş ərazilərin sənaye sahələrindən ən güclü inkişaf edənləri yerli əhalinin ərzaqla təmin olunmasında mühüm əhəmiyyət kəsb edən yağ-pendir, şərabçılıq və qismən də yüngül sənaye sahələri idi. Dağlıq Qarabağ MV-nin sənaye sahələri tərkibi və inkişaf səviyyəsinə görə keçmiş Azərbaycan SSR-nin iqtisadi regionları arasında dördüncü yeri tuturdu. (Abşeron, Gəncə-Qazax, Naxçıvan MR).
İşğal olunmuş rayonların sənaye potensialı əsasən Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində cəmlənib. Sayca ən çox sənaye və tikinti müəssisələri (137 müəssisə) bu vilayətin ərazisində yerləşdirilib. İşğal altında olan rayonların bütün sənaye məhsulların 40%-ə qədəri və yaradılan əsas fondların 18,7 %-i bu vilayətin və sənaye məhsulunun 5%, əsas fondların 41% Füzuli və Ağdam rayonlarının payına düşür. Sənaye və tikinti sahəsində ikinci pilləni Ağdam və Füzuli inzibati rayonları (sənaye məhsulunun 51, əsaslı fondların 41% -i), yerdə qalan 5 inzibati rayonlarda - Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı və Zəngilanda sənaye xeyli zəif inkişaf etmişdir. Azərbaycan SSR-nin 1988-ci ildə ümumi sənaye məhsulunun 2,7 faizi, əsas fondların 3,4 % işğal altında olan rayonların payına düşürdü.
Ayrı-ayrı sənaye məhsullarına görə işğal olunmuş rayonların Azərbaycan SSR-də xüsusi çəkisi belə olub: Divar materialları - 11,0%, tikinti əhəngi 7,8%, tikinti materialları - 3,0% ayaqqabı - 11,0 %, ət - 5,0%, konservlər - 6,9 %, inək yağı - 25,2%, şərab materialları - 35%, xam ipək - 13,5%, yun -19.3, mineral su - 11,5% və i.a.
Həmin rayonlarda İstisu və Turşsu mineral su qablaşdıran müəssisələri, Dağlıq Qarabağ və Ağdamdakı mərmər, mişar daşı zavodları, çoxlu keyfiyyətli və hətta keçmiş SSRİ-də məşhur olan "Ağdam" tipli şərablar və digərlərini istehsal edən şərab zavodları, yağ-pendir müəssisələri, toxuculuq və ayaqqabı fabrikləri, Qarabağ İpək Kombinatı və s. fəaliyyət göstərirdi. Bakı müəssisələrinin burada tikilən 50-dən çox yeni filialları işğal olunmuş ərazilərdə qalıb. Ümumiyyətlə, bu regionda 183-dən çox sənaye və 127 tikinti müəssisələri qalıb.
Kommunikasiya obyektləri: Regionda güclü kommunikasiya xətləri və obyektləri yaradılıb. Ümumi uzunluğu 25 min km olan avtomobil və torpaq yolları, ümumi uzunluğu 3984 metr olan 160 ədəd körpü, 14,5 min km uzunluğunda elektrik xətləri, 2500 ədəd transformator, 2,3 min km su kəməri xətləri, 2,0 min km qaz kəməri, ümumi uzunluğu 240 km olan kanalizasiya xətləri, 160 ədəd su tutarları, 34 ədəddən çox qaz paylayıcı qurğuları, 35 min nömrəlik telefon stansiyaları və s. dağıdılıb.
Eyni zamanda 4 aeroport, Bakı-Ağdam və Horadiz-Ordubad dəmiryolu xətləri, Bakı-Stepanakert-Naxçıvan qaz kəməri və s. işğal olunmuş ərazilərdə qalıb.
Beləliklə, Ermənistanın işğal etdiyi rayonlarda 310-dan çox sənaye və tikinti obyekti qalıb bu obyektlər Azərbaycanda istehsal edilən divar materiallarının 11,0 % -ni, ayaqqabı istehsalının 11%-ni, inək yağının 25,2%-ni, şərab materiallarının 35%-ni, xam ipəyin 13,5%-ni, mineral suların 15%-ni və s. verirdilər.

Cavid