GAMAC Ankarada Ciloluq Soyqırımı ilə bağlı Konfrans keçirdi Güney Azərbaycan

GAMAC Ankarada Ciloluq Soyqırımı ilə bağlı Konfrans keçirdi

GAMAC (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) Türkiyə paytaxtı Ankarada Ciloluq Soyqırımı ilə bağlı Konfrans keçirib.
Aprelin 25-də (ordibeheştin 5-də) keçirilən konfransa Azərbaycan və Türkiyədən dəvət edilmiş ziyalılar qatılıb. Konfransda Güney Azərbaycan türklərinin 1-ci dünya müharibəsi illərində erməni, asuri və kürd yaraqlıları tərəfindən soyqırıma məruz qalması ilə bağlı geniş çıxışlar olub və həmin qanlı hadisələrin qurbanları hörmətlə yad edilib.
Aşağıda qeyd olunan şəxslər konfransda geniş məruzə ilə çıxış ediblər:
1- Prof.Səadətəddin Gümeç – Ankara universitetinin ustadı, tarixçi alim, yazıçı
2- Doktor Maşallah Rəzmi - Araşdırmaçı alim
3- Xanım Sevgi Kafalı – Universitet ustadı
4- Əbdülkərim Ağa – Suriya Türkmən Demokratik Hərəkatının rəisi
5- Məhsa Mehdili – GAMAC sözcüsü
Azərbaycan və Türkiyənin milli marşları ilə başlayan konfransda tanınmış azərbaycanlı milli-mədəni fəal Həsən Kərimzadə tərəfindən şeir də oxunub. Həmçinin iki güneyli fəal və sənətçi Yanar Sönməz və Opera ustadı Xosrov Əmiri milli musiqi ifa ediblər.
Qeyd edək ki, Konfrans 1-ci dünya müharibəsi ərəfəsində (1918-ci il mart ayı) Güney Azərbaycanın Urmiyə, Salmas və Xoy şəhərlərində radikal ermənilərin həyata keçirdiyi Soyqırım cinayətlərini tanıtdırmaq məqsədi ilə keçirilib. Bu insani faciədə 150 min nəfər Azərbaycan türkü radikal erməni terroristləri tərəfindən vəhşicəsinə öldürülür.
Yerli vaxtla saat 14:00-da başlayan konfrans "Qərbi Azərbaycanda Ciloluq soyqırımı" mövzusunda keçirilib. Konfransda ilk olaraq Türkiyə və Azərbaycanın milli marşları oxunub. Bundan sonra GAMAC sözcüsü Məhsa Mehdili konfrans iştirakçılarını salamlayıb və tədbirlə bağlı çıxış edib.
Konfrans Bengütürk TV tərəfindən lentə alınıb və tədbirin bu Telekanalda göstəriləcəyi gözlənilir.
İştirakçılar arasında 100 cild dərgi də yayılıb. Məlumata görə, dərgi Güney Azərbaycan, İran-Ermənistan münasibətləri və Ciloluq faciəsi mövzusunda yazılıb.
Ankara universitetinin tarix elmləri üzrə ustadı professor Səadətəddin Gümeç İranda türk dilinin qadağan edilməsi, Azərbaycan Milli Hökuməti, türklərin qətliamı və türkcə yazılmış kitabların yandırılması barəsində geniş çıxış edib. O qaşqay türkləri və onların qarşılaşdığı repressiyalar (sərkub), Şəriətmədari cərəyanı, Quzey Azərbaycanın istiqlalı, Dağlıq Qarabağ və mərhum Əbülfəzl Elçibəyin fəaliyyətlərinə toxunub. Prof.Gümeç İranda türk torpaqlarının bölünməsi və asimilasyon siyasətinə də işarə edib.
Ankara universitetinin ustadı, tarixçi alim doktor Sevgi Kafalı ikinci çıxışçı olaraq bir neçə önəmli mövzuya toxunub. O Əbulfəzl Elçibəy dövrü Güney və Quzey Azərbaycanın əlaqələri, Qərbi Azərbaycan və həmçinin Qarabağda türklərin qətliamı barəsində çıxış edib. Doktor Kafalı öz çıxışında Çanakkalə savaşına da işarə edib. O bildirib ki, həmin savaşda Güney Azərbaycanda Aydın adlı bir qrup Türkiyənin azadlığı uğrunda savaşa qoşulub.
Doktor Maşallah Rəzmi isə Ciloluq soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib. O türklərin qətliamı və Qərbi Azərbaycanda türklərə qarşı etnik təmizləmə cinayətlərindən söz açıb. Dr.Rəzmi Ciloluq soyqırımı ilə bağlı kitab və sənədləri şərh edib.
Suriya Türkmən Demokratik Hərəkatının rəisi Əbdülkərim Ağa dördüncü çıxışçı olaraq Rusiya və İranın anti-türk siyasətləri və ermənilərin yalan iddiaları barəsində geniş məlumat verib. O İranda 30 milyondan çox türkün ana dildə təhsil almaqdan məhrum olduğu və bunun qəbuledilməz olduğunu diqqətə çatdırıb. Əbdülkərim Ağa İran rejiminin Suriyaya müdaxiləsi və türkmənlərin İranın dəstəyi ilə Əsəd rejimi tərəfindən qətliam edildiyini bildirib.
GAMAC sözcüsü Məhsa Mehdili isə öz çıxışında Ciloluq soyqırımı cinayətləri haqqında senzura (sansor) olduğunu və kürdlərin terror fəaliyyətləri barədə geniş məlumat verib.
Çıxışlardan sonra güneyli fəal Həsən Kərimzadə şeir oxuyub və konfrans iştirakçıları arasında böyük həyəcan yaradıb.
Sonra isə Güneyli sənətçi, opera ustadı Xosrov Əmiri bir musiqi parçası ifa edib.
Güneyli fəal Yanar Sönməz Qarabağ və Qaradağ barəsində musiqi ifa etdikdən sonra konfrans sona çatıb.