Putin Suriyadan imtina edir Dünya

Putin Suriyadan imtina edir

"Rusiya anlayır ki, Əsəd keçmiş Suriyanı geri qaytara bilməyəcək"

Cavid

Putinin əsas məqsədi Suriya məsələsində Vaşinqtonla əməkdaşlıq fonunda Krımın işğalını ABŞ-a həzm etdirməkdir. Bu haqda "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu açıqlama verib. Politoloq Rusiya Prezidenti Vladimir Putinin Suriyanın dövlət başçısı Bəşər Əsədi qəfildən Moskvaya çağırmasını belə şərh edib: "Rusiya Əsəd rejiminin dəstəkçisinə çevrilib. İranın Rusiya qədər güclü hərbi texnikası və raketləri yoxdur ki, İŞİD terrorçularının mövqelərini bombalasın. İran azsaylı canlı qüvvə ilə Əsəd ordusuna kömək edə, bir də bu işə Hizbullah təşkilatını qoşa bilər. Əlbəttə, Putin hələ ki, Suriyanı və Əsədi itirmək istəmir və bu ölkədəki terrorçuları Şimali Qafqaza geri qayıtmadan uzaq məsafədən məhv etmək fikrindədir. Ancaq Putin Suriya məsələsində həqiqətən beynəlxalq aləm, ən əsası isə çox tənqid etdiyi Vaşinqtonla əməkdaşlığa can atır. Bu məqsədlə Putin Vaşinqtonun "Əsəd müvəqqəti prezident olsun" təklifini də qəbul etməyə hazırdır. Bəs bütün bunları Putin niyə edir? Putinin əsas məqsədi Suriya məsələsində Vaşinqtonla əməkdaşlıq fonunda Krımın işğalını ABŞ-a həzm etdirməkdir. Putin bunu bacararsa, Suriyadan bir müddət sonra imtina edə də bilər. Onsuz da bütün hallarda Putin anlayır ki, Əsəd keçmiş Suriyanı geri qaytara bilməyəcək. Buna nə ABŞ, nə Səudiyyə Ərəbistanı və Qətər, nə də ki Türkiyə imkan verər".
Qeyd edək ki, Suriya Prezidenti Bəşər Əsəd oktyabrın 20-də axşam saatlarında Moskvaya səfər edərək Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə jurnalistlərə açıqlamasında deyib ki, Bəşər Əsədlə Vladimir Putinin görüşü Suriya böhranının siyasi həllinə doğru yönəlib. Onun sözlərinə görə, ABŞ-ın bu məsələdə mövqeyi təəssüf hissi doğurur. Ryabkov həmçinin Kremlin məhz ABŞ-ın ucbatından Yaxın Şərqdə yaranmış konfliktləri ən yüksək səviyyədə həll etməyə çalışdığını bildirib.
Bu arada Suriya məsələsiylə bağlı ABŞ-da keçirilən sorğunun nəticələri açıqlanıb. "The Wall Street Journal" nəşri yazıb ki, Rusiya ABŞ üçün uzunmüddətli hərbi təhlükədir: "Amerikalılar Rusiya və Suriyanı gələcəkdə ABŞ üçün təhlükə kimi qəbul edirlər". Respondentlərin 53 faizi bu fikirdədir ki, Suriya tezliklə ABŞ üçün təhlükə ola bilər, 23 faizi isə Suriyanı bilavasitə təhlükə hesab edirlər. Sorğuda iştirak edənlərin yalnız 16 faizi Suriyadan heç bir təhlükə görmür. Respondentlərin 60 faizi Rusiyanı uzunmüddətli hərbi təhlükə hesab edir. Rusiyanı ABŞ üçün təhlükəli hesab etməyənlər isə 23 faiz təşkil edir. Sorğu həmçinin göstərib ki, amerikalıların yalnız 34 faizi Yaxın Şərq münaqişəsində prezident Barak Obamanın mövqeyini dəstəkləyir. Respublikaçıların 81 faizi, demokratların isə 28 faizi Obamanın siyasətindən razı deyil.