“Suriya Xəzərdən vurulmadı, ancaq...” Dünya

“Suriya Xəzərdən vurulmadı, ancaq...”

Məsələ ilə bağlı "La Vanquardia" geniş məqalə dərc edib

Cavid

Suriya müharibəsi ötən həftə sensasiyalı hadisələrlə zəngin olmadı, Xəzər donanması da raket zərbələri endirmədi. Bu barədə İspaniya nəşri "La Vanquardia" geniş məqalə dərc edib. "Rusiya Prezidenti Vladimir Putin Rusiya cəmiyyətinin əksəriyyətinin ən çox hörmət etdiyi fiqurdur. Putinin məşhurluğu danılmazdır. Əhalinin 89,9 faizi sosioloji sorğuya əsasən, Rusiya liderini dəstəkləyir və bu, məşhurluğun mütləq rekordudur. Bundan istifadə edən Putin 2008-ci ildə Gürcüstan torpaqlarını ələ keçirdi, Ukraynanın şərqini nəzarət altına aldı", - İspaniya mətbuatı qeyd edib.
"La Vanquardia" nəşri Litvanın Baş naziri Alqirdas Butkyaviçusun sözlərinin həqiqəti əks etdirdiyini bildirib: "Biz yalnız buna ümid edə bilərik ki, NATO-nun siyasəti və sanksiyalar Rusiyanı dayandıra bilər". Qərb mətbuatı hətta Estoniyanın Avropaya meyilli siyasətinin də bir nəticə verməyəcəyini vurğulayıb: "Estoniya da təhlükəli qonşudan yüksək divarla ayrılmağa çalışır. Ancaq nə simvolların qadağası, nə qanun, nə divar rusları dayandıra biləcək. Rusiya Baltik torpaqlarında əbədi olaraq qalacaq. Estoniya Sovet izini tarixin ən dərin qatına dəfn etsə də, o yaşayır".
Prezident Vladimir Putin elan etdi ki, ABŞ-ın Rusiya əleyhinə siyasətinə cavab olaraq, Kreml raket əleyhinə müdafiə bəndlərini gücləndirməyə davam edəcək və öz nüvə arsenalını gücləndirəcək: "Biz qoruyucu sistemləri inkişaf etdirəcəyik, elə bir səviyyəyə ki, istənilən qalxanın öhdəsindən gəlməyə müvəffəq olaq".
İspaniya mediası Rusiyanın aqressiv siyasətinə baxmayaraq, Paris teraktından sonra terrorçulara qarşı mübarizənin birgə təşkil ediləcəyini istisna etməyib. Nəşr qeyd edir ki, Paris bu an ən kədərli gününü yaşayır. 40 ildir ki, İslam ekstremistləri tərəfindən törədilən partlayışlar və qarşıdurmalar azalmayacaq, davam edəcək. Hətta İŞİD yeni hücumlarla Fransanı təhdid edir. Cəmiyyətin sabitliyini təmin etmək, normal həyatın təminatı üçün qanunları sərtləşdirmək lazımdır. "Suriya müharibəsi ötən həftə sensasiyalı hadisələrlə zəngin olmadı, Xəzər donanması da raket zərbələri endirmədi. Ancaq sonrakı gedişat daha mürəkkəb olacaq, Fransa əvvəlki kimi yalnız havadan terrorçulara zərbələr endirməyəcək", - "La Vanquardia" qeyd edib.