Güneydə 1 Xordad (22 may) Qiyamının ildönümü ağırlanır Güney Azərbaycan

Güneydə 1 Xordad (22 may) Qiyamının ildönümü ağırlanır

2006-ci il 22 May Qiyamından (1385-ci il 1 xordad qiyamı) 8 il ötür. Milli Qiyamın ildönümü, hər il azərbaycanlılar tərəfindən keçirilən müxtəlif tədbirlərlə yadda qalır.
Bu günlərdə Güney Azərbaycanın müxtəlif şəhərlərində təhlükəsizlik qüvvələrinin sayı qat-qat artıb. Milli Qiyamın ildönümündə etiraz aksiyalarının start götürməsindən çəkinən rejim, önləyici tədbirlər alır və milli-mədəni fəalları nəzarət altında saxlayır. Bütün təzyiqlərə baxmayaraq, Güney Azərbaycanın müxtəlif şəhərləri xüsusi ilə Təbriz və Urmiyə kimi böyük şəhərlərdə bir neçə gündür CD-lər paylanılır, Bildirilər yayılır və şəhərin müxtəlif yerlərində divarlar üzərinə milli şüarlar yazılır! Sulduz şəhərində divarlar geniş şəkildə yazılıb. Bu da təhlükəsizlik qüvvələrinin sayının artmasına xüsusi səbəb olub.
Milli Qiyamın ildönümü 8-ci ərəfəsində Güney Azərbaycanın qərb bölgələrində yerləşən Urmiyə, Maku, Xoy, Salmas, Sulduz və Qoşaçay kimi şəhərlərdə çoxsaylı Bildirilər yayılıb. Bildirilərdə Milli Qiyam və həmin günlərdə canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edilib. Bildirilərdə həmçinin Qərbi Azərbaycan Vilayətində terrorçu kürdlərin fəallaşması və Urmiyə bələdiyyəsinin onlara meydan verməsi barədə xəbərdarlıq edilib və bölgədə gedən anti-Azərbaycan proseslərə aydınlıq gətirilib.
Həmin ərəfədə Muğan universitetlərində "İran və tüklər" adlı 1000-dən çox dərgi paylanılıb. Dərgi mayın 20 və 21-də (ordibeheştin 30 və 31-də) Parsabadın Səma, Pəyame Nur və Azad-i İslami kimi universitetlərində paylanılıb. Dərgidə türklərin tarixi, Azərbaycan musiqisi. Asimilasyon siyasəti, "21 Azər" hadisələri, milli hökumət, türk dili və ədəbiyyatı və sair kimi mövzular dərc olunub.
Bir daha xatırladaq ki, bu günlər 2006-cı ilin mayında Güney Azərbaycanda baş vermiş hadisələrin ildönümüdür. İranın rəsmi qəzeti – "İran"da azərbaycanlıların təhqir edilməsinə etiraz əlaməti olaraq, soydaşlarımız tərəfindən həyata keçirilən kütləvi aksiyalar bütün Güney Azərbaycanı və İranın azərbaycanlılar yaşayan digər şəhərlərini bürüyüb. Bir həftədən artıq davam edən və 1 Xordad (22 may) hərəkatı adı alan aksiyalar zamanı onlarla azərbaycanlı şəhid olub, yüzlərlə insan yaralanıb və çoxsaylı insan həbs olunub. Onlara qarşı açılmış cinayət işlərinin bəziləri hələ də xətm olunmayıb.