21:37
427
“Azərbaycan təmsilçisinin avrokubokların əsas mərhələsinə vəsiqə qazanması tarixi uğurdur”.
Bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiya təmsilçisi KuPS-la keçirilən cavab oyunundan sonra mətbuat konfransında deyib.
Litvalı mütəxəssis komandasının çıxışını yüksək qiymətləndirib:
“Komandanı, azarkeşləri, rəhbərliyi və bütün Azərbaycan futbol ictimaiyyətini təbrik etmək istəyirəm. Azərbaycan təmsilçisinin avrokubokların əsas mərhələsinə vəsiqə qazanması tarixi uğurdur. Çox çətin oyundan sonra bunu bacardığımız üçün fəxr edirəm. KuPS azarkeşlərini də təbrik edirəm. Onlar öz komandaları ilə fəxr edə bilərlər.
İlk matçdakı 1:0 hesablı qələbəyə baxmayaraq, rəqib yaxşı hazırlaşmışdı. Birinci hissədə onlar daha üstün idilər. Fasilədə futbolçularla nə etməli olduğumuzu müzakirə etdik və şadam ki, onlar tapşırıqları dəqiq yerinə yetirdilər. İkinci yarıda daha yaxşı oynadıq, qol vurduqdan sonra isə təşəbbüsü tamamilə ələ aldıq.
İki oyunun nəticəsinə görə mərhələ adladığımız üçün şadam. Bu gecə Bakıya qayıdırıq və növbəti həftə keçiriləcək qarşılaşmaya hazırlaşmalıyıq. Çünki avrokuboklar böyük güc tələb edir”.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Sabah” KuPS-u iki oyunun nəticəsinə əsasən 3:0 məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.