İranın vitse-prezidenti Araz çayının suyunun Urmiya gölünə axıdılması layihəsinə qarşı çıxıb Güney Azərbaycan

İranın vitse-prezidenti Araz çayının suyunun Urmiya gölünə axıdılması layihəsinə qarşı çıxıb

İranın Ətraf Mühitin Mühafizəsi və Ekologiya Təşkilatının sədri Urmiya gölünün bərpası məqsədilə Araz çayı suyunun axıdılmasına qarşı çıxıb.
APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, Məsumə Ebtekar bu layihənin uzunmüddətli dəyərləndirilməyə ehtiyacı olduğunu bildirib.
Vitse-prezident həmçinin Azərbaycan Respublikasını Xəzər dənizini ən çox çirkləndirən ölkə adlandırıb: "Xəzər dənizinin neft çirklənmələrinin ən əsas mənşəyi Azərbaycan Respublikasıdır. Xəzər dənizi Ekologiyası Konvensiyasına əsasən, çirklənmələrin qarşısı alınmalı və bütün ölkələr bu problemin qarşısının alınmasına yardım göstərməlidirlər. Sahilyanı ölkələr öz standartlarını yüksəltməli və bu sahədə proqrama malik olmalıdırlar".
Xatırladaq ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq edib.