Məhbus güneyli fəal müalicəyə buraxılıb Güney Azərbaycan

Məhbus güneyli fəal müalicəyə buraxılıb

Hazırda həbsdə olan milli-mədəni fəal Behbud Quluzadə müalicə olmaq məqsədi ilə mülki vəsiqə qarşılığında məzuniyyətə buraxılıb.
Güneyli fəal Mahmud Fəzli, Ayət Mehrəlibəyli, Lətif Həsəni və Şəhram Radmehrlə birlikdə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən keçən il saxlanıb və Təbrizin inqilab məhkəməsinin 3-cü şöbəsi tərəfindən sistemin əleyhinə təbliğat və ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qanunsuz qrup yaratmaqda ittiham edilib. O, 9 il həbsə məhkum olunub. Məhkəmə hökmü sonralar apelyasiya məhkəməsi tərəfindən də təsdiqlənib. Fəallar məhkəmənin ədalətsiz qərarına etiraz olaraq aclıq aksiyası keçiriblər, lakin məhkəmə məsulları onları Rəcayişəhr zindanına sürgün edib. Məhbus fəallar bir neçə ay sonra Təbrizin mərkəzi zindanına intiqal olunub.
Fəallar ETTELAAT idarəsi və Rəcayişəhr zindanında olduqları müddətdə fiziki və ruhi işgəncələrə məruz qalıblar. Fəalların sağlamlıq durumunun yaxşı olmadığı bildirilir.
Daha bir güneyli məhbus - Təbriz zindanında həbsdə saxlanılan azərbaycanlı milli-mədəni fəal İbrahim Rəşidi isə zindanın klinikasına köçürülüb. Fəal böyrəyində kəskin ağrılardan əziyyət çəkir. Lakin zindanın klinikası heç bir müalicə imkanlarına malik deyil və klinikada yalnız ağrıkəsici iynə və yuxu dərmanları yazmaqla kifayətləniblər. Fəal martın 19-da Təbriz zindanının karantin bölümünə salınıb və 2 həftədən sonra təmizlik baxımından acınacaqlı vəziyyətdə olan üçlük bölümünə köçürülüb. Fəalın həmin bölümə köçürülməsi də qanunsuz şəkildə baş tutub.
Qeyd edək ki, adını çəkdiyimiz fəal mədəni fəaliyyətləri üzündən İran rejimi tərəfindən təyin edilən həbs müddətinin qalan 1 ilini çəkmək üçün zindana salınıb.