Rusiya yenidən işğal planını həyata keçirir Dünya

Rusiya yenidən işğal planını həyata keçirir

Rəsmi Moskva gözünü Gürcüstandan çəkmir

Cavid

Rusiya hərbi qüvvələrinin Gürcüstanın nəzarətində olan torpaqlara daxil olması bölgədə vəziyyəti yenidən gərginləşdirib. Olay paytaxt Tiflisidə minlərlə insanın etirazına səbəb olub. Qeyd edək ki, rus qoşunları Cənubi Osetiya istiqamətindən 1 kilometr məsafəyə qədər Gürcüstanın ərazisinə daxil olublar. Rəsmi Tiflis Rusiyanın Baku-Supsa neft kəmərinə nəzarəti ələ keçirməyə çalışdığını bildirib.
Gürcüstan hökuməti Rusiyanın təcavüzlərini dayandırmaq məqsədilə Moskva ilə danışıqlar aparsa da, danışıqlar indiyə qədər fayda verməyib. Gürcüstan xalqı hökuməti danışıqları dayandırmağa çağırıb.
Gürcüstan parlamentinin üzvü İrma Nadiraşvili bildirib: "Rusiya hər gün Gürcüstan ərazisini işğal edir. Buna baxmayaraq, hökumət bunun qarşısını almaq üçün heç bir tədbir görmür. Düşünürəm ki, xalq buna qarşı etiraz etməlidir. Hansı partiya tərəfdarı olmamızdan asılı olmayaraq biz birlikdə Rusiya və Gürcüstan hökumətinin siyasətinə qarşı çıxmalıyıq".
Birləşmiş Milli Hərəkatın üzvü Qiqa Bokeriya deyib: "Rusiyanın bu hərəkəti bizim dövlətçiliyimizə, azadlığımıza qarşı təhlükədir. Lakin əsas problem bu təhlükəyə qarşı çıxa biləcək qabiliyyəti olan hökumətin mövcud olmamasıdır. Ona görə də məqsədimiz bu hökuməti demokratik yolla devirmək və ölkəni müdafiə etmək üçün ordunu lazımi hazırlıq səviyyəsinə gətirməkdir".
Xatırladaq ki, 2008-ci ildə Ruisya ilə müharibə nəticəsində Gürcüstan Cənubi Osetiya ərazisinə nəzarəti itirdi. Daha sonra Rusiya Cənubi Osetiyanı müstəqil ölkə kimi tanıdı.
Baş verənlərə münasibət bildirən politoloq İlqar Vəlizadə deyib ki, Moskva İrəvana Tiflisə görə təzyiq edir: "Rusiyanın Gürcüstanla bağlı konkret 2008-ci ildə baş verənlərə bənzər bir hadisə törətmək istədiyini güman etmirəm". Onun sözlərinə görə, Rusiya ilə Gürcüstan arasında yaşanan gərginliyin başqa səbəbləri var. "Hazırda Cenevredə iki ölkə arasında müntəzəm olaraq müxtəlif məsələlərlə bağlı danışıqlar prosesi davam etdirilir. Bu da öz növbəsində münasibətləri tarazlaşdırmaq xarakteri daşıyır. Əsas məqsəd tərəflərin mövqelərinin yumşaldılması və bir-birinə güzəştə getməklə bu gərginliyin aradan qaldırılmasından ibarətdir. Məhz bu ərəfədə də Rusiyanın Gürcüstana qarşı sərt addımlarını təzyiq adlandırmaq olar. Çünki Moskva hər vəchlə Tiflisin mövqeyinin birətərəfli olaraq yumşaldılmasına çalışır. Rusianın hazırda Gürcüstana etdiyi təzyiqlərin əsas səbələri yol dəhlizlərinin onları qane edən şəkildə işləməsi, xüsusilə də Ermənistana gedən yolların tam gücü ilə fəaliyyət göstərməsi tələbləridir. Burada daha maraqlı bir məqam var ki, o da ara-sıra Abxaziyaya gedən dəmiryolunun bərpa olunması ilə bağlıdır. Gürcüstan Rusiyanın bütün bu istəklərinə rəğmən, addım atmaq istəmir. Çünki rəsmi Tiflisin istəkləri isə tamam başqadır. Gürcüstan tərəfi Osetiyada, Abxaziyada gedən proseslərin onları qane etmədiyini və Rusiya ilə bu yaxınlaşmadan narahat olduqlarını bildirir. Məhz bu ziddiyyət və konfliktlər fonunda da vəziyyət bu nöqtəyə gəlib çıxıb".
Politoloq Erkin Qədirlinin fikrincə, Rusiya özü və əlaltısı olan Ermənistan vasitəsilə Gürcüstan ərazisini bölməyə başlayıb. Onun sözlərinə görə, Rusiyanın bu addımlarının hamısı Azərbaycana qarşı yönəlib: "Neçə gündür Gürcüstan ərazisini ordan-burdan zəbt edirlər. Ruslar bir neçə yerdən (işğal etdikləri Güney Osetiya ərazisindən) sərhədləri irəli (Gürcüstanın içinə) çəkirlər. İndi də xəbər çıxdı ki, Ermənistan tərəfdən də Gürcüstanın torpaqları zəbt olunur. Bu hərəkətlər bir tək Gürcüstanın deyil, həm də bizim əleyhimizədir. Gürcüstan bizim üçün həyati əhəmiyyət kəsb edir. Gürcüstan batarsa, bizim də müstəqilliyimiz faktiki olaraq, yox olacaq. Rusiyanın bölgəmizdə addımları strateji mənada bizə qarşı yönəlib".