Yunanlar “yox” deyir Dünya

Yunanlar “yox” deyir

Yunanıstanın taleyi necə olacaq?

Cavid


İyulun 5-də keçirilən tarixi referendumda yunan seçicilər beynəlxalq kreditorların daha sərt qənaət tədbirləri tələblərini rədd edib. Bülletenlərin 85 faizi sayılıb. Səslərin 60 faizdən çoxu tələblərə "yox" deyib.

"Qorxu" və "Terrorçuluq" əleyhinə

İyulun 5-də axşam minlərlə hökumət tərəfdarı Afinanın mərkəzi Syntagma meydanına toplaşıb, nəticələri qeyd edib. Baxmayaraq ki, kreditorlarla razılaşma əldə olunmaması Yunanıstanın avrozonadan çıxmasına gətirib çıxara bilər. Nümayişə çıxanların əksəriyyəti "Yox" ("No") yazılmış bayraqlar qaldırıb. Referendumu solçu baş nazir Alexis Tsipras təyin edib, seçiciləri "qorxu" və "terrorçuluq" əleyhinə səs verməyə çağırıb. Tsipras iyulun 5-də bildirib ki, yunanlar "həmrəylik və demokratiya Avropası"na səs veriblər. "Sabahdan Yunanıstan danışıqlar masasına qayıdacaq və əsas prioritetimiz ölkənin maliyyə sabitliyinin bərpasıdır," o, televiziya çıxışında deyib. İlkin nəticələr bəlli olandan sonra Yunanıstan hökuməti bildirib ki, kreditorlarla borc sazişinin əldə olunması üçün səyləri gücləndirir. Avroqrupun maliyyə nazirləri bu həftə görüşərək referendumun nəticəsini müzakirə edəcəklər. Qrup sədrinin sözçüsü iyulun 5-də belə deyib.

6.6 milyard dollarlıq yardım

Tsipras və komandası israr edir ki, bu referendum onların Avropa liderləri ilə danışıqlarda mövqeyini gücləndirəcək. Avrozona siyasətçiləri isə xəbərdarlıq ediblər ki, "yox" səsverməsi Avropa Mərkəzi Bankının (AMB) Yunanıstana fövqəladə maliyyə yardımı ayırmasını çətinləşdirəcək. Almaniya kanslerinin müavininin fikrincə, bu səsvermədən sonra yeni borc danışıqlarını "təsəvvür eləmək belə çətindir". Yunanıstan Banklar Assosiasiyası rəhbərinin sözlərinə görə, nağd pul iyulun 6-dək bəs edəcək. Yunan banklarının iyulun 7-də açılacağı gözlənir, ancaq böyük məbləğdə nağd pul olmadan bankların açıq qalması mümkün olmayacaq. Yunan mediası Yunanıstan Bankının AMB-dan 6.6 milyard dollarlıq fövqəladə yardım istəyəcəyi barədə məlumat yayıb.

Qəzəbli mesaj

Ölkənin bəzi rəsmiləri bildiriblər ki, referendumda "yox" deyilməsi hökumətin avrozonanı tərk etmək niyyəti də sayıla bilməz. Milyonlarla yunan üçün bu səsvermə kreditorlara qəzəbli mesajdır ki, Yunanıstan daha sərt qənaət tədbirlərini qəbul edə bilməz. Bu tədbirlər nəticəsində son beş ildə hər dörd yunandan biri işini itirib. Referendumun nəticəsini Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Francois Hollande iyulun 5-də axşam telefonla müzakirə ediblər. "Tərəflər razılaşıblar ki, yunan xalqının verdiyi səs hörmətə layiqdir. Kansler və Prezident iyulun 7-də avrozona rəhbərlərinin sammitinin çağırılmasına tərəfdardır," rəsmi açıqlamada deyilir. Avropa Şurasının prezidenti Donald Tusk iyulun 7-də avrozonanın sammitini çağırıb. Yunanıstanın borc böhranı müzakirə olunacaq.

Yunanıstanın kimə nə qədər borcu var?

Yunanıstan keçirilən referendumla beynəlxalq kreditorların islahat paketini qəbul edib-etmədiyini ortaya qoydu. Xarici media xəbər verir ki, referendum Avropa Birliyinin gələcəyinə də təsir edəcək. Ölkənin isə 300 milyard avrodan çox borcu var. Yunan mediasının yazdığına görə, ölkənin borc siyahısı aşağıdakı kimidir:
- Xarici banklar 2,4 milyard avro
-Avropa Mərkəzi Bankı 20 milyard avro
-İspaniya 25 milyard avro
-Beynəlxal Valyuta Fondu 31 milyard avro
-İtaliya 37 milyard avro
-Fransa 42 milyard avro
-Almaniya 56 milyard avro
-Avropa Birliyinin digər ölkələri 34 milyard avro
-Digər borclar 48,8 milyard avro