Mir Mehdi Etimadın Vətən sevgisi Güney Azərbaycan

Mir Mehdi Etimadın Vətən sevgisi

Xiyabani: "İndi bizə qəm və kədər gətirən ədəbiyyat lazım deyil. Gənclərimiz yeni təhsil dalınca getməlidir, bu işdə ədəbiyyatın rolu böyükdür"



I yazı

Mir Mehdi Etimad 1900-cü ildə Təbrizdə Seyid Məhəmməd kişinin ailəsində doğulub, kiçik yaşlarından dövrün tələblərinə əsasən köhnə üsullu məktəb müəllimi Molla Yusifdən ərəb dili dərsi almağa başlayıb. Ərəb və fars dilini öyrənən Etimad ibtidai təhsilini Mirzə Əbdülqasım xanın "Üsul-i cədid" məktəbində alır, sonra "Talibiyyə
mədrəsəsi"ndə sərf-nəhv, fiqh, hikmət elmlərini də öyrənir. Ancaq ədəbiyyata böyük maraq və sevgisi onu daim mütaliə etməyə, mütəmadi olaraq bədii ədəbiyyat oxuyub öyrənməyə, bilik və
məlumatını artırmağa istiqamətləndirir. Mir Mehdi Etimad təhsilini bitirib xalq maarifi sahəsində fəaliyyətə başlayır. Oxumaq həvəsində olanlar üçün Təbrizdə yeni üsullu "Etimad mədrəsəsi"ni açmağa nail olur.
1920-ci illərdə, Etimadın ədəbi-bədii və pedaqoji fəaliyyətə başladığı mühüm tarixi mərhələdə yeni milli oyanışın, Xiyabani hərəkatının təsiri Güney Azərbaycan məkanında geniş yayılmışdı. Şeyx Məhəmməd Xiyabani isə böyük elm, ədəbiyyat adamı idi və bu dövrdə yaranan ədəbiyyatı xüsusi diqqətlə izləyirdi. O deyirdi: "İndi bizə qəm və kədər gətirən ədəbiyyat lazım deyil. Gənclərimiz yeni təhsil dalınca getməlidir, bu işdə ədəbiyyatın rolu böyükdür."
Mir Mehdi Etimad da alovlu nitqlərilə milyonları qəflətdən oyatmağa qadir olan Xiyabaninin arzu etdiyi yeni, azad ruhlu ədəbiyyatın yaradıcılarından biri idi. Ancaq mövcud rejim - Rza şah Pəhləvi hakimiyyəti ona qarşı olan azad, mübariz ruhlu ədəbiyyatın əleyhinə idi. Buna görə də 1928-ci ildə Azərbaycan dilində olan kitab və mətbuat, hətta bu dildə olan teatrlarda tamaşaların göstərilməsi, məktəblərdə və ictimai yerlərdə türkcə danışmaq belə qadağan olundu. Ancaq bu mənəvi və fiziki təzyiqlərə baxmayaraq dövrün qabaqcıl yazıçı və şairləri öz qələmlərini yerə qoymadılar.
Ədib yaratdığı "Etimad mədrəsəsi"ndə on beş il yeni nəslin təlim-tərbiyəsi işi ilə məşğul olur, həm də bədii yaradıcılığını davam etdirir, ictimai-siyasi
məzmunlu şeirlər yazır. Məktəb həyatı, pedaqoji fəaliyyəti, şagirdlərlə yaxından təması Mir Mehdi Etimadı tərbiyəvi-didaktik mövzuda əsərlər yazmağa istiqamətləndirir.
1941-46-cı illər ədibin həm ictimai-siyasi mübarizə, həm də ədəbi-bədii yaradıcılıq sahəsində yeni məthələ açır. Belə ki, 1945-ci ilin sentyabrında S.C.Pişəvərinin başçılığı ilə Azərbaycan Demokrat Partiyası yaranır və çox keçmədən o, bir siyasi lider kimi, bütün hərəkata, xalqa rəhbərlik etmək qüdrətində olduğunu sübut edir. Güneydə Milli Demokratik Hökumət vaxt itirmədən bir sıra demokratik islahatlar həyata keçirilir. Ən əvvəl Azərbaycan türkcəsi xalqın azad ünsiyyət vasitəsi və rəsmi dövlət dili elan edilir. Tədris müəssisələrində, mətbuat, elmi və siyasi idarələrdə işlərin bütünlüklə ana dilində aparılmasına başlanır. Beləliklə də, milli mədəniyyətin, ədəbiyyatın, poeziyanın inkişafı, tərəqqisi üçün əlverişli şərait yaranır.
1941-ci ildə İkinci Dünya müharibəsinin sərhədlərinin genişlənməsi nəticəsində isə İranın və Güney Azərbaycanın həyatında daha böyük dəyişikliklər baş verir. Məhəmmədrza şah ölkədən qaçaraq xarici havadarlarının qoltuğuna sığınır. Ölkədə yaranan nisbi azadlıqdan istifadə edən Etimad 1942-ci ildə "Şairlər məclisi"ni yaratmaq ideyasını irəli sürür. Əli Fitrət, Əbülqasım Kamil, Məhəmməd Biriya və Hilal Nasiri bu işdə ona yaxından kömək edirlər.
Beləliklə, 1942-ci ildə Təbrizdə fəaliyyətə başlayan Azərbaycan yazıçıları və hünərvərləri cəmiyyətinə Mir Mehdi Etimad sədr seçilir. Etimadın rəhbərlik etdiyi "Şairlər məclisi"nin Urmu, Zəncan, Ərdəbil və Astara şəhərlərində də şöbələri yaranır. "Məclisin aylıq orqanı olan "Şairlər məclisi" jurnalında (bu orqan jurnal formatında olsa da, jurnal deyil, Almanax adlanırdı) tezliklə ölkənin bütün şəhərlərində yazıb-yaradan şair və yazıçıların əsərləri çap olunur.
"Şairlər məclisi" Güney Azərbaycanda ədəbiyyatın məzmunca zənginləşməsi və onda ictimai-siyasi gerçəkliyin aktual problemlərinin əks edilməsi sahəsində böyük işlər görürdü. Bu dövrdə M.Niknam, Borçalu, F.Məzhun, M.M.Çavuşi, Y.Şeyda, Nəcati, H.Sahir, M.Biriya, Ə.Fitrət, M.Dirəfşi, C.Kaşif, H.Nasiri, B.Azəroğlu, M.Gülgün, H.Bülluri, Ə.Tudə, H.Tərlan, Savalan, A.Bariz, Qaflantı və başqaları ilə bərabər M.Etimad da zülmə və zorakılığa, əsarət və səfalətə, milli ayrı-seçkiliyə qarşı kəskin məzmunlu əsərlər yaratmaqla ədəbi fikrin təzələnməsinə təsir göstərir.
Vətənin səmasında doğmuş azadıq günəşini, Milli Hökuməti ürəkdən tərənnüm edir, sevinc duyğularını poetik misralara çevirirdi. Ədəbiyyat, bədii söz sənəti böyük vüsətlə inkişaf edir, Güney Azərbaycanda ədəbiyyatın, publisistikanın güclü təmsilçiləri, yeni yazarlar ordusu yaranırdı. Quzey Azərbaycandan Güneyə ictimai-siyasi-ədəbi fəaliyyət üçün gəlmiş M.İbrahimov, Q.İlkin, S.Rüstəm, M.Rahim, Q.Məmmədli və b. kimi yaradıcı ziyalılara qoşulan Mir Mehdi Etimad öz həmkarları ilə bir sırada addımlayır, dövri mətbuatda – "Vətən yolu"nda, "Azərbaycan", "Sitareyi-Azərbaycan", "Xavəri-no", "Azad millət", "Urmiyyə", "Cövdət", "Fədai", "Demokrat", "Azərbaycan ulduzu" kimi qəzet və jurnallarda şeir və məqalələrlə çıxış edirdi.
Mir Mehdi Etimad doğma xalqının azadlıq uğrunda mübarizə apardığı illərin, həm də Milli Hökümət dövrünün görkəmli şairi olub. İstər onun yazıb-yaratdığı illəri, istərsə də sonrakı Cənubi Azərbaycan ədəbiyyatını Etimadsız təsəvvür etmək olmaz. Qeyd edək ki, 1946-cı ilin 11 dekabrında Güney Azərbaycan Milli Höküməti süquta uğradıldıqdan sonra bir çox azadlıq mücahidləri, fədailərlə bərabər Etimad da Təbrizdə həbs olunub. O, iki il həbsdə qalıb, sonra ümumi əfv zamanı azad edilsə də, Azərbaycandan sürgün edilib, Tehranda yaşamalı olub. Şair tezliklə Tehran ədəbi mühitinə də daxil olub və istər farsdilli, istərsə də türkdilli ədəbiyyatın ən üzdə olan nümayəndələrindən birinə çevrilib. Səhənd, Fərzanə və digər silahdaşlarının təşkil etdikləri şeir
məclislərində yaxından iştirak edib, yeni şeirlərini oxuyub.
Ömrü boyu xalqına vicdanla xidmət edən, türk balalarının maariflənməsi yolunda gecə-gündüz çalışan vətənpərvər şair 1981-ci ildə 81 yaşında Tehranda vəfat edib. Ədib ölkənin, xalqının gələcəyi olan gənc nəslin düzgün, saf
əxlaqlı, vətənpərvər ruhda tərbiyə alıb formalaşmasını həmişə düşünüb, bu məsələni həyatının mənasına çevirib. Ona görə də Etimadın xüsusulə uşaq və gənclər, eləcə də böyüklər üçün yazdığı əsərlərdə əxlaqi-didaktik mövqe
özünü daha qabarıq göstərir. Ədib gəncləri gələcəyin görən gözü, düşünən beyni sanır, onların Vətənin sabahı üçün hərtərəfli şəxsiyyət, bir vətəndaş kimi yetişmələrində ədəbiyyatın əvəzsiz rol oynadığını düşünürdü. Yaşadığı əsrdə baş vermiş mühüm tarixi hadisələrin şahidi, bəzən isə fəal iştirakçısı olan Etimad şahidi olduğu olayları, görüb-eşitdiklərini şair təxəyyülündən keçirərək misralara çevirir, "Mənaze-yi ədəbi-Ədəb qaydala-rı", "Bədrəqətül-əs sabiyan- Gənclərin ziyalanması (maariflən-məsi, nurlanması)", "Hidayət-ül kəlam- Kəlamların göstərdiyi yol", "Təxt-ülsabiyan" ("Cavanlıq taxtı"), "Ayine-yi əxlaq" ("Əxlaqın aynası"), "Gəlinlər bəzəyi", "Gül qönçəsi", "Çərşənbə bazarı", "Bərgi səbz" ("Yaşıl yarpaq"), "Səmavəriyyə-müsahibələr", "Şanlı Azərbaycan" kimi daha çox nəsihətamiz ruhlu, bir-birindən maraqlı əsərlərini həm fars, həm də türkcə qələmə alırdı. Düşüncələrini real həyatda da tətbiq etmək üçün dövrünün ziyalı övladı bütün qüvvəsini, intellektini səfərbər edir və "Etimad mədrəsəsi"ni yaratmağa nail olur.
Ölkə məktəblərinin birinci sinif şagirdlərinin Ana dilində təhsil alması, milli ruhda böyüməsi üçün "Əlifba-yi cədid-Yeni əlifba" dərsliyini yazıb ortaya qoyur. Şairin əsərləri böyük maraqla oxunur və sevilirdi. Bu böyük sevginin nəticəsində "Mənaze-yi ədəbi-Ədəb qaydaları" 8 dəfə, "Bədrəqətül-əs sabiyan- Gənclərin maariflənməsi" 10 dəfə, "Ayine-yi əxlaq-Əxlaqın aynası "kitabı isə 20 dəfə nəşr olunur. O, xalqına, Vətəninə könül verib ülfət bağladığı söz cəbhəsində şair kimi, siyasət meydanında ictimai xadim, maarif sahəsində isə təcrübəli pedaqoq kimi
ləyaqətlə xidmət edirdi. Buna görə də tərbiyəvi-didaktik mövzuda yazdığı əsərləri, ictimai məzmunlu poema və şeirləri ilə, qeyd etdiyimiz kimi, Etimad hələ sağlığında ikən xalq arasında böyük şöhrət qazanmışdı. "Şairin "Doğma Azərbaycan" və b. kimi bir sıra şeirlərinə bəstələnən mahnılar dillərdə dolaşmaqdadır."
"Azərbaycan tarixinin qasırğalı və fəlakətli günlərində çox vaxt şairlər qabağa düşüb, xalq kütlələrini zülmkar hakimlərə, yadelli qarətçilərə qarşı üsyana səsləyiblər. Şair Hacı Rza Sərraf da Məşrutə hərəkatının həyəcan təbilini çalmağı öz boynuna götürmüşdü.
Rza şahın istibdad rejiminin devrildiyi tarixi zamanda isə bu missiyanı Mir Mehdi Etimad və silahdaşları həyata keçirirdilər. Milli hökumət zamanı yazdığı əsərlərində, eləcə də "Yeni həyatımız", "Vurun qədəmlərivizi titrəsin bütün Tehran", "Azadlıq baharı" şeirlərində Vətənə artıq yeni həyatın qədəm qoyduğunu xəbər verir, duyduğu
hədsiz sevinc hisslərini ifadə edir, şeirdə səsləndirdiyi sualların son beytdə inamla cavabını verirdi:

Bir günəşin camalını xalqımız axtarır görə,
Söylə görüm ki, bu günəş yurdumuza haçan gəlir?
Pərçəmi-ədli qaldıran, xalqı həyata sövq edən,
Şanlı, şərəfli bir bahar aləmə ərmağan gəlir.

Qəflətdə yatan soydaşlarını oyatmaq üçün azadlığın bir nəğmə, gözəl səs kimi gəlməsini fərəhlə qarşılayan, "təfriqəni sevənlərin bağçasına xəzan"ın təşrifini isə təbii qəbul edən Etimad yeni zamanın yetişdiyinə işarə edirdi. O, coşqun vətənpərvərlik ruhlu ilə "Doğma Azərbaycanım", "Azərbaycana yetişməz", "Təbrizim", "Neyləyib bu quzu millət sənə, təqsiri nədir?", "Səttarxan yurdu", "Vətən baharı", "Elimə salam", "Zəfər bayrağı", "Yaşa,
yaşa, Azərbaycan!", "Get adamını tanı" kimi şeirlərini yazmış, duyğu və düşüncələrini poetik misralara çevirib. Bu şeirlərin təkcə adlarını sadalamaq kifayətdir ki, onların mahiyyətində necə böyük el-oba məhəbbətinin, Azərbaycan
sevgisinin, azadlıq, istiqlal eşqinin durduğunu anlayasan. Azərbaycan şairin havası, suyu, çörəyi, eşqi, bir sözlə, hər şeyidir, Vətənsiz onun üçün həyat yoxdur. "Doğma Azərbaycan" şeirində olduğu kimi:

Azadlığı çün sərv ağacı səndən alıbdır,
Dan ulduzu tək baş çəkib ərşə ucalıbdır.
Səndən alır ilhamı o dağ-daşdakı tufan,
Sən tərbiyə versən daş olur ləli-bədəxşan.
Bu qəlblərin coşğun olan pak qanı sənsən,
Azər elinin izzəti sənsən, canı sənsən.
Eşq olsun o aşiqlərə ki, bağladı peyman,
Öz canlarını eylədilər eşqüvə qurban.
Oğlanlarının fikri, məramı budur ancaq,
Daim yaşa, ey izzətimiz, ey ana torpaq!

Təsadüfi deyil ki, 1946-cı ildə Milli Hökumətin dövlət himni kimi də məhz görkəmli söz ustadının yazdığı "Yaşa, yaşa, Azərbaycan!" şeiri qəbul olunmuşdu. Qeyd edək ki,"Yaşa, yaşa Azərbaycan!" şeiri əsasında Milli Hökumətin dövlət himninin musiqisini isə görkəmli bəstəkarımız Cahangir Cahangirov yazmışdı:

Ey vətənim Azərbaycan,
Əbədi odlardan nişan.
Adlı-sanlı keçmişin var,
Sən böyütdün qəhrəmanlar.
Qoca Şərqin çırağısan,
Azadlığın bayrağısan.
Tarix boyunca yadigar
İftixarlı asarın var.
Sənsən bizə ana, Vətən
Sənsən bizə nemət verən
Sənsən bizə ruhi-rəvan,
Yaşa-yaşa Azərbaycan!
Azərbaycan, Azərbaycan,
Aslanların məkanısan,
Sən qurduğun yeni həyat
Xalqımıza verdi nicat.
Gözəl günlər gətiribsən,
Səttarxanlar yetiribsən.
Qoy yurdumuz cənnət olsun,
Düşmən bağrı qanla dolsun.


Esmira Fuad
ədəbiyyatşünas