Türkiyə çətin durumdan çıxa biləcəkmi? Dünya

Türkiyə çətin durumdan çıxa biləcəkmi?

Analitiklər bu sualla bağlı proqnozlar veriblər

Cavid

Bir qədər əvvəl xarici mətbuatda "Türkiyə özü "qazdığı" quyuya düşür?!" başlıqlı məqalə yer alıb. Yerli analitiklərin təhlillərinə istinadən qələmə alınan məqalənin bizim oxucular üçün də maraqlı olduğunu nəzərə alaraq, onu təqdim edirik.
Bu günlər Türkiyə matəm içindədir. Ölkə oktyabın 10-da Ankarada baş vermiş terror qurbanlarına yas tutur. Hakimiyyət baş vermiş terror aktında Kürdüstan Fəhlə Partiyasını (PKK) təqsirli bilir.Yerli analitiklər isə belə hesab edirlər ki, bu, vaxtilə uzun müddət Ankaranın da dəstək verdiyi İŞİD-ın əməlləridir. Bəzi müşahidəçilər isə hətta bir qədər də irəli gedərək, burada hakimiyyətin də "barmağının" olmasını istisna etmirlər.
Xatırladaq ki, həmin gün müxalifətyönlü, kürd təmayüllü Xalqların Demokratik Partiyasını (HDP) dəstəkləyən bir qrup Ankaradakı dəmir yol vağzalı meydanında "Sülh, əmək, demokratiya" şüarı altında mitinq keçirərkən terror hadisəsi baş vermişdi. Partlayış nəticəsində 100-dək insan qətlə yetirilmişdi, 200-dən artıq aksiya iştirakçısı isə yaralanmışdı. Hadisədən dərhal sonra ölkə mətbuatı baş vermiş terror aktında müxalifət partiyaları ilə birgə yerli kürdləri, eləcə də, İŞİD qruplaşmasını günahlandırmışdı. Analitiklərin fikrincə, belə bir ittiham rəsmi Ankaraya ona görə lazım idi ki, İraq və Suriya ərazisində apardığı döyüş əməliyyatlarında özünə haqq qazandıra bilsin. Ancaq onlar belə iddia edirlər: həqiqət ondan ibarətdir ki, Türkiyənin sözügedən dövlətlərin ərasində döyüş əməliyyatlarında iştirak etməsi əslində rəsmi Ankaranın heç də İŞİD-ə qarşı real mübarizə aparmaq istəyindən irəli gəlmir. Bu, əslində hakimiyyətin ölkə daxilindəki siyasi gərginliyi azaltmaq, eləcə də "kürd məsələsi"ni həll etməyə yönəlmiş cəhddən başqa bir şey deyildir. Bəzi siyasi şərhçilər belə hesab edirlər ki, hazırkı iqtidar Türkiyəni artıq xeyli müddətdən bəri Avrasiya regionundan olan terrorçular üçün "istirahət zonası"na çevirib. Bunu konkret faktlarla da təsdiqləməyə çalışırlar. Məsələn, ekstrimist təmayüllü Özbəkistan İslam Hərəkatının (ÖİH) rəhbərləri Türkiyənin iqtisadi paytaxtı hesab edilən İstanbulda tam leqal şəkildə öz fəaliyyətlərini davam etdirməkdədirlər. Hətta belə iddia olunur ki, ÖİH-a yerli hakimiyyət öz maliyyə dəstəyini belə əsirgəmir. Bu siyahıya "Taliban" və İŞİD kimi terror təşkilatlarının da adlarını əlavə etmək olar. Yeri gəlmişkən, xatırladılır ki, bu ilin yayında İŞİD döyüşçüsünün Türkiyənin Qara dəniz sahillərindəki Amasra və Bartın kurortlarında istirahti zamanı çəkilmiş fotoşəkillərinin "Facebook" sosial şəbəkəsində yer alması ölkədə əməlli-başlı qalmaqala səbəb olmuşdu. Buna səbəb isə bir qədər əvvəl həmin döyüşçünün sosial şəbəkələrdə bir suriyalı əsgərin başını kəsərkən qeydə aldığı videolenti yayılmışdı.Terrorçu həmin videomüraciətində "sözə baxmayan satqınları", o cümlədən Qərb dövlətlərindən gələn bütün könüllüləri də eyni aqibəti yaşayacaqları ilə hədəmişdi. Siyasilər belə iddia edirlər ki, rəsmi Ankaranın Suriyadakı müxalifətyönlü qruplaşmalara, o cümlədən İŞİD-ə loqistik və maliyyə yardımı göstərməsi artıq heç kəsə sirr deyildir. Həmçinin, Turkiyə aparılan hərbi əməliyyatlardan sonra həmin terror qruplaşmalarına öz ərazisindən istifadə etməklə mövqe dəyişikləri aparmasına da şərait yaradır. Bundan əlavə, guya, İŞİD yüz kilometrlərlə Türkiyə sərhədinə nəzarət etdiyi dövrdə, hər iki tərəfdə müxtəlif növdə qaçaqmalçılıq geniş vüsət alıbmış - silahdan tutmuş neft məhsullarınadək çox asan şəkildə Suriyaya daşınırmış. Bundan əlavə, Suriyada xəlifətin yaradılmasında iştirak etmək istəyən insanlara Türkiyə sərhədini asanlıqla keçmək üçün hər bir şərait yaradılırmış. Sərhədlər isə yalnız görüntü xarakteri daşıyırmış və tam şəffaf olubmuş.
Məqalədə analitiklərin fikrinə istinadən, bütün bunların çox da uzaq olmayan keçmişdə rəsmi Ankaranın həmin terror təşkilatları ilə necə "isti münasibətlərdə" olduğunun əyani şəkildə bir daha təsdiqləndiyi vurğulanır. Belə iddia olunur ki, guya, məhz bunun nəticəsi idi ki, Türkiyə hakimiyyəti həmin cinayətkar qruplaşmaların radikal ideologiyalarına, eləcə də "məqsədə çatmaq" üçün sərgilədikləri bütün vəhşi metodlara belə ciddi məhəl qoymurmuş. Ekspertlər belə hesab edirlər ki, rəsmi Ankaranın Yaxın Şərqdəki qruplaşmalara münasibətdə başlıca "siyasi məqsədi" əslində heç də onun tərəfdaşlarının (ABŞ və Avropa İttifaqı) bəyan etdikləri kimi, Bəşər Əsəd rejimini devirməkdən ibarət deyildir. Bu, Suriya və İraq ərazisindəki kurd döyüşçülərinə məxsus hərbi bazaları məhvinə nail olmaqdan ibarətdir. Belə ki, "kürd məsələsi" artıq çoxdandır rəsmi Ankara üçün "baş ağrısı"na çevrilib. Kürd Fəhlə Partiyasının lideri Abdulla Öcalan Türkiyədə ömürlüq həbs cəzasına məhkum edilib. Onun tərəfdaşları Kürdüstan müstəqil dövlətinin yaradılması üçün Türkiyəyə qarşı döyüş əməliyyatlarını davam etdirirlər. A.Öcalanın həbsindən 16 il keçdikdən sonra kürdtəmayüllü Xalqların Demokratik Partiyası (HDP) ötən parlament seçkilərində Türkiyənin bir neçə əyalətində qalib gəlməklə Rəcəb Tayyub Ərdoğanın lideri olduğu hakim partiyanın qarşısına rəqib kimi çıxmağı bacardı. HDP-nin irəli sürdüyü şüarlar isə artıq hər kəsə bəllidir - kürdlərə gələcək suverenlik hüququ təmin olunmaqla muxtariyyətin verilməsi!
Hələlik, kürdlər Türkiyədə bu məsələni sülh yolu ilə həll etməyə səy göstərsələr də, amma onun hüdudlarından kənarda, məsələn, İraq ərazisində onların döyüşçüləri əsl müharibə aparmaq təcrübəsi keçməkdədir. Hələ üstəlik, bunu çox uğurlu şəkildə həyata keçirirlər. Bu, elə İŞİD döyüşçüləri ilə olan ilk qarşıdurmadan da aydın görünürdü. Belə ki, məhz kürd silahlı dəstələri İraq-Türkiyə sərhəddini İŞİD döyüşçülərindən təmizləməyə nail olmuşdular. Bu isə, sözsüz ki, rəsmi Ankaranı narahat etməyə bilməzdi. Məhz bu amil Türkiyə hakimiyətini vadar etdi ki, İŞİD qruplaşmasına qarşı hərbi koalisiyada yer alsın. Amma əslində məqsəd başqa idi - kurd silahlı birləşmələrinin mövqelrini bombalamaq, onları fəaliyyətsiz hala gətirmək. Analitiklərin fikrincə, əslində Turkiyə prezidenti R.T.Ərdoğan da ölkəsinin kürdlərin İraq, Suriya və Türkiyənin bəzi ərazisində öz müstəqil dövlətlərini yaratmaq istədiyindən ehtiyatlandığını da gizlətmir. Onu da etiraf edir ki, Türkiyə, eləcə də NATO qırıcılarının bir müddət əvvəl kürd mövqelərini bombardman etməsinin əsl səbəbi də "hadisələri qabaqlamaq"a xidmət edib. Yürüdülən bu siyasətin fonunda, bəzi müşahidəçilər belə hesab edirlər ki, hələ iyul ayında Suruç şəhərində baş verən terror aktında "Ərdoğanın izi" hiss olunmaqda idi.
Xatırladaq ki, İŞİD-ə qarşı Suriyanın Kobani şəhərində mübarizə aparan kürd könüllürinə yardıma getmək istəyənlərin sərhəddə qarşısının alınması nəticəsində həm də sadə türk və kürdlər qətlə yetirilmişdi. Analitiklərin fikrincə, məhz bu səbəbdən də, heç də istisna edilmir ki, PKK tərəfdanlarının Ankaranın mərkəzi meydanlarından birində təşkil etdikləri mitinq zamanı baş verən partlayış, - daha çox insan tələfatı ilə nəticələnən sonuncu insident, - məhz elə dövlətin "sifarişi" ilə həyata keçirilib. Bu iddianı isə analitiklər belə əsaslandırmağa çalışırlar: məsələ burasındadır ki, demək olar bomba partlamasından dərhal sonra Türkiyənin baş naziri öz çıxışında bəyan edib ki, baş vermiş terror aktında İŞİD, PKK , eləcə də daha iki sol ekstrimist tşkilat - İnqilabçı Xalq Azadlıq Partiyası (cəbhəsi) və Marksist-Leninçi Kommunist Partiyasının üzvləri şübhəli bilinirlər. Hələlik ölkədə antikürd əhval-ruhiyyəsi yüksəlməkdə, NATO qüvvələrinin isə Suriya və İraqdakı kürd hərbi birləşmələrinin düşərgəlini bombalamaqdadır. Rəsmi Ankarada isə belə ümidlər yaranır ki, məhz İŞİD-in sayəsində onun başı üzərini almış kürd təhlükəsindən qoruna bilər. Amma Suriya münaqişəsinə Rusiya silahlı qüvvələrinin qarışması praktiki olaraq Kürdüstan Fəhlə Partiyasına təsir rıçaqlarının Ankaranın əlindən almış olub. Görünür məhz elə bu səbədəndir ki, Türkiyə də özünün "siyasi sponsoru" - ABŞ kimi Rusiyanın Yaxın Şərqdəki əməliyyatlarda iştirakını qəti şəkildə etiraz edib. Bundan əlavə, guya rəsmi Ankara, hətta özünün iqtisadi tərəfdaşı olan Rusiya ilə dostluq münasibətlərindən yenidən baxmağa belə hazırlaşır. Belə ki, bu yaxınlarda baş venmiş məlum hadisə - ruslara məxsus qırıcı təyyarələrin bu ölkənin hava məkanına daxil olmasından sonra guya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hətta Moskvanı bu ölkədən təbii qaz almaqdan imtina edəcəyi ilə şantaj etməkdən belə çəkinməyib. O, guya Rusiyanın layihəsi olan "Türk axını" qaz boru kəmərinin illik ötürücülük gücünün iki dəfəyədək - 32 milyard kubmetrədək azaldılmasına nail olub. Analitiklərin fikrincə, görünür "başqasının əli ilə ocaqdan kül götürmək" həvəsinə düşən rəsmi Ankara bunun nə ilə nəticələnəcəyinin fərqində belə deyil. Axı son vaxtlar ard-arda baş verən terror aktları həqiqətən də Türkiyənin "onlara verdiyi dəstəyinin azalması" səbəbindən İŞİD tərəfindən təşkil olunması heç də istisna edilmir!? Bütün hallarda, analitiklər belə iddia edirlər ki, rəsmi Ankara öz siyasi ambisiyalarını həyata keçirmək üçün öz vətəndaşlarınının "süngüdən keçirilməsinə" belə razıdır. Onların fikrincə, çox da uzaq olmayan keçmişdə, məhz buna oxşar analoji hadisələr okeanın o tayında da baş vermişdi. Belə ki, 3 mindən artıq insanın həyatına son qoyan 11 sentyabr faciəsini törədən "Əl-Qaidə" terror təşkilatı da vaxti ilə ABŞ-ın yaxından iştirakı və maliyyə dəstəyi ilə yaradılmışdı. Türkiyəni də belə bir sonluq gözləmir ki?