Teleşoularda zorakılıq və xəyanət mövzusu problemi Layihə

Teleşoularda zorakılıq və xəyanət mövzusu problemi

Nuşirəvan Məhərrəmli: "Məsələni araşdıracağıq"
Məhərrəm Şəmkirli: "Milli adət-ənənələrimizdən kənar verilişlər gəncliyi hara sürükləyir?"
Mehriban Zeynalova: "Qadına münasibətin dəyişilməsində televiziya verilişləri "qəhrəmanlıq" göstəriblər"

Telekanallarda məhkəməni xatırladan, bəzi hallarda əxlaqa zidd, dava-dalaş dolu, məhəllə təfəkkürkü verilişlərin yayımlanması ətrafında müzakirələr səngimək bilmir. Mütəxəssislər, bir çox qadın təşkilatları TV ekranlarındakı bu cür şouların dayandırılmasına və ya səviyyəsinin yüksəlməsini tələb edir, bu haqda tənqidlər səslənir. Məsələn, bu yaxınlarda Mlli Televiziya və Radio Şurası (MTRŞ) sədri də dəfələrlə şou-biznes verilişlərinin səviyyəsiz hazırlanması ilə bağlı iradını bildirib: "Biz demirik ki, şou verilişlər bağlansın. Təbii ki, tamaşaçılar əylənmək də istəyirlər. Amma bu verilişlərin məzmunu yaxşılaşmalıdır". Nuşirəvan Məhərrəmlinin sözlərinə görə, MTRŞ-nın bu tip verilişlərə qarşı mövqeyi çox kəskindir: "Çox təəssüf ki, televiziya kanalları müəyyən problemli insanların qüsurları üzərində şou yaradırlar. Bu da qəbul edilən deyil. Ümumiyyətlə, xəyanət mövzusu şou-biznes üçün gəlirli bir mövzuya çevrilib. Bunun üzərində telekanalların verilişlər yaratmağı, şou düzəltmələri düz deyil. Telekanallar bu cür verilişlərlə insanların heysiyyatına toxunmamalıdırlar".
Qeyd edək ki, ATV telekanalında yayımlanan "Ümid var" verilişi Ağcabədi rayonunda aksiyaya səbəb olub. Azxeber.com xəbər verir ki, verilişin ötən gün yayımlanan bölümündə həyat yoldaşının başqa kişi ilə olan intim münasibətini videoya çəkib ATV-yə göndərən əslən Ağcabədidən olan kişi yardım istəyib. Belə ki, kişi arvadının onu aldatdığı anları videoya çəkib. Daha sonra isə o "Ümid var" verilişindən ona kömək etmələrini istəyib. Veriliş zamanı studiyada əyləşən ekspertlər kişinin həyat yoldaşı olan qadını sərt tənqid edərək, onun "sevgilisi"nin də qanun qarşısında cavab verməli olduğunu bildiriblər. Aparıcı Zaur Baxşəliyev da qadını sərt tənqid edib. Ağcabədidə bir qrup şəxs bu görüntülərin efirə verilməsi və nəticə olaraq ağcabədililərin aşağılanmasına etiraz ediblər. Efirdə yayımlananlara etiraz etdiklərini bildirən sakinlər, aparıcının ağcabədilərdən üzr istəməsini tələb ediblər və bu cür görüntülərin efirə verilməsinə etiraz ediblər. İcra hakimiyyətindən sakinlərə bildirilib ki, onların etirazı lazımi instansiyalara çatdırılacaq.
Nuşirəvan Məhərrəmlinin dediyinə görə, qanunvericiliyə əsasən, bu cür hallarda görüntülərdə qanuna zidd hər hansı hərəkət yoxdursa, buna qarşı müzakirə açıla bilməz. Amma milli-mənəvi dəyərlər məsələsini əsas gətirərək, Şura bu məsələni müzakirə edəcək: "Verilişdə baş verən halla bağlı artıq mənə məlumat verilib. Bu məsələni araşdıracağıq. Bundan sonra ona uyğun qərar veriləcək".
Millət vəkili, Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib ki, media işçiləri unutmamalıdırlar ki, dərc olunan, efirdə nümayiş edilən hər bir məişət zorakılığı faktının arxasında insan və onun taleyi dayanır. Dözümlü, tolerant yanaşma nümayiş etdirən, aydın, dəqiq faktlara əsaslanan jurnalist işlərinə cəmiyyətin böyük ehtiyacı var. Amma bu gün sanki media insanları öldürmək məqsədi güdür, kriminalın bu qədər qabardılması da insanların psixikasına təsir edir: "Bu gün televiziyalarda məişətə, ailə münasibətlərinə, kriminal verilişlərə çox geniş yer verilir. Pis nümunə həmişə geniş yayılır. Kriminal verilişlərin, dəhşətli filmlərin çoxluğu zorakılığın birbaşa təbliğidir. Psixoloji baxımdan, bu, yolverilməzdir. Bu hadisələrin işıqlandırılma qaydaları var. Mənfi obrazların qəhrəman kimi təqdim olunması, yaramazlığın tirajlanması, mənfi hərəkətlərin populyarlaşdırılması insanların beynində mənfi yük yaradır. Bu bir il ərzində məişət zorakılığı ilə bağlı 7 telekanalda 110, 18 gündəlik qəzetdə isə 142 material hazırlanıb ki, Azərbaycan reallığı üçün bu göstərici olduqca aşağıdır. Burada əsasən emosional məqalələrə üstünlük verilir". Onun sözlərinə görə, telekanallar məişət zorakılığını ya kriminal hadisə kimi, ya da ən pisi onu şou və şok formatında təqdim edirlər. Belə məlumatlar güclü emosional tərzdə efirə verilir. Bu isə insanların psixoloji durumuna mənfi təsir göstərir. Bu verilişləri cəmiyyətdə narazılıq və narahatçılıq yaradır. Faciəyə məruz qalan ailələrin problemlərini telekanallar efirə çıxararaq Azərbaycan ailəsinin yalnız bundan ibarət olması görüntüsü yaradılır. Halbuki nümunəvi ailələr barədə veriliş hazırlayıb cəmiyyətə təqdim etmək olar. İctimai rəyin formalaşması və cəmiyyətdə mövcud olan gender stereotiplərinin aradan qaldırılması prosesində medianın çox böyük rolu var. Lakin mövcud Azərbaycan mətbuatı demək olar ki, bütün hallarda məişət zorakılığının doğurduğu ağır nəticələri işıqlandırır, belə halların baş verməməsi üçün preventiv və maarifləndirmə xarakterli mövzular diqqətdən kənarda qalır. Materialların məzmununun təhlili göstərir ki, qəzetlərdə dərc olunan yazıların böyük əksəriyyəti qadınlara qarşı fiziki zorakılıq hallarını yalnız şok xəbər janrında və ya şou kimi təsvir edilir.
Digər faktlardan biri milli mediada bu mövzu ilə bağlı ümumiyyətlə heç bir analitik təhlil xarakterli yazıların olmamasıdır. Bu bir daha nümayiş etdirir ki, cəmiyyətin diqqətini zorakılıq olaylarından şok effektli xəbərlər düzəltməyə deyil, daha çox onun səbəblərini aradan qaldıran amillərə yönəltmək üçün media nümayəndələri xüsusi diqqət yetirməlidir. Zorakılığın qarşısının alınması, ictimaiyyətin zorakılığı doğuran səbəblər və zorakılığın nəticələri ilə bağlı maarifləndirilməsi, qadın hüquqları ilə bağlı stereotiplərin formalaşması və sair bu kimi həssas mövzularda mətbuatın rolu çox böyükdür. Lakin təəssüf ki, Azərbaycanda getdikcə daha aktual olan gender məsələləri mətbuatının önə çəkdiyi mövzular sırasında deyil. Ölkə mətbuatına nəzər salsaq görərik ki, mətbuat yuxarıda sadalanan zorakılıq halları ilə bağlı yalnız xəbər verməklə kifayətlənir. Qloballaşan ailə modelində Azərbaycan ailəsinin özünəməxsus yeri olduğu üçün jurnalistlər bu mövzuda həssas olmalıdırlar. Biz bu gün düşünməliyik, ailə və onun ətrafında baş verənlər haqqında necə yazaq ki, bu sahədə baş verənləri düzgün məcraya yönəldə bilək.
Əhlisinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar təşkil edən ölkədə məişət zorakılığının qurbanları əsasən xanımlardır. Onların az qismi stereotipləri qırıb ərdən şikayət etməyə, uşaqlarını və özlərini qorumağa qərar verir. Şair Məhərrəm Şəmkirlinin fikrincə, TV verilişlərində təbliğ olunan şou-biznes ailələrin dağılmasına, ailə mədəniyyətinin, ailə böyük-kiçikliyinin ləğvinə yönəldilmiş bir təcavüzdür: "Məhz Azərbaycan TV kanalları da bu məqsədə xidmət edir. Özəl kanalların son illərdə tamaşaçılara təcavüzü ölçüyə gəlməzdir. Zövqsüz, zəif, tamaşaçıya heç nə verməyən verilişlər nə vaxta kimi azərbaycanlıların beyninə yeridiləcək. Milli adət-ənənələrimizdən kənar verilişlər gəncliyi hara sürükləyir? Azərbaycan kanalları neçə illərdir ki, asan və gəlirli qazanc yerləri tapıblar. Müxtəlif və uzun sürən şou yarışmaları keçirirlər. Yarış iştirakçıları efir vasitəsi ilə bütün dünya azərbaycanlılarını salamlayır, sonra da xahiş edir, yalvarır, sızlayr, ağlayır ki, bəs deməzsinizmi, mən azərbaycanlıyam, çətin vəziyyətə düşmüşəm, mənə SMS göndərin. Şou göstərənlər, yarışmalar təşkil edənlər Azərbaycan tamaşaçısının intellektual səviyyəsini, biliyini, savadını yaxşı bildiyi üçün bütün bunları edir. Savadlı, səviyyəli tamaşaçıya belə zövqsüz, mənasız, əhəmiyyətsiz verilişləri sırımaq çətindir".
Xatırladaq ki, Milli Məclisin mədəniyyət məsələləri üzrə daimi komissiyasının sədri Nizami Cəfərov vaxtilə Milli Məclisdə şou-biznesi necə tənzimləmək haqqında məsələ qaldırmışdı. Demişdi ki, şou-biznes sahəsinin bazasını öyrənmək lazımdır: "Bu sahəyə dövlət nəzarəti olmalıdır. Yoxsa bunlar gənclərin qalan hissəsini də şou fanatına çevrəcəklər. Şou-biznesdə peşəkarlıq olmasa, o, insanları kütləyə çevrəcək. Bundan sonra baş-gözümüzə döyəcəyik ki, niyə gecikdik, niyə vaxtında oyanmadıq?"
Mehriban Zeynalova bu cür verilişlərin insan haqlarını kobud şəkildə pozduğunu bildirir: "Bu cür verilişlər ümumi ictimai şüura xərçəng xəstəliyi kimi yeridilmiş bir şeydir. Məhz o verilişlərin nəticəsində qadınlara qarşı münasibət köklü şəkildə dəyişilib. Bu gün kişilər istənilən qadınla istənilən formada rəftar etməyi haqlı bilir. Çünki bunu təbliğ edə televiziyadır. Televiziya isə məhz bunu deyir; sən kobud rəftar elə, sən ələ sal, təhqir elə, diskriminasiya yarat və bu normal bir haldır. Hesab edirəm ki, ölkədə Azərbaycan qadınına olan münasibətin dəyişilməsində televiziya verilişləri "qəhrəmanlıq" göstəriblər. Bu gün ölkədə qadınların öldürülmə hallarının artması, onlarla pis rəftar, qadınların fahişəliyə cəlb edilməsində bu cür verilişlərin özəl xidməti var. Yəni problem aktualdır və bu tendensiya təkcə bir verilişdə deyil, bütün verilişlərdə təkrarlanır. Verilişlərdə elə bil aparıcılar insan haqlarını pozmaq üçün yarışa giriblər. Bu hallar ekspertlər tərəfindən də tətbiq edilir, hamı ittiham etmək, hamı qınamaq, hamı məsləhət verməyə can atır. Təbii ki, bu yanlış addımdır. Bu qadın hüquqlarının ciddi şəkildə pozulmasıdır. Hesab edirəm ki, ayrıca bir media-monitorinq qrupu olmalıdır və bu qrup faktları toplamalı, məhkəmələrə müraciət edərək bu cür verilişlər hazırlayan şirkətlərin cərimələnməsinə nail olmalıdır. Bu ən yaxşı üsullardan biridir, əks təqdirdə TV ekranlarda mövcud zorakılığın qarşısını almaq mümkün olmayacaq".

Ülviyyə Tahirqızı