Dağlıq Qarabağ münaqişəsi İran mətbuatı və elmi ədəbiyyatında Layihə

Dağlıq Qarabağ münaqişəsi İran mətbuatı və elmi ədəbiyyatında

Sübhan Ə.Talıblının araşdırması

II yazı

Tarixən yerli əhali hesab olunan Qarapapaq tayfası bütövlüklə Güneyə – Urmiya ətrafına köçmək məcburiyyətində qalıb. 1828-1832-ci illər arasında İrəvanda yaşayan türklərin sayı 100 min nəfərə qədər azaldığı halda gəlmə ermənilər hesabına erməni sakinlərin sayı 82377 nəfər artıb. 6 böyük məscidi, 50 savadlı müsəlman ali ruhanisi, 1807 müsəlman Türk ailəsinin yaşadığı müsəlman İrəvan şəhəri XIX əsrin sonunda xristian erməni şəhərinə çevrildi. Halbuki, bu şəhərin iqtisadi və mədəni, elmi inkişafında Azərbaycan Türklərinin böyük zəhmət və vətən torpağına bağlılıqdan irəli gələn xidmətləri olub. Məzarları hazırda İrəvan torpağında olan savadlı din xadimi Ayətullah Seyidəli İrəvani, Ayətullah Seyid Hüccət İrəvani, İrəvan məscidinin imamcüməsi Hacı Seyid Səfərəli və onun atası Seyid Əbdülməcid və başqaları İslam dini əxlaqının əsaslarını İrəvandakı müsəlmanlara aşılamaqda ruhani vəzifələrini ləyaqətlə yerinə yetiriblər. Bunların bir çoxunun İrəvanda anadan olduğu qeyd edilir".
Beləliklə, Türklərin qanuni ata-baba torpaqlarını zəbt edib burada "əzəmətli" Ermənistan yaratmaq istəyən erməni daşnaklarının Türklərə qarşı soyqırım əməliyyatı İrəvan, Göyçə, Zəngəzurdan başlasa da o Azəbaycanın nə Quzeyindən, nə də Güneyindən yan keçməyib. Həmin qanlı olayların keçmişdə qalan izləri Dağlıq Qarabağa qarşı ermənilərin qətl və qarətlərlə dolu yürüşü bugünkü olaylarla təzələnib. 1918-ci ildə müsəlman Türklərinə qarşı ermənilərin Qərbi Azərbaycanda İrəvandan əlavə 211 yaşayış məntəqəsində törətdiyi soyqırımda 300 min nəfər soydaşımız qətlə yetirilmişdirsə, Güney Azərbaycanda təkcə Urmiya və Səlmasda şəhid olanların sayı 130-150 min nəfər arasında göstərilir. Əslində bu rəqəm göstəriləndən qat-qat çoxdur. Rza şah, sonra isə onun oğlu Güney Azərbaycandakı müsəlman Türklərin soyqırımı haqda yazmağı və tədqiqat aparmağı yasaq etdiyindən 1918-ci ildəki müsəlman qətliamında öldürülənlərin sayı indiyə qədər dəqiq verilməyib. Təbrizdə çıxan "Dilmanc" jurnalı 1918-ci il soyqırımında ölənlərin sayını 100 min nəfər, Əhməd Kəsrəvi "Azərbaycanın 18 illik tarixi" kitabında 130 min nəfər, Urmiyada çıxan "Nəvide Azərbaycan" qəzetində Camal Ayrumlunun məqaləsində 150 min nəfər göstərilir. Olayların üstündən 80 ildən çox bir vaxt keçdiyindən çoxlu qurbanların hesabdan kənarda qaldığı şəksizdir. Ermənilər olmayan soyqırım haqqında geniş miqyasda böyük vay-şivən qoparır.
Buna rəğmən Xocalı faciəsini dünya ictimaiyyətinə yetərincə çatdıra bilmədiyimiz bir şəraitdə, 100 ildən artıq ermənilərin Türklərə qarşı vaxtaşırı "soyqırım"ları haqda həqiqətləri tədqiq edib ortaya çıxarmaq Güneyli-Quzeyli Azərbaycan ziyalılarının və ictimayyətinin borcudur, soyqırım qurbanlarının ruhları qarşısında vətəndaşlıq vəzifəsidir. Ermənilərin İranda özlərinə sığınacaq tapması Səfəvilər və Qacarlar hakimiyyəti illərindən başlasa da, onların Türklər əleyhinə fitnəkar fəaliyyəti əsasən Pəhləvi xanədanlığı dövründə (1925-1979) əl-qol aça bilib. Zatən Türkün qəddar düşməni olan Rza şah və onun oğlu Məmmədrza İranda yaşayan ermənilərin simasında Azərbaycan Türklərinin kökünü kəsmək üçün İran məkanında özünə çox üzüyola həmkar tapa bilmişdi. Sarayda şərab hazırlamaqdan tutmuş, dərzi, dəllək, aşpaz, tərcüməçi və müəllimliyədək bütün peşələrdə özünə yer tapmış ermənilər ali dövlət vəzifələrini tutmağa qədər yüksələ bilmişlər. Hansı peşədə və hansı vəzifədə işləməyindən asılı olmayaraq onlar öz fəaliyyətlərini Türklərə qarşı açıq və gizli mübarizəyə yönəldiblər. Məmmədrza şahın uşaqlıq və gənclik dostu olmuş, onun dövründə yüksək hərbi rütbəyə və vəzifəyə yüksələn Hüseyn Fərdustun Tehranda çap olmuş iki cildlik xatirələrində (Pəhləvi sülaləsinin zühuru və süqutu) ermənilərin İrandakı fitnəkar fəaliyyətinə aid saysız-hesabsız faktlardan söhbət açılır. Fərdustun yazısından bəlli olur ki, İran xəfiyyə idarəsi (SAVAK) ilə Daşnaksütyun Partiyasının İran üzrə şöbəsi - "Erməni gizli ordusu", "Erməni Tələbə və Gənclər ittifaqı", "Erməni Cəmiyyəti", "İrandakı Ermənilərin Keşiş Şurası" və s. bu cür anti-Türk və terrorçu təşkilatlar arasında sıx əlaqə və əməkdaşlıq olub.
2001-ci il aprel ayının 22-də, qondarma "erməni soyqırımı"nın ildönümünə bir gün qalmış İİR İslam Şurası Məclisində erməni deputatı Jercin Abramyan üzdəniraq erməni soyqırımı məsələsini bir daha qaldırmağa cəhd göstərib. J.Abramyan deyib: "Sionist rejim dəfələrlə sabit etmişdir ki, müttəfiqlərin yardımı və savaş gücünə söykənməklə, nəinki məsələnin ədalətli həllini güdmür, bəlkə həmişə Fələstin xalqının hakimiyyət haqqının danmasını düşünür". Bu sözlərdən aydın olur ki, Abramyan "soyqırım" məsələsini qaldırmağına baxmayaraq, sionist rejim ilə Ermənistan rejiminin eyni məqsədə qulluq etdiyini göstərmək istəyib. Yəqin edirik ki, o öz soydaşlarına İİR Məclis tribunasından bunu demək istəyib: "Siz nə qədər Amerikanın, Rusiyanın, Fransanın yardımına arxalansaz da, bu, münaqişənin çıxış yolu deyil".
Söz əslində bu olmalıdır. Amma Abramyanın məqsədi ayrıdır və o, Qarabağı Ermənistanın həqiqi ərazisi hesab edir. Erməni deputatı daha sonra bildirir: "Qayda belədir ki, əldən getmişlərin (ölkənin) hörməti üçün bir neçə dəqiqə sükut keçirirlər. İstərdim bu qayda pozulub, fəryada çevrilsin. Bəlkə bəşəriyyətin yatmış vicdanı insanın insan əleyhinə etdiyi zülmdən ayıq düşsün". Abramyan düz buyurur. Bu günə kimi davam edən erməni cinayətinə göz yumulub, 100 il bundan qabaq qırılanları günün məsələsinə çevirmək lazımdı. İranın Təbriz, Urmiyə, Səlmas, Xoy və başqa şəhərlərində erməni vəhşiliyi hələ də əhalinin ürəyindən silinməyib. Bəs onda görəsən bu erməni deputat hansı vicdandan bəhs edir? Zəngəzur, Xocalı faciəsindən bəlkə də xəbəri yoxdur!!! Erməni deputatı İİR hökumətindən və məclisindən istəyib ki, bu ölkə də, Rusiya, Yunanıstan, Fransa, İtaliya və sairə ölkələr kimi, üzdəniraq erməni soyqırımını tanımağa can atsın. Erməni yepiskopu Ardan Manukyanın "Cahane İslam" qəzeti müxbirinə müsahibəsindən hiddətlənən Tehran Universitetlərində təhsil alan azərbaycanlı tələbələr ona verdikləri cavabları aşağıdakı məsələlər ətrafında cəmləşdiriblər:
1. Xristian (miladi) ilinin başlanması münasibətilə İrandakı xristianları təbrik edən bu ruhanidən yeni ildə regionumuzda yaşayan millətlərə sülh və əmin-amanlıq arzu edəcəyi, irqçiliyə və tarixi həqiqətlərin təhrif olunmasına qarşı çıxacağı gözlənilirdi. Lakin təəssüf ki, yepiskop Manukyan neçə ay əvvəl dediklərinin tam əksinə danışıb, Ermənistanın Qarabağ ermənilərini silahlandırılmasına və Ermənistan ordusunun Qarabağ hadisələrinə müdaxiləsinə haqq qazandırıb.
2. "Cahane İslam" qəzeti müxbirinin sualına …"Mövcud olmamış Ermənistan torpağının bir parçası "Artsax" var idi" – deyən erməni keşişinin cavabından hiddətlənmiş tələbələr öz məktublarında yazırlar ki, heç bir sənəd və sübuta əsaslanmadan Ermənistanın tarixindən söz açanlar və "Böyük Ermənistan" haqqında xülyalar söyləyənlər bilməlidirlər ki, ictimaiyyət bu bəd niyyətlərdən xəbərsiz deyil. Qarabağdakı kilsələri, qəbirləri, daşları sübut kimi ortalığa gətirənlər, bu yerin Ermənistana məxsus olduğunu söyləyən Manukyan bilməlidir ki, ölkənin coğrafi sərhədləri kilsə və qəbir daşları əsasında müəyyənləşsə onlarca böyük məscidlər (o cümlədən İrəvandakı Göy məscid) Ermənistan ərazisində mövcud olub. Təbrizdə, Makuda, Salmasda, Tehranda, İsfahanda və İranın başqa şəhərlərində kilsələr vardır. Əgər tarixə yepiskopun məntiqsiz baxışı ilə yanaşılsa, onda deməli, bu şəhərlər də Ermənistanın ərazisi hesab edilməlidir. Bəlkə elə buna görə də İİR, Türkiyə, Suriya və İraq torpaqlarının bir hissəsi "Ermənistanın işğal olunmuş qərb torpaqları" adı altında "Böyük Ermənistan" xəritəsinə daxil edilib. Bu iddialar ermənilərin başqa torpaqları qəsb etmək niyyətdən doğur. Bu iştaha II Dünya müharibəsindən sonra Naxçıvan, sonra isə Qarabağ haqqında oldu, bəlkə sabah da "Davric" yazdıqları Təbriz haqqında da olacaq!!!
3. Tehran Universiteti tələbələri belə bir məsələ üzərində dayanırlar ki, yepiskop Manukyan heç bir əsas olmadan Qarabağı Ermənistanın hesab edir və burada gedən müharibəni "Qarabağ Respublikası ilə Azərbaycan arasında gedən müharibə" adlandırır. Tələbələr öz cavablarında belə bir məntiqi sual ortaya qoyurlar və cavab verirlər ki, "əgər Qarabağ Ermənistanındırsa, bəs onda Manukyanın "Qarabağ Respublikası" adlandırdığı qurum hansı formulaya əsaslanır? O, bu qurumun heç bir beynəlxalq rəsmi dairələr tərəfindən tanınmadığını deməyə qorxur, öz əqidəsi ilə Ermənistan dövləti ilə həmfikir olduğunu göstərir".
4. İran ermənilərinin baş yepiskopunun Qarabağdakı müharibə ilə əlaqədar 350 min qaçqının taleyindən narahat olduğuna və onlara köməklik göstərmək çağırışına cavab olaraq tələbələr yazır: "Əvvəla, bütün Qarabağ əhalisinin sayı bu rəqəmin yarısı qədərdi, sonra baş yepiskop bilir ki, müharibə Azərbaycan torpağının daxilində gedir. Buna görə də müharibənin mülki əhalidən ibarət qurbanları azərbaycanlılardı, nəinki ermənilər. Manukyanın qaçqınların taleyinə kiçik bir əlavəsi varsa o, inkarolunmaz bu məsələni gözünün qabağına gətirsin ki, Azərbaycan torpağının 20 faizdən çoxu erməni təcavüzkarının işğalı altındadır və bir milyon nəfərdən artıq Azərbaycan məzlumu öz evindən, yurd-yuvasından didərgin salınıb.
Ermənistan ordusunun bu cinayətləri qarşısında beynəlxalq ictimaiyyətin susmasından mütəəssir olan tələbələrin erməni yepiskopuna cavabının sonunda qeyd olunur ki, müharibənin tez qurtarmasını, sülh və ədalətin bərpa olunmasını əgər ağaye Manukyan doğrudan da arzu edirsə, bunun üçün hər şeydən əvvəl "Böyük Ermənistan" xülyasından, başqalarının torpaqlarını qəsb etmək iddiasından əl götürməlidir".

Cavid