İranlılar hicaba qarşı etiraza qalxdı Güney Azərbaycan

İranlılar hicaba qarşı etiraza qalxdı

Hicabdan imtina etdikləri üçün üzləri yandırılan qadınlara görə iranlılar etiraza qalxıb.
Axar.az xəbər verir ki, bu barədə hicaba yox deyən iranlı qadınların açdığı "Mənim sirli azadlığım" (My Stealthy Freedom) adlı hesabda məlumat paylaşılıb.
Səhifənin yaydığı məlumata görə, son günlər İranda hicabdan imtina edən qadınlara qarşı naməlum şəxslərin hücumu başlayıb. Başı örtüksüz qadın görən şəxslər qadınların üzünə sulfat turşusu ataraq qaçırlar.
Məlumatda qeyd edilir ki, artıq İsfahanda 13 qadın belə hücuma məruz qalıb. Onlardan altısının öldüyü bildirilir. Sağ qalan qadınların üzü isə tanınmaz və eybəcər hala düşüb.
Buna etiraz məqsədilə isfahanlılar küçəyə axışıb. Etiraza qoşulanlar arasında qadınlarla yanaşı, çox sayda kişinin də olduğu deyilir. Onlar hicaba yox deyən qadınlara qarşı hücumun əleyhinə çıxaraq etiraz edirlər. Etirazçılar qadınlara hücum edənlərin tezliklə tutulması və sərt şəkildə cəzalandırılması üçün kampaniya başladıblar.
Qeyd edək ki, artıq İran hakimiyyəti İsfahan şəhərində qadınlara hücumları araşdırır. Cinayətkarların qurbanları əsasən sükan arxasında olan qadınlardır.