Güney Azərbaycan poeziyasında janr və forma müxtəlifliyi Güney Azərbaycan

Güney Azərbaycan poeziyasında janr və forma müxtəlifliyi

Düşmən nə dilimi kəsdirə, nə susdura bildi…

Şeirşünaslığımızda əruz vəzninin xüsusi yeri var. Çünki şeirimizin bu vəznlə əlaqədar tarixi qədimdir. Cənubi Azərbaycan poeziyası daim əruz vəzninin cığırı ilə inkişaf etdiyi kimi bu gün də əruz vəzninin bəhrlərində öz formalarını müəyyənləşdirməkdədir. Əruzun 19 bəhri var. Bəhrlərin çoxluğu və onların saysız-hesabsız formaları (elə tək həcəz bəhrinin 30-a qədər forması var) ilk baxışda olıduqca çətin bir janr kimi görünür. Bəlkə elə buna görə çətinlikdən qorxan sosializm ideoloqları əruzda tətbiq olunan qəlibləri poeziyada fikrin sürətini azaldan kimi qəbul edib ona ikrahla baxıblar. Lakin onlar anlamayıblar ki, əruz olduqca ölçülü bir vəzn olduğu üçün tonikliyinə görə heca və sərbəst şeirlə səsləşir. Bu isə onu göstərir ki, bəzən ən güclü əruz bili¬ciləri bəzi şeirlər heca vəznində olduğu halda, onu əruz vəz¬nində hesab edib və müəyyən bir bəhrin formasındakı qəliblərə böl¬üblər.
Güney Azərbaycan şairlərinin əksəriyyəti isə əruz vəz¬nini çox gözəl bildikləri üçün öz əsərlərini əsasən əruz vəznində yazıblar. Bu isə onların fars dilini mükəmməl bilmə¬ləri, eyni zamanda ibtidai sinifdən başlayaraq ilahiyyat fənlərini öyrə¬nərkən ərəb dilinin fonetikasına bələd olmalarından irəli gəlir. Ərəb fonetikasında hər bir sait səsin uzun, orta, qısa olmaqla üç tələffüz forması var. Güney Azərbay¬can şairləri də bütün klassiklərimiz kimi həcəz və rəməl bəhrə¬lərindən geniş istifadə ediblər. Bu, həm də ondan ötrüdür ki, bu bəhrlər milli şeir dilimizlə çox gözəl bir sürətdə səslənir. Heca vəznində sözlər təqtilərə bütöv bölündüyü halda,əruzun bir çox bəhrlərində qəliblər sözlərin parçalanmasına, hecaların uzan¬masını və qısalmasını tələb edir. Əruz vəznində sillabik xüsusiy¬yət öz varlığını daim qoruyub saxlayır. Belə ki, çox az misralarda hecaların sayı qeyri-bərabər olur və burada da vurğu vəzni bərabərləşdirilir.

Daha bəsdir tükənib səbri-qərarım, gözəlim,
Həsrətindən saralıb bağu-baharım, gözəlim.

İbrahim Zahid

Göründüyü kimi, İbrahim Zahidin əruz vəznində yazılan qə¬zəlindən olan bu misralara heca və təqti tələbi ilə nəzərdən ke¬çirsək, xeyli yaxınlıq, hətta bərabərlik görərik.Tonik keyfiy¬yətlərə gəldikdə isə vurğu keyfiyyəti bu qəzəldə xüsusi rol oy¬nayır. Ümumiyyətlə, şeir ritm anlayışı ilə bağlı olduğu üçün ritmi şeirin keyfiyyət ölçüsü hesab etmək olar.
Müasir Güney Azər¬baycan şairləri də öz sələflərinin yolunu davam etdirə¬rək əsərlərində söz, kəlmə, durğu və nitqin başqa ünsürlərinin düzgün əvəzlənməsi ilə emosionallığı yüksəldir və şeirə xüsusi ifadəlilik verirlər.
Xalq poeziyası janrlarına və milli şeirə məxsus olan yüksək xüsusiyyətlər onların sənətkarlığının əsas cəhətini təşkil edir:
Xalq yaradıcılı¬ğının Güney Azərbaycan şairlərinin sənətində ideya-məzmun, fəlsəfi-psixoloji və formal olaraq iki cür təzahürü var. Birincidə janrından asılı olmayaraq məzmun - ideya, ikincidə isə janr-forma oxşarlığı özünü göstərir:

Siqara dadmadığım dodaqlarımda,
Eşqimin dərdini çəkdim içimə.
İçkidən anlamam dərdli çağımda
Yurdumun sevgisin tökdüm içimə.
Əli Daşqın

Əli Daşqın bu şeirdə Güney Azərbaycan şairləri kimi özünün qabaqcıl ideyalarını xalq ədəbiyyatınin formalarında qələmə alıb. Əli Daşqın ədəbi formadan olduqca sərbəst istifadə edir, əsərin ideya-məzmununu dərindən və düzgün aça bilir, eyni zamanda forma və məzmun arasında vəhdət yarada bilir:

Yollandı Xəzərə Araz qatarı,
Zilləndik mən sənə, sən mənə sarı
Bir çayın böyrünə iki yük varı
Çapılıb çatıldıq biz iki qardaş.

Şimali Azərbaycanda Sovetlər birliyi dönəmində geniş yayılan ədəbi formalar Azərbaycan müstəqil bir dövlət olandan sonra öz mahiyyətini itirib, cəmiyyətin tarixi inkişafı ilə meydana çıxan mövzuları əks etdirə bilməyib, bunların əvəzinə ədəbiyyatımızda yeni, ədəbi prosesə uyğun olaraq xalqın istəyi ilə formalar meydana çıxıb. Güney Azərbaycanda isə daim parçalnmış Və¬tənin ağrı-acısını yaşamaqla, əvvəllər qəddar şah rejiminə qarşı, şah devrildikdən sonra əsasən sözaltı mənalarla fars şovinizminə qarşı işlənən formalar meydana gəlib. Məlum¬dur ki, hər bir ədəbi əsər həyat hadisələrinin bədii ifadəsidir. Hadisələr bir-birini əvəz edib dəyişdikdə ədəbiyatın mövzusu da dəyişir. Tarixi inkişaf nəticəsində insanların müəyyən amal uğrunda apardıqları mübarizə, vətənpərvərlik və s. əlaqədar yeni mövzular ədəbiyyat üçün əsas obyektə, aktual mövzuya çevrilir. Yeni məzmun özünə uyğun, yeni forma tələb edir. Meydana gələn yeni məzmunun köhnə formaya qarşı çıxması, məzmunla forma arasındakı ziddiyyət, yeni məzmunun yeni formada ifadə olunması, yeni-yeni ədəbi formaların meydana gəlməsi öz növbəsində ədəbiyyatın inkişafıdır. Güney Azərbaycan poeziyası da şübhəsiz, bu prosesdən yan keçməyib:

İstərsiniz birinin canını alasınız
Ən əvvəl dilini alın,
Danışan dilini
Ana dilini.
İstərsiniz bir milləti, məmləkəti qəhr edəsiniz,
Yenə susdurun dilini,
Kəsdirin dilini
Ana dilini.
Özgə heç nəyə hacət yox,
Zülmə, işgəncəyə ehtiyac yox.
Fəqət düşmən nə dilimi kəsdirə, nə susdura bildi,
Sadəcə yasaq olundu...

Qulamrza Səbri Təbrizinin bu şeirində obyektiv həqiqətin mövcudluğu açıq-aşkar özünü göstərir. Burda məzmunun for¬maya keçməsi prosesi müəllifi narahat edən problemin ona öz münasibətini obrazlarda "yerləşməsinə" bağlıdır. Çünki bədii obraz özü də bir formadır. Bu mənada müəllif onu narahat edən problem açıb göstərmək üçün məzmuna uyğun forma seçib. Onun lirik qəhrəmanı konkret xarakteri ifadə edən qüvvətli bir bədii obrazdır.
Güney Azərbaycanda müsir şeirin hərəkət etdiyi elə bir yol var ki, poeziya səltənətinə yalnız həmin yoldan keçərək baş vurmaq olar: o da ədəbi irsdə klassik ənənənədən müsirliyə doğru aparan yoldur. Tez-tez işlətdiyimiz "milli sərvət" anlayışının şübhəsiz ki, bilavasitə klassik irsə adiyyatı hamıdan çoxdur. Bir də o mənada ki, klassik milli mədəni sərvət müsir poeziya prosesində də hər bir yeni nailiyyətin şərti və zəminidir. Çünki heç nə boşluqda bitmir, hər şey torpaqdan göyərdiyi kimi, yenilik də göyərir. Ənənə mühərrik mənbəyi rolunu oynayır. Məlumdur ki, bütün vəznlərə bələd olmadan birbaşa yeni üslub¬da nəsə yaratmaq mümkün deyil. Yalnız üsluba və texnikaya aid forma problemində daha geniş mənada – ümünilikdə xalqın mənəvi mədəniyyətinin, bədii inkişafının tarixinə fərdi əlavə məzmununda başa düşülən yeniliyi kənarda axtarmır, həmçinin ənənəyə təslim olmağı yox, onu inkişaf etdirməyi nəzərdə tutur.
Məlum məsələdir ki,klassik ənənədən istifadə etmənin klassik nümunəsini də elə klassik şeirin özü verir: müasir Güney Azər¬baycan şeiri Şəhriyar ritmi, vəzni, obraz və ifadələri ilə doludur.
Lakin Güney Azərbaycandakı müasir poeziya Şəhriyar orbitində fırlanan növbəti poeziya peyki deyil, əksinə Şəhriyar ölçülü, Şəhriyar işıqlı yeni bir ulduzdur. Yalnız klassik ənənəvi yox, həm də bir-birini öz-özünütəqlid bu günkü Güney Azəbaycan poeziyasında versifikasiya əlamətlərinin, şair axınının digər əsas zəminini təşkil edir. Həqiqi vətənpərvərlik poeziyası ilə yanaşı,həmin ad altında saxta, yalançı dəb xarakteri daşıyan çoxlu şairlər də özünə yol tapır. Təkrir, yekrənglik bədii fərdiliyin, zəngin daxili"Mən"in yoxluğu "Axının" şeirinin əsas əlamətləri kimi özünü büruzə verir. Şeirdə hazır hökmlər və kəlamlar narahat axtarışları üstələyir.
Bəzi şeirlər çox sadə həqiqətləri, özü də ağla gələn iki variantda qələmə alırlar. Belə şeirlər də bizi zəginləşdirə, nəyi isə axıra qədər görmədiyimizi və duymadığımızı etiraf etdirən, oxucu fikrinin də ucuş üçün qanada çevrilən fərdi, təzə görüş və baxış bucağı olmur.
Poeziya bizə eyni qafiyə və rədiflərdən ibarət "əklillər" təqdim edir. Klassik poetik formalardan istifadədə bu, özünü daha qabarıq göstərir. Fəlsəfi düşüncənin klassik forması şübhəsiz ki, bugünki şeirlərdə ikiqat müasirlik duyğusu tələb edir. Bu formalar qiyməti, yeri, əhəmiyyəti onlardan necə, nə dərəcədə, harada, hansı məqamda, hansı mövzuda istifadə edilməsi ilə ölçülməlidir. Müxtəlif mövzular üçün eyni bir poetik forma seçmək olmaz. Poeziya daim fərdi kəşf vasitəsi olaraq qalmalıdır. Bəzən çox dayaz bir şeir informativliyin çoxluğu kimi başa düşülür. Halbuki informasiya mütləq məqsədə çevriləndə poeziyanı internet, qəzet və publisistika əvəz etməyə başlayır. Emosional, poetik əhval-ruhiyyə yaratmayan şeirin hərarəti ilə isinmə isə şübhəsiz ki, qeyri-mümkündür.

Vüqar Əhməd
professor