Çalışdığı şirkətin 77 min manatını mənimsəməkdə təqsirləndirilən şəxsə hökm oxunub Hadisə

Çalışdığı şirkətin 77 min manatını mənimsəməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Çalışdığı şirkətin külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Nihad Fərzəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Nihad Fərzəliyev 5 il müddətə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs edilib.

Bildirilib ki, həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı ərzində təqsirləndirilən şəxs qarşı tərəflə barışıq əldə etməyib.

Həmçinin hökmə əsasən, zərərçəkmiş tərəfin mülki iddiası təmin edilib. Nihad Fərzəliyev şirkətə vurduğu 77 min 365 manatla yanaşı, məhkəməyə ödənilmiş 326 manat dövlət rüsumu, müstəqil auditora ödənilmiş 1500 manat məbliğində vəsaiti ödəyəcək.

Qeyd edək ki, ittihama görə, təqsirləndirilən şəxs çalışdığı “Camal LTD” MMC-də satış təmsilçisi vəzifəsində çalışıb və şirkətə 77 min 365 manat məbləğində ziyan vurub. O, alıcı-müştərilərdən aldığı vəsaiti şirkətin hesabına köçürməyərək mənimsəyib.
Təqsirləndirilən Nihad Fərzəliyev Cinayət Məcəlləsinin 179.3.2-ci ( Mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.