Erməni nazirin qorxu qarışıq hədəsi... Dünya

Erməni nazirin qorxu qarışıq hədəsi...

Ermənistan rəhbərliyinin KTMT-dan kömək umması Bordyujanın özünü çıxılmaz vəziyyətdə qoyub

İşğalçı siyasətinə görə Ermənistanı tənqid edən Belorus və ya Qazaxıstan Azərbaycana qarşı addım atacaqmı?

Cavid

Ermənistan yenidən Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə hədələyib. Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib ki, belə hallarda bizim "düşməni cəzalandırmaq"dan başqa çarə qalmır.
O, Azərbaycanın Ermənistan tərəfinə 20 yanvardan sonra daha çox təzyiq etdiyini bildirib. O həmçinin Azərbaycanın cəbhənin təmas xəttində Ermənistana qarşı guya son günlər raketlərdən və pilotsuz təyyarələrdən istifadə etdiyini də qeyd edib.
Qeyd edək ki, bir müddət öncə də Seyran Ohanyan eyni bəyanatla çıxış etmişdi. O, Azərbaycanı cəbhənin təmas xəttində vəziyyəti gərginləşdirməkdə günahlandırmışdı.
Xatırladaq ki, bir müddət öncə Ermənistan tərəfi Azərbaycan qırıcılarının Xankəndi üzərində manevr etməsindən sonra bərk təşviş keçirərək, buna adekvat cavab vermək istəyib. Lakin ermənilərin havadan müdafiə qüvvələri Azərbaycan qırıcılarını hədəfə almaq imkanı belə əldə edə bilməyiblər.
Bunun ardından isə Ermənistanın müdafiə naziri Seyran Ohanyan mətbuat konfransı keçirərək, ölkənin hərbi "qüdrət"indən danışıb. Ohanyan deyib ki, İrəvan yaxın vaxtlarda uzaq hədəfləri dəqiq vuran raketlər alaraq, ordunu gücləndirəcək.
Onu da bildirək ki, Ohanyan kimi KTMT-nin baş katibi Nikolay Bordyuja da dəfələrlə rəsmi Bakını hədələyib: "Ermənistana qarşı hər hansı hərbi müdaxilə olacağı təqdirdə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı öz köməyini göstərəcək".
O, Ermənistanın KTMT-nın tamhüquqlu üzvü olduğunu xatırladıb: "Biz təşkilat olaraq tamhüquqlu olan üzvümüzə bütün lazım olan köməyi göstərəcəyik. Qalan məsələlər və hadisələrin sonrakı gedişi isə təşkilata daxil olan ölkələrin prezidentlərinin qərarından asılı olacaq".
Maraqlıdır ki, bir müddət öncə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovenesiyan yerli mətbuata açıqlamasında isə deyib ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında ikinci hərbi əməliyyatlar başlayacağı təqdirdə Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana kömək etməyəcək. O, əlavə edib ki, Ermənistanın 2010-cu ildə Rusiya ilə imzaladığı hərbi müqavilənin şərtlərində Dağlıq Qarabağda müharibənin başlanması əsnasında rus qoşunlarının erməni silahlı qüvvələrinə kömək edəcəyi barədə şərt yoxdur: "Müqaviləyə əsasən KTMT və Rusiya yalnız müharibəyə üçüncü dövlətin müdaxiləsi zamanı Ermənistana kömək edə bilər".
Ekspertlərə görə, erməni rəsmilərinin Moskvanın "hərbi yardım"ı barədə fikirlər daxili auditoriyaya köklənib. Hərbi-ekspert Üzeyir Cəfərli deyib ki, bu bəyanatlar Ermənistanın sadəcə arzularıdır: "Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatına üzvü olan ölkələr dəfələrlə bildiriblər ki, Dağlıq Qarabağla bağlı hərbi münaqişələrdə iştirak etməyəcəklər. Çünki Dağlıq Qarabağ beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan ərazisi kimi qəbul olunub. Düşünmürəm ki, hər hansısa qırğız, türkmən və ya belorus əsgəri gəlib bu ərazilərdə ermənilərin əvəzinə müharibədə iştirak etsin. Təbii ki, bu bəyanatlar Ermənistan müdafiə nazirinin ən çox arzuladığı bir vəziyyətdir ki, onların yerinə KTMT-yə üzv ölkələrin əsgərləri gəlib vuruşsun. Necə ki, hazırda Ermənistanın sərhədlərini rus əsgərlər qoruyur. Ermənistanın iqtisadiyyatının yarıdan çoxu Rusiya sərmayəsinin girovundadır. Müharibə başlayan zaman KTMT-yə üzv ölkələrin 4-5 əsgərinin ölməsi, həmin ölkələrin özünə də ciddi narahatlıq yarada bilər. Bu baxımdan Ermənistanın müdafiə nazirinin bəyanatı daxili auditoriyanın sakitləşdirilməsinə yönəlib".
Politoloq Elxan Şahinoğlu isə bu bəyanatı nağıl adlandıraraq bildirib ki, Azərbaycanın KTMT-yə üzv ölkələrlə münasibətləri Ermənistanın onlarla olan münasibətindən dəfələrlə yaxşıdır: "Onlar ölkəmizin strateji tərəfdarlarıdır. Ermənistana dəstək verən bir dövlət var, o da Rusiyadır. Əslində bu bəyanat bu cür də verilə bilərdi ki, Azərbaycan müharibəyə qoşulacağı təqdirdə Rusiya Ermənistana kömək edəcək. Zaman-zaman Ermənistan tərəfindən bu cür fikirlərin səsləndirilməsi əks effekt yaradır. Çünki hər dəfə bu fikirlərin ardınca həmin ölkələr təkzib bəyanatları verərək, bu münaqişədə heç bir tərəf olmayacaqlarını bəyan edirlər".
Onu da qeyd edək ki, bir neçə ay öncə Soçidə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin növbəti sessiyasında Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan qarşısında aciz olduğunu etiraf etmək məcburiyyətində qalıb. Sarkisyan çıxışında Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunarkən Azərbaycanın son vaxtlar da işğal edilən torpaqlarının müharibə yolu ilə geri qaytaracağı barədə bəyanatından narahat olduğunu bildirərək, rəsmi Bakı ilə münasibətlər quran KTMT-yə üzv dövlətlərin xarici siyasətlərinin onda narazılıq doğurduğunu deyib. Sarkisyan bildirib ki, KTMT Ermənistanın təhlükəsizliyinin qarantı olsa da, quruma üzv dövlətlərin demək olar ki, hamısı Azərbaycanla bütün sahələrdə sıx əməkdaşlıq edir.
Qazaxstanlı politoloq Aydos Sarım bildirib ki, Kollektiv Təhlükəsizlik və Müqaviləsi Təşkilatı ölü doğulmuş uşaqdır. Qarabağda müharibə başlayarsa, Qazaxıstandan yüzlərlə, minlərlə könüllü Azərbaycanın tərəfində vuruşacaq: "Özbəkistan artıq KTMT-dən çıxıb. Düşünürəm ki, Qazaxıstan da bu barədə fikirləşməlidir. Biz artıq bir neçə dəfə bu prinsipal məsələni qaldırmışıq ki, əgər Qarabağda müharibə başlayarsa, Qazaxıstan kimin tərəfində vuruşmalıdır?"
Onun sözlərinə görə Qazaxıstanın Azərbaycanla münasibətləri KTMT üzvü olan digər ölkələrlə münasibətlərə baxanda daha yaxındır ki, bu da müəyyən öhdəliklər ortaya çıxarır: "Mən düşünürəm ki, belə olan halda Qazaxıstan dəqiq müəyyən etməlidir ki, milli prioritetləri nədir, hansı ölkələr onun üçün daha vacib və daha dostdur? Burada həm iqtisadiyyat, ümumi tarix, mədəniyyət və dil amili var. Mən heç vaxt Qazaxıstan ordusunun ermənilər tərəfindən Azərbaycana qarşı vuruşacağını mümkün saymıram. Çünki Qazaxıstanın Qarabağda Azərbaycana qarşı vuruşa bilməsi fikrinin özü gülünc görünür və bu bir daha KTMT kimi təşkilatların mənasız olduğunu ortaya çıxarır".
Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc isə bildirib ki, NATO-ya qarşı olmaq istəyən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ən sadə vəziyyətlərdə belə kollektiv hərəkət etmək qabiliyyətini ortaya qoya bilmir. Ümumiyyətlə NATO ilə müqayisədə KTMT çox zəif hərbi qurumdur.
O qeyd edib ki, Rusiyanın moderatorluğu ilə fəaliyyət göstərən KTMT yalnız Ermənistan hakimiyyəti üçün sərf edir: "Çünki Ermənistan KTMT-yə üzvlüyü ilə bölgə dövlətlərini, o cümlədən Azərbaycanı şantaj edir və işğalçılıq siyasətini davam etdirir. Bu baxımdan Ermənistan çox istəyir ki, Azərbaycan bölgədə təklənsin və beynəlxalq oyunçular ölkəmizi müdafiə etməsin və beləliklə, Azərbaycan bu hərbi qurumların tələblərini ciddi təzyiqlər altında qalaraq qəbul etsin. Yəni, Ermənistan bundan həm də siyasi baxımdan faydalanmaq istəyir".
Deputat Fərəc Quliyev də bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Qarabağ ətrafında mümkün müharibəyə qarışmamalıdır: "Əgər Azərbaycan özünün beynəlxalq səviyyələ qəbul olunmuş dövlət sərhədlərindən kənat çıxmamaq şərti ilə öz torpaqlarını azad etməyə qərar verərsə, bu halda Rusiya və bütövlükdə KTMT işğalçı Ermənistana yardım göstərməməlidir".
Yeri gəlmişkən, bu günlərdə KTMT baş katibi Nikolay Bordyuja və KTMT-nın birləşmiş qərargahının rəisi Aleksandr Studenikin İrəvanda olublar. Səfər çərçivəsində Bordyuja Ermənistan prezidenti Serj Sarkisyan, Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan və müdafiə naziri Seyran Ohanyanla görüşüb. Qeyd edək ki, Nikolay Bordyujanın səfəri Ermənistanın Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryanın dəvəti əsasında həyata keçib. Görünür, Ermənistan Azərbaycanın istənilən an hərbi hərbi əməliyyatlara başlaya biləcəyindən narahatdır. Ermənistan Bu ərəfədə Ermənistan KİV-ləri məhz Ermənistan-Azərbaycan sərhəddində gərginliyin olması barədə məlumatları təhlil etməyə və KTMT-nın yaradılmasına dair razılaşmanın 4-cü bəndinə istinad etməyə başlayıblar. Həmin bənddə təşkilata üzv dövlətlərdən birinin ərazisinə hər hansı bir "qanunazidd formada müdaxilə olunması" təşkilatın bütün digər üzvlərinin ərazisinə müdaxilə olunması kimi qəbul olunur və belə olan halda dərhal digər üzvlər lazımi köməklikləri, hətta hərbi yardım belə göstərməlidirlər.
Ermənistanın KTMT-nın baş katibini köməyə çağırdığını Artur Baqdasaryan da gizlətmir. O, mətbuat üçün verdiyi açıqlamada bildirib ki, Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyət Bardyuja ilə görüşdə müzakirə olunub. Lakin Ermənistan rəhbərliyinin KTMT-dan kömək umması Bordyujanın özünü çıxılmaz vəziyyətdə qoyub. Bordyuja necə desin ki, onun baş katibi olduğu hərbi-siyasi təşkilat formal xarakter daşıyır və heç bir real təsir imkanlarına malik deyil. Heç Ermənistana hərbi yardım göstərilməsinin hüquqi əsası da yoxdur. Çünki belə qərarları hər bir üzv ölkənin rəhbəri təsdiq etməlidir. İşğalçı siyasətinə görə Ermənistanı tənqid edən Belorus və Qazaxıstan kimi dövlətlər KTMT-də bu qərarı necə təsdiq edə bilər?