“Xalqımızın idmançılara xüsusi sevgisi var” İdman

“Xalqımızın idmançılara xüsusi sevgisi var”

Hacı Əliyev: "Həm işimdən zövq alıram, həm də pul qazanıram"

Sərbəst güləş üzrə üçqat dünya çempionu, "İslam Həmrəyliyi Oyunları"nın qızıl medalçısı, Sərhəd Qoşunlarının leytenantı, "Tərəqqi" medallı, Fərdi Prezident və Olimpiya təqaüdünə layiq görülən güləşçimiz Hacı Əliyevin Publika.az-a müsahibəsi (ixtisarla)
- İdmana maraq necə yarandı?
- Atam özü güləşçi idi. Düzdür, professional şəkildə məşğul olmayıb. Ancaq Naxçıvanda güləş üzrə müəllim kimi fəaliyyət göstərib. İstedadlı tələbələri olub, ancaq beynəlxalq dərəcə ala bilən güləşçilər çıxmayıb. Atamın da arzusu olub ki, öz övladları yaxşı nəticələr əldə etsin. Ona görə qardaşımla mən güləşlə məşğul olmağa başladıq. Çevik, cəld və bir az da şuluq uşaqlar idik. Elə uşaqlıqdan tək məşğuliyyətimiz bu oldu və başqa bir idman növü və ya sənətlə maraqlanmadıq.
- Qardaşınız da sərbəst güləşçi idi. Ancaq sizin uğurlarınız onunkulardan daha çoxdur. Bunun xüsusi bir səbəbi varmı?
- Əvvəllər sərbəst güləşçi idi. Hazırda yeniyetmələr üzrə Azərbaycan millisinin məşqçisidir. Bilirsiniz, idman əziyyəti xoşlayır. Qardaşım isə tənbəl idi. Həmişə birlikdə məşq etmişik və bunu hiss etmişəm. Ancaq deməzdim ki, təkcə tənbəlliyinə görə nəticə verməyib. İdmanda həm də şans deyilən bir şey var. Yəqin ki, mənim şansım daha çox olub.
- Uğurunuzun təməlini nədə görürsünüz?
- Əsasən, məşqçilərimin verdiyi tapşırıqları düzgün yerinə yetirməkdə. Olimpiya və ya Dünya çempionu olsam da, başımın üstündə məşqçi olmasa, bundan sonra yaxşı nəticələr qazanmaq olduqca çətindir. Mənə elə gəlir ki, uğurlarımın səbəblərindən biri məşqçilərimdir. Bu gün Azərbaycanda üçqat dünya çempionu kimi tarixə düşmüşəmsə, mənə elə gəlir, məşqçilərim də artıq tarixə keçmiş insanlardır. Digər səbəb isə çəkdiyim əziyyətdir.
- Bəs uğursuzluqlardan sonra özünüzü necə motivasiya edirsiniz?
- Mən 2013-cü ilə qədər yarışdığım Dünya və Avropa çempionatlarında məğlub olmuşam. 2014-cü ildən başlayaraq yaxşı nəticələr əldə etmişəm. İlk dəfə Avropa çempionatının qızıl medalını qazanmışam. Ondan öncə fikirləşmirdim ki, zəifəm. Sadəcə səhvlərimin qurbanı olurdum. Həmişə səhv edərək uduzurdum. Yaxud hakimlər tərəfindən haqsızlığa uğrayırdım. Şükür ki, 2014-cü ildə bu tilsimlər qırıldı. Həm hakimlər tərəfindən edilən, həm özümün etdiyim səhvlərdən qurtuldum. O zamandan bəri məğlub olmamışam.
- İlk dəfə Dünya çempionu olduğunuz yarışı necə xatırlayırsınız?
- Özbəkistanın Daşkənd şəhərində təşkil edilmişdi. Güclü rəqiblərim var idi. Finalda iranlı idmançı ilə qarşılaşdım. O idmançıya 2013-cü ildə ilk görüşdən məğlub olmuşdum. Ona qalib gəldim. Bu döyüş idman karyeramda ən unudulmaz anlardan birini yaşatdı mənə. İllərlə çəkdiyim əziyyətin bəhrəsi idi.
- Yəqin ki, hələ də atanızdan məsləhətlər alırsınız.
- Əlbəttə. Həmişə atamın da, anamın da məsləhətlərini dinləmişəm. Hələ də öz borcum hesab edirəm onların sözünə baxmağı. Atamın idmandan anlaması mənim üçün daha yaxşı köməklik idi. Düzdür, məşqlərimə qarışmır, ancaq məsləhətlərini əskik etmir. Heç zaman da peşman olmamışam valideynlərimi dinlədiyim üçün.
- Bu yaxınlarda məşhur futbolçularımızdan biri ilə söhbət edərkən dedi ki, futbola sırf peşə kimi baxır. Gecə-gündüz onunla yatıb-durmur. Siz necə, güləşə sırf peşə kimi, yoxsa həm də sevgi ilə yanaşırsınız?
- Hər bir işə sevgi olmalıdır. Sevgi yoxdursa, o işdə ruzi-bərəkət də olmaz. Güləşə hobbi kimi baxa bilmərəm. Çünki bütün həyatımı buna sərf etmişəm. Həm tanınmışam, həm pul qazanmışam. Bu qazanclarla yanaşı, böyük imkanlar əldə etmişəm. Prezidentimiz 2014-cü ildə Avropa çempionu olduğum üçün mənə ev verib. Ötən il üçüncü dəfə çempion olanda fərdi təqaüdə də layiq görülmüşəm. Bundan başqa, olimpiya təqaüdü almışam, "Tərəqqi" medalı laureatıyam. Bu nəticələr də mənim işimin nə qədər uğurlu və ciddi olduğunun göstəricisidir. Yəni, həm işimdən zövq alıram, həm pul qazanıram. Hər kəs bir peşə ilə pul qazanır, mən də belə.
- Prezidentlə görüşünüzdə yadda qalan xüsusi məqamlar oldumu?
- İlk dəfə 2013-cü ildə görüşmüşük prezidentimizlə. Beynəlxalq Universitetlərarası Turnirində bürünc medal qazanmışdım. Cənab prezident qəbul etmişdi bizi. İlk dəfə beynəlxalq dərəcəli uğur qazanmışdım, ona görə çox qürurlu idim. Cənab prezident də bizə yaxşı pul mükafatı verdi. 2014-cü ildə də bir dəfə görüşdük. Ondan sonra hər il görüşürük. Ancaq ən yadda qalan görüş mənim son dünya çempionu olduğum zaman oldu. Abşeronda yeni tikilən Olimpiya İdman Kompleksinin açılışında iştirak edirdik. Mən də Abşeron Güləş Məktəbinin yetirməsi kimi idmançılar adından çıxış etdim. Sonra prezidentlə beş-altı dəqiqəlik söhbət etmək imkanımız oldu. Orada mənə dedi ki, Olimpia çempionu olmaq hər bir idmançının arzusudur. Ancaq üç dəfə Dünya çempionu olmaq ondan qat-qat əhəmiyyətli hadisədir. Bu söz mənim uğurlarımın bir təsadüf olmadığını göstərdi və karyeramın ən gözəl xatirələrindən biri kimi dəyər qazandı. Artıq ötən ildən etibarən prezidentin fərdi təqaüdünü də alıram. Bu isə mənim üçün ikiqat əhəmiyyətlidir.

- Azərbaycanda ən bəyəndiyiniz idmançı kimdir?
- Ölkəmizdə yaxşı idmançılar, həqiqətən, çoxdur. Hər zaman da arzu edirəm ki, hamısı yaxşı nəticələr əldə etsin. Mən təzə-təzə güləşdiyim vaxtlarda Namiq Abdullayev Olimpiya çempionu olmuşdu. Biz də ona baxıb həvəslənmişik. Bunu həmişə qeyd etmişəm. İdmançıların çoxu ilə dostluq münasibətlərim var. Dostlarım olmasa belə, hər zaman dua etmişəm ki, qoy medallarının sayları çox olsun.
- Ən unudulmaz döyüşünüz kiminlə olub?
- Hansı yaxşı nəticə ilə bitir, o görüş mənim üçün xüsusi olur. Ancaq bir döyüş var ki, onu xüsusi vurğulamaq istərdim. Son Avropa Çempionatının finalında yeddi-iki hesabı ilə məğlub olurdum. Döyüşün bitməsinə də otuz saniyə qalmışdı. Rəqibim də Rusiya, Avropa və Dünya çempionu İlyas Bekbulatov idi. Ona bir dəfə də Hindistanda məğlub olmuşdum. Döyüşün sonuna otuz saniyə qalmış altı xal qazandım və sensasiyalı şəkildə qalib gələrək ikinci dəfə Avropa çempionu oldum.
- Bildiyim qədərilə ali təhsiliniz var.
- Bəli. İdman Akademiyasını bitirmişəm. Hazırda isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıram. Elə müsahibəyə də imtahandan çıxıb gəlmişəm. Həm də Dövlət Sərhəd Qoşunlarının leytenantıyam.
- İdmandan sonra hüquq?
- Hər zaman dövlətim üçün xidmət göstərməyi, fayda verməyi özümə borc bilirəm. Ancaq idman elə bir sahədir ki, müəyyən yaşa qədər davam edir. Daha sonra da nə ilə isə məşğul olmaq lazımdır. Mən də çalışıram ki, gələcəkdə yaxşı bir peşənin sahib olum. Əziyyət çəkməyi sevirəm. Ümid edirəm ki, hüquq sahəsində də idmanda olduğu kimi uğurlar qazanacam.


- Deyilənə görə, musiqi ilə də məşğul olursunuz və pianoda yaxşı ifa edirsiniz.
- Yox, davamlı şəkildə məşğul olmuram. Pianoya da əvvəllər gedirdim, ancaq idmana da çox vaxt ayırdım və musiqi ikinci plana düşdü. Düzdür, peşmanam. Gərək axıra qədər pianoya getməyi davam etdirərdim. Səsim də məlahətlidir. Arada ifa edirəm. Ancaq həvəskar kimi. Xalq mahnıları və muğamları isə həm dinləməyi, həm ifa etməyi daha çox sevirəm.
- Çox ölkələrdə olmusuz indiyə qədər. Qarşılaşdığınız situasiyalardan ən yaddaqalanı hansı olub?
- Dünyanın ən gözəl şəhərlərində olmuşam. İstər yarış, istər istirahət üçün. Ancaq sizi inandırım ki, Bakıda tapdığım rahatlığı heç yerdə görməmişəm. Mənə elə gəlir, Bakıdan başqa heç bir şəhərdə yaşaya bilmərəm. Şükür olsun ki, burada hər cür şərait var. Ən əsası, idman sahəsində olan şəraitimiz var. Əvvəl paytaxtda 2 məşq zalı var idisə, indi həm də bütün rayonlarda idman kompleksləri açılıb.
- Mütaliə etməyi sevirsiniz?
- Kitab oxumağı sevirəm. Daha çox dini kitablara üstünlük verirəm.
- Din demişkən, Hacı Əliyev üçün din nədir?
- Müsəlmanıq. Dinimiz İslamdır. Mənə elə gəlir ki, həyatda hər şeydən öncə din gəlməlidir. İnsana ən yaxın kim olur? Ailəsi, valideynləri, övladı. Ancaq bunlardan da öncə insanın dini önəmli olmalıdır. Bu həyatda kimsə əbədi deyil. Bir gün varıq, sabah olmaya bilərik. Düzdür, bu həyatda da yaxşı yaşayış qazanmaq lazımdır. Ancaq bu dünyada yaşaya-yaşaya onun gözəlliyinə, həzzinə, ləzzətinə, kef-damağına aldanıb digər dünyamızı əldən çıxara bilərik. Ona görə də çalışmaq lazımdır ki, dinimizdə sabit, möhkəm olaq. Beş-altı il bundan öncəki həyatıma baxıram ki, necə çətinliklərdən keçmişəm. İndi hər şəraiti özümə qurmuşam. Azərbaycanda yeganə güləş üzrə üçqat dünya çempionuyam, dünyada tanınıram. Sevilirəm. Bunları da mənə bəxş edən Allahdır. Gec-tez hər kəs dünyasını dəyişəcək, ona görə də hər iki həyatı layiqli şəkildə yaşamaq lazımdır.
- Bu yaxınlarda sizi böyük ticarət mərkəzlərindən birində gördüm. Tez-tez də idman tədbirlərində qarşılaşırıq. Ancaq nədənsə mədəni tədbirlərdə görünmürsünüz.
- Xüsusi bir səbəbi yoxdur. Sadəcə işin görünən - şou tərəfində olmağı sevmirəm. Bəzi idmançılar var ki, üzdə olmağı sevirlər. Ancaq mən xoşlamıram. Elə bu yaxınlarda "Maşın-şou"ya dəvət aldım. Ancaq getmədim. Çünki oraya dəvət alan heyətdə mənə uyğun insanlar yox idi. Düzdür, dostum Abbas Bağırov orada idi. Amma yenə də qorxdum ki, hansısa müğənni ilə sözüm çəp gələr. Onu özümə yaraşdırmadım. İnsanlar məni başqa cür tanıyır. Şou-biznes isə tamam başqa bir şeydir.
- Məşqçi kimi fəaliyyət göstərirsiniz?
- Hazırda yox. Milli komandanın üzvüyəm. Məşqlərə qatılıram. Qarşıda Olimpiya oyunları var. 2016-cı ildə Rio Olimpiya Oyunlarında üçüncü oldum. Bu dəfə hədəfim çempion olmaqdır. Qismət olsa, 2020-ci ildə Yaponiyada qızıl medalı götürəcəm.
- Bir qız övladınız var. Gələcəkdə idmanla məşğul olmasını düşünürsünüzmü?
- Övladım qız olduğu üçün qətiyyən idmançı ola bilməz. Mənə elə gəlir ki, qadının idmançı olması bizim dinimiz və mentalitetimizə uyğun deyil. Əlbəttə, sağlamlığı üçün məşğul ola bilər. Amma professional şəkildə istəmirəm.
- Ancaq deyim ki, dünyada professional idmanla məşğul olub uğru qazanan müsəlman, hətta hicablı qadınların sayı az deyil.
- Hər kəsin öz düşüncə tərzi var. Ancaq bu mənin tərzimə uyğun deyil. Amma əlbəttə, yaxşı qadın idmançılarımız çoxdur. Məsələn, elə güləşçimiz Mariya Stadnik, taekvandoda Fəridə Əzizova, İlahə Qasımova güclü dərəcələr əldə ediblər. Onlarla dostluq münasibətlərimiz də var.
- Hacı bəy, təşəkkür edirəm dəvətimi qəbul etdiyiniz üçün. Sizdən oktyabrda, Dünya Çempionatından öncə görüşmək vədi almaq istəyirəm...
- Mən təşəkkür edirəm ki, bizə zaman ayırırsınız, dəstək olursunuz. Ümumiyyətlə, xalqımızın idmançılara xüsusi sevgisi var və biz həmişə bunu hiss etmişik. Xarici ölkələrə gedəndə dövlətin bayrağını bir prezident üçün qaldırırlar, bir də idmançılar öz nəticələri ilə. Ona görə də idmançılar böyük dəyər qazanır.