“Xamneyinin sözləri şübhə yeri də qoymur” Güney Azərbaycan

“Xamneyinin sözləri şübhə yeri də qoymur”

Böyük Britaniyaya səfər edən İsrailin baş naziri Benyamin Netanyahu jurnalistlərə açıqlamasında İranın dini lideri ayətullah Əli Xamneyinin ölkəsinə qarşı sərt bəyanatına kəskin reaksiya verib. Netanyahunun İran rəhbərinə sərt cavabı, Xamneyinin məsələ ilə bağlı çıxışından bir neçə saat sonraya təsadüf edib. Netanyahu deyib ki, İranın dini lideri açıq-aşkar İsrailin məhvindən danışır və bunu gizlətmir: "Xamneyinin bu sözləri nüvə razılaşmasının tərəfdarı olanlara ən kiçik bir şübhə yeri də qoymur. O, Amerikanı açıq şəkildə "böyük şeytan" adlandıraraq ölkəsinin İsraili məhv etmək niyyətindən danışır. İsrail güclü bir ölkədir və sözsüz ki, daha da güclənəcək. Bu ölkə heç vaxt məhv edilməyəcək. Lakin Tehranın diktator rəhbərinin bu sözlərindən belə bir nəticəyə gəlmək olar ki, üzərində məsuliyyət hissi daşıyan bütün ölkələr İranın nüvə razılaşmasından sonra daha güclənən təcavüz və terrorunu dayandırmalıdır".
Qeyd edək ki, Əli Xamneyi sentyabrın 9-da bir qrup ölkə vətəndaşı ilə görüşərək İsrailin nüvə razılaşmasına münasibətinə toxunaraq bu ölkəyə qarşı sərt bəyanatlar səsləndirib: "Nüvə danışıqlarından sonra sionist rejimində deyirdilər nə yaxşı ki, 25 ilə qədər İran problemindən yaxa qurtardıq və bu baxımdan fikrimiz rahatdır. Mən isə onlara deyirəm ki, birincisi siz qarşıdan gələn 25 ili görməyəcəksiniz və Allah qoysa gələn 25 ildə sionist rejimindən əsər-əlamət qalmayacaq. İkincisi də budur ki, həmin müddətdə güclənən cihad və mübarizə əhval-ruhiyyəsi sionist rejimini bir an belə rahat buraxmayacaq".