Qarabağın Azərbaycan və dünya mədəniyyətinə verdiyi töhfələr Layihə

Qarabağın Azərbaycan və dünya mədəniyyətinə verdiyi töhfələr

Qarabağın qədim tarixi, mədəniyyəti ilə yanaşı ədəbiyyatı da sübut edir ki, azərbaycanlılar bu torpaqların qədim sakinləridir

Ermənilərin regiona kütləvi köçürülmələri milli-mənəvi dəyərlərimizin getdikcə təqib olunması və sıxışdırılmasına gətirib çıxarıb

Qarabağ deyəndə yadımıza ilk növbədə tarixən mərkəz rolunu oynayan Şuşa şəhəri düşür. Lakin Şuşa Qarabağın XVIII əsrdən sonra mərkəzinə çevrilmiş bir şəhər olmuş və bundan sonra Qarabağın yeni mədəniyyət erası başlanmışdır. Şuşa şəhərinin salınmasına qədər Qarabağ ərazisində yerləşən qədim Bərdə və Beyləqan şəhərləri ədəbiyyat və mədəniyyət tariximizdə önəmli yerlərdən birini tutmuşdur. Məsələn, ədəbiyyat tariximizdə xeyli "Bərdəilər", "Beyləqanilər" mənsubiyyətli şairlərimiz olmuşdur ki, bu da Qarabağ poeziya ənənələrinin lap qədimlərə gedib çıxdığını göstərməkdədir.
X əsrdə Əbu Bəkir Əhraəd əl-Bərdəi, Məkki Bərdəi, Xətib Bağdadi Məhəmməd əl-Bərdəi, Əhməd ibn əl-Hüseyin Əbu Səid ibn Yəhya əl- Bərdəi təkcə ölkəmizdə deyil, Yaxın Şərqdə tanınmış söz sənətkarlarından olublar. XI-XII əsrdə Azərbaycan ədəbiyyatının tanınmış isimlərindən olmuş Məsud ibn Namdar, Mücirəddin Beyləqaninin yaradıcılığı və ondan sonra gələn Zəid ibn Hüseyn ibn Ömər Beyləqaninin fəqih və filosof kimi yüksək elmi səviyyədə qərar tutması, onun Dəməşq şəhərində fəaliyyəti, elmin aparıcı simalarından birinə çevrilməsi Qarabağ torpağının ədəbi-bədii, elmi mühitini ifadə edib.
Tədqiqatçı Anar Turan bildirib ki, XIV əsrdə bu bölgədə Sədullah Bərdəi və Tuti Abdulla Qarabaği adlı şair yaşamış və "Həqiqətüs-şüarə" adlı mənbələrdə adı çəkilən əsər yazıb. Təəsüf ki, əsər günümüzə gəlib çatmayıb. XV əsrdə Mühyiddin Bərdəi və Qarabağlı Şeyx İbrahim ibn Məhəmməd Şəhabəddin Bərdəi dövrünün məşhur şairləri olmuş və Şeyx ibrahim Gülşəni təxəllüsü ilə ədəbiyyat tarixində iz qoyub. O həm də böyük din alimi olub, bir müddət Qahirədə və Osmanlı ərazisində öz təriqətini yayıb. Xanəgahı Qahirədədir və bu gün fəaliyyətdədir. Mövlanə Gülşənin iki oğlu olmuş, Şeyx Əhməd Gülşənizadə və Səfvəti Seyyid Əli Gülşəni adı şair kimi tanıyıblar.
Yusif ibn Məhəmmədşahi Qarabaği XVI-XVII əsrlərdə yaşayıb-yaratmış, dövrünün görkəmli alimlərindən olmuş, Səmərqəndə Hüseyniyyə xanəgahına getmiş və Mövlanə Yusif təbəqəsinə yüksəlmişdir. Göründüyü kimi, Qarabağ ədəbi mühiti hər zaman Azərbaycan ədəbiyyatının uğurlu və məhsuldar səhifələrindən olmuş, mədəniyyətimizin formalaşmasında əsaslı rol oynamışdır.
XVI əsrdə yaşayıb-yaratmış, şah İsmayıl Xətainin hörmət bəslədiyi aşıqlardan olmuş Aşıq Qurbani, XVIII əsrdə Mirmöhsün Ləmbərani Asəf, Aşıq Əli, Aşıq Valeh, Ziyadi Qarabaği, Güləbirdli Sarı Aşıq, Qarabağlı Musa Kərimullah və Molla Pənah Vaqifin adlarını qeyd etmək yerinə düşər. Qarabağın xanlıq dövründə Ağa Bəyim Ağa Tuti Şərqin müdrik qadınlarından biri kimi tarixə düşmüş və İran şahı Fətəli şah dövründə ölkənin diplomatiyasının fəal istiqamətverici simalarından olub. O, həm də məşhur bayatılar müəllifi kimi də tanınıb.
Qarabağ bölgəsinin ən qızğın və şübhəsiz ki, öz yüksək inkişafı ilə tarixə düşmüş dövrü XIX və XX əsrlərdir. Bu dövr həm siyasi mürəkkəbliyi ilə yadda qalmış, həm də ümumilikdə ölkə ədəbi-mədəni dairələrində gedən fəallıq və məhsuldarlıq artımı ilə əvvəki dövrlərdən fərqlənib. Siyasi mühitin mürəkkəbliyi, ermənilərin çar Rusiyası rəhbərliyi tərəfindən regiona kütləvi köçürülmələri milli-mənəvi dəyərlərimizin getdikcə təqib olunması və sıxışdırılmasına gətirib çıxarıb. Bütün bu siyasi narahatlıqlara baxmayaraq ümumazərbaycan ədəbi-mədəni, ictimai müstəvisində gedən sıçrayışlar Qarabağdan da yan keçməmiş və bu bölgə həmişə olduğu kimi proseslərdə yaxından iştirak edib.
Bu dövrdə Vaqif yaradıcılığından ilhamlanmış tənqidi-realit satiranın Qasım bəy Zakir (1784-1857) kimi nümayəndəsi yetişmiş və poeziyamızın inkişafına təsir göstərmişdir. Bundan əlavə Füzuli ənənələrinin davamçılarından biri də Xurşud Banu Natavan (1830-1897) dövrü başlanmış və Şuşada onun rəhbərliyi ilə "Məclisi-Üns" poetik məclisi yaranmışdır. Həmin dövrdə M.Möhsün Nəvvabın başçılığı ilə "Məclisi- Fəramuşan" məclisi də fəaliyyət göstərmiş və Şuşanın ədəbi mühitində xüsusi yeri və rolu olmuşdur. Bundan əlavə şair Seyid Mirhəmzə əfəndi Nigari (1795-1886) yaradıcılığını xüsusi qeyd etmək lazımdır. Bu şəxs həm də böyük sufi alimi və mütəfəkkiri olmuş, Şimali Qafqazda Şeyx Şamilin rəhbərliyi altında rus imperializminə qarşı Müridizm hərəkatının təşəkkül tapmasında və yayılmasında önəmli rol oynamışdır. Müridləri Türkiyəyə və İrana yayılmış təlimini davam etdiriblər. Nigaridən başqa Mirzə İsmayıl bəy Baharlı, Mücrüm Kərim, Mirzəcan bəy Mədətov, Mirzə İbrahim bəy Səba, Mirzə Haqverdi Səfanı da Qarabağ ədəbiyyatının tanınmış nümayəndləri adlandırmaq olar.
Daha sonra dramaturgiyanın inkişafında böyük xidmətləri olan Nəcəf bəy Vəzirov (1854-1926) hələ XİX əsrin sonlarında qələmə aldığı komediyalar və "Müsibəti- Fəxrəddin" (1894) faciəsi, Əbdürrəhimbəy Haqverdiyevin (1870-1933) komediyaları və " Dağılan Tifaq", "Bəxtsiz Cavan"(1900), " Ağa Məhəmməd şah Qacar" (1907) faciələri ilə Azərbaycan ədəbiyyatının yeni uğurlu səhifələri açıldı. Həmin dövrdə peşəkar Qarabağ qadın aşıqlarımızdan olan Aşıq Pərini də misal gətirməklə həm aşıq yaradıcılığımızın, folklor və ədəbiyyatımızın birgə addımlamasına dair yekdil rəyə gələ bilərik.
XX əsrdə Qarabağın Azərbaycan mədəniyyətinə verdiyi ən böyük sima dahi bəstəkar, Şərqdə ilk operanın banisi, böyük dramaturq, ilk liberetto müəllifi, musiqili komediya janrının banisi, görkəmli jurnalist, publisist, himnimizin müəllifi Üzeyir bəy Hacıbəylidir. XIX əsrin sonları, XX əsrin əvvəllərində Azərbaycan ədəbi mühitinin Qarabağ səhifəsinin əhəmiyyəti barədə çox danışmaq və yazmaq olar. Qarabağ ədəbiyyatının görkəmli simalarından biri də yazıçı-etnoqraf, folklorşünas və diplomat Yusif Vəzir Çəmənzəminlidir. O milli ədəbiyyatımızda ilk tarixi romanlar müəllifi kimi də tanınıb. "İki od arasında" və "Qızlar bulağı" əsərləri ilə tarixi roman janrının ən gözəl nümunələrini yaradıb. Hacıbəylilərdən Ceyhun bəyin yazıçı-publisist, folklorşünas kimi xidmətlərini qeyd etmək lazımdır. O, Parisdə ilk dəfə "Qarabağ folkloru" kitabını fransızca və orijinal mətnlərdə çap etdirib. Bunlardan başqa Firudin bəy Köçərlinin ilk ədəbiyyat tarixçisi və maarifçisi kimi xidmətlərini, görkəmli dövlət xadimi, həm Azərbaycan Xalq Cumhuriyyəti, həm də Türkiyə Cumhuriyyətinin qurulmasında müstəsna xidmətləri olmuş yazıçı-publisist Əhməd bəy Ağaoğlunu və ilk uşaq ədəbiyyatının yaradıcılarından biri, ədəbiyyatımızda mental dəyərlərimizi mühafizə edən ilk layiqli bəy obrazının yaradıcısı Süleyman Sani Axundovun söz sənətimizin inkişafında xidmətləri danılmazdır. Daha sonra isə Süleyman Rəhimov, Əli Vəliyev, Abay Dağlı , Aşıq Surxay, İsmayıl Quliyev, İlyas Əfəndiyev, Cəmil Əlibəyov, Şəfiqə Ağayeva, Bayram Bayramov, Elçin Əfəndiyev və digərlərini də qeyd etməklə Azərbaycan ədəbiyyatının əslən qarabağlı olan görkəmli simalarının sayını uzatmaq da olar. Beləliklə, Qarabağ ədəbiyyatının tarixi anatomiyasına nəzər yetirməyə çalışdıq. Təəsülər olsun ki, tarixi torpağımız olan Qarabağ bu gün işğal altındadır. 1991-1994-cü illərdə Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsi nəticəsində milyondan artıq soydaşımız didərgin salınmış, Qarabağ və onun mərkəzi Şuşa şəhəri işğal edilmiş, maddi-mədəniyyət nümunələri dağıdılmış və talan olunmuşdur. Ermənilər bu gün Qarabağ torpağına sahib çıxmaq istəməklə yanaşı onun mədəniyyətinə, ədəbiyyatına da sahib çıxmağa çalışırlar. Lakin Qarabağın qədim tarixi, mədəniyyəti ilə yanaşı ədəbiyyatı da onu sübut edir ki, bu torpaqda Azərbaycan türkləri hər zaman dominant olmuş və bu qədim yurdumuzun gəlmə ermənilərlə yaxından və uzaqdan heç bir əlaqəsi olmamışdır. Çünki, Qarabağı bədii cəhətdən bu cür gözəl vəsf edən, onu dünyada tanıdan, onun mədəniyyət xəzinəsini zənginləşdirmək yolunu tutmuş insanlar yalnız Qarabağlı, yalnız azərbaycanlı ola bilərlər.

Cavid