Məni yora bilməz Güney düzləri Güney Azərbaycan

Məni yora bilməz Güney düzləri

Xatirəsiz qürbətlərdən evimə gəldim, əyləndim yurdumun dağlarında...

Güney Azərbaycan şairləri öz əsərlərində xalq adət-ənənələrinə söykənib, onlardan faydalanıb, qaynaq götürüb, bununla da öz əsərlərini zəngin naxışlarla bəzəyiblər. Xalqın ağrı-acısını dünyaya peşəkar jurnalist, eyni zamanda qüdrətli şair kimi bəyan edən Həmid Nitqi daim aktual problemləri əsərlərində böyük məharətlə çözməsinə baxmayaraq xalq adət-ənənələrindən kənarda qalmayıb, xalqın mədəniyyət tarixinin daşıyıcı olan bayramlar haqqında bir sıra əsərlər meydana gətirib:

Qırlara
İlkbaharın dəvətinə getmişdik.
Mahnıların, sazların,
Sözlərin, söhbətlərin
Gah enən, gah yüksələn ahənginə uymuşduq.
Girərkən qüssələri qapıda buraxmışdıq
Xatirə sandığından
Anıların
Ən parlaq incisin toplayaraq,
Sözləri süsləyirdik,
Keçmişlərin düyünlü boğçası açılırdı,
Nağıllaşmış günlərin hekayətin deyirdik.

Yaşlılar sözə gəlib,
Sisli xatirələri
Bir-bir paylaşırdılar.

Gənclər qıvraq-
Ən şaqraq
Mahnılara uyaraq,
Ayaq vurub oynayır,
Qəhqəhəylə dörd yana nəşə yağdırırdılar,
Səslər qaynaşırdılar,
Hisslər oynaşırdılar.
Sevinclə deyə-gülə.
Gün keçdi, zaman ötdü,
Şənliklər sürdü getdi...
Axşama doğru birdən
Baharın
Gurultulu sərxoş buludları da,
Tövşütərək şənliyə
Ən son gəlib çatdılar.
İldrımlar çaxdılar,
Şıdırğı bir yağışda
Qiyamət qopardılar.

İnsanlar düşə-qalxa,
Yağmur, çamur içində
Evlərinə qayıdıb
Döndüklərində belə,
Bayram davam edirdi.

Dodaqlarda mahnılar,
Ürəklərdə
İlkbahar.

Əksər şeirləri kimi bu əsəri də sərbəst vəzndə yazmış şair xalqın canında, qanında olan bayram sevincini yaşamağı üçün nə şıdırğı yağışdan, nə ildrımdan qorxmadığını, hətta çamura bata-bata belə böyük nəşə içində bayramını keçirdiyini göstərməklə yanaşı bütün şeirlərində olduğu kimi bu şeirində də "İldrım", "Şıdırğı yağmur" deyəndə xalqın min illərlə tarixi olan bayramını keçirməsinə mane olmaq istəyən qəddar və şovinist şah-üsul idarəsinin zülmünü, xalqa verdiyi əziyyəti, işgəncəni sətiraltı mənalarla, bədii piryomlarla böyük bir peşakarlıqla qələmə alır.
Həmid Nitqinin əsərləri fəlsəfi məna daşıyır, bir çox problemləri bədii boyalarla göstərir. Onun şeirləri bəşəri motivlərlə əhatə olunub, ancaq şairin bütün yaradıcılığında xalqın ruhu, xalqın mədəniyyəti, tarixi, milli dəyərlərə intəhasız hüsn-rəğbəti, yurd sevgisi, eyni zamanda xalqın adət-ənənəsi aydın bir şəkildə özünü göstərir:

Artıq nə deyim?
Ölkəmdəyəm,
Öz yurdumda,
Anamın dizində,
Dədəmin ocağında,
Elimin qucağında,
Babaların izində.

Xatirəsiz qürbətlərdən evimə gəldim,
Əyləndim yurdumun dağlarında.
Salxım-salxım günəş içdim,
Qızıl-qızıl üzümlü bağlarında.

Hər söz bir dəftər oldu,
Dəftərlər sözlə doldu.
Qayalardan əks edən
Koroğlunun gur səsi
Səs verdi sözlərimə.
Ərənlərin nəfəsi
Gəlişimi uğurladı.
İndi itirdiyim əlimlə
Nəğmələrimi yazıram artıq ana dilində.

Göründüyü kimi bu şeirdə "lirik mən" şairin özüdür. Şair uzun ayrılıqdan sonra qürbətdən vətənə, evinə dönür. İlk baxışdan bu adi bir hadisə kimi görünə bilər. Lakin bu şeirin misralarına şairin vətən, yurd, doğma dil, xalq sevgisinin bütün hərarəti hopub. Həmid Nitqi vətən, xalq sevgisini, doğma yurda intəhasız dərəcədə bağlılıq motivlərini orijinal formada, dinamik süjet daxi¬lində, ritmik ahəngdə elə ustalıqla əks etdirir ki, sanki şairin poetik portretini, danışıq tərzini gözlərimizlə görürük.
Həmid Nitqinin şeirləri müasir zövq, müasir tələblər, duyğu baxımından üstünlük təşkil edir. Başqa sözlə desək, onun lirik qəhrəmanı dövrünün, mənsub olduğu cəmiyyətin, münasibətdə olduğu adamların əməl və arzularına, işinə, fəaliyyətinə laqeyd qalmır, əksinə, ona şərik olur, ümumi, ictimai mənafe uğrunda əlindən gələni əsirgəmir. Hər yerdə əmin-amanlığın, haqq-ədalətin, düzgünlüyün, sülhün və həmrəyliyin bərpasını istəyir. Xüsusilə söhbət eldən, obadan, yurddan, vətəndən, doğma xalq¬dan, doğma dildən gedəndə bu qəhrəman canlı obraza çevrilir. Belə hallarda biz Həmid Nitqinin poeziyasında ictimai-fəlsəfi motivlərin olduqca məharətlə verildiyini görürük.
Həmid Nitqi gözəl poema ustasıdır. Poemaları bir-birinə qətiyyən bənzəməyən, olduqca müxtəlif tarixlərdən, hadisələrdən, insanlardan bəhs edir.
Həmid Nitqi məhəlli bir şair deyil, onun əsərləri bəşəri mövzularla, bəşəri ideyalarla olduqca zəngindir. Onun yaradıcılığını izləyərkən yaxşısı, pisi ilə, gözəlliyi, çirkinliyi ilə, təmizliyi və natəmizliyi, mərdliyi və namərdliyi ilə bütün dünya, bütün bəşəriyyət göz önündə canlanır. Şair öz oxucusunu canlı mənzərələrlə bir çox ölkələrə ekskursiyaya aparır. Həssas sənətkar haqqı tapdanmış, huququ əlindən alınmış, zülmə məruz qalmış xalqlara, millətlərə, insanlara acıyır, ancaq öz acısını deyil, bu ağalar və kölələr dünyasında, əsarət zəncirini boğazlarından qoparmaq istəyən insanların hiddətini ön plana çəkir, eyni zamanda onların yalnız fiziki varlıqlarının kölə olduğunu, mənəviyyatlarının isə kimsəyə boyun əymədiyini, qollarındakı zənciri qırmaqdan ötrü ölümün gözünə dik baxdıqlarını, əzmlə, qətiyyətlə və cəsarətlə mübarizə apardıqlarını bəyan edir. Şairin "Dastan ölməz" əsəri beynəlxalq mövzuda yazdığı, məzlum xalqların imperializmə qarşı qurtuluş mübarizsəsini təsvir və tərənnüm edən mükəmməl bir əsərdir. Zənci kimdir? O, imperialistlərin zülmü altında yaşayan və əsrlər boyu istismar məngənəsində sıxılan xalqların tipik nümayəndəsidir:

Bundan belə
Hər il yenə
Tək Səndominq şəhərinə
Bu cür otuz minə qədər
Zənci kölə endirdilər.
Daşıdılar
Dənizləri yara-yara,
Yüz əlli il müddətində
On beş milyon zənci insan Afrikadan
Oralara...
Ölüm Haitiyə gələn zəncilərdən
Milyonların canın aldı.
Bu ölkədə
Beş milyondan bir az artıq
Zənci qaldı.
Arada bir deyirdilər: - Zənci nədir?
Deyirdilər:
- Onun qismətidir təhqir,
Baxtı üzündədir - qara,
O qədərin əsiridir.
Bu yazıya olmaz çara.

Əlbəttə ilk baxışda şairin nəyə görə poemada sırf milli ifadələr işlətməsi, yalnız Azərbayan ədəbiyyatından, Azərbaycan poeziyasından şaxələnən kəlamlar ifadə etməsi sual doğurur. Bəlkə şair sözaltı mənalarla torpaqları tarix boyu yadellilərin işğalına məruz qalmış Azərbaycan xalqını nəzərdə tutur? Xeyr! Şair çox gözəl bilir ki, Azərbaycan xalqı heç vaxt kölə olmayıb və olmayacaq. Sonra isə poemanı diqqətlə nəzərdən keçirərkən Həmid Nitqinin bir azərbaycanlı şair olaraq, eyni zamanda sələflərinin yaratdığı poeziya xəzinəsinə intəhasız bir rəğbət göstərdiyindən bu beynəlxaq mövzuda yazılmış əsərdə belə xalq poeziyasından qaynaqlanmış və xalq adət-ənələrində fəvvarələnmiş misraların mövcudluğunun şahidi oluruq:

Bu belədir: el könlündə yatan ölməz,
Nağılda qəhrəman ölməz,-
Dastan ölməz..

Göründüyü kimi, şair hardan yazırsa yazsın, kimdən yazırsa yazsın, əsərini Azərbaycan ahəngində kökləyir, dünyanın o başından yazsa da, Azərbaycanın milli dəyərlərini, mədəniyyətini, soy-kökünü, əcdadını əziz tutur və necə deyərlər pərdənin o biri üzündə Azərbaycan tarixini, şifahi xalq ədəbiyyatını, adət-ənənələrini nümayiş etdirir və hər kəsə özünün Azərbaycan şairi olduğunu bəyan edir.
1901-ci ildə Şəbüstəridə dünyaya göz açmış 1989-cu ildə Allah rəhmətinə qovuşmiş Aşıq Qəşəm o taylı, bu taylı Azərbaycanın ən məşhur, ən tanınan və ən peşəkar aşıqlarından biridir. Bilavasitə xalq şeirindən qaynaqlanan, hər əsərini xalq şeiri üstündə məqamlayan, deyimlərində, ifadə tərzlərində, təşbihlərində, bir sözlə, hər misrasında poeziyasının xalq ədəbiyyatından cücərdiyini bəyan eləyən Aşıq Qəşəmin xalq adət-ənənələrindən süzülüb gələn atalar sözləri, zərbi-məsəllər, el misalları qızıl bir xətt kimi keçir. Şairin elə bir əsəri yoxdur ki, poetik lövhələrlə, fəlsəfi mənalarla, bədii təşbihlərlə həm tövsiyə şəklində xalqın yaratdığı atalar sözləri, həm də özünün yaratdığı aforizmlərlə oxucusunu dərin düşünməyə, yeddi arxa dönənini xatırlamağa, soy-kökünün tarixini, mədəniyyətini sevə-sevə varaqlamağa vadar eləməsin. Şairin "El məni atmaz" şeiri həm elinin öz sənətkarını, dəyərli insanlarını heç vaxt atmaz ifadəsilə elinin nə qədər yüksək mənəvi keyfiyyətlərə malik olduğunu göstərir, həm də elin insan üçün nə qədər dəyərli olduğunu bəyan edir:

Tarix bir bağbandır, mən də bülbüləm,
Baharım xoş gəlsə, gül məni atmaz.
Gəzir yurdumuzda igid cavanlar,
Şanə incitməsə tel məni atmaz.

Sinəmi yandırır hicran közləri,
Harayım oyatsın yatan gözləri,
Məni yora bilməz Güney düzləri,
Bünövrəm dəmirdir, yel məni atmaz.

Elmlə insanlar dağları çapar,
Atalar deyiblər, axtaran tapar.
Araz, salamımı qardaşa apar,
Kim atsa da məni, o, məni atmaz.

Şair bu şeirdə hər misraya fəlsəfi məna verir. Tarixin bir bağban, özünün bülbül olduğunu nəzərə çatdırarkən, özünü parçalanmış vətənin-gülün eşqiylə nalə çəkən bülbülə, "Gəzir yurdumuzda igid cavanlar",- söyləyərkən, yurdda parçalanmış vətəni birləşdirməkdən ötrü igid cavanlara ümidlə baxdığını, lakin yatan gözlərin hökmən oyanmasının vacibliyini, bunun üçün də yüksək elm sahibi olmağın əhəmiyyətini bəyan edir və məşhur: "Axtaran tapar",- el misalında olduğu kimi hicranı vüsalla əvəz eləmək üçün mütləq axtarmaq, aramaq, əziyyət çəkmək lazımdı deyərək, vətəni birləşdirmək üçün mübarizə aparmağın ən asan yollarını göstərir. Şair eyni zamanda bu şeirdə: "Məni yora bilməz Güney düzləri",- deyərkən artıq Güney Azərbaycanı deyil, Azərbaycanın parçalanmasına fitva verən, qol qoyan "Güney"i, yəni farsların məskunlaşdığı məkanı nəzərdə tutur və nəhayət; "Araz, salamımı qardaşa apar",- söyləyərkən, vətənin tən ortasında rusların və farsların "səxavəti" nəticəsində hicran çəpərinə dönmüş Araz çayı vasitəsilə şimallı qardaşına salam göndərir. Şair burda lirik duyğularla mənzərə və tablo yaradır...

Vüqar Əhməd
professor