İdmanda sağlam mübarizə olmalıdır İdman

İdmanda sağlam mübarizə olmalıdır

Topaz Premyer Liqasının XX turunun "Xəzər Lənkəran" - "Neftçi" matçının 77-ci dəqiqəsində "Xəzər Lənkəran" azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub. Oyunun 89-cu dəqiqəsində "Neftçi"nin futbolçusu Tərlan Quliyev idmançıya yaraşmayan hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Qarşılaşmanın 90+4-cü dəqiqəsində "Neftçi"nin futbolçusu Karlos Kardoso aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub. "Neftçi"nin 16 H-li futbolçusu Bruno Bertuççi aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub.
Oyunun 90+4-cü dəqiqəsində "Xəzər Lənkəran"ın futbolçusu Ağabala Ramazanov rəqibə qarşı təhqiredici jestə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.
Oyunda "Neftçi" nin futbolçusu Mahir Şükürov azarkeşlərə təhqiredici jest göstərdiyinə görə 3 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.
Matçdan sonra "Neftçi"nin futbolçuları dəhlizdə stadionun bir neçə inventarını sındırmışdır. Bu səbəbdən stadion rəhbərliyinin təqdim edəcəyi hesab əsasında "Neftçi" klubu ödəmə etsin.
"Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanov KİV-də AFFA əməkdaşlarının (FIFA hakimi Əliyar Ağayev və FİFA hakimi Rəhim Həsənov) şərəf və ləyaqətinə xələl gətirən müsahibə verdiyinə görə adıçəkilən şəxs 10 oyunluq cəzalanıb, klub 20000 manat cərimə olunub. Verilmiş cəza adıçəkilən şəxsin mövcud cəzasının üzərinə əlavə edilir.
"Neftçi" AFFA-nın İntizam Komitəsinin "Xəzər Lənkəran" - "Neftçi" oyunu ilə bağlı çıxardığı bəzi qərarlarla razılaşmır. Paytaxt təmsilçisi bununla əlaqədar olaraq AFFA-nın Apellyasiya və Ekspert Komitəsinə müraciət edəcək. Bu haqda ictimaiyyətə geniş məlumat veriləcək.
Amma biabırçılıq təkcə bununla bitməyib. Biabırçılığın zirvəsində isə "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev dayanır. Böyükağa Ağayev mətbuat konfransında bölücü fikirlər səsləndirilib: "Baş hakim Rəhim Həsənov 3 xalı əlimizdən aldı. Onu Allaha tapşırıram. İndiyənə kimi elə bilirdim ki, naxçıvanlılarla lənkəranlılar oxşardılar. Ancaq bundan sonra bildim ki, aralarında heç bir oxşarlıq yoxdur. Avtobusumuzun şüşəsini qırdılar, bizi təhqir etdilər".
Ümumiyyətlə bu biabırçı faktlar futbol ictimaiyyəti tərəfindən də birmənalı qşarşılanmayıb.
"Xəzər Lənkəran" klubunun vitse prezidenti Tuyqun Hadirov isə "Heftçi"nin futbolçusu Mahir Şükürovun ədəbsiz hərəkətindən danışıb: "Futbolçu danışanda bilməlidir nə deyir. Mahir Şükürov hər gün müsahibə verəndə istədiyini danışır. Amma düşünüb danışmaq lazımdır. O, bilməlidir ki, mətbuata nə gəldi danışmaqla iş bitmir. Sabah oyunda 15 min azarkeşin qarşısına çıxır. Futbolçu öz sözləri ilə azarkeşləri bu həddə çatdırır. İnsan gərək danışanda düşünsün nə deyir. İstənilən klubun azarkeşləri hörmətə layiqdir". "Mahirin ədəbsiz hərəkətinə nə qiymət verirsiniz?" sualına isə o, "klub rəsmisi kimi bu barədə danışmaq istəmirəm", - deyə vurğulayıb: "Futbolçunun tərbiyəsiz hərəkətinə şərh verməyəcəyəm. Sadəcə olaraq, Mahir həmin hərəkəti ilə təkcə "Neftçi"yə deyil, həm də şərəfini qoruduğu Azərbaycan millisinə hörmətsizlik etdi. Bu futbolçu həm də yığmanın şərəfini qoruyur. Stadionda oyunu izləyən baş məşqçi Berti Foqtsa qarşı hörmətsizlik etdi".
"Neftçi"nin sabiq baş məşqçisi Arif Əsədov bildirib ki, ümumiyyətlə, son vaxtlar "Neftçi"də qırmızı vərəqə alan futbolçulara tez-tez rast gəlmək olar: "Bu, Nazim Süleymanovun vaxtında da var idi. Bunun üçün "Neftçi" rəhbərliyi düşünməlidir. Çünki hər dəfə qırmızı vərəqə almaqla sonda futbolçusuz qala bilər. "Neftçi"də lider futbolçuların yoxluğu istər-istəməz növbəti oyunda öz mənfi təsirini göstərəcək. Çətin rəqiblərlə qarşılaşacağını nəzərə alsaq, xal itkisi ilə də üzləşə bilər. "Böyük oyun"da olan qırmızı vərəqələr oyunun gərgin keçməsindən irəli gəldi. Onsuz da turnir cədvəlindəki yerlərindən asılı olmayaraq, bu 2 komanda arasında mübarizə həmişə qızğın şəkildə keçir. Düşünürəm ki, bu son 2 ildə intriqa baxımından bu gərginlik azalmışdı. Ancaq son ildə baş tutan oyunlar gərginliyi bir qədər də artırdı".
"Sizcə, belə intriqalar Azərbaycan futboluna lazımdı?" sualını cavablanlıran futbolçu "peşəkar və sağlam şəkildə olsa, lazımdı", - deyə bildirib: "Ancaq meydanda olmaq şərti ilə. Ötən dəfə "Xəzər Lənkəran" Bakıda, bu dəfə də "Neftçi" Lənkəranda azarkeşsiz oynadı. Düşünürəm ki, bunlar aradan qaldırılmalıdır. Çünki bu komandaların görüşü Azərbaycan çempionatına yaraşıq gətirir. Ancaq sağlam mübarizənin tərəfdarıyam".
İdman jurnalisti Elşən Məmmədov isə diqqətə çatdırdı ki, "Xəzər Lənkəran" və "Neftçi" komandaları arasındakı oyunlar daim prinsipiallığı, gərginliyi və azarkeş marağı ilə seçilir: "Bu gərginlik əksər hallarda təkcə azarkeşlərə deyil, klubun futbolçularına, baş məşqçilərinə, hətta bəzən rəhbərliyinə də sirayət edir. Belə məqamlarda əsəblərinə hakim ola bilməyən, nizam-intizama əməl etməyən və dar düşüncə tərzinə malik olanlar vəziyyəti daha da gərginləşdirə bilən hərəkətlərə, açıqlamalara yol verə bilərlər. "Neftçi"nin və Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun azarkeşlərə tərbiyəsiz jesti, bu klubun baş məşqçisi Böyükağa Hacıyevin "lənkəranlılar və naxçıvanlıların fərqi"ndən danışması belə neqativ məqamların əyani təzahürüdür. Dünya futbolunda da prinsipial rəqiblərin oyunlarında azarkeşlər və futbolçular arasında qalmaqallar yaşanır. Məsələn, qardaş Türkiyədə "Qalatasaray" - "Fənərbağça" derbisindəki kimi. Amma onların heç birindən separatçılıq meylləri və digər siyasi çalarlar axtarılmayıb və axtarıla da bilməz. Neqativ atmosferi aradan qaldırmaq üçün nəinki klub rəhbərləri, hətta futbol funksionerləri də fəal müdaxilə etməli, fan-klublarla maarifləndirici iş aparmalı, qızışdırıcı ruhlu açıqlamalardan uzaq olmalı, belə prinsipial oyunlar zamanı təhlükəsizlik daha da gücləndirilməlidir".

Əli