“Azərbaycan” qəzetinin səhifələrində - 8-ci yazı Güney Azərbaycan

“Azərbaycan” qəzetinin səhifələrində - 8-ci yazı

Bizim vətənimiz

Qəzetin 108-ci sayında getmiş “Cinayət məhkəməsinin ləğv edilməsi” ünvanlı baş məqaləsi bütün oxucularda, o cümlədən ölkəmizin tərəqqisi və islahında maraqlı olan xalqımızda böyük bir sevinc yaratdı.
Bizi sevindirən və gələcəyə ümidvar edən Milli Məclisimizin 7 nömrəli qərarı idi. Bu qərara görə pul, ya mal ilə rüşvət alan məmurların, habelə rüşvət verənlərin və dövlət malını mənimsəyənlərin cəzası 3 ildən 15 ilə qədər həbs və icbari işdən edam cəzasına qədər təyin edilib. Bu qərarın qəti sürətdə rüşvət verib rüşvət almaq, habelə mənimsəmənin tam surətdə qabağını alacağı yəqindir.
Milli Məclisimiz, milli cavan hökumətimiz bu az zamanda çox işləyib, çox çalışıb və xalqın yaxşılığı və məmləkətin mənfəəti üçün çox böyük qərarlar qəbul edib. İdarə və təşkilatların islahı yolunda atılan bu addımlar xalqımızın daha çox marağını cəlb edib və ona daha çox sevinc və xoşbəxtlik veribdir.
Gördüyümüz kimi Milli Hökumətimiz bir tərəfdən bitməz və tükənməz səyləri ilə xalqımızın xoşbəxt və məsud olmasına, faydalı və qaçaqçılıqla olmayan sağlam və düzgün qanunlarla oğurluq və əyriliyin qabağını almağa, o biri tərəfdən də əncümənlər seçkisi yolu ilə çürük və köhnəlmiş təşkilat yerinə əsaslı və sağlam bir təşkilat qurmağa çalışır ki, onda oğurluq və əyriliyə imkan qalmasın. Çünki Məclisimizin 13 nömrəli qərarına və Milli Hökumətimizin qəbul etdiyi qərara əsasən bütün ölkədə əncümən seçkilərinə başlanıb. Sonra bu əncümənlər bütün idarələrin işlərinə nəzarət edəcək və bir dövlət məmurundan oğurluq, əyrilik və ayrı pis işlər gördüyü zaman onun istefasını və işdən kənar olmasını müvafiq nazirlikdən istəyəcəkdir. Həqiqətdə qara diktatorluq dövründə millətlə dövlətin arasını açan və bunları bir-birnə düşmən edən bu yanlış struktura malik idarələr idi.
Beləliklə, demək olar ki, dövlət və millətin hər ikisinin məzmunu bir olacaq və bir-birinə qarışacaq, bir daha keçmişdəki pis və pozğun dövlətlər kimi bir-biri ilə müxalif cəbhə təşkil etməyəcəklər. Milli Hökumətimizin bünövrəsi çox möhkəm və çox sağlam olacaq, xalqımız da istədiyi və arzu etdiyi kimi yaşayacaqdır, illər boyu arzu etdiyi və həsrətini çəkdiyi azadlığa və rahatlığa nail olacaqdır.
Bu əsnada biz dövlətimizin və Milli Hökumətimizin öz vəzifəsini yaxşı səviyyədə ifa etdiyini, gecə-gündüz demədən və yoğunluğun nə olduğunu bilmədən ölkəimizin tərəqqisi, xalqımızın səadəti və xoşbəxtliyi uğrunda çalışdığını görürük.
Əlbəttə, bu, dövlətin çox gözəl bir vəchlə, doğru və müntəzəm bir planla tərtib edib görəcəyi işlərdir. Amma bizim də öz payımıza düşən bir vəzifə vardır. Gərək onu öyrənək və o yolda çalışaq ki, özümüzü dünyanın yüksək mədəni xalqıları və millətləri ilə uyğunlaşdıra bilək. O da ictimai əxlaqımızı düzəltmək və birlikdə yüksək mədəniyyətli, elmli, savadlı və əxlaqlı bir millət olduğumuzu dünyalara bildirməklə mümkündür.
Bir filosofun dediyi kimi, qanun gərək qəlbimizdə əxlaq ola və ruhumuz həmişə bu qanun qarşısında hörmət və minnətdarlıq hissi keçirə. Vəzifəni vəzifə nöqteyi-nəzərindən ifa etmək fəzilət sayılır, amma cəhənnəm qorxusundan olan ibadət ibadət sayılmaz. Cəzanın qorxusundan vəzifəni icra etmək və bu zaman düzgün olmaq da fəzilət və xoşəxlaqlılıq deyildir.
Biz nə işdə olursaq olaq, istər bir nəfər fəhlə olaq, istər dövlət işçisi olaq, istər bir kiçik baqqal, istər bir böyük tacir olaq, gərək həmişə qəlbimizdə dövlətimizə və millətimizə qarşı dərin bir məhəbbət bəsləyək və həmişə öz işimizdə, öz sənətimizdə xalqın mənafeyini gözləyək, cəmiyyətdə olan qüdrətimizi, əlimizdə olan sənətimizi, elmimizi, qabiliyətimizi, qələmimizi, sərmayəmizi xalqın zərərinə və ziyanına işlətməyək.
Gərək buna inanaq və iman edək ki, vəzifələrdəki ən başlıca vəzifə məslək vicdanı və ona uyğun hərəkət etməkdir. Biz heç bir zaman bunu unutmamalıyıq ki, yalnız özümüz və ailəmiz üçün deyil, eyni zamanda bütün xalq və bütün cəmiyyət üçün çalışırıq. Bu mənada peşəkar məsuliyyətin mövzusu çox genişdir.
Xalis süd adına satılan qarışıq süd, təzə dərman yerinə verilən köhnəlmiş və təsirdən düşmüş dərman, çörək əvəzinə xalqa yedirilən min cür xarici maddə ilə qarışdırılmış taxıl, bahalıq, aclıq və qəhətlik yaratmaq üçün gizlədilən ərzaq, layiqincə tədqiq olunmamış bir imtahan vərəqəsi, bütün maddi və mənəvi şərtlərlə qabaqcadan yaxşıca hazırlanmamış bir dərs, yanlış və naqis mütaliə olunmuş bir dosye, bir müəllimin dərsinə qulaq asmadan ona qarşı yazılmış bir təftiş raportu, hər dərsə dair ən ibtidai məlumatdan məhrum olduğu halda o dərsin müəllimi haqqında fikir bildirmək – bütün bu saydıqlarım bir dəmir yol iynəçisinin (qatarların istiqamətini dəyişən şəxs – red.), bir tramvay sürücüsünün, bir avtomobil şoferinin laqeydliyindən və yanlış manevrindən daha ağır, daha faciəli təhlükələrə səbəb ola bilir.
Hər kəsin öz peşəsində bir işi layiqincə ifa etməsi həqiqətdə ölkəyə qarşı insanın ən böyük xidmətdə olmasıdır. Xalq daha çox hərbi və əsgəri şücaəti təqdir edər. Əlbəttə vətəni düşmənə qarşı silahla müdafiə etmək çox böyük xidmət və çox böyük bir fəzilətdir. Bunda zərrə qədər şübhə yoxdur. Amma bugünkü yaşadığımız zaman tələb edir ki, biz həm mədəni və həm ictimai həyatda fədakarlıqlar edək və buna görə demək olar ki, bugünkü ictimai həyatda əxlaq və vicdanla, hiyləsiz və düzgün bir şəkildə, mətanət və şücaətlə işləməyin çox mohtərəm bir mövqeyi vardır və bu mövqeyi doğruldanlar çox şərəfli və çox namuslu insanlardırlar.

Məhəmməd Fəxrəddin

"Azərbaycan" qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 118, 5 fevral 1946-cı il

* * *

Elan
Azərbaycanda rəssamlıq sənətini təşviq etmək və əhalini Azərbaycan rəssamlarının əsərləri ilə tanış etmək məqsədi ilə VOKS-un Təbrizdəki mədəniyyət evində İran Azərbaycanı rəssamlarının əsərlərindən ibarət sərgi təşkil edilir. Sərgidə iştirak etmək istəyən rəssamlar öz əsərlərini Sovet mədəniyyət evinin sərgi komisssiyasına təqdim etməlidirlər.
Sərgiyə aşağıdakı əsərlər qəbul ediləcəkdir:
1. Karandaş ilə ifa olunmuş tablolar,
2. Yağlı və sulu rənglərlə ifa olunmuş tablolar,
3. Qələm ilə ifa olunmuş tablolar,
4. Azərbaycan miniatürü,
5. Xalça eskizi, tabloları və xalçalar,
6. Çini material üzərində işlənmiş işlənmiş tablolar.
Əsərlər 1946-cı il fevral ayıının 1-dən (bəhmən ayının 16-dan) mart ayının 15-nə (esfəndin 24-ə) qədər qəbul olunacaqdır. Əsərləri qəbul olunan bütün rəssamlara gümüş nişanlar və birincilik qazananlara isə əlavə olaraq 3-cü dərəcəli mükafat veriləcəkdir:
1-ci dərəcə mükafat 5000 riyal
2-ci dərəcə mükafat 3000 riyal
3-cü dərəcə mükafat 2000 riyal
Sərgi 2 ay davam edərək Təbriz və ətrafından gələn əhalini rəssamların əsəsrləri ilə tanış edəcəkdir. Sərgi bağlandıqdan sonra əsərlər sahiblərinə qaytarılacaqdır.
Mədəniyyət evinin sərgi komissiyası.
1) VOKS - «Всесоюзное Общество Культурных Связей» (Ümumittifaq Mədəni Əlaqələr Cəmiyyəti) ifadəsinin rus abbreviaturasıdır.
“Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 117, 4 fevral 1946-cı il.

* * *

Azərbaycan dövlət teatrında
Milli dövlətimizin təşkil olunduğu az bir müddət içərisində vətənimizdə böyük yeniliklərin əmələ gəldiyi xalqımızın gözü qarşısındadır. Milli dövlətimizin atdığı hər bir tərəqqipərvər atdım xalqımızı inandırır ki, Azərbaycan xalqının həyatında yeni bir azadlıq aləmi yaranır.
Bütün sahələrdə olduğu kimi milli dövlətimiz mədəniyyət, maarif və incəsənət sahəsində də böyük işlər görüb. Milli universitetin yaradılması təqdir ilə qeyd olunmalı işlərdən biridir.
İncəsənət sahəsində isə daha böyük addımlar atılıb. Təbrizdə incəsənət şöbəsinin yaradılması, Azərbaycan dövlət teatrının təşkil edilməsi buna canlı bir dəlildir.
Milli dövlətimizin yeni qurulmasına baxmayaraq dövlət teatrımız üçün 582655 rial maliyə vəsaitini təsdiq edib. Səhnəni mədəni bir hala gətirmək, tamaşaçıların hər cür istirahətini təmin etmək və səhnənin təmiri üçün 18000 tümən (180000 rial – red.) pul buraxılıb və səhnə əsaslı surətdə təmir edilməkdədir. Səhnənin təmiratı tez bir zamanda qurtarmaq üzrədir. Dövlət teatrının 1945-1946-cı il mövsümü fevral ayının ikinci ongünlüyündə Azərbaycanın məşhur demokrat yazıçısı Cəlil Məmmədquluzadənin (Molla Nəsrəddinin) “Anamın kitabı” draması ilə açılacaqdır.
"Azərbaycan" qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 117, 4 fevral 1946-cı il

* * *

Mətbuat və onun tarixi vəzifəsi

Dünyanın ən mütərəqqi, ən mədəni ölkələrində mətbuat və onun oynadığı rol əvvəlinci məqama malik olmuşdur və bütün mədəni millətlər bu həqiqəti etiraf ediblər.
Məlumdur ki, dünyanın hər bir nöqtəsində bütün milli çıxışlar, milli hərəkatlar, milli inqilablar - hamısı fikir dəyişikliyi nəticəsində əmələ gəlib. Aydındır ki, bu kimi görkəmli işlər mətbuatın varlığından asılı olmuşdur və bu səbəbə görə hər ölkənin milli istəklərini onun mətbuatından anlamaq olar.
Bütün mədəni ölkələrdə maarif sahəsində hər nə qədər irəliləyiş olarsa, millətin ruhi dəyişikliyində onun təsirinin yüz və bəlkə, min qat olacağı aydındır. Məsələn, cürətlə demək olar ki, Sovet İttifaqının hazırkı əzəmət və yüksəlişinə hər şeydən öncə mətbuat sahəsində atılan böyük addımların nəticəsində nail olunub. İndiyə kimi ölkəmizi xarabazar halına salmış olan Tehran hökuməti bizim mətbuatımıza heç bir pul verməyib, mətbuat xadimlərini isə həbs, sürgün etmək və öldürməklə xalqımızı doğru yoldan kənarda qoyub ölkəmizi min il bundan əvvəlki halında saxlamağa sövq edibdir.
İyirmi illik diktatorluq dövrünü Azərbaycan tarixində bir qara bulud sanmaq olar. Çünki bu illər müddətində Azərbaycan xalqı hətta öz dilini də azad danışmağa qadir deyildi. “Azərbaycan” qəzeti ən parlaq bir ulduz kimi bu qara buludların arasından çıxdı və Azərbaycan xalqı da bu işığın nuru ilə öz düz yolunu təyin etdi. “Azərbaycan” qəzeti bir hərbi qəzet olduğu kimi Azərbaycan xalqını öz hüquqları ilə tanış etməklə bərabər irticanın Azərbaycanda törətdiyi əməllərin kökünü kəsdi və bu yolla bir daha mətbuatın oyandığı böyük rolu dünyaya sübut etdi.
Kim inkar edə bilər ki, “Azərbaycan” qəzeti Azərbaycan xalqının yatmış ruhunu oyatmadı?
Kim inkar edə bilər ki, Milli Hökumətin quruluşunda “Azərbaycan” qəzeti ən görkəmli rol oynamayıb? Kim inkar edə bilər ki, “Azərbaycan” qəzeti öz məntiqi ilə dünyanın istismarçı radiolarına, muzdur qəzetçilərinə qaneedici cavab vermədi.
Milli Hökumətimizin qurulduğu gündən bəri çoxlu adlarda nəşrlər gündən-günə çıxmaqdadır və ümid olunur ki, bu nəşrlər Azərbaycan xalqını daha artıq öz milli vəzifələri ilə tanış etməklə təsirli addımlar atacaq və ölkənin mətbuatını bundan daha artıq genişləndirəcəkdir.
H.S.
“Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 134, 25 fevral 1946-cı il.

* * *

Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə