“Türkiyə erkən seçimlərə gedəcək“ Dünya

“Türkiyə erkən seçimlərə gedəcək“

Vüqar Zifəroğlu: "Erkən seçimlərdə də AKP parlament seçkilərindəkindən daha yaxşı nəticə göstərəcək"

Cavid

Bu gün Türkiyədə 7 iyunda keçirilmiş parlament seçkisindən birinci yerdə çıxmış Ədalət və İnkişaf Partiyası ilə seçkini ikinci sırada bitirən Cümhuriyyət Xalq Partiyası arasında koalisiya hökumətinin qurulması üçün aparılmış müzakirələrə yekun vurulması gözlənilir. Bu məqsədlə prezident Rəcəp Tayyip Ərdoğan tərəfindən hökumət qurma səlahiyyəti verilən AKP sədri Əhməd Davudoğlu ilə müxalifətdəki CHP-nin lideri Kamal Kılıçdaroğlu arasında keçiriləcək görüşün nəticəsi böyük maraq doğurur. Belə ki, görüşdə Türkiyə Cümhuriyyətinin yeni hökumətinin qurulub-qurulmayacağına dair qərar veriləcək. Hökumət qurulması üçün hər iki partiyanın 5 səlahiyyətli nümayəndəsi təxminən 1 ay boyunca 35 saatlıq görüş keçirərək əsas prinsipləri müzakirə ediblər. AKP lideri Əhməd Davudoğlu ilə CHP lideri Kamal Kılıçdaroğlu axırıncı dəfə avqustun 10-da görüşüblər. Görüşdə iki partiya arasında qurulması nəzərdə tutulan koalisiya hökumətinin əsas şərtləri müzakirə edilmişdi. Türkiyədəki politoloqlar istər AKP lideri Davudoğlunun, istərsə də CHP lideri Kılıçdaroğlunun koalisiya hökuməti qurulmasını istədiklərini, ancaq prezident Ərdoğanın bunu qəbul etməyərək erkən seçkiyə gedilməsini istədiyi fikrindədirlər. AKP 13 il təkbaşına iqtidarda olub, Ərdoğan erkən seçkidə qurucusu və uzun müddət lideri olduğu partiyanın erkən seçkidə yenidən təkbaşına iqtidara gələcəyinə ümid bəsləsə də ictimai rəy sorğuları erkən seçkidə nəticələrin AKP-nin təkbaşına hakimiyyətə gəlməsinə kifayət etməyəcəyini göstərir. Türkiyə ciddi bir yol ayrıcındadır. İş dünyası tezliklə AKP-CHP koalisiyasının qurulmasını istəyir. Davudoğlu ilə Kılıçdaroğlunun gözlənilən görüşündən koalisiya hökuməti qurulacaqmı? Koalisiya hökuməti qərarı çıxmazsa, AKP-MHP hökuməti qurula bilərmi? Yoxsa erkən seçki qaçılmaz olacaq? CHP ilə AKP-nin hər hansı şəkildə koalisiyaya gedəcəyini bir o qədər ehtimal etməyən politoloq Vüqar Zifəroğlu məsələ ilə bağlı fikirlərini bölüşüb: "Ola bilər ki, bu görüşlər müəyyən detalların dəqiqləşdirlməsi ilə bağlı keçirilsin, müəyyən cəhdlər edilsin. Ancaq son nəticə etibarilə Türkiyənin indiki həssas dönəmində CHP ilə AKP-nin koalisiyaya gələcəyinə inanmıram. Mənə elə gəlir ki, Türkiyədə erkən seçimlərə gediləcək və erkən seçimlərdə də AKP parlament seçkilərindəkindən daha yaxşı nəticə göstərəcək. Çünki istər antiterror əməliyyatların həyata keçirilməsi, istərsə də Türkiyənin daxilindəki proseslər hazırda siyasi nöqteyi-nəzərdən AKP-nin xeyrinə işləyir. Bu görüşlərdən ciddi nəticə gözləməyə dəyməz. Biz zatən AKP-nin özünün də koalisiya hökumətinə getməyə meyilli olmadığını görürük. Düşünürəm ki, bu düşüncədə də haqlıdırlar. Bu gün faktiki olaraq baş verən proseslər və eyni zamanda da qətiyyətli antiterror əməliyyatların aparılması AKP-nin siyasi iqtidar olaraq xeyrinə işləyən məqamlardır. Gəlin bir təhlil edək: AKP tək başına iqtidar ola biləcəyi qədər niyə səs yığa bilmədi? Ona görə ki, HDP 10 fazilik barajı aşdı. Türkiyənin daxilində gedən hazırkı proseslər isə HDP-ni 10 faizlik barajın altında qoyacaq. Bu da AKP-nin avtomatik səs yığması deməkdir. AKP-ni təkbaşına iqtidara daşıyan amil HDP oldu. AKP Cənub-Şərqi Anadolu bölgəsindən yenidən müəyyən səs götürə biləcək. Həm sağçıların, o sağçılar ki, müəyyən qədəri MHP-yə getmişdi, həm də, kürdlərin və müəyyən sağ mərkəzçilərin səsini götürəcək. Bunu strategik kimi Ərdoğan çox gözəl bilir. Həm də Türkiyənin yaxın tarixi onu göstərdi ki, koalisyon hakimiyyətlər o qədər də effekt vermir. AKP-MHP hökuməti isə ən inandırıcı görünən və müəyyən qədər uzunmüddətli ömür bağışalaya biləcək koalisiya ssenarisi idi. Amma təəssüflər olsun ki, buna gedilmədi. AKP özünü sağ mərkəzli partiya elan edib, MHP də bildiyimiz kimi sağ partiyadır. Sağçı və sağmərkəzli partiyaların koalisiyası daha effektli ola bilərdi. Həm də hər ikisi mühafizəkar kəsimi təmsil edir, biri dindar, biri isə milliyyətçi. Bu da müəyyən müsbət effekt doğura bilərdi. CHP isə daha çox sol düşərgənin lideri funksiyasını yerinə yetirməyə başlayıb. Bu anlamda ideoloji məqamlar da koalisiyanı mümkünsüz edir"