Terror aktı zəifliyin əlamətidir Dünya

Terror aktı zəifliyin əlamətidir

Əl-Qaidə terror təşkilatı ilə mübarizə aparmağın 4 dərsi

Cavid

Daha bir neçə il bundan öncəyədək biz radikal "İslam dövləti" barəsində heç nə bilmirdik, bu gün isə o inkişaf etmiş dünyanın hesab etdiyi ən böyük təhlükədir. Onunla mübarizə aparmaq üçün ölkələr birləşir. Beynəlxalq əlaqələr sahəsində nüfuzlu siyasi lider və ekspert kimi tanınan Fərid Zəkəriyyənin sözlərinə görə, bu müharibəni qazanmaq üçün Qərb bütün imkanlara sahibdir. Lakin bunu bacarmaq üçün əvvəlki kollektiv düşmənlə -Əl Qaidə terrorçuları ilə müharibədən sonra ABŞ tərəfindən öyrənilməsi gərəkən bəzi dərslər nəzərə alınmalıdır.
"Slon" yazır ki, Zəkəriyya öz köşəsində qeyd edir: Əl-Qaidəyə qarşı aparılan kampaniyanı uğurlu hesab etmək olar. Qruplaşmanın sonuncu dəfə həyata keçirdiyi iri miqyaslı hücum 10 il əvvəl intiharçıların Londonda törətdikləri partlayış oldu. 15 il bundan öncə isə dünya bu terror təşkilatına hazırda İŞİD-ə qarşı hiss etdiyi qorxu hissi ilə yanaşırdı. Əl-Qaidə ilə aparılan müharibədən hansı nəticələri çıxarmaq olar?
1. Terrorçuların hücumu onların qələbəsini nəzərdə tutmur. 9/11 terror aktlarından və Amerikanın Əl-Qaidəyə qarşı müharibəni elan etməsindən sonra bu təşkilat Qərb ölkələrinə daha bir neçə hücumlar etdi (2004-cü ildə Madrid və 2005-ci ildə London şəhərlərində). Bu gün biz Parisdə İŞİD tərəfindən törədilmiş terror aktını qruplaşmaya qarşı aparılan mübarizənin effektsizliyinin əlaməti olaraq qiymətləndirməməliyik: ola bilsin, o öz evində zəiflədiyi üçün terroru ixrac edir.
2. Miqyaslı quru əməliyyatından yayınmaq lazımdır. ABŞ tarixinin 20-ci əsr ikinci yarısı göstərir ki, Ştatlar kəşfiyyatı geniş şəkildə və quru əməliyyatları nisbətən az istifadə etdikləri zaman müharibə onların lehinə başa çatırdı. Terrorla mübarizə sahəsində ekspert və Əl-Qaidəyə qarşı müharibəyə həsr edilmiş kitabın müəllifi Set Consun sözlərinə görə, onlar əsgərləri müsəlman ölkələrinə göndərdikləri zaman ekstremistlər "radikallaşmanın gücləndirilməsi və əlavə qüvvələrin cəlb olunması sayəsində üstünlük qazanırlar". Məhz buna görə, İŞİD bəri başdan Qərbi quru əməliyyatın aparılmasına təhrik edirdi.
3. Müharibəni üstünlüklə nəticələnəcək üsullarla aparmaq lazımdır. Qərb ölkələri və onların müttəfiqləri yüksək texnologiyalar, kəşfiyyatlar və pilotsuz hava vasitələrindən necə yararlanmağı bilirlər və bunun üçün yetərincə vəsaitləri var. Onlar həmçinin məlumatı paylaşmaq imkanına sahibdirlər. Bütün bu sadalananlar gərəkən halda aylar və illər ərzində çalışacaq.
4. Qələbəni əldə saxlamaqdan çox qazanmaq asanddır. Kim nə deyərsə desin, fakt İŞİD onun nəzarətində olan ərazilərdə bu cür fəaliyyət göstərən dövlətin yaranmasına müvəffəq oldu. Orada ticarət aparılır, döyüşçülərdən ibarət "polis" və hatta "məhkəmələr" fəaliyyət göstərir. Buna görə də, ABŞ və müttəfiqləri İŞİD tərəfindən işğal edilmiş bölgələrdə yerli əhalinin qanuni olaraq qəbul edəcəyi hakimiyyətin qurulması üzərində düşünməlidir, əks halda xaos təkrarlanacaq. Bu məcrada məhz Suriyada əminamanlığı bərpa etmək İraqdan, Əfqanıstandan və ya Vyetnamdan daha çətin olacaq.
"İslam dövləti" hazırda göründüyü kimi o qədər də güclü deyil – Zəkəriyya yazır. O düşmənlərlə əhatə olunub. Ona qarşı bir çox ölkələr mübarizə aparır - Sünni Səudiyyə Ərəbistan və Şiə İran, ABŞ və Rusiya, qonşu İordaniya və uzaq Fransa. Onun ərazisi getdikcə daralır , dəyərləri isə iddia edilən "xəlifədə" çoxluq arasında tanınmır.
Zəkəriyyənin fikrinə görə, ABŞ prezidenti Barak Obama Suriyada strateji tolerantlığın sərgilənməsinə yönləndirilmiş çağırışları etməkdə haqlıdır. Müttəfiqlər ani təşvişə düşmədikləri təqdirdə bu müharibəni qazana bilərlər.